Mehmandarovun peterburqlu oğlu
Batmaqda olan may günəşinin soyuq şüaları artıq şiş ucları göylərə dirənən qocaman Qırxqız dağının həmişə başı qarlı zirvələri arasında əriməkdə idi.
Qohum-əqraba,
qonum-qonşu, dost-tanış
bayaqdan Çanaqqalaya - el ağsaqqalı, həkim Əbdülkərim bəy Mehmandarovun başına toplaşmışdı. Hamının da
nigaran baxışları Əsgərandan Şuşaya gələn
yola dikilmişdi. Əbdülkərim bəy
isə daha çox narahatçılıq keçirirdi. Neynəsin, axı ata qəlbi, ata ürəyi
övlad sarıdan həmişə nigaran olur, həyəcan
keçirir, kövrəlir. Bir gün əvvəl o,
Bakıdakı övladlarından teleqram almışdı ki,
oğlu Leninqraddan gəlib, Allah qoysa, sabah axşama
yaxın Şuşada olacaq. Bu bir gün ataya bir il qədər uzun görünürdü.
Gözləri yola dikilib qalmış yetmiş beş yaşlı qoca bir yerdə qərar
tuta bilmir, fikir-xəyal içərisində o yan-bu yana var-gəl
edirdi. O, ayaq üstə durmaqdan artıq yorulduğunu hiss eləyib,
qayanın qaşında oturdu, əllərini qaşları
üstünə qoyub, göz işlədikcə uzanan yollara
baxmağa başladı. Və birdən xəyalı
cövlan eləyib, neçə il əvvələ
qol-qanad açdı, onu uzaq Neva sahillərinə apardı,
peterburqlu günləri bir-bir gəlib yaddaşından
boylandı...
On doqquzuncu yüzilliyin yetmişinci illəri idi. Əbdülkərim
bəy Mehmandarov Peterburq Tibb Cərrahlıq
Akademiyasının tibb şöbəsində təhsil
alırdı. Məşğələlərdən
sonra o, tez-tez mütərəqqi əhval-ruhiyyəli gənclərə
qoşulub, Peterburq Ali Qadın Tibb kurslarında oxuyan Aleksandra
Mixaylovna Dolqanovanın evində keçirilən
yığıncaqlara gedirdi. Belə
toplantılar, görüşlər gənc tələbələrin
gözünü açır, onlarda inqilabi və azadlıq
ideyalarını artırırdı. Başdan-ayağa
bu ideyalarla silahlanmış bu məşhur rus qızı ilə
daha yaxından tanış olması, ali təhsilini başa
vurandan sonra bir müddət Peterburq Hərbi Klinik Xəstəxanasında
işləməsi və nəhayət, Aleksandra ilə ailə
həyatı qurması şirin və yaddançıxmaz bir
xatirə kimi gözləri önündən gəlib-keçdi. Oğlu anadan olmamışdan əvvəl isə
Qafqaza qayıtmaq fikrinə düşdü. Ona
Peterburqda qalıb işləməyi təklif edənlərə
isə cavabı belə oldu: "Mən xalqıma xeyir vermək
üçün oxumuşam, burda qalıb işləmək
üçün yox. Ona görə də
mütləq xalqımın yanına qayıtmalıyam". O
vaxtdan da gənc həkim Azərbaycana qayıtmış,
yarım əsrə yaxın Qarabağda həmyerlilərinin
sağlamlığının keşiyində
dayanmışdı. Lakin Vətənə
dönərkən sevimli həyat yoldaşı Aleksandraya
onunla getməyi təklif eləsə də, tərəddüdlər
içərisində qalan qız razılıq verməmişdi. Və
Aleksandra Dolqanova Peterburqda Əbdülkərim bəyin yolunu
düz yeddi il gözləmiş,
bu qafqazlı balasının bir daha geri
qayıtmayacağına əmin olduqdan sonra başqasına ərə
getmişdi. O vaxt oğlu Mixailin artıq yeddi
yaşı vardı.
1929-cu ildə,
Mixailin qırx yeddi yaşı tamam olanda oğluna sürpriz
etmək üçün anası uzun illərdən bəri
ürəyində saxlayıb gəzdirdiyi sirri oğluna
açmış, doğma atasının kim olduğunu
açıb-söyləmişdi. Bu hadisə
Mixailə bərk təsir etmiş və atasının
sağ olduğunu öyrənib, onu görmək
üçün Azərbaycana gəlmişdi.
Hələ neçə illər əvvəl
Əbdülkərim bəyin Peterburqda yaşayan əmisi
oğlu, həkim İbrahim bəy Mehmandarov onu dəfələrlə
oğlu ilə görüşdürməyə cəhd eləmiş,
amma nədənsə Əbdülkərim bəy
razılıq verməmiş, bu təklifdən boyun
qaçırmışdı. İndi isə elə bil hiss eləmişdi
ki, ömrünün son payızıdır və eşidəndə
ki, oğlu Mixail artıq Bakıdadır, qatarla Yevlaxa, ordan da
Şuşaya gələcək, fərəhindən
uçmağa qanad axtarırdı.
