Şərəfli ömür
və parlaq fəaliyyət yolu
Tanınmış
alim, professor Məhəmməd Məmmədovun elmi-ictimai
mühitimizdə yeri hər zaman görünəcək
Ölüm
hər bir halda çox böyük kədərdir.
Ölümün yalnız bir rəngi var - qara rəng.
Heç bir çalar ilə bu qanunauyğunluğa özgə
bir don geyindirmək mümkün olmur. Amma elə insanlar var ki,
"evdən yox, eldən gedir". O zaman bu acı bir ailənin,
bir nəslin acısı kontekstindən çıxaraq xəlqiləşir,
ümumiləşir, kədərin miqyası
böyüyür. Vəfatı ilə Azərbaycan elminə,
ictimaiyyətinə dərin hüzn əta edən görkəmli
şəxsiyyətlərdən biri də Əməkdar elm
xadimi, professor Məmməd Məmmədov idi.
Məmməd
Cümşüd oğlu Məmmədov 1937-ci il mayın 9-da
Füzuli rayonunun Qarakollu kəndində dünyaya göz
açıb. O, müəllifi olduğu "Həyatımın
izləri" (Bakı, "TəkNur", 2011, 206 səh.)
kitabında uşaqlıq illərindən bəhs edərkən
Qarakollu kəndini ayrı bir şövqlə tərənnüm
edir. Əsl vətənpərvərlik bu mərhələdən
başlayır. Məmməd müəllimin ilk öncə kəndinə,
rayonuna olan sevgisi illər keçdikcə bütün Azərbaycana
olan sevgisinə çevrildi. Elə bir sevgiyə ki,
ömrünün sonuna qədər o, Azərbaycan xalqına
şərəflə xidmət etdi.
1945-ci
ildə yeddillik Qarakollu kənd məktəbində ibtidai təhsil
almağa başlayan Məmməd müəllim 1955-ci ildə
orta təhsilini Böyük Pirəhmədli kənd məktəbində
başa vurur. Məmməd müəllimin ailəsi çox
kasıb olsa da, bu ailənin övladlarının hər biri
bir ziyalı kimi yetişir. Məmməd müəllim orta məktəbi
bitirərkən qızıl medala layiq olduğu halda 2000 rubl
tapa bilmədiyi üçün medal ala bilmir. Amma məktəbi
əla qiymətlərlə bitirən Məmməd Məmmədov
gələcəkdə öz adını Azərbaycanın
tarixinə qızıl hərflərlə yazmağı
bacarır.
Məmməd
Məmmədov 1955-ci ildə Azərbaycan Dövlət
Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olur. Burada
müəllimlərinin etimadını qazanan Məmməd
müəllimin akademik Əşrəf Hüseynovla münasibəti
müəllim-tələbə münasibətindən
yaxın dost münasibətinə qədər irəliləmişdi.
Elmin sirlərinə daha mükəmməl yiyələnmək
üçün onun mənəvi dəstəyi həmişə
Məmməd müəllimin üzərində hiss olunub.
Ümumiyyətlə, Məmməd Məmmədov öz
memuarlarında ona həyatında yardım edən, dayaq olan
insanları ən incə məqamlara qədər tərənnüm
edib, onlar haqqında söhbət açıb. Bu, Məmməd
müəllimin etibarlı, sadiq insan olmasından xəbər
verir. 1960-cı ildə Elmi şuranın qərarına əsasən,
Məmməd Məmmədovun universitetdə qalıb işləməsi
nəzərdə tutulur. Lakin o, aspirantura təhsili
almağı qərara alır. 1960-1963-cü illərdə
Moskvada aspirantura təhsili alan Məmməd Məmmədov
1963-cü ilin fevralında dissertasiyanı hazırlayıb
müdafiə üçün ADU-ya təqdim edir. Həmin ildən
Azərbaycan Texniki Universitetinin Ali riyaziyyat kafedrasında
müəllim işləməyə başlayır. 1964-cü
ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini
almaq üçün hazırladığı dissertasiyanı
müdafiə edir. Məmməd Məmmədovun bütün
xatirələrində sevgi və rəhmətlə
andığı əmisi Xurşud Məmmədov bu münasibətlə
bir məclis qurdurur. Çünki Məmməd
müəllim bu nəslin ilk alim nümayəndəsi idi...
