Unutma! Unutdurma!
AZƏRBAYCAN VƏ QARABAĞ
SƏDALARI TÜRKİYƏ VİLAYƏTLƏRİNDƏ
DALĞA-DALĞA YAYILDI
Bakıdan Ankaraya gedəcək təyyarə sərnişinlərin
dualarıyla da dolandan sonra havalandı. Ağappaq,
qırmızıquyruq təyyarə sülh göyərçini
kimi buludlara milləndi. İndi yer
görünmürdü, yerdəkilər
görünmürdü. Görünmürdü kim kimə necə düşməndi, kim
başqasının uğurunu, addımını necə
qısqanır, kim kimin qarşısını harda kəsir.
Buludların
üstündə, bu ağ səhranın
altında nə var görünmürdü, amma orda Günəş
var idi. Günəş bizi - İbad
Hüseynlini, Gülşən Behbudu və məni məqsədimizə,
ünvanımıza ötürürdü. Bizim məqsədimiz də, amalımız da bir idi;
vətənimizə olan sevgimizi bizi dəvət edən, bizi
gözləyən qardaşlarımıza aparırdıq.
Bu vətən sevgisinin, torpaq, yurd sevgisinin
canlı nümunəsi Qarabağ qazisi, "Azərbaycan
Bayrağı" ordenli İbad Hüseynli idi. Onun zəngin
döyüş yolunun bütün gəncliyə örnək
olduğunu bilən Türkiyə höküməti də ona
"Türkiyənin fəxri vətəndaşı" və
"Türk Dünyasının Qəhrəmanı"
adlarını verib, xüsusi döş nişanlarıyla təltif
edib. Savaşın sərhədlərdə rəsmi
olaraq bitdiyi bir vaxtdan bəri İbad Hüseynli hələ də
mübarizəsini, savaşını davam etdirir, bu dəfə
fərqli səngərlərdə. O həmişə:
"Mənim xidmətim bitməyib" deyir.
"Qarabağ müharibəsi, qəhrəmanın
gözüylə" layihəsi ilə Türkiyənin bir
neçə böyük şəhərində
görüşlər nəzərdə tutulmuşdu və bu
dəvət, bu təşəbbüs qardaş ölkədən
gəlmişdi. Biz buludların üstündə, günəşin
şəfəqlərinə bürünüb təyyarəmizdə
rahat əyləşdiyimiz vaxtlarda onlar qarlı, ayazlı bir
gündə bizi gözləyirdilər. Nəhayət,
biz də Günəşdən ayrılıb, buludların
altına endik - Ankaraya. Biz yerə endikcə
nöqtə boyda olan məntəqələr
böyüdü, evlər böyüdü. Adamlar o vaxt böyüdü ki, ayağımız
yerə dəydi. Qəribəydi, göydə,
o masmaviliyin, o bənbəyazlığın içində
yox, ölümün daban-dabana gəzdiyi torpaqlarda adamlar
özlərini ölümdən uzaq hiss edirdilər. Hər
addımda sənə düşmən ola
biləcək, qatilinə çevriləcək adamların
arasında təyyarədən enənlər daha rahat idilər.
Günəş yerə sağ-salamat
çatdığımızdan əmin olmaq üçün
seyrəlmiş buludların arasından bizə
boylanırdı, bizi getdiyimiz ünvana ötürürdü. Gölbaşına gedirdik,
"İbad Hüseyinli sokağı"na.
Qəribə hiss idi; orada yaşayan hər kəsin sənədində
bir Azərbaycan türkünün, bir Azərbaycan qazisinin
adı yazılırdı. Xocavəndin
Muğanlı kəndində doğulan adi bir kənd
uşağı hardan biləydi ki, o böyüyüb
adını bir gün Türkiyənin paytaxtında uzun bir
küçəyə yazdıracaq?! Kəndi
üçün, torpağı üçün silahlanıb
döyüşən bir əsgər hardan biləydi ki,
döyüşlərdən, xüsusən tank əleyhinə
minadan sağ çıxacaq və onun döyüş yolunu nəinki
ölkəmizdə, qardaş ölkədə də örnək
götürəcəklər?! O, bir gün
"Türkiyənin fəxri vətəndaşı",
"Türk dünyasının qəhrəmanı" şərəfli
adlarını alacaq.