... Budur, uzaqdan, lap uzaqdan, Ağa körpüsündən
də xeyli aşağı balaca nöqtələri
xatırladan iki qaraltı get-gedə yaxınlaşdıqca,
böyüdükcə Əbdülkərim bəyin həyəcanı
birə-beş artmağa başladı. Faytonçular da sanki bu vüsalı, bu həsrəti
duyublarmış kimi atları qamçılayaraq
faytonlarının sürətini artırır, ata-balanı
bir-birinə tez qovuşdurmağa
çalışırdılar. Əyri-üyrü,
dolanbac yolları arxada qoyan faytonlar Yeddiqatı keçib,
Çanaqqalaya doğru dikəldilər və bir neçə
dəqiqədən sonra yol gözləyənlərlə
qabaq-qənşər dayandılar. Əbdülkərim
bəyin də, qohum-qardaşın da intizarına son qoyuldu. Faytonların
birində kürəkəni Şamil bəy Mahmudbəyov,
qızı Məhbubə xanım, onların beş yaşlı övladları Elmira, o
birisində isə oğlu Rəşid bəy, arvadı Varvara
Moiseyevna və Mixail oturmuşdu. Qırx
beş-əlli yaşlarında, ucaboy, enlikürək, eynəkli
cavan faytondan düşəndə Əbdülkərim bəy
özünü onun üstünə atdı. Ata-bala sarmaşıq kimi bir-birinə sarıldı. Ata ilk dəfə gördüyü oğlunu duz kimi
yalamağa başladı. Sonra
başını onun çiyninə qoyub, göz
yaşlarını saxlaya bilmədi. Mixail
də özünü ələ ala bilməyib, göz
yaşlarını atasının göz yaşlarına
qatdı. Onlar bir neçə dəqiqə
bir-birindən ayrılmadılar. Bu mənzərəni
seyr edənlər - həmin vaxt əmisi oğlunu yoluxmaq
üçün Şuşaya gəlmiş İbrahim bəy,
Əbdülkərim bəyin oğlanları Ədil bəy və
Surxay bəy də kənarda durub, həsrətli ata-balanın
bir-birlərinə necə qovuşmalarına sakitcə
tamaşa edirdilər. İlahi, insan bir-birinə
necə də oxşayarmış. Elə
bil bir almanı tən yarı bölmüşdülər. Mixail, deyəsən, təkcə boy-buxunda ana tərəfə
çəkmişdi.
Sonra Mixail hamıyla əl tutub görüşdü. Bir yerdə
Əbdülkərim bəyin Təzə məhəllədəki
ikimərtəbəli imarətinə yollandılar. Tut
ağacına bağlanmış qurbanlıq qoyun Mixailin
ayaqları altına çəkildi. Əbdülkərim
bəyin zövcəsi Zəri xanım onu öz doğma
balası kimi qəbul elədi. Analığının
dəmlədiyi Qarabağ plovu, on iki kiloluq quzunun
qabırğasından şişə çəkilmiş
qanlı kabab Mixailə özgə ləzzət verdi, uzun müddət dadı damağından
getmədi. İlk dəfə ata evində
olan Mixaili dədə-babalarının adət-ənənələri,
qonaqpərvərlikləri, milli yeməkləri məftun eləmişdi.
Mixail həmin il bütün məzuniyyətini ata yurdunda
keçirdi. Qohumları, qardaşları onu Şuşa torpağını
qarış-qarış gəzdirdilər. Mixail Cıdır
düzündə, İsa bulağında, Topxanada,
Daşaltıda, Turşsuda, Kirsdə, çay kənarında,
meşələrdə, ata-babalarına məxsus
ucu-bucağı görünməyən meyvə
bağlarında, bir sözlə, bütün gəzməli,
görməli yerlərdə dəfələrlə oldu,
doğma yurdunun gözəlliklərini gözlərinə
köçürdü. Və Peterburqa qayıdarkən hər il məzuniyyətini Azərbaycanda
keçirməyə söz verdi.
... Mixail
atası həmişəlik Qafqaza qayıdandan azca sonra,
1882-ci il yanvar ayının 24-də
doğuldu. Aleksandra Dolqanova yeddi il ərinin
yolunu ismətlə gözlədi və onun bir daha bu yanlara
üz tutmayacağını qətiləşdirib, Vergi və
İçkilərin Dövlət Satışı Baş
İdarəsində məmur işləyən Dmitri
Aleksandroviç Tuşinski ilə ailə həyatı qurdu.
Ziyalı və xeyirxah bir adam kimi
tanınan Dmitri Aleksandroviç Mixaili doğma oğlu kimi qəbul
elədi və ona öz ad və familiyasını
yazdırdı. Oğlunun qayğısı
və tərbiyəsi ilə əsasən, anası məşğul
oldu. Onun hələ kiçik
yaşlarında xarakterinin formalaşmasında, gələcək
həyat və peşə yolu seçməsində Aleksandra
Dolqanova mühüm rol oynadı.
