"Oyun"un "Solğun
sevgilər"i yenidən
səhnədə
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün irimiqyaslı
sosial layihələrini,
fiziki məhdudiyyətli
istedadlı yaradıcı
gənclərin teatra inteqrasiyasını uğurla
davam etdirməkdədir.
Bu mənada
sağlamlıq imkanları
məhdud yuxarı yaş qrupunda həvəskarların cəlb
olunduğu "Oyun"
adlı teatr və onun qısa
zamanda əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır. Əlilliyi
olan çoxsaylı istedadlı vətəndaşlarımızın
müraciətlərinə əsasən təşkil
edilən teatrın
ilk səhnə işi
"Solğun sevgilər"
adlanır. Ötən
ilin sonlarında premyerası ilə gündəmə gələn
və sənətsevərlərin
marağına səbəb
olan "Oyun"çular
çoxsaylı müraciətləri
nəzərə alaraq
yenidən teatrsevərlərin
qarşısına çıxacaqlar.
Teatrın mətbuat xidmətinin rəhbəri
Həmidə Rüstəmova
bildirib ki, martın
1-də (saat 19:00) Dövlət
Kukla Teatrının böyük zalında tamaşanın ikinci premyerası olacaq.
Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının
120 illik yubileyi münasibətilə hazırlanıb.
Müəllifin "Solğun
çiçəklər" dramına müraciət edən yaradıcı heyət klassik nümunəyə tam fərqli
səhnə yozumu verib.
Pyesin motivləri
əsasında hazırlanan
tamaşanın səhnələşdirəni
və quruluşçu
rejissoru Səidə Haqverdiyeva, quruluşçu
rəssamı İqbal
Əliyev, musiqi tərtibatçısı Vüqar
Camalzadə, xoreoqrafı
Elnur İsmayılovdur.
Tamaşanın əsas
ideyası sədaqət,
dürüstlük, dostluq
və saf məhəbbətin əbədiyaşarlığıdır.
Fiziki əlillikdən
çox mənəvi
şikəstliyin qüsur
olmasına diqqət çəkən səhnə
işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar.
Birhissəli səhnə
nümunəsində rolları
Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov ,Taleh İsmayılov,
eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə
Əliyeva, Elnarə Qədimova, Zümrüd Qasımova və Günay Əhməd oynayırlar.
Qeyd edək ki, "Oyun" teatrının həvəskarlarına
pedaqoq və peşəkar aktyorların
iştirakı ilə
səhnə danışığı,
vokal, xoreoqrafiya dərsləri də tədris olunur.
525-ci qəzet.-2020.-29 fevral.- S.13