Tanınmış bioloq alim qəfil vəfat edib

 

"525-ci qəzet"in diqqətli oxucuları Gəncədən, eləcə qərb bölgəsindən hazırlanan, ekoloji mövzulu materiallarımızda mütəmadi olaraq bioloq alim Zaur Hümbətovun məsələləri müfəssəl köklü şəkildə izah edən ekspert fikirlərini yəqin xatırlayırlar.

 

Heç zaman hətta yorğun belə görünməyən, hətta ünsiyyətində insana nisbinlik təlqin edən bu maraqlı insanın ürək çatışmazlığı səbəbindən qəfil ölüm xəbəri Gəncənin elmi ziyalı mühitini dərindən kədərləndirdi.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, 66 yaşında həyatla vidalaşan professor Zaur İsrafil oğlu Hümbətov ölkəmizin biologiya elmi məktəbinin layiqli davamçılarından idi. Neçə-neçə elmi nəşrlərin, onlarla dərsliklərin müəllifi olan Zaur müəllim həm publikaya olduqca açıq faydalı bir şəxsiyyət, geniş erudisiyaya malik, istənilən sahədə çox məlumatlı bir ziyalı idi. Tez-tez qatıldığı beynəlxalq elmi konfranslar, simpoziumlar görüşlərdə yorulmadan Azərbaycanın haqq işini nüfuzlu ictimai-elmi dairələrin, tanınmış həmkarlarının diqqətinə çatdırırdı.

 

Professor Hümbətov daim öz məntiqli aydın düşüncəsi, səlis nitqi ilə media əhli üçün çox arzuolunan bir həmsöhbət idi. Elə "525-ci qəzet"in səhifələrində   xüsusən aktual ekoloji məsələlərdən bəhs edən yazılarda onun müsahibələri, ekspert şərhləri olduqca diqqətçəkən olub. Qəzetimizin səhifələrində Zaur müəllimin mülahizələrinə söykənən bəzi yazıların adlarına nəzər salmaqla belə, hansı vacib məsələlərdən söhbət getdiyini hiss etmək olar: "Otlaq sahələri hansı səbəblərdən azalır?", "Ermənilər həm ekoloji terrorçudurlar" - bu yazıda Zaur müəllimin bir beynəlxalq forumda ermənilərin ağlayıb-sızlamaqla  BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatından qrant "çırpışdırmaq" cəhdlərinin qarşısının alınmasındakı roluna da toxunulub; "Ağdam ərazisindən Xocalıyacan əl-ələ tutaq" - fəal bloqer fəaliyyəti ilə məşğul olan professor Hümbətov erməni vandalizminin ifşası üçün müasir internet imkan üsullarının vacibliyindən danışıb; azad olunan ərazilərimizdə aqrar istehsalın dirçəldilməsi məsələlərindən bəhs edən, bizə verdiyi son müsahibəsində isə alim, ermənilərin hər cür alçaqlıqdan çəkinməməsi amilini nəzərə alaraq, Qarabağda əkin sahələrinin bioloji, radioloji, toksikoloji analizlərini aparılmasının zəruriliyinə toxunub.

 

Vətəndaş mövqeyi ilə seçilən mərhum alim xüsusən ekoloji sahədə qarşılaşdığı problemlərə elə həmin andaca reaksiya verər, həmin məsələlərin ictimailəşdirilməsinə çalışırdı. Onun yaxın dostlarından biri, həmkarı Arif Qazıyev bu haqda danışır. "İstər elmdə, istər ictimai həyatda bu  prinsipial xətt Zauru xarakterizə edən əsas cəhət idi. O, təbiətlə bərabər, cəmiyyətdə istənilən pozuntunun, ala-yarımçıqlığın mütləq bumeranq effekti verəcəyini bildirir, insanları, öz tələbələrini Allahın buyurduğu harmoniya qanununa hər addımda riayət etməyə səsləyirdi. Parklarımızda, küçələrimizdə misal üçün, bir ağacın dövrəsinin tam asfaltlanması kimi yarıtmaz çoxlarının nəzərini cəlb etməsə , Zaurun diqqətindən kənarda qala bilməzdi. Mütləq məsələni ictimailəşdirəcəkdi! Həmçinin, o, genetik cəhətdən kombinə edilmiş bitkilərin yaradacağı fəsadlar haqda dönə-dönə xəbərdarlıq edib. Planetar məsələləri cəmiyyət qanunları ilə uzlaşdıran Zaur Hümbətov indi çox az rast gəlinə bilən elm populyarizatorlarından idi", - deyə A.Qazıyev bildirir.

 

Həqiqətən elmlə məşğul olan insanların cəmiyyətə faydalı olan məsələləri daim diqqətdə saxlaması vacib məsələdir. Bu xüsusiyyət mütləq onun yetirmələrində də özünü göstərəcək.

 

Zakir MURADOV

Gəncə

 

525-ci qəzet.- 2020.- 29 dekabr.- S.16.