On yaşına çatanda Mixaili Birinci Peterburq
Gimnaziyasına qoydular. Hələ aşağı siniflərdə
oxuyarkən onun adı daim əlaçılar sırasında
çəkilirdi. Mixail burda klassik latın və
yunan dillərini, eyni zamanda, almancanı və
fransızcanı da mükəmməl öyrəndi. O,
yuxarı siniflərdə oxuyarkən şəhərdə
gizli bir təşkilat yaradılmışdı. Bu qurumun vəzifələri sosial-demokratların
ideyalarına çox yaxın idi. "Öz biliyini
inkişaf etdirmək" məqsədilə fəaliyyətə
başlayan bu təşkilata həm kişi,
həm də qadın gimnaziyalarının şagirdləri
daxil olurdular. 1898-ci ildə Mixail də bura
üzv yazıldı. Təşkilat üzvləri az bir müddət içərisində zəngin
bir kitabxana da yaratdılar. Gimnaziya tələbələri Karl
Marksın, Fridrix Engelsin təlimləri ilə, Georgi
Valentinoviç Plexanovun və Vladimir İliç Leninin əsərləri
ilə ilk dəfə burda tanış olurdular. Təşkilat üzvləri lazımi ədəbiyyatı
mütailə edir, siyasi iqtisad məsələlərinin
müzakirəsi ilə məşğul olur, hətta başqa
şəhərlərin, xüsusilə də, Kiyevin dərnəkləri
ilə sıx əlaqə saxlayırdılar. Digər yoldaşları kimi bu işlərdə fəal
iştirak etməsi Mixaildə də inqilabi ideyaları
yaradıb-formalaşdırırdı. O, sonralar bu təşkilatı
"inqilabi dövrün özünəməxsus komsomolu"
adlandıraraq yazırdı: "...Yadımdadır,
1900-cü ilin 1 Mayı üçün biz - birinci sinif
şagirdi Pyotr Mogilyanski və mən - səkkizinci sinif
şagirdi gimnaziya şagirdlərinə hektoqrafda "1 Mayda,
bu yaz bayramında biz sizə xoşbəxtlik arzusu göndəririk,
gənclərdən gənclərə salam göndəririk..."
sözləri yazılmış vərəqə
buraxdıq. Vərəqə gənclərin
və güclülərin qələbə çalması
inamı ilə qurtarırdı.
1900-cü
ildə Mixail Tuşinski gimnaziyada səkkizillik tam kursu bitirib,
kamal attestatı aldı və universitetə, başqa ali təhsil müəssisələrinə
imtahansız girmək hüququ qazandı. O, həkim olmaq arzusunun
dalınca getdi, elə həmin il də
Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu. Mixailin bu peşəni seçməsi təsadüfi
deyildi. Hələ kiçik olanda
anasının xəstələri evdə necə qəbul etməsini,
həkim-xəstə münasibətlərini maraqla izləyir,
tez-tez bu barədə anasına suallar verirdi. Elə anasının canlı nümunəsi, ailədə
hökm sürən tibbi mühit, tərbiyə sistemi də
onun bu peşəni seçməsinə ciddi təsir göstərmişdi. Bəlkə də, həkimliyə bu maraq, bu həvəs
eyni zamanda, irsən, qandan gəlirdi. Axı
onun damarlarında həkimliyi özünə əbədi
peşə seçmiş Əbdülkərim bəy
Mehmandarovun qanı axırdı.
Akademiyada Mixail sonralar Rusiya fiziologiya məktəbinin
banisi olmuş İvan Petroviç Pavlov, məşhur
nevropatoloq Vladimir Mixayloviç Bexteryev və başqa görkəmli
alimlərin və pedaqoqların mühazirələrini dinlədi,
onlardan çox şeylər öyrəndi,
görüb-götürdü. Dərslərini əla
oxuması, yoldaşları ilə mehriban münasibəti,
şən, şux zarafatları ona müəllimlərinin də,
tələbələrin də dərin hörmətini
qazandırmışdı. Dünyagörüşü
sürətlə formalaşan Mixailin ictimai həyatı
yalnız auditoriyalarla məhdudlaşmırdı. O,
akademiyanın əsas binasında yerləşən
kitabxananın idarə heyətinin üzvü idi. Gənclər tez-tez tələbələrin inqilabi
hərəkatının formalaşmasında əsas özəklərdən
sayılan bu bilik ocağına toplaşır, müxtəlif
siyasi məsələləri müzakirə edirdilər. Onlar sosial-demokrat və başqa mütərəqqi
inqilabi təşkilatlarla əlaqə saxlayır, müntəzəm
olaraq tələbə çıxışları təşkil
edirdilər. Bu
çıxışların önündə gedənlərdən
biri də Mixail idi.
1902-ci ilin əvvəllərində Kiçik Teatrda fitnəkar,
antisemit ruhlu "Kontrabandçı" pyesi tamaşaya
qoyuldu. Universitet tələbələri buna öz qəti
etirazlarını bildirdilər və bu barədə akademiyada
yığıncaq keçirildi. Yığıncağın
təşkil olunmasında fəallıq göstərdiyinə
görə 1904-cü il dekabrın
3-də Mixail Tuşinski nazirin əmri ilə akademiyadan xaric
edildi. Lakin o, inqilabi fəaliyyətdən bir an da olsun, ayrılmadı, var-qüvvəsi
ilə azadlıq ideyalarını təbliğ eləməyə
başladı. Onu da qeyd etmək yerinə
düşər ki, Mixailin arxivində indiyə qədər həmin
dövrə aid maraqlı bir fotoşəkil qorunub
saxlanılır. Onunla birlikdə
akademiyadan qovulmuş bir qrup tələbə böyük rus
inqilabçı-demokratı və mütəfəkkiri Nikolay
Qavriloviç Çernışevskinin portreti ətrafına
toplaşıb, şəkil çəkdirmişdilər. Bu isə o dövr üçün çarizmin
irticaçı siyasətinə, mütləqiyyətə
qarşı açıq-aşkar nümayiş demək idi.
