İddiasız adam

 

(Ömürlüyümdən bir parça)

 

... İstanbuldan qayıtdıqdan sonra Bakıda Tofiq Abdinin "öz kruqu" yaranmışdı, bu "kruq"da onunla köhnədən tanış olanlar da vardı. Biri də mənim vaxtilə Adil Atakişiyev kimi ona təqdim elədiyim Adil Qaçayoğlu idi. Onları birləşdirən bir ümumi cəhət vardı - hər ikisi ruhsal, duyğusal adam idilər, insanlara hədsiz dərəcədə inanırdılar, hərçənd Tofiqdən fərqli olaraq bəzi şeylərin üstü açılanda Adil bunu özünə dərd edir və ürəyinə salırdı.

Adil "Azərbaycan gəncləri"nə 1982-ci ildə gəlmişdi, mənimlə isə eyni şöbədə 1983-dən işləyirdi - tanışlığımız və dostluğumuz da həmin vaxtdan başlanmışdı.

Həqiqi dost idi və bu dostluğa sədaqətinin təsdiqi kimi mən cəmi ikicə faktı göstərəcəyəm.

1985-ci ilin aprelində Balakəndəki toyuna mən ailəmlə getmişdim və orada iki qardaşı dura-dura "gəlinin belini bağlamağı" mənə həvalə etdilər...

Ortancıl qardaşı, son vaxtlaracan daxili işlər orqanlarında işləyən Mətləb günü bu gün də hər bayramda zəng vurub məni təbrik edir, adi günlərdə əhvalımı xəbər alır - baxmayaraq ki, Adil də, keçmiş milis işçisi olan atası Qaçay kişi də daha həyatda yoxdurlar...

Təxminən 5-6 illik əməli jurnalistika təcrübəsinə malik olan Adil "Azərbaycan gəncləri"nə Balakəndə çıxan "Şən həyat" qəzetindən gəlmişdi. Dəqiq deyə bilmərəm ki, hansı hissin-duyğunun təsiri altında bu addımı atmışdı: axı orada ata-anası, rayon mərkəzində evi, redaksiyada babat vəzifəsi - şöbə müdiri, rayon ictimaiyyəti (raykom-filan) arasında yenə babat xətir-hörməti, bolluca dost-tanışı vardı, Bakıda isə işə düzəlmək perspektivi barədə yerlisi və tələbə-qrup yoldaşı, həmdəmi Elçin Mehrəliyevin təsəlli-vədindən savayı, əslində, heç nəyi yoxuydu.

Hər halda o, ən azı beş illik tələbə həyatındakı kirayənişinlik ömrünü daha 5-6 il də yaşamaq və bunun müqabilində mənə məlum olmayan mübhəm arzularını yəqin ki, gerçəkləşdirmək üçün paytaxtı özünə yeni ömür ünvanı seçmişdi.

Adil ümumiyyətlə iddiasız adamıydı, ən yaxşı halda bacardığı işi yüksək səviyyədə, peşəkarcasına görüb bununla da tamah dişini çıxarıb atasıydı.

İş elə gətirdi ki, birgə işləməyə başladığımız ilk dövrdən xarakterindəki həmin iddiasızlıq keyfiyyətini sezdim: təklif verməyi, təşəbbüskarlığı xoşlamır, eləcə şöbənin fəaliyyəti ilə bağlı cari tapşırıqları - düşündüyümdən də qat-qat artıq keyfiyyətlə - yerinə yetirməklə işini bitirirdi. Elə o çağlarda onda reportyorluğa meylin az olduğunu, çapa hazırladığı ən xırda informasiyaya da sırf yaradıcılıq ünsürləri əlavə etdiyini, bir sözlə, yaxşı mənada publisistikaya meylləndiyini gördüm.

Ancaq burası da vardı ki, Adil bizim əksər istedad sahiblərimizə xas olan "şah tənbəlliyi" mərəzindən də uzaq deyildi, bununsa mən bilən çarəsi "tez ol", "tez ol" rejimində könlüncə olan işlə - yaxşı mənada - baş qatmaq idi.

