Müasir sivilizasiya və
insan amili
Sivilizasiyaların tarixi heç vaxt dəqiq olmur. Onların
hüdudları dünya əhəmiyyətli tarixi proseslərlə
müəyyən olunur.
Sivilizasiyalar müəyyən tarixi hadisənin rəqəmlərindən
başlanmır. Həmin tarixi hadisənin bəşəriyyətin
taleyində mərhələli rol oynayan əlamətləri,
yaxud nəticələri ilə müəyyən olunur. Sivilizasiyalar epoxalarla özünü büruzə
verir. Məsələn, ədəbiyyat və incəsənətdə
İntibah epoxası, sufizm dövrü, ana dilli ədəbiyyata
keçid mərhələsi və s. Tarixdə
sivilizasiyaların rolu böyükdür - həm mənfi, həm
də müsbət Küll halında sivilizasiyalar möhtəşəm
ideyalarla doğulur
və insanlığın tərəqqisinə xidmət
edir.
Müasir
dövrdə sivilizasiya qloballaşma - kürəsəlliklə
başlandı. Tarixə dünya müharibələri,
ictimai inqilablar, qanlı repressiyalar, kosmosun fəthi və sovet
imperiyasının biabırçılıqla
dağılması dövrü kimi daxil olan XX əsr eyni
zamanda, yüksək tərəqqi epoxası - elm, ədəbiyyat
və incəsənətin böyük bədii fəlsəfi
nailiyyətlər qazandığı vüsətli inkişaf əsri
idi. Müxtəlif millətlər (zorən) bir
araya gələrək, qarşılıqlı təmas şəraitində
qüvvələrini, istedadlarını, tarixdə
qazandıqları mədəni və milli nəaliyyətlərini
birləşdirərək, böyük sosial-siyasi gücə
çevirilmişdilər. Tarixdə heç bir
zaman keçmiş sovet dövlətində yaşayan millətlər
dünya sivilizasiyasına belə tərəqqi
ucalığından qovuşmamışdılar. Əslində, 70 illik sovet dövründə postsovet
məkanına daxil olan millətlər dünya ədəbi-tarixi
prosesinə liderlik edib, bəşər mədəniyyətilə
bədii-fəlsəfi şedevrlər bəxş edib.
Fəqət
itkilər də çox olub: ən əsası milli müəyyənlik
totalitar sovet ideologiyasının basıncına məruz
qalıb, dünya ədəbiyyatı və mədəniyyəti
nümunələri tərcümə olunarkən rus dili və
kommunist ideologiyasının süzgəcindən keçib. Eləcə də milli ədəbiyyat nümunələri
laqeyidlik məngənəsində qalıb, sovet
ideologiyasının tələblərinə uyğun gəlməyən
cəhətlər senzura torundan keçməyib. Sovet dövründə nəzəri ədəbiyyatşünaslığın
əsas formulası olan "Məzmunca sosialist, formaca
milli!" düsturu ədəbiyyata və rus bolşevizminin bədii
yaradıcılıq sahəsində tətbiq etdiyi çərçivə
olan sosializm realizmi nəzəriyyəsi ilə
hüdudlanmış bir qəlib idi. Ədəbiyyat
və hər cürə sənət partiyalı şüara
çevrilmiş sosioloji çamurluğa batıb
qalmışdı.
XX əsrin
sonunda - 90-cı illərdə bir-birini tamamlayan üç
tarixi hadisə baş verdi. Azərbaycanda və
digər postsovet pespublikalarda əli qana batmış,
soyqırımlar törətmiş "şanlı
qızıl ordu" sovet dövlətinin və onun
ideologiyasını tənəzzülə
uğramasının qarşısını almaq kimi
uğursuz cəhd göstərərək, xalqın nifrətini
qazandı, bir neçə gündə öz nüfuzunu və
millətlərin inamını itirdi. SSRİ-nin hər yerində
"Bəşərin vicdanı, eşqi ürəyi // Fikri,
düşüncəsi, zehni diləyi// Bütün yer
üzünün xoş gələcəyi // Hər
zövqü, səfası..." (Səməd Vurğun) kimi tərənnüm
olunan Kommunist Partiyasının üzvlük biletlərindən
tonqallar çatıldı, ikincisi bu idi ki, tarixi şansdan
yararlanan, milli azadlıq təşnəsi ilə
çırpınan millətimiz istiqlal arzusu ilə meydanlara
çıxdı, can verən işğalçı imperiyaya
öz gücünü göstərdi. Azadlıq
uğrunda şəhid oldu. Üçüncüsü
bu idi ki, dünyada ən böyük proses olan qloballaşma -
Kürəsəllik baş verdi. Demokratiya adı altında Qərbi Avropa və
Amerikada dünyanın gəlir mənbələrini ələ
keçirmək istəyən, öz ölkələrini sərhədləri
ilə kifayətlənməyən şirkətlər sərhədsiz
Dünya ideyasını irəli sürdülər. Sovet
imperiyasının təzyiqindən yenicə qurtulmuş xalq
üçün bu proses əvvəlcə ekzotik dərəcədə
güclü idi. Lakin milli özünüdərk,
vətənsevərlik qlobalistlərə sərf eləmirdi.