Məmməd Məmmədov 1966-cı ildə - Azərbaycan Xalq Təsərrüfatı
Universiteti açılan
il Riyaziyyat
kafedrasında müəllimlik
fəaliyyətinə başlayır.
1968-ci ildə o, ömür-gün yoldaşı
Həqiqət xanımla
ailə həyatı qurur. Məmməd müəllim öz xatirələrində yazır:
"Həmin ildən
bizi 43 illik bir zaman ayırır,
lakin bu illər Həqiqət xanımla mənim məhəbbətimə heç
bir təsir göstərə bilməmişdir.
Biz indi də
bir-birimizi gənclik ehtirası ilə sevirik və ilahinin bizə bəxş etdiyi xoşbəxt həyatımızı
birlikdə yaşayırıq".
Böyük qızı Zülfiyyə
Məmmədova atası
haqqında təəssüratını
"525-ci qəzet"lə bölüşərək xatirələri
vərəqlədi: "Biz övladları olaraq atamızı hər zaman gülərüz, xeyirxah, övladlarının,
nəvə-nəticələrinin qayğısına qalan bir insan kimi
xatırlayırıq. Atam nəvələri
ilə nəfəs alırdı. O, hər
zaman təhsilimizə
çox böyük önəm verirdi. Yadımdadır ki, mən kimya üzrə fəlsəfə doktoru diplomunu alanda onun sevincinin həddi-hüdudu yox idi. Demək olar ki, hər yay bizi
xarici ölkələrə
istirahətə aparardı.
Hər bayram biz onun başına yığışar,
xeyir-duasını almaq
üçün sıraya
düzələrdik. Hətta
bir dəfə anama dedi ki,
"Həqiqət xanım,
gör bizim ailəmiz necə böyüyür, gör
biz nələr yaratmışıq!"
Məmməd Məmmədov haqqında
çox danışmaq
olar. Atam məclislərin bəzəyi idi. O, nəinki bizim, bütün el-obanın məsləhət yerinə
çevrilmişdi. Çox zarafatcıl
insan idi. Biz onun adını
daim uca tutmağa çalışırıq.
Atamızın yoxluğu bizi
çox sarsıdır
və onun yeri daim görünəcək".
1985-ci ildə doktorluq
dissertasiyasının mövzusunu
tamamlayan M.Məmmədov
öz elmi işini Moskvaya aparır. Çünki Məmməd müəllim
elə bir sahə üzrə elmi iş yazmışdı
ki, Azərbaycanda bu sahədə nə müdafiə şurası, nə də işə opponentlik edə bilən alim var idi. Elə
həmin il M.Məmmədovun monoqrafiyası
çap olunur və monoqrafiyanın ilk səhifəsində bircə
cümlə yazılmışdı:
"Sevimli müəllimim
akademik Əşrəf İsgəndər
oğlu Hüseynovun əziz xatirəsinə ithaf edirəm". M.Məmmədov 1986-cı ildə Texnika elmləri doktoru oldu, 1988-ci ildə isə professor elmi adını qazandı.
O, 200 çap vərəqindən
artıq elmi işlərin, 2 monoqrafiyanın,
3 kitabın, 65 elmi məqalənin, bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.
M.Məmmədov Azərbaycanın ən çətin anında xalqın yanında olan insanlardandır. Azərbaycanın qaranlıqdan işıqlı
günlərə çıxması
üçün çalışan
"91-lər"in sırasında
professor Məmməd Məmmədov
da var idi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması
üçün mücadilə
aparan "91-lər" xalqı
çətin vəziyyətdən
çıxarmağa can atırdı.