Coşqun inqilabi və ictimai fəaliyyəti, akademiyadan
qovulması bu vətənpərvər və fədakar tələbənin
həkimlik peşəsinə olan həvəsini heç də
azaltmadı. O,
akademiyada mənimsədiyi nəzəriyyəni praktiki işlə
birləşdirmək üçün bir müddət
Novqorodşinada, Samara yaxınlığındakı
Pekovşinada feldşer məntəqələrində işlədi. Rus-yapon müharibəsinin qızğın
çağında isə Mixail könüllü olaraq Uzaq
Şərqə yollandı. Mancuriyanın
döyüş meydanlarında Peterburq Qırmızı
Xaç Cəmiyyətinin altıncı səyyar dəstəsinin
tərkibində yaralılara ilk tibbi xidmət göstərdi,
burda xeyli tibbi-praktik təcrübə topladı.
Rus-yapon müharibəsindən alnıaçıq,
üzüağ qayıdan gənc Mixail 1905-ci ildə öz səyi
və çalışqanlığı sayəsində
akademiyaya bərpa edildi. Bundan sonra da o, inqilabi və ictimai fəaliyyətlə
daha ciddi və müntəzəm məşğul olmağa
başladı. Yenə də tələbələri
səfərbərliyə aldı, yığıncaqlar
keçirdi, toplantılara da özü rəhbərlik elədi. 1906-cı
ilin əvvəllərində Mixail Dmitriyeviç Tuşinski
Dövlət Dumasına seçkilər zamanı bolşeviklərlə
menşeviklər arasında müzakirə aparılanda ilk dəfə
olaraq burda Vladimir İliç Lenini gördü, onunla
yaxından tanış oldu. Rus proletariatının rəhbəri ilə
tanışlığı onun
dünyagörüşünün inqilabi əhval-ruhiyyədə
tam formalaşmasında çox böyük və əhəmiyyətli
rol oynadı, Mixaili peşəkar inqilabçılara daha da
yaxınlaşdırdı.
Həmin il oktyabrın 24-də - Peterburq Fəhlə
Deputatları Sovetinin üzvlərinin məhkəməsi
olduğu gün akademiyada Mixailin sədrliyi ilə izdihamlı
tələbə yığıncağı
keçirildi. Tələbələr və
bəzi müəllimlər kəskin çıxışlar
etdilər. Axırda mübarizə
aparan proletariatın qabaqcıl dəstəsi təbrik edilən
qətnamə qəbul edildi. Lakin ertəsi
gün bu qətnaməni olduğu kimi müəyyən fitnəkar
məqsəd güdən "Novoye vremya" qəzeti dərhal
öz səhifəsinə çıxartdı. Qəzetin həmin nömrəsi hərbi nazirə
çatdırıldı və o, akademiyanın rəisini
yanına çağırıb, qətnaməni ləğv
etməyi tələb elədi. Rəhbərlik
məcburiyyət qarşısında qalıb, ümumi iclas
çağırdı. Bura doqquz
yüz tələbədən yalnız yüz iyirmi nəfəri
gəldi. Bununla da iclasın
keçirilməsi baş tutmadı və nazirin əmri yerinə
yetirilməmiş qaldı.
Hərbi
nazir 1905-ci il ərzində
akademiyanın tələbələrinin fəaliyyətini
yoxlamaq üçün istintaq komissiyası yaratdı. Tələbələr, inqilabi
çıxışların iştirakçıları
istintaqa ifadə verməkdən imtina etdilər. Lakin çanaq yenə də Mixailin başında
çatladı. O da, başqa bir tələbə
yoldaşı da bərpa olunmamaq şərti ilə beşinci
kursdan akademiyadan çıxarıldı. Və
bu barədə hərbi nazirin əmri dərc olundu. "Başına gələn başmaqçı
olar" - deyə fikirləşən Mixail bundan da
sarsılmadı, əksinə, inqilabi fəaliyyətini yeni həvəslə,
yeni şövqlə davam etdirdi. Əvvəlcə
müxtəlif fəhlə dərnəklərində təşviqat
işləri aparmaqla məşğul oldu. Sonra partiyanın rayon təşkilatı ona Rusiya
Sosial-Demokrat Fəhlə Partiyasının Peterburq komitəsi
yanında hərbi işə keçməyi təklif elədi. Və beləliklə, Mixail Novoçerkassk polkunda fəaliyyətə
başladı. Çox keçmədən
onu tutdular, üç ay yarım həbsxanada yatdı. Lakin heç bir ciddi sübut tapa bilmədiklərindən
onu buraxmağa məcbur oldular.
