İslam Sadığın Şumer meydanı  

 

 

Şumer mövzusu Azərbaycan filologiyasına çox sonralar - keçən əsrin  70-ci illərində gəldi. gəlişi ilə mövzunun mahiyyətinə o qədər dəxli olmayan, get-gedə daha çox siyasi- ideoloji məqsədlər güdən münaqişə meydanına çevrildi.

 

Dil haqqındakı elmin əsaslarını dərindən bilən Aydın Məmmədovun 80-ci illərin əvvəllərindən başlayaraq nəşr etdirdiyi məqalələrlə Azərbaycan dili materialları əsasında Şumer-türk paralellərini ardıcıl araşdırma təşəbbüsləri həmin meydanı o dərəcədə genişləndirdi ki, müzakirələr dilçilik hüdudlarından kənara çıxıb akademik tarixşünaslıqda Azərbaycan xalqının mənşəyi kimi zatən mübahisəli olan problemi yerindən oynatdı.

 

Milli azadlıq uğrunda mübarizə dövrləri üçün tamamilə səciyyəvi sayılacaq paradoksal bir vəziyyət yarandı: dilin mənşəyini ən qədim dövrlərə aparıb çıxarmaq imkanı qədər real görünürdüsə, məsələni yalnız dillə məhdudlaşdırmayıb millətin tarixi ( taleyi) barədəki bütün problemləri həmin məhvərə çəkmək meylləri o qədər qeyri-real idi. 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanda Şumer müzakirələri get-gedə daralsa da, Azərbaycan filologiyası artıq zaman-zaman müraciət edəcəyi əbədi bir mövzu  əldə etmiş oldu.

 

İslam Sadıq şumerşünaslıq meydanına "Şumerdə izim var" (2008) kitabı ilə gəldi. Əlbəttə, onun Şumerdəki Azərbaycan -türk izlərini ilk mərhələdə daha dərindən bildiyi folklor baxımından axtarıb müəyyən edəcəyi təbii idi... Apardığı kifayət qədər genişmiqyaslı ( intensiv) araşdırmaların nəticəsi olaraq "Şumer türk dastanları", "Şumer ədəbiyyatı" kitablarını nəşr etdirməklə kifayətlənməyib, "Şumer epik mətnləri türk xalq yaradıcılığı ənənələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Azərbaycanda peşəkar şumerşünas kimi tanındı ki, ona xeyir-dua verənlər içərisində akademik Tofiq Hacıyev kimi mövzuya dərindən bələd böyük alimimiz vardı.

 

İslam Sadığın əslində, çoxdan yazıb qurtarsa da, bu günlərdə nəşr etdirdiyi yeni kitabında açdığı Şumer meydanını folklorşünaslıqdan dilçiliyə doğru genişləndirməsi cəhdi, bir sıra məqamları nəzərə almasaq demək olar ki, uğurlu cəhddir.

 

Şumer türk dillərinin qohumluğunu təsdiqləyən yeni nəşr - AZƏRTAC   Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

Kitaba verilən ad - "Tanrı dili. Türk dili. Şumer dili", eləcə onun şərhi, prinsip etibarilə, müəllifin şairliyindən gəlir. O ki qaldı keçən əsrin 70-ci, 80-ci illərinə qayıdıb XXI əsr mövqeyindən Şumer-türk qohumluğu əleyhdarlarını ifşa eləməsinə, hər qədər əsaslı olsa da daldan atılan daş təsəvvüründən başqa bir şey yaratmır. təbii ki, İslam Sadığın akademik İqor Mixayloviç Dyakonov, yaxud akademik İqrar Əliyev qarşısında "at oynatmaqda" məqsədi bu böyük tarixçilərin onun ana dili ilə Şumer dili arasındakı "göz qabağında olan" əlaqəni "nəyə görə" isə ya göz ardına vurmaları, ya da ümumiyyətlə, qəbul etməmələridir... Lakin məsələ burasındadır ki, Şumer türk dilləri arasındakı qohumluq əlaqəsinin mövcud olub-olmamasını XIX əsrin əvvəllərində hind-Avropa dillərinin materialları əsasında müəyyənləşmiş müqayisəli-tarixi metodun prinsipləri diktə edir. Həmin prinsiplərə görə, dil zaman-zaman müxtəlif dialektlərə bölünür, hər bir yeni dialekt müstəqil dilə çevrilərkən kök dilin fundamental xüsusiyyətlərini saxlamaqla yanaşı, eyni ağacın budaq dilləri ilə aydın seçilən ortaq cəhətlərə malik olur.

 

İslam Sadıq Şumer dilinə mənsub fonetik, leksik qrammatik vahidlərin təxminən üçdə birinin türkcə ilə müqayisədə uyğun gəldiyini konkret misallarla təsbit etmişdir ki, bu, şumerşünaslığın ( türkologiyanın) indiki səviyyəsində rekord göstərici olmaqla yanaşı, kəmiyyət deyil, məhz keyfiyyət hadisəsi sayıla bilər.

 

Söz yaradıcılığı, leksik-semantik yuvalar,  ümumən insan dili üçün səciyyəvi olan terminoloji leksikon, populyar qrammatik kateqoriyalar, onomastika, nitq stilizasiyaları s. türkcənin həm tarixi, həm dialektoloji faktları əsasında müqayisəyə cəlb edilmişdir.

 

Müəllif gördüyü işin əhəmiyyətini hər məqamda çox həvəslə nəzərə çarpdırsa da, bu, qeyri-təvazökarlıq təəssüratı yaratmır. Çünki oxucu bütün səmimiyyətilə hiss edir ki, İslam Sadıq öz şəxsi iddialarını yox, mənsub olduğu xalqın tarixi mənəvi maraqlarını ifadə edir.

 

Lakin məsələ burasındadır ki, İslam Sadığın təqdim etdiyi bu zəngin material şumercə ilə ümumən türkcə, xüsusən Azərbaycan türkcəsi arasındakı genetik qohumluğu "çox-çox uzaqdan uzağa", yəni üç-dörd min illik bir məsafədən sübut edir.

 

Göründüyü kimi, eramızdan əvvəl təxminən V minillikdə mövcud olmuş dünyanın ən qədim dilinin - Şumer dilinin bu gün mükəmməl bir varisinin varlığını qəbul etmək mübahisə doğurmamalıdır. Ancaq burası da var ki, həmin varislik o zaman daha aydın təsəvvür oluna bilər ki, müəyyən şəcərə təqdim etsin. Həmin şəcərə yaradılarkən "şumercədən - törəmə qohum dillərə" prinsipi ilə yanaşı, "törəmə qohum dillərdən - şumercəyə" prinsipi üzrə araşdırmalar daha məhsuldar ola bilər.

 

Hər halda, İslam Sadıq açmış olduğu  Şumer meydanında öz atını inamla oynadır.

 

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2020.- 29 dekabr.- S.12.