...İlk ciddi işi Balakən-Laqodexi qonşuluq-dostluq əlaqələri barədə A-2 həcmli tematik səhifə oldu. Letuçkadan tutmuş Kommunist Partiyasının Mərkəzi Komitəsinədək hər yerdə təqdir olunan səhifə.

Sonra - gərək ki, Ağcabədidən - bir gənc oğlanın ailə müşkülüylə bağlı ümumiləşdirilmiş publisistik qeydləri.

Daha sonra tanınmış foto ustası S.Rasimlə birgə layihəsi: həmin vaxtadək "Gənclər"də heç kimin eləmədiyi "qeyri-ciddi iş" - mətnli lirik fotoreportajlar, fotoetüdlər...

Təxminən yarım ildən sonra Adil "Gənclər"in tam mənasıyla hamının qəbul etdiyi əməkdaşı, söz sahibi idi. O dövrün idarədaxili ciddi subordinasiya qaydalarına baxmayaraq, artıq redaktor da, onun müavini də mənə - şöbə müdirinə xəbər eləmədən birbaşa müxbirə - Adilə fərdi tapşırıqlar verməyə başlamışdılar.

1983-cü ilin sonu üçün artıq məndə formalaşan qəti fikir bu idi: Adilin Balakəndəki hər cür rahatlığını atıb Bakıya gəlməkdə bircə niyyəti varmış - yaradıcılıq potensialını daha geniş və əlverişli mühitdə, bütün çalarlarıyla büruzə vermək! Halbuki özünün dediyinə görə, beş illik tələbəlik dövründə bir cümləlik informasiyasının da çap olunmasına həvəs göstərməyibmiş, hətta bir az da artıq desəm, jurnalistliyə ümumiyyətlə maraq göstərməyibmiş...

1987-ci ilin yayına qədər eyni redaksiyada, eyni şöbədə işlədik. Düzdür, əmək intizamı baxımından Adildən tam razı qalmadım - bəzi məqamlarda sırf məişət problemləri, bəzi hallarda da xarakterindəki "şah tənbəlliyi" mənim kimi kəmhövsələ, hər işi vaxtından qabaq görməyə öyrəncəli müdirə onun astagəlliyini həzm etməyə mane olsa da, qələm sahibi kimi sözə, fakta, gördüyü işin nəticəsinə görə məsuliyyəti baxımından redaksiyada tam (!) etibar elədiyim yeganə adam da məhz o idi. Buna görə də "Gənclər"i tərk edib "Kommunist"də işləməyə gedəndə öz əvəzimə şöbə müdirliyinə, tərəddüdsüz, Adili təklif elədim...

1991-ci ilin yanvarında onu işlədiyim yeni qəzetə - "Həyat"a keçməyə birtəhər razı saldım: yeni qəzet mənə "Gənclər"ə nisbətən daha perspektivli görünürdü, güman edirdim ki, burada yazmaq istədiyim, lakin məmur funksiyalarının çoxluğu ucbatından eləyə bilməyəcəklərimi Adil yazacaq və mən də ən yaxşı halda onun yaradıcılıq uğurlarının sevincinə şərik olacağam.

Amma... Adil "Həyat" ünvanlı ilk yazısını da götürüb, bir həftədən sonra bizimlə xudahafizləşmədən redaksiyanı tərk elədi...

"Yeni fikir", "Ülfət", "Panorama", "Detektiv", "525-ci qəzet", "Bizim əsr", "Yeni yüzil", "Gün səhər","İqtisadiyyat və audit", "Yeni Müsavat"... On yeddi ildən bir qədər çox müddət ərzində Adilin "gəzməyə" məcbur olduğu ünvanlar bunlar oldu. Kim nə deyirsə-desin, mənə elə gəlir ki, ayrı-ayrı yazılarına baxmayaraq, Adilin "Gənclər"də 8-9 il ərzində jurnalistikaya verdiyi töhfə bu 17 ildəkindən qat-qat çox olub. Səmimiyyətimə inanın: Adil Azərbaycan jurnalistikasının itirilmiş 2-3 həqiqi istedadından, son 15-20 ilin barmaqla sayılan vicdanlı qələm sahiblərindən biriydi. Mən təəssüf edirəm ki, bu son 17 ildə elə bir redaksiya tapılmadı ki, Adil 5 il sərasər orada oturub ÖZ İŞİ ilə - ürəyindən keçənləri yazmaqla - məşğul ola bilsin.