Praktiki təcrübəsi, bacarığı və
qabiliyyəti 1907-ci ildə akademiyada dövlət
imtahanlarını uğurla verib, fərqlənmə diplomu
almağa ona imkan yaratdı. Lakin təhsil illərində
təqaüd almadığına görə hərbi sahədə
xidmət etmək Mixailə icazə verilmədi. Ona
görə də diplom alan günün
səhəri o, bir tələbə dostu ilə Peterburqun məşhur
Obuxov xəstəxanasına yollandı. Baş
həkim Aleksandr Afanasyeviç Neçayevin yanında oldu,
burda işləmək arzusunda olduğunu bildirdi. Aleksandr
Afanasyeviç onları gülərüzlə
qarşılayıb: "Xoş gəlmisiniz! Amma ştat
vahidimiz olmadığına görə sizə maaş verə
bilməyəcəyik" - dedi. Dostlar "təki iş
olsun" - deyə fikirləşib, "Ciyər Xəstəliyinə
Tutulanlar şöbəsi"ndə fəaliyyətə
başladılar. Mixail burda əvvəlcə ekstern həkim,
sonra ştatdankənar ordinator və bakterioloq, terapevt şöbəsinin assistenti və ordinatoru,
çox-çox sonralar isə bu şöbənin müdiri vəzifəsində
çalışdı.
Həmin vaxtlar Peterburqda vəba epidemiyası
tüğyan edirdi. Vətənpərvər həkim, necə
deyərlər, əl-qolunu çırmalayıb, bu amansız
xəstəliyə qarşı mübarizə aparmağa
başladı. O, həm xəstələri müalicə
edir, həm də bu xəstəliklər barədə elmi əsərlər
yazaraq müxtəlif mətbuat orqanlarında dərc etdirirdi.
Mixail Dmitriyeviç Tuşinski daim öyrənməyə,
təkmilləşməyə çalışırdı. Ona görə
də o, 1909-cu ilin yayında Berlin şəhərinə getdi,
görkəmli tibb mütəxəssisi, professor Albanın
yanında təcrübə keçdi. Məşhur alim Vassermanın mədə-bağırsaq
infeksiyası və reaksiyasını öyrənib mənimsədi. Salvarsanla
bəzi yoluxucu xəstəliklərin müalicəsi, sonralar
isə yeni salvarsanla ağ ciyər
qanqrenalarının müalicəsi üzrə ilk tədqiqatlar
apardı. Bu tədqiqatlar tibb elmini bir
çox kəşfləri ilə zənginləşdirmiş
görkəmli alman alimi, həkim, bioloq, patoloq Paul Erlixin rəhbərliyi
ilə həyata keçirildi. Mixail
Tuşinski preparatın tətbiqi metodikasını da işləyib
hazırladı, onun dozalara bölünməsini müəyyənləşdirərək
çox gözəl nəticələr əldə elədi. Bütün bunlar isə yeni-yeni elmi əsərlərin
mövzusuna çevrildi və gənc həkim məqalələrini
müntəzəm olaraq "Russkiy vraç" jurnalında
dərc etdirməyə başladı. Bu jurnalın
1909-1913-cü illər arasında çıxan, demək olar
ki, hər bir nömrəsində onun adına ya
məqalə müəllifi kimi, ya da xronika şöbəsində
rast gəlmək olar.
Birinci Dünya müharibəsi başlananda Mixail
Dmitriyeviç Tuşinski də səfərbərliyə
alındı və həkimlər ordusunun tərkibində cəbhəyə
göndərildi. O, əvvəlcə II Kaufmansk hospitalının
böyük ordinatoru oldu, 1916-cı ilin mayından isə Cənub-Qərb
cəbhəsində Qırmızı Xaç Cəmiyyətinin
birinci yoluxucu xəstəliklər hospitalında baş həkim
vəzifəsini apardı. Müharibə
başa çatandan sonra o, Peterburqa qayıtdı, Obuxov xəstəxanası
bazasında yeni yaradılmış Tibbi Biliklər Dövlət
İnstitutunun nəzdində daxili xəstəliklər
diaqnostikası klinikasına ordinator vəzifəsinə dəvət
olundu. 1921-ci ilin noyabrında təcrübəli
həkim Marinsk xəstəxanasında yerləşən Həkimləri
Təkmilləşdirmə Klinik İnstitutunun nəzdindəki
ikinci daxili xəstəliklər klinikasına böyük
assistent vəzifəsinə keçirildi. Burda işlədiyi dövr ərzində gənc tibb
mütəxəssisi səpgili yatalaq üzrə bir sıra
mühüm tədqiqatlar apardı və bu tədqiqatların
nəticəsində onlarla elmi əsər yazdı. Bütün bunlar da onun "Səpgili yatalağa
tutulmuş xəstələrin onurğa beyni mayesinin və
qanının xassələri üzərində müşahidələr"
adlı doktorluq dissertasiyasının mövzusu oldu. 1922-ci ildə Peterburq Hərbi Tibb Akademiyasında
uğurla müdafiə etdiyi bu fundamental əsər səpgili
yatalaq barədə ən yaxşı və orijinal elmi kəşflərdən
biri kimi qiymətləndirildi. Bu dissertasiyasında
istedadlı alim qarşısına qoyduğu məsələlərin
- səpgili yatalaq xəstəliyi dövründə onurğa
beyni mayesinin dəyişilməsi xarakterinin, bütün
mümkün ola bilən
üsullarının üzə çıxarılması, qan
dəyişkənliyi və onurğa beyninin mayesi arasında
qarşılıqlı əlaqələrin öyrənilməsi
və sair həllini tapdı. Mixail
Dmitriyeviç Rusiyada ilk dəfə olaraq beyin təzahürləri
ilə səpgili yatalağa tutulmuş xəstələrdə
onurğa beyninin punksiyasını tətbiq etdi və onun həyata
keçirilməsi üçün dəqiq göstərişlər
işləyib hazırladı. Həmin vaxt ölkədə
görkəmli bir tibb mütəxəssisi kimi tanınan Mixail
Dmitriyeviç Tuşinski 1921-ci ildə A.A.Neçayevin təşəbbüsü
və iştirakı ilə P.Botkin adına Terapiya
Cəmiyyətinin təsis edilməsi üçün
yaradılmış təşkilat komitəsinin tərkibinə
daxil edildi.