Yeni sivilizasiyanın başlanmasından soraq verən
qloballaşma ilk zərbəni bu nöqtəyə milliliyə,
vətənçiliyə vurmalı oldu. Bu,
eyni zamanda, milli istiqlal, milli azadlığa zərbə idi.
Beləliklə, yenicə müstəqilliyə
qovuşmuş, istiqlalın ləzzətin dadmış millətlər
çaşıb qaldılar. Qloballaşmanın
irəli sürdüyü sərhədsiz dünya ideyası
terrorizmə və narkobiznesə yeni üfüqlər
açdı. Separatizm gücləndi.
Dünyada yeni cəbhələşmə yarandı: qloballizm
və patriotizm! Avropa birliyi ilə Amerika
üz-üzə qaldı. Bugünkü
Amerikanın timsalında bu, aydın görünür.
Tarixən demokratiya libasında olan demokratiyanın iç
üzünü açdı, ona qarşı vətənpərvərliyi
qoyuldu. Qloballaşma Avropa demokratiyasın tənəzzülə
uğratdı. Müsəlman ölkələrindən
qaçıb gələn mühacirlərlə heyvan
sürüsü kimi rəftar etməsi, demokratiyanın dəyənəklə
idarə olunması Qərb demokratiyasının antiinsani
xarakterini sərgiləyir. Xalqların min
illərlə formalaşmış adət-ənənələri,
estetik zövqləri, gözəllik anlayışları, o
cümlədən, ana vətən anlayışları təhlükə
altına alındı. Mən hələ 30 il bundan əvvəl
yazmışdım ki, varlının vətəni olmur; harada
qazanc var ora vətəndir, varlının bazarı onun vətənidir,
vətənin sahibi kasıblardır, onlar vətən və
millət təəssübü çəkir, şəhidlər
arasında bir dənə də varlı, yaxud varlı
balası yoxdur. XXI əsrdə də
qloballaşmanın vüsət aldığı dövrdə
mənim bu fikrim özünü doğrultdu.
Avropanın
qlobal şirkətləri, neft maqnatları gözlədilər
ki, biz kimə çox pay verəcəyik. Eynən XX əsrin əvvəllərində
olduğu kimi - Nobellərin, Rotşildlərin nəvə-nəticələri
öz babalarının yolu ilə gəlib Azərbaycana
çıxdılar, biz də onları məhəbbətlə,
duz-çörəklə qarşılayıb, qədəmlərinə
gül-çiçək səpdik, gəlişlərini
bayram etdik.
Qloballaşma
cildində Azərbaycana girən dünya kapitalizmi, daha
doğrusu, imperializm Azərbaycanda təkcə öz şirkətlərini
qurmadı, yoxsul əhalini qul edib işlətdi, milli adətləri
yavaş-yavaş dəyişib, öz qaydalarını
yaratdı, "köhnə bazara təzə mıx"qoydu. Çox səmərəli sovet - alman təhsil
sistemi hələ də mahiyyəti bilinməyən təzə
təhsil sistemi ilə əvəz olundu. Hər
hansı sahədə sistemlərin dəyişməsi xalq
üçün çox təhlükəlidir. Bu proses xalqın
tarixinə uyğun aparılmalıdır, tarixin
sınağından çıxdıqdan sonra millətə və
dövlətə təklif və tətbiq olunmalıdır. Hələlik bizdə yalnız papaqlar dəyişib,
başlar olduğu kimi qalıb. Müstəqilliyin bərpasından
təxminən 30 il keçməsinə
baxmayaraq, bir çox sahələrdə sovet dövründən
qalma qaydalarla işləyirik, çünki idarə edənlər,
başda oturanlar sovet kommunist rejimində qalma pomeklaturadır.
Sovet
dövründə bir kişi uzaq dağ kəndindən
Bakıya gəlir. Qayıdanda kəndçiləri ondan
soruşur ki, -
Bakıda nə gördün?
Kişi
cavab verir ki, Bakı lüğətlər şəhəridir:
su - voda, xleb - çörək... Bəs görəsən, həmin
kişi indi Bakıya gəlsəydi nə görərdi?.. Bəzi şirkətlərin, otellərin, idarələrin
adını heç mən - profesor
Nizaməddin Şəmsizadə oxuya bilmirəm. Bunun
üçün ingilis, alman, italyan, ispan, fransız dillərini
bilmək lazımdır ki, uzaq dağ kəndindən gəlmiş
Azərbaycan vətəndaşı öz vətəninin
paytaxtında gəzə bilsin, baş çıxarsın...
Qloballaşmanın yeni sivilizasiyada bizim üçün
hazırladığı ən böyük problem Qarabağ
sindromu idi. Düyünü hələ bu gün də
açılmayan Dağlıq Qarabağ məsələsi
beynəlxalq təşkilatların - BMT-nin ATƏT-in də
gücsüzlüyünü aşkara çıxardı.