Ürəyindən nələr keçdiyini isə Adilin sifət cizgilərindən də oxumaq olar: bu adam başdan-başa AZƏRBAYCANLI və BƏŞƏR ÖVLADIydı - lalənin yanağındakı bir damcı şehdən də vəcdə gəlir, anası-milləti bilinməyən körpənin göz yaşından da sarsıla bilirdi; yağı tapdağı altında qalmış yurd yerləri də od olub onu yandırırdı (vəfatının 40-cı gününə cəmləyib çap etdirdiyimiz ilk və yeganə kitabı "Ağdam yuxuma girir..." adlanır və bu ad yüzdə yüz Adilin iç dünyasının ifadəsidir), "Qalatasaray"ın 100 illik yubileyi çempionluq mərtəbəsində qeyd edə bilməməsi də.

Bu yerdə təvazökarlıqdan çox-çox uzaq olan bir fikri işlətməyə məcburam. XX əsr Azərbaycan mətbuatının patriarxlarından olan Cəmil Əlibəyovun "Kommunist"də təxminən bir aylıq birgə işimizdən sonra mənim ünvanıma dediyi: "Şakirə rast gəldiyimə görə taleyimə minnətdaram" sözlərini eynilə Adilə aid edirəm. Adil əsl qəzetçi, əsl jurnalist, əsl insan və əsl dost idi. Əsl olan kəs isə heç vaxt sələfinə utanc gətirməz!..

...Hələ sütül cavan, subay, işsiz və evsiz-eşiksiz çağlarımda o vaxt yetərincə cavan olan həmkarımız Rizvan Cəbiyev əslində, bu günümüzə daha çox yaraşan bir söz söylədi: "Heç vaxt ruhdan düşməyə, həyatdan bezməyə, bədgüman olmağa dəyməz. Birdəfəlik dərk eləmək lazımdır: həyat elə qurulub ki, insanların bir qismi qalan bütün ömrü boyu insan kimi yaşamaq üçün gərək olan hər şeyi 25 yaşının tamamında qızıl məcməyidə alır, digər qismi isə 25 yaşa qədərki və sonrakı bütün ömrünü həmin şeylərə nail olmağa sərf edir və əksər halda da istəyinə yetmir".

Həyatın irili-xırdalı, gərəkli-gərəksiz onlarca olayını özünə dərd eləyən, beyninin sapsağlam hüceyrələrini fikrən-xəyalən həyatın çeşidli müşküllərini çözməyə yönəldən, sonda isə nəyəsə nail ola bilməmək əzabıyla barışmaq məcburiyyətində qalıb siqaretə güc verən Adilin əslində, elə 25 yaşında ikən bütün ömrü boyu insan kimi yaşamaq üçün gərəkli hər şeyə yiyələnməkdən ötrü babat imkanları olub: ağlı, dərrakəsi, savadı, biliyə-öyrənməyə həvəsi, sağlam canı, mərifət-qanacağı, böyük-kiçiyə, halal-harama, zəhmətə-müftəyə fərq qoyub şərə-şur işlərə qoşulmamaq üçün nəfsini boğmaq bacarığı, dostlar yanında hörməti, nüfuzu, sözükeçərliyi və ən başlıcası, maddi baxımından ailəsini - təbii ki, həm də böyük oğlunu - Adilin özünü - heç nədən korluq çəkməyə qoymayan, onun cəmiyyətlə bağlı istənilən probleminə istənilən məqamda "Dur!" deyə bilən hökmlü, zabitəli, nəzərləri daim ocağının üstündə olan atası! Bəli, imkanlar var ikən Adil "ata-ana uşağı" olmaq reallığına rəvac verməyərək sadaladığım və sadalamadığım şəxsi-insani keyfiyyətlərinə arxalanıb, çoxluqdan biri kimi ömür sürməyi üstün tuturdu.

