"Öz ana dilini bilməyənlərə..."
Bir neçə
gün öncə İctimai Televiziyanın
(İTV) efirində çoxdan
anonslarını gördüyümüz
"Səs uşaqlar"
layihəsi başladı. Bu, az qala bütün
dünyada yayılmış
"O səs..." layihəsinin
uşaqlar üçün
hazırlanan versiyasıdır.
İllər öncə Türkiyə
teleməkanında da belə bir layihə
yayımlanmışdı. Hazırda elə Türkiyədə
bu proqramın əsli, yəni böyüklər üçün
olanı davam etməkdədir.
Sözüm onda deyil...
İstedadlı uşaqlara, gənclərə
özlərini tanıtmaları
üçün şərait
yaradan belə layihələr çox təqdirəlayiqdir. Elə ilk efirindən görünür
ki, layihə üzərində yetərincə
peşəkarlar çalışıb.
Münfislər heyəti (bizdə
onlara ustad deyirlər) də kifayət qədər təcrübəli və musiqini yaxşı bilən sənətçilərdir.
Qatılan uşaqlar da
bir-birindən istedadlı,
bir-birindən gözəl.
Düzü, məmləkətimdə bu cür istedadlı
uşaqların olması
hər kəs kimi məni də sevindirdi. Di gəl, bir
vacib və təəssüf doğuran
məqam var ki, onun haqqında
danışmasam, olmaz.
Hərçənd, məndən öncə
sosial şəbəkə
istifadəçilərinin çoxu bu məqama diqqət çəkdi, etirazlarını
bildirdi.
Nədir məsələ?
Fəxrlə, böyük qürur
hissiylə bu yazıda bir daha xatırlatmalıyam ki, bizim Rusiyanın
işğalından azad
olub müstəqil dövlətimizi və dövlətçiliyimizi bərpa
etməyimizdən 29 il keçir (!). Nə az,
nə çox, düz 29 il! Yəni bu da o deməkdir
ki, sözügedən
layihəyə qatılan
uşaqlar doğulmazdan
çox-çox əvvəl
biz artıq müstəqil
Azərbaycan Respublikası,
dilimiz də Azərbaycan dili idi. Bəs onda bu qədər çox rus dilində danışan, öz dilini bilməyən, öz ana dilinin
"qolunu-qanadını" qırıb yazıq günə salan uşaqlar harda, necə yetişiblər?
Niyə adı, soyadı, atasının adı azərbaycanlı olan uşaq "olarmı fikirlərimi rusca ifadə edim?" deməlidir?! Nədir bizdəki
özümüzə, ana
dilimizə qarşı
ögeylik?
Hələ onu demirik ki,
Azərbaycan teleməkanı
üçün hazırlanan
layihədə hər
üç mahnıdan
ikisi ingilis və ya rus
dilində oxunurdu. Bütün dünya
Azərbaycan musiqisinə
heyran olduğu, hətta qonşu ölkələrin eyni layihəsində iştirakçılar
Azərbaycan mahnılarına
müraciət etdiyi halda, öz balalarımız niyə dövlətinə, dilinə,
mədəniyyətinə bu
qədər yad, bu qədər uzaqdır? Proqram boyunca görünür
ki, münsiflər də, tamaşaçılar
da öz mahnılarımızı necə
sevgiylə, həsrətlə
gözləyir, milli musiqilərimizə necə
böyük dəyər
verirlər. Məsələn,
"Nədən oldu?!"
mahnısını ifa
edən 14 yaşlı
Gülyaz Həsənzadəyə
olan heyranlıq (etiraf edək ki, bu heyranlıq
onun gözəl ifasıyla, səsiylə yanaşı, həm də seçdiyi mahnıya idi) və Xalq artisti
Zülfiyyə Xanbabayevanın
"milli musiqilər bizim qanımızdır"
cümləsi bunun bariz nümunəsidir.
Bayaq dediyimiz
kimi, Türkiyədə
də eyni layihə var. Və illərdən bəri həmin verilişin izləyicisi kimi əminliklə deyə bilərəm ki, iştirakçıların 10 nəfərindən
biri xarici mahnıya müraciət edə, ya etməyə. Başqa dildə
danışmaq isə
qətiyyən mümkün
deyil (digər ölkələrdən qatılanları
çıxmaq şərtiylə).
Bəs bizdə bu mədəniyyət
niyə hələ də formalaşmayıb?