O cümlədən, M.Məmmədov
da çıxış
yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində
görürdü.
M.Məmmədov 1995-ci ildə Füzuli rayonunun 90 saylı seçki dairəsi üzrə deputatlığa
namizədliyini irəli
sürür. Millət vəkili seçilən
Məmməd müəllim
Milli Məclisdə İqtisadi siyasət komissiyasının sədri
seçilir. 5 il davam edən sədrlik fəaliyyəti dövründə
həmin komissiya 50-dən
çox qanun və digər qanunvericilik aktları hazırlayıb qəbul etmişdi. Ümummilli lider Heydər
Əliyevin M.Məmmədova
xüsusi rəğbəti
və etimadı olub və adətən,
ona "professor" deyə
müraciət edirmiş.
1996-cı ildə ATƏT-in
Lissabon sammitinin yekununa həsr olunmuş müşavirədə
Heydər Əliyev birdən sözü M.Məmmədova verir.
Məmməd müəllimin əvvəlcədən
bundan xəbəri yox imiş. Bunun səbəbi o idi ki, Heydər Əliyev professorun siyasi biliyinə və mükəmməl natiqliyinə inanırdı.
Təsadüfi deyil ki, bir sıra mühüm
iqtisadi islahatların həyata keçirilməsində
M.Məmmədov çox
böyük xidmətlər
göstərib, çoxsaylı
ümumittifaq və beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycan nümayəndə heyətinin
tərkibində olub.
M.Məmmədov 1999-cu ildə Azərbaycan
Respublikasının "Əsilzadələr
Məclisi"nə üzv
seçilib. 2002-ci ildə
isə Əməkdar
elm xadimi adına
layiq görülüb.
Məmməd müəllimin Qarabağ
- Füzuli adlı böyük bir nisgili var idi. Doğulub boya-başa
çatdığı torpaqların
düşmən tapdağı
altında qalması onu hər zaman
dərindən narahat edirdi. Amma vəfatından əvvəl
Füzulinin, Qarakollu kəndinin işğaldan azad edildiyi xəbərini
almaq ona nəsib oldu. Hətta Məmməd müəllim oradan gələn sudan
da içə bildi. Digər bir sevinc isə nəvəsinin İkinci Qarabağ savaşında döyüşüb
sağ-salamat qayıtması
idi. O, həm oğlu ilə, həm də nəvəsi ilə fəxr edirdi. Çünki oğlu Süleyman
Məmmədov da Birinci Qarabağ savaşında qəhrəmancasına
döyüşmüşdü. Nəvəsi
Yavər Şıxəliyev
isə İkinci Qarabağ savaşında Vətən qarşısında
borcunu layiqincə yerinə yetirdi. Məmməd
Məmmədov əsl
vətənpərvər insan
idi. Elə ona görə
də hər zaman öz vətəndaş
mövqeyindən çıxış
edərək Azərbaycan
uğrunda çalışırdı.
Çox
təəssüf ki, əcəl adlı çağırılmamış qonaq 2020-ci il
noyabrın 25-də professor Məmməd Məmmədovu
sevdiklərindən ayırdı.
Onun itkisi, Məmməd müəllim kimi bir alimin, ictimai
xadimin vəfatı neçə-neçə deyiləcək
yeni fikirlərin də sonu deməkdir.
Amma biz inanırıq ki, onun ruhu şaddır.
Çünki onun əsərləri
tələbələr tərəfindən
mənimsənilir, onun
fikirləri auditoriyalarda
mühazirə zamanı
neçə-neçə gəncin
biliyini zənginləşdirir.
Allahdan Məmməd Məmmədova
rəhmət diləyirik.
Nə yaxı ki, Azərbaycanın tarixində belə bir dəyərli insan da öz
yerini aldı...
Nadir Rzalı
525-ci qəzet.- 2020.- 29 dekabr.- S.10.