Küçəyə gəldik - doğma küçəyə. İbad
Hüseynlinin gəldiyini eşidən sakinlər də onunla
görüşməyə gəldilər. Ərazinin ağsaqqal muxtarından tutmuş
arxasınca itini salıb gətirmiş balaca oğlana kimi
hamı ya dilində, ya gözlərində öz sevgisini,
heyranlığını gətirmişdi. Hava soyuq olsa
da, aramızdakı isti münasibətlər bir neçə
saat dərdləşməyə imkan verdi.
Yadigar qalacaq foto şəkillər çəkdirib
ordan ayrıldıq. Maşın bizi
Çumhurbaşkanlığına - o möhtəşəm,
o əzəmətli binaya gətirdi. Adımız, məqsədimiz
əlisilahlı jandarmaya bizdən əvvəl
çatmışdı, hərbi salamla içəri ötürdülər
bizi. Yuxarı mərtəbəyə
qalxdıq, Cumhurbaşkanının baş müşaviri
Yalçın Topçu bizi həmişə hamının
üzünə açıq olan qapısının qarşısında
qarşıladı. Onun İbad
Hüseynliyə olan sevgisi, hörməti bizi də
qürurlandırdı. Otağında
çay içdik. Aldığı hədiyyələri
divar boyu düzülmüşdü, əsasən də
türkçülüyü, turançılğı,
soyumuzu, kökümüzü danışan fiqurlar, rəsmlər,
əşyalar diqqətimi çəkirdi. Bir də bir
xalça-tablo var idi: Yalçın Topçu hərbi geyimdə,
əlini qarşıya uzatmışdı və başda
"Qarabağ" yazılmışdı. Onun
əlini uzatdığı yerlərdə işğal
olunmuş torpaqlarımız var idi. Bu
canlı görünən tablo onun gözünün
qarşısındakı divara vurulmuşdu. Qarabağ hər zaman onun gözünün
önündəydi və bu hədiyyəni ona İbad
Hüseynli vermişdi.
Xocalı soyqırımından danışdıq. Yalçın
Topçu İbad Hüseyinlinin sayəsində Qarabağ dərdimizi
bizim qədər bilən bir dövlət məmurudur. Bu
il də Xocalı faciəsinin anım
gününü keçirəcəyinə söz verdi və
biz məqsədimizə çatdığımız
üçün məmnun halda görüşüb,
qucaqlaşıb ayrıldıq.
Təyyarə bizi yenə göylərə
qaldırdı, yenə buludların üstünə, yenə
günəşin üzünə alnı açıq
çıxdıq. Bu dəfə sıramı masmavi göylərdən
və ölümdən qorxacaq biriylə paylaşmadım,
ölümü öldürən İbad Hüseynliylə
yanaşı oturduq. Biletlərimizi
özümüz seçmişdik.
Qocaman Adana bizi illərin əsirliyindən gələn
qardaşı kimi gözləyirdi. Bizi hava limanından
çıxanda Sərdar Günəş qarşıladı.
İri cüssəli, varlığına sığışa
biləcək bütün sevincini üzündə, gözlərində
yansıdan bu adam, qollarını dünya
boyda açıb, qarşımızda dayanmışdı. Ardınca üzündən nur tökülən, ədəbi-ərkanı
nümunə olacaq Mehmet Sezer gəldi. Az
qalırdılar bizi maşınlara qollarının
üstündə aparsınlar. O lopa-lopa ağ
buludların altında, bir-birinə hər an düşmən
ola biləcək insanların arasında adam kimi adamlar da var və
onların sevgisi fırladır Yer kürəsini. Həqiqətən dünyanı sevgi xilas edəcək.
Amma əvvəl dünyanı xilas edəcək
o sevgini qazanmaq, qorumaq və ötürmək lazımdır.
Bizi Adanaya dəvət etmiş bu əziz, bu
doğma, bu candan qardaşların biri də, birincisi də
Fateh Küpəliydi. Onu görmək üçün sabah olmalıydı. Günəş
doğmalı, zaman gəlməliydi.