1922-ci ildə Mixail Dmitriyeviç Tuşinski I Leninqrad
Tibb İnstitutuna işə dəvət olundu. Bir
müddət burda privat-dosent və fakültə daxili xəstəliklər
klinikasında şöbə müdiri, 1928-ci ildən
ömrünün sonunadək isə daxili xəstəliklər
popedevtikası kafedrasının müdiri vəzifəsində
çalışdı. Oğlunun kafedra müdiri
seçilməsinə çox sevinən Əbdülkərim
bəy Mehmandarov 1929-cu il noyabrın
17-də uzaq Şuşadan ona göndərdiyi məktubda
yazırdı: "Səni və xüsusilə, möhtərəm
Aleksandra Mixaylovnanı ürəkdən təbrik edirəm... Sənin şöhrətin, ilk sovet alimləri
sırasındakı gələcəyin onu
mükafatlandıracaq, sakitləşdirəcək, qoca
vaxtında ona sevinc və rahatlıq gətirəcək. Onunla fəxr edərək qarşısında
baş əyirəm".
Mixail Dmitriyeviç Tuşinski özünü həmişə
S.A.Botkin və İ.P.Pavlov məktəbinin yetirməsi hesab
edir, müəllimlərinin ənənələrini layiqincə
davam etdirərək bu məktəbdə
qazandıqlarını elmi və praktiki fəaliyyətində
həyata keçirirdi. Elmi, pedaqoji və ictimai fəaliyyəti
bir-biri ilə sıx bağlı olan professor institutun tələbə
elmi cəmiyyəti şurasının sədri kimi sonralar ənənəvi
hala çevrilmiş tələbə konfranslarının
keçirilməsinin təşkilatçısı idi. Onun rəhbərlik etdiyi kafedrada qırx səkkiz tələbə
bu konfranslarda məruzə etmiş və bu məruzələrin
böyük bir qismi müstəqil elmi-tədqiqat işi kimi
müxtəlif jurnallarda çap edilmişdi. Ümumiyyətlə, Mixail Dmitriyeviç ictimai
işlərə həddindən artıq vaxt
ayırırdı. Hələ Sovet hakimiyyətinin
ilk günlərində o, səhiyyənin təşkili
işində fəal iştirak etmiş, həkimlərin bir
sıra Ümumittifaq və Ümumrusiya qurultaylarının
nümayəndəsi seçilmiş, 1926-cı ildən həmkarlar
ittifaqları Leninqrad quberniya Sovetinin üzvü, 1930-cu ildən
isə on üçüncü çağırış
Leninqrad Sovetinin deputatı olmuşdu. Leninqrad
terapiya cəmiyyətinin yaradılması da bu fəal ictimaiyyətçinin
adı ilə bağlıdır. Mixail
Dmitriyeviç əvvəlcə orda katib olmuş, sonra sədr
müavini seçilmişdi. 1932-ci ildə
cəmiyyətdə hematoloji bölmənin əsasını
da o qoymuşdu. Ümummittifaq terapiya cəmiyyəti
bu görkəmli alimi özünün fəxri üzvü
seçmişdi. Görkəmli tibb
mütəxəssisi uzun illər Leninqrad şəhər Səhiyyə
Şöbəsinin nəzdində qriplə mübarizə
üzrə komitənin, həmçinin, Böyük Tibb
Ensiklopediyasının redaksiya kollegiyasının üzvü
olmuşdur.
Gənclərin böyük dostu olan Mixail Dmitriyeviç
Tuşinski onların tərbiyəsinə, bir vətəndaş
kimi inkişaf edib yetişməsinə də böyük əhəmiyyət
verirdi. O,
institutda çıxan çoxtirajlı "Puls" qəzetində
maraqlı məqalələrlə çıxış edir və
bu yazılarda Leninqrad tələbələrinin
keçmişdəki şanlı inqilabi ənənələrindən,
proletariatın dahi rəhbəri Vladimir İliç Leninlə
və başqa inqilab xadimləri ilə unudulmaz
görüşlərindən söhbət açır,
onlarda vətənpərvərlik hissləri oyadırdı.