Adilin əsl jurnalist, əsl insan və əsl dost kimi bir neçə qüsurunu, xoşuma gəlməyən keyfiyyətini sadalamaqdan özümü saxlaya bilmirəm. Onun hədsiz dərəcədə vasvasılığı, həssaslığı, ümumbəşəri problemlərdən tutmuş ən xırda, ən gərəksiz məsələyə də ürək yanğısı ilə reaksiya verməsi, "dünyanın belə gəlib belə də gedəcəyi" ehkamı ilə barışmaq istəməməsi - qısası, hər şeyi ürəyinə salması dediyim birinci qüsurdur.

Xarakterindəki, yox, əməlindəki bir mənfi cəhəti də onun peşəsi, peşəkarlığı ilə bağlıydı. Mən bu qüsuru qısaca nə təhər ifadə etmək barədə düşünəndə təsadüfən gözüm "525-ci qəzet"də bir cümləyə sataşdı. Adilin də xətrini çox istədiyi dəyərli bir yazarın başqa bir dəyərli qələm sahibi barədə yazdığı həmin cümlə yüzdə-yüz Adilə də aiddir: "O, sözə, dilə, cümləyə, Azərbaycan dilinin qrammatik, fonetik, morfoloji, sintaktik xüsusiyyətlərinə xəstə bir vasvasılıqla həssas yanaşır və həmişə də bu qayda-qanunları pozanlara qarşı barışmazdır".

Bu fikri təsdiqləmək üçün hansısa bir fakt göstərməyə ehtiyac duymuram, çünki Adil hər an, hər dəqiqə hər bir kəlməyə, hər bir cümləyə dil qanunlarının aliliyi prizmasından münasibət bəsləyir və heç nədə, heç kimə güzəşt eləmirdi.

Qaldı ki, barışmazlığına, bu, hamıdan öncə özünə - öz yaradıcılığına və redaktəsi üçün məsul olduğu yazılara qarşı münasibətdir, bəzən ifrat həddə çatan münasibət! (Hələ kommunist rejimi dövründə ölkənin rəsmi dövlət qəzetindəki işindən ayrılması da məhz yazısının sayğısız redaktəyə məruz qalmasına etirazının əlamətiydi...).

Adil istedadın ictimai sərvət olduğunu və bu səbəbdən də onun, yəni istedadın əməli işdə mümkün qədər ifadəsini tapmalı olduğunu unudub danışdıqlarının yüzdə birini də yazmırdı. Mənən təmiz, saf olan bu insan uşaq qədər sadəlövhüydü, hər deyiləni ali həqiqət kimi qəbul eləyir və uzun müddət təsiri altında olduğu sözün, hərəkətin saxtalığı, gözə kül üfürməkliyi aşkarlananda haldan-hala düşsə də, daxilən acı iztirablar keçirsə də, bu mərəzindən - insana inam duyğusundan heç cür qurtulmurdu...

Adil sıralarımızı çox erkən tərk etdi - 53 yaşının tamamına hələ bir ay qalırdı. Ömrünün son ilini "Yeni Müsavat"da keçirdi, daha çox idmandan - futboldan yazdı və düçar olduğu amansız xəstəliklə çarpışdı. Və elə bu xəstəliyə də məğlub oldu. Dedim axı, o, iddiasız adam idi və heç nədə qalib gəlmək niyyətində deyildi, o cümlədən, xəstəliklə mübarizədə də!

O məşum gündən on ildən çox keçir. Amma onu qiyabi tanıyanlar da Adili yana-yana yad edirlər. İndi təsəvvür edin ki, mən nə çəkirəm: hər ayda, üç ayda telefonumda onun əl telefonunun nömrələri peyda olur. Bunun nə illah olduğunu heç cür aydınlaşdıra bilmirəm. Görünür, köhnə xasiyyətinə sadiq qalaraq sağ qalanlardan, o cümlədən, məndən xəbər tutmaq istəyir.

Mən bunu ayrı cür yoza bilmirəm...

 

Şakir YAQUBOV

 

525-ci qəzet.- 2020.- 8 fevral.- S.18.