Mən bu adamları ilk dəfə görürdüm. İlk dəfə
burda bildim ki, kainatda, Günəş sistemində, Yer kürəsində,
ağ-səhra buludların altında, bu qədər şəhərlərin
içində, Adanada belə bir adamlar doğulub, belə bir
adamlar yaşayır. Əslində, bu
adamlar özləri deyil, içlərinə doldurduqları vətən
sevgisini, millət sevgisini, bayraq sevgisini yaşatmaq, qorumaq,
başqalarına ötürmək, şəhər-şəhər
daşımaq üçün varlar. Və
onların bu sevgisi Türkiyəylə başlayıb bitməmişdi,
bir də Azərbaycan var onlar üçün. Bu sevgidən, bu səbəbdən bizi Adanaya dəvət
etmişdilər.
İbad Hüseynlinin gözüylə Qarabağı
görmək yerli camaata da maraqlıydı, çünki bu qədər
təbliğata baxmayaraq, hələ də səsimiz qardaş
ölkəmizin, qardaş millətimizin qulağına yetərincə
çatmamışdı. Nəinki Xocalının, hətta
Qarabağın adını eşitməyən iri şəhərlər
var. Heç bir şəxsi mənfəətimizin, maddi
qazancımızın olmadığı bu səfərdə,
dövlətimiz üçün, Qarabağımız
üçün, bütün şərəfli qazilərimiz
üçün atdığımız bu addımları, təbliğat
və ölkəmizi tanıtmaq, sevdirmək, dərdimizə
şərik axtarmaq missiyamızı kaftar nəfəsiylə
bulandırmaq, cılız kölgəsində gizlətməyə
çalışmaq istəyənlər də yolumuza
çıxdı. Təəssüf elədim ki, o ağappaq
buludların altında belə insanlar da yaşayır, necə
ki, o buludların üstündə olanda yerdə heç nə
görünmür, kaş ki, yerdə də o adamlar heç
görünməyəydi və bizi qarşılayan, bu
görüşləri təşkil edən üç
adamın; Fateh Küpəlinin, Sərdar Günəşin və Mehmet Sezərin insana
olan, vətənə olan, qonağa, xüsusən İbad
Hüseynliyə, onun timsalında Azərbaycan xalqına olan
sevgisindən bir pay alaydılar. Əhalisi həm
də ermənilər olan bir ölkədən əlbəttə
ki, düşmən gözləməmək sadəlövhlükdür.
Biz bunları bilərək yola
çıxmışdıq, bizim hədəfimiz, məqsədimiz
bəlliydi və yolumuza mətin addımlarla davam elədik.
Yollar bizi Kozan qalasına apardı -
Çukurovanın parlayan ulduzuna.
Eynən
bizim Şuşa qalası kimi əlçatmaz
qalaydı. Taleyi də Şuşa
qalasının taleyinə bənzəyirdi, orda yaşayan əhalinin
qismətinə də Xocalı sakinlərinin qismətinə
düşən xəyanət, faciə
düşmüşdü. Adlarını
türkləşdirən, müsəlmanlaşıb yerli
türklərə qaynayıb-qarışan, özlərini
onlardan biri kimi göstərən ermənilər günlərin
bir günündə, ilk fürsətdə dinc əhalini,
qonşularını amansızlıqla qətlə
yetirmişdilər. Görk olsun deyə
beton novlardan qadınların, körpələrin
qanını axıtmışdılar. Azərbaycan ərazilərinə
rus çarlarının köçürdüyü həmən
erməniydi bu, İrəvan quberniyasında yerimizi,
torpağımızı, suyumuzu
bölüşdüyümüz, 1905-ci illərdə İrəvanda,
Gəncədə, Bakıda, Naxçıvanda, 1918-ci ilin
mayından 1920-ci ilin aprelinə kimi Zəngəzurda, 1918-ci ildə
Bakıda, Qubada və 1992-ci ildə Xocalıda minlərlə
dinc əhalini qətl edən erməni! Bizim illər
keçdikcə əməlini unutduğumuz, unutdurduqları
erməni! Həmin erməninin iki gənci biz
Kozana gəlməmişdən bir neçə gün əvvəl
qalanın döşünə qalxıb, erməni
bayrağı açıb, çəkdikləri şəkilləri
sosial şəbəkələrində
paylaşmışdılar. Onlara bu cəsarəti
türk bayrağını cıran yunan deputatı
vermişdi. Biz də Kozana əliboş gəlməmişdik.