BMT-nin üç qətnaməsinə Ermənistan
bu gün də məhəl qoymur. ATƏT-in Minsk qrupu 30
ilə yaxındır ki, Azərbaycana turist kimi gəlib gedir,
təkcə ATƏT-in deyil, mənsub olduqları ölkələrin
- Fransa, Rusiya, Amerikanın da gücsüzlüyünü
nümayiş etdirirlər.
Mən bir vətəndaş və ziyalı kimi belə
hesab edirəm bu problem düyünü sülh yolu ilə
açılan deyil. Qarabağı bizim milli qeyrətimiz, qəhrəman
ordumuz azad edəcək. Şair Ələmdar Quluzadə
yaxşı yazır:
Vətənin
əsgəri yaralanmasa
Vətənin yarası sağalan deyil.
Biz tarixin böyük dönəmində XX və XXI əsrlərin,
II və III minilliyin qovuşub ayrıldığı,
qloballaşmanın özü ilə gətirdiyi
sivilizasiyanın müsbət (və daha çox!) mənfi nəticələr
verdiyi bir epoxada yaşayırıq. Bunun iqtisadi nəticələrinin
hansı yöndə - mənfi, yaxud müsbət olduğunu
deyə bilmərəm. Amma çox ciddi
psixoloji, mədəni-mənəvi, insan amilini nəzərə
almayan milli və dini ziqzaqları var. Xüsusi təhlil
aparmadan deyə bilərik ki, qloballaşmadan hələlik din
qazanır. Din xüsusi bir vüsətlə insanların
davranış sferasına daxil edilir. Müxtəlif
məzhəblər, təriqətlər, əsası olmayan
hadisələr və qissələr həqiqət kimi müqəddəs
Quranın adından mənəvi mühitimizə yeridilir.
Tarixi - dini hadisələr şişirdilmiş şəkildə, cəbhələşdirilərək
savadsız mollalar tərəfindən təbliğ olunur,
fanatik əhalinin ailəsinə, ümumən mühitinə
yol alır. Cazibədar fanatizm aurası
yaradılır.
Bu baxımdan xalqın maariflənməsinə, bu sahədəki
sivil qaydaların möhkəmləndirilməsinə ehtiyac
var. Konstitusiyamızda yazılıb ki, "Azərbaycan
demokratik, dünyəvi dövlətdir və dinin onun işlərinə
qarışması yolverilməzdir".
Dünya
imperializminin son 10 ildə müsəlman Şərqində
apardığı regional və lokal müharibələr
İŞİD, PKK kimi seperatist-terrorçu formalarının
"Allahu-Əkbər" deyərək dini cihad altında
öz müsəlmanlarını qırması, İsrailin 70
ildən artıqdır ki, Fələstin xalqını zəbun
etməsi müasir sivilizasiyanın utanc gətirən, qəzəb
doğuran əlamətləridir. İraqda, Suriyada, Yəməndə
özünü sivil hesab edən dünyanın gözü
qarşısında müsəlman mədəniyyəti məhv
edilir, müsəlmanlar terrora, kütləvi qırğına
məruz qalır, Avropa müsəlman mühacirlərin əlindən
bilmir hara getsin və s. Deyəsən, tarixin imtahanı
başlanıb, qoca tarix amansız bir qüvvə ilə Avropa
imperialistlərini tökdüklərini öz
qaşıqları ilə özlərinə yedizdirir, bumeranq
kimi öz başlarına çırpır. İspaniyada,
Kataloniyada, Fransada "sarı jiletlilər"in
üsyanları tarixin ibrət dərsləridir. Bir
neçə il öncə erməni
separatizminə bəraət qazandıran İspaniya,
İtaliya, İngiltərə, Fransa indi özü separatizm mərhələsi
ilə üz-üzə dayanıb, dünyada səhman
yaratmalı olan BMT, ATƏT çıxılmaz vəziyyətdə
qalıb.
Bu gün Azərbaycan ən sabit, ən sakit ölkədir. İnamla
islahatlar apararaq gələcəyə - tarixin qızaran
üfüqlərinə doğru irəliləyir. Xüsusən böyük strateq və təcrübəli
taktik, yeni sivlizasiyanın lider etalonu Prezident İlham
Əliyevin son çıxışları göstərdi ki,
o, daxildə gedən sualtı proseslərdən, sovet
dövründən qalma bəzi nimdaş məmurların əməllərindən
də xəbərdardır. Onda böyük şəxsiyyətlərə
xas səbr var və bu dövlət başçısının
ləyaqətidir, lakin hər şeyin həddi və sərhəddi olduğu kimi,
səbrin də hüdudu var. Millətin və dövlətin mənafeyi
tələb etdiyi məqamda bu səbr kasası daşıb
güclü selə çevriləcək, hakimiyyətdə
olan məmur tör-töküntüsünü