Professor tələbələrini həmişə
öz biliklərini artırmağa, xüsusən də, xarici
dilləri öyrənməklə məşğul olmağa
çağırırdı.
Böyük Vətən müharibəsi Mixail
Dmitriyeviç Tuşinskinin həyat yolunda yeni və
mühüm bir mərhələyə çevrildi. Bu dəhşətli
bəla bütün leninqradlılar kimi onu da öz evində
haqladı. Doğma şəhərinin
ağır günlərində bu müdrik insana xas olan vətənpərvərlik,
mərdlik, ruh yüksəkliyi, adamlarda ümid yaratmaq,
onları qələbəyə ruhlandırmaq
bacarığı kimi xarakterik xüsusiyyətlər daha
qabarıq şəkildə üzə çıxdı. Və heç də təsadüfi deyil ki, Mixail
Dmitriyeviç məhz 1942-ci ilin yayında, şəhərin
lap ağır günlərində hələ yeniyetmə
yaşlarından mənəvi cəhətdən bağlı
olduğu Kommunist Partiyası sıralarına keçməklə
həmkarlarına nümunə göstərdi. O,
mürəkkəb və ağır bir şəraitdə,
rahatlıq nə olduğunu bilmədən Leninqrad cəbhəsi
döyüşçülərinin sağlamlığı və
aclıq çəkən əhaliyə tibbi yardım göstərmək
sahəsində çətin və şərəfli vəzifələrin
öhdəsindən uğurla gəldi. Yorulmaz həkim bir
gün də olsun klinikadakı iş otağını tərk
etmir, bütün enerjisini və qüvvəsini xəstələrə
qayğıya sərf edirdi. Hətta elə
vaxt olurdu ki, altmış yaşlı həkim
özünün qayğısına, ümumiyyətlə
qalmırdı. Bu da onun
sağlamlığı üçün ciddi təhlükə
yaradırdı. Belə bir vəziyyətdə
mühasirədə olan şəhərdən çıxmaq
təklifi ediləndə o, bundan qətiyyətlə imtina
etmiş, yenidən var-qüvvəsi ilə işini davam etdirməyə
başlamışdı. Çünki
Mixail Dmitriyeviçin qələbəyə inamı
güclü idi və öz fəaliyyəti ilə bu qələbənin
tam təmin olunmasına çalışırdı.
Bütün
çətin günlərdə istedadlı alim şəhərin
müdafiə işləri ilə yanaşı, elmi işlərini
də davam etdirir, ali məktəb
tələbələri ilə məşğələ
aparırdı. Aşağı kurslar
başqa şəhərlərə
köçürüldüyü üçün institutda
qrupların sayı azalmışdı. Və bu qruplarda bütün mühazirələri
professor özü təkbaşına oxuyurdu. 1942-ci ilin sonlarında bu təşkilatçı
alimə Leninqrad şəhər Səhiyyə Şöbəsi
sistemində Baş Mütəxəssislər İnstitutu
yaratmaq tapşırıldı. O, bu vəzifəni də
layiqincə yerinə yetirdi və institut qısa müddətdə
fəaliyyətə başladı. Bundan
sonra Mixail Dmitriyeviç Tuşinski Leninqrad şəhərinin
baş terapevti vəzifəsinə irəli çəkildi. Onun qayğısı birə-beş artsa da, yenə
də bu işlərin hamısının öhdəsindən
şərəflə gəldi. Təcrübəli
həkim Sovet Ordusunda mövcud olan sistem nümunəsində
mühasirədə olan şəhər əhalisinə o
dövr üçün olduqca böyük əhəmiyyəti
olan terapevt köməyi təşkil edərək Leninqrad cəbhəsinin
tibbi xidməti ilə sıx əlaqə yaratdı. Ümumiyyətlə, mühasirə illərində əhaliyə
və döyüşçülərə tibbi yardım
göstərilməsi üzrə Mixail Dmitriyeviç
Tuşinski ən çətin vəzifələrin öhdəsindən
uğurla gəldi. Elə bu fəaliyyətinə
və xidmətlərinə görə də 1944-cü ildə
əməyi Lenin ordeni ilə qiymətləndirildi. Sonralar onun sinəsini ikinci Lenin ordeni,
"Leninqradın müdafiəsinə görə" və
"Böyük Vətən müharibəsində şərəfli
əməyə görə" medalları bəzədi.
Geniş və çoxcəhətli elmi fəaliyyətlə
məşğul olan görkəmli alim tədqiqatlarını,
əsasən, üç istiqamətdə - hematologiya,
pulmonologiya və yoluxucu xəstəliklər sahəsində
aparırdı. O, hələ sağlığında ölkənin
ən məşhur və aparıcı hematologiya mütəxəssislərindən
biri hesab olunurdu. Məhz tibb sahəsində
qazandığı elmi nailiyyətlərə görə
Mixail Dmitriyeviç Tuşinski 1945-ci ildə SSRİ Tibb Elmləri
Akademiyasının həqiqi üzvü seçilmişdi. Bu
istedadlı alimin qələminin məhsulu olan neçə-neçə
elmi məqalə, monoqrafiya, dərslikdən bu gün də ali və orta ixtisas tibb məktəblərində
geniş istifadə olunur.