İbad Hüseynli həmişə pencəyinin
döş cibində gəzdirdiyi Azərbaycan
bayrağını, Kozanın məclis üzvü, dövlət
adamı Hazım Dağlı türk bayrağını
açdı. Bayraqları öpüb, dəyişdilər.
"Türkün torpaqlarında yalnız türk
bayrağı dalğalana bilər" - sözünün
sonunda belə dedi İbad Hüseynli. Bu, bir mesaj
idi, bizi izləyən ermənilərə də, cəsarət
aldıqları başqalarına da. Atalarımız
təəssüf ki, düşmənin xislətini
unutmuşdular, yoxsa bu qanlı tarix təkrarlanmazdı.
Təəssüflər olsun ki, bu günə qədər
yerli əhalinin əksəriyyəti Qarabağ
savaşının, Xocalı faciəsinin sədasını o
qədər də aydın eşitməmişdilər. Səsimiz,
harayımız buralara gəlib çatmamışdı.
İbad Hüseynli Qarabağ müharibəsini, Xocalını
danışdıqca adamlar bu vəhşiliyin onlara nə qədər
tanış olduğunu deyirdilər.
Bir neçə saata sığan görüşdə
onlar İbad Hüseynlinin gözüylə Qarabağı
gördülər, onlardakı yaranın biri də bizdə
olduğunu bildilər. Kədərlər, dərdlər
adamları bir-birinə doğmalaşdırır. Bir də öyrəndim ki, burda erməni
kökünü, adını hətta daşlardan, kilsələrdən,
qəbiristanlıqlardan söküb atmağı bacarıblar.
Bizdən fərqli olaraq burda düşməni
daha yaxşı tanıyan adamlar olub. Kaş
ki, biz də bu təmizləmə, torpağımızı
arındırma, durulama işlərinə başlasaydıq.
Dolama yolları enib Osmaniyəyə gəldik. Mədəniyyət
mərkəzində bizi izdiham gözləyirdi. Bizdən əvvəl sosial dəvətlər,
maşınların, lokantaların şüşələrinə
vurduqları posterlər çoxlarının marağına səbəb
olmuşdu. Burda əsl
qardaşlığı, doğmalığı hiss etmək
olurdu. Məsafələrə, sərhədlərə
baxmayaraq, burda hamını eyni soya, eyni kökə olan sevgi
birləşdirirdi. Bizi uzaqdan gəlmiş
doğmaca qardaş kimi bağırlarına basır, baş
toqquşdururduılar.
Onu da
xatırladım ki, burdakı görüşə, tədbirə
İbad Hüseynlinin adını eşidən Zorlu Törə
gəlmişdi - Kipr Türk Cümhuriyyətinin Məclis
Başqan yardımcısı, Azərbaycan sevdalısı bir adam. Kiprdə hər il
Xocalı soyqırımını anan tədbirlərin təşkilatçısı.
İşğal olunmuş torpaqlarımızı
bizim qədər tanıyan bir türk oğlu, türk.
Burdakı görüşü Avşarlar dərnəyinin
başqanı Şərəf Kocakaya təşkil etmişdi. Salona Azərbaycan,
Qarabağ tanıdılırdı. Gülşən
Behbudun çıxışı ayaqda alqışlandı.
Sonra İbad Hüseynli kürsüyə
qalxdı. Həmişə: "Mən
danışmağı deyil, savaşmağı öyrəndim"
deyən İbad Hüseynli bu dəfə, bəlkə də
ömründə ilk dəfə, bu qədər
danışdı və bu qədər emosiyayla, bu qədər
həyəcanla Qarabağı, Xocalını tanıtdı,
müharibə dövründə xalqın, əliyalın
ordunun vəziyyətini epizodlarda göstərirdi. Hər kəsin
sualına cavab verdi.