Niyə insanımız hələ
də öz dilində danışmağı
aşağılıq kimi
anlayır, başqa dildə danışmağı
mədəniyyət?! Niyə hələ də özü rusca kəlmə bilməyən
valideyn zorla uşağını rusdilli
məktəblərə qoyub
onu dildən "zəlil" edir?!
Əlbəttə, çox dil bilmək ən böyük üstünlüklərdən
biridir. Amma öz dilini
bilmədən başqa
dili öyrənməklə
fəxr etmək yersizdir, zərərlidir.
Mən əminəm,
çox əminəm
ki, o uşaqların çoxu öz ana dilini bilirdi. Amma Şeyx
Nəsrullahın yanında
oturub "ərəbcə
danış, elə bilsinlər, elmlisən"
deyən Şeyx Əhməd kimi onların da valideynləri, böyükləri,
onları səhnəyə
hazırlayanlar "ingilis
dilində oxu, rusca danış" deyə tənbeh ediblər. Çünki onların fikrincə,
bu, daha elit, aristokrat, "qlamur" olmaq deməkdir.
Bir dəfə Türkiyənin
Azərbaycandakı Mədəniyyət
və Tanıtma müşaviri İrfan Çiftçi söhbət
əsnasında xaricdə
təhsil alan
övladlarından danışırdı.
Bir oğlu beş, digər oğlu dörd xarici dil bilir. Amma
öz ana dillərini
- türkcəni hamısından yaxşı bilmək şərtilə.
Bunun səbəbini isə İrfan
bəy belə izah edir:
"Mən onlara 14-15 yaşına kimi başqa dil öyrənməyi qadağan
eləmişdim. Onlara deyirdim
ki, öncə türkcəni mükəmməl
öyrənməlisiniz. Sonra onsuz da
çalışaraq, zəhmət çəkərək başqa dilləri öyrənə biləcəksiniz.
O dilləri öyrənmək üçün
də sizə ana diliniz
çox lazım olacaq.
Buna görə də onlara
ta uşaqlıqlarından nağıl
kitabları oxuyur, türkcə ədəbiyyat,
kitablar alırdım. Sonradan
haqlı olduğumu onlar
da gördülər. Öyrənmək
istədikləri bütün dilləri
asanlıqla öyrəndilər, çünki
öz ana dillərini
mükəmməl bilirdilər!"
Qarşılaşdığımız
acınacaqlı hallar sübut edir ki, nə yazıq, hələ
də Mirzə Cəlilin personajları ətrafımızda
dolaşmaqdadır. Onillər, hətta əsr keçməsinə
baxmayaraq, Mirzə Cəlil də, Sabir də, Axundov da hələ aktualdır. Yox,
məncə, onlar gələcəyi görüb yazmamışdılar, biz keçmişdən, onların görüb, yazdığı, tənqid etdiyi zamandan,
düşüncədən qopa bilməmişik.
Bu
verilişlə birgə ümidsizliyin ən dərininə
yuvarlandığımı hiss etdiyim əsnada qaranlıqda qəfil
doğan günəş kimi bir video çıxdı
qarşıma. Ətrafına çaşqınlıqla boylanan sarışın uşağa
müxbir mikrofonu
uzadıb ingilis dilində soruşur:
- Where are
your from? (Haralısınız?)
Uşağın çaşqınlığı artsa da, özünü
itirmir və möhtəşəm bir cavab səsləndirir:
- Vey a you from nədir, qaqa? Gəncəliyəm ee mən!..
Bu qoçaq oğlan
dəyərli jurnalist
həmkarımız Gülnarə
İlhamın oğlu
İlhamdır. 12 yaşlı İlhamın sosial şəbəkələrdə rezonansa səbəb olan bu cavabı
təkcə orda öz dilində danışa bilməyən
(ya da danışmaq
istəməyən!) həmyaşıdlarına,
nəsildaşlarına deyil,
eləcə də öz ana dilində
danışmağı "şəninə sığışdırmayan"
ədabazlara layiqli dərsdir! Mərhum şairimiz Tofiq Bayramın onillər öncədən boy verib günümüzlə səsləşən
bu misraları isə qoy elələrinə
tərs şillə olsun:
Mən nankor deyirəm,
nacins deyirəm -
Öz ana dilini bilməyənlərə!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 12 fevral.- S.15.