Tibbi
biliklərin gözəl təbliğatçısı olan
Mixail Dmitriyeviç Tuşinski 1929-cu ildən - onun
üçün o unudulmaz gündən ömrünün
sonuna kimi müntəzəm olaraq Azərbaycana gəlmiş,
yaxın qohumları ilə daim məktublaşmış,
respublikamızın tibb ictimaiyyəti qarşısında təbabətin,
yoluxucu xəstəliklərin, hematologiyanın, terapiyanın ən
aktual məsələləri haqqında mühazirələr
oxumuşdur.
Mixail
Dmitriyeviç Tuşinski - Mehmandarov (24.I.1882 - 6.I.1962)
özünü həmişə azərbaycanlı sayır,
doğmalarına, xüsusilə də, atasına və
bacısı Məhbubə xanım Mehmandarova-Mahmudbəyovaya
yazdığı məktublarında bununla fəxr etdiyini
bildirirdi. Tibb elmində etdiyi hər bir kəşfini, hər
bir uğurunu öz doğma xalqının adına yazır
və onun uğuru hesab edirdi. Atasına göndərdiyi məktubların
birində Mixail Dmitriyeviç yazırdı: "Mən istərdim
ki, qazandığım nailiyyətlərin əks-sədası
Şuşaya - sizə çatsın. Siz məndən razı
qaldıqca özümü daha xoşbəxt sanıram,
iftixarım daha da artır..."
Ürəyi
həmişə xalqı ilə, Qarabağla, Şuşa ilə döyünən bu
yanımcıl insan Leninqrada oxumağa gedən azərbaycanlı
tələbələrə xüsusi qayğı və diqqətlə
yanaşır və onları hamıya göstərərək
fəxrlə deyirdi: "Bax, bu, mənim həmyerlimdir!" Azərbaycandakı qohumlarından və
tanışlarından kiminsə xəstəliyini eşidib-biləndə
onu təkidlə Leninqrada çağırır, evində
saxlayıb, şəxsən özü müayinə edir,
lazım gələndə xəstəxanaya yerləşdirir,
hər cür maddi və mənəvi yardım göstərirdi. Eyni
zamanda, müalicədən qabaq darıxmasın deyə, xəstəni
şəhərin tarixi yerləri ilə tanış edir,
kinoya, teatra, sirkə və başqa əyləncəli yerlərə
aparırdı... Bacısı
uşaqları Süleyman, Musa, Əsəd, Tofiq və
başqaları dayılarının daim arzuedilən
qonaqları olurdular.
Mixail Dmitriyeviç Böyük Vətən müharibəsində
Belorusiyada partizan kimi qəhrəmanlıq göstərmiş
bacısı qızı, həkim Aliyə Rüstəmbəyovanı
isə oxuduğu Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsindən I Leninqrad Tibb
İnstitutuna dəyişdirmişdi. Dayısının
sonsuz qayğısı ilə institutdankənar keçdiyi əlavə
praktiki və təcrübi məşğələlər
Aliyəni vaxtından əvvəl professional bir həkim kimi
yetişdirmişdi.
Həmidə
xanım Cavanşır isə Leninqrada Midhətə yazdığı məktubda oğlunun Mixail Dmitriyeviç Tuşınskinin yanına getməyini məsləhət görürdü. Bu da onların
bir-birləri ilə yaxın qohumluq əlaqələri
saxlamalarına bir sübut idi. Həmidə xanım
oğluna göndərdiyi məktubunda yazırdı:
"Mənim mehriban, əziz Midhətim!
Mayın əvvəllərində professor Mixail
Dmitriyeviç Tuşınski Mehmandarovgilə gəlmişdi. O professor ki sən ona mənim
məktubumu apardın. Görünür, sən getmisən, o
gəlib. O, bizə də gəlmişdi. Əgər Leninqradda
olsan, mütləq onlara baş çək. O, artıq evlərinə
qayıdıb.
Anan Həmidə,
Bakı,
23 may 1931-ci il" ("Həmidə və Cəlil Məmmədquluzadə:
Məktublar", Bakı, "Gənclik" nəşriyyatı,
1994-cü il, səhifə 89).
...
Yaxşı ki, qızı Mariya Mixaylovna Tuşinskaya
atasının şəxsi arxivini qoruyub-saxlamış,
professorun şagirdivə Böyük Vətən müharibəsi
illərində ən yaxın silahdaşlarından olmuş
Valentina Stavskayanın ciddi səyləri nəticəsində
onun həyat və fəaliyyəti barədə xeyli
maraqlı materiallar toplanmışdır. Və nə
yaxşı ki, qədirbilən insanlar akademik İ.P.Pavlov
adına I Leninqrad Tibb İnstitutunun tibb şəhərciyində,
Karpovka çayının sahilindəki binaların birində
görkəmli alimin uzun illər burda işləməsini əks
etdirən xatirə lövhəsi vurmuşlar.
Vasif QULİYEV
525-ci qəzet.- 2020.- 8 fevral.- S.20-21.