"Qarabağda silahsız bir xalq, kənd adamları
dünyayla savaşırdı, təkcə ermənilərlə
deyil. Biz türklər olaraq Qarabağda təklənmişdik.
Buna baxmayaraq, döyüşdük, iyirmi faiz
torpaqlarımız getsə də, səksən faiz
torpağımızı qanımız, canımız
bahasına qoruduq. Mərhum Prezidentimiz Heydər
Əliyevin sayəsində nizamlı bir ordu və güclü
Azərbaycan dövləti quruldu. Ermənilər
məqsədlərinə çata bilmədilər, onların
dənizdən dənizə planları suya düşdü.
Bu gün bizim qüdrətli ordumuz var..." İbad
Hüseynli bütün Azərbaycanın şərəfli
qazilərini bu zalda, bu qədər adamların
qarşısında təmsil edirdi. Bizim vətənə,
torpağa olan sevgimizi, dövlətə olan
inamımızı sərgiləyirdi. Tədbirin
sonunda bayraqlarımız öpülüb dəyişdirildi,
fotoşəkillərlə günümüz tarixə
çevrildi. Yol aldıq Karataşa.
Ağdaşın qardaşlaşmış şəhəri ola biləcək Karataş - Qaradaş
portağal, qreyfrut, limon ağaclarıyla zəngindi. Küçələrdən portağal ətri gəlirdi.
Karataşın kaymakamı da, qarnizon komandiri də,
əmniyyət müdiri də bizi iqamətgahlarında
hörmətlə, sevgiylə qarşıladılar, hər kəsin
dodağında portağal çiçəkləri
açırdı. Görürdüm ki,
onların gözündə İbad Hüseynli bütöv bir
Azərbaycandır, onunla qucaqlaşanda, özlərini Azərbaycanı
qucaqlamış kimi hiss edirdilər. Hörmətlə
dinlədilər, adını eşitdikləri Qarabağı
bu dəfə içdən tanıdılar. Söz verdilər ki, 26 Fevral günü bizim
Xocalı soyqırımı kədərimizə burda şərik
olacaqlar.
Yolumuz uzun, səfərimiz uğurluydu, Karataşdan Muta gəldik,
- Mehmet Sezərin doğulduğu şəhərə. Mut
qonaqlarını bələdiyyə binasının
önündə davul-zurnayla, iki qurbanlıq qoçla
qarşıladı.
Türkün özünə xas qonaqpərvərliyi hər
yerdə görünürdü. Bizi birləşdirən
hisslərimiz, bizi bir-birimizə bağlayan ortaq milli mənəvi
dəyərlərimiz ilk dəfə
qarşılaşdığımız,
gördüyümüz adamları bizə, bizi də onlara
doğma, əziz, ailədən biri kimi hiss etdirirdi.
Mehmet Sezərin ailəsinə qonaq olduq. Səhəri
gün yolumuz Kırşehirə düşdü. Bura da
xüsusi dəvət olunmuşduq. Şəhərin mərkəzi
küçəsində, şəhərin adı yazılan
iri lövhədən sonra bir də iri bir qaya parçası
var, üstünə "İbad Hüseynli sokağı"
yazılıb. Bələdiyyə sədri və onun
köməkçisiylə görüşüb, elə
onlarla birlikdə şəhəri, "İbad
Hüseyinli" küçəsini gəzdik.
Bələdiyyə
sədri əziz qonaqlarının şərəfinə ziyafət verdi. Necə
qarşılamışdılarsa, eləcə də sevgiylə
yola saldılar.
Canımızın
boxçasına görüşdüyümüz adamların
sevgisini yığmışdıq, bu dəfə sevgiylə
dolub havalanan təyyarə bizi Bakıya gətirirdi. Məqsədimizə
çatmışdıq; geridə qoyduğumuz adamlara ölkəmizi
sevdirmişdik, Qarabağı tanıtmışdıq, şəhid
olan igidlərimizə bir dəqiqəlik sükut həsr
etmişdik, dua oxutmuşduq. Ən əsası, ən önəmlisi
düşməni xatırlatmışdıq. Onu unutmaq olmaz!
Vüsal NURU
525-ci qəzet.- 2020.- 19 fevral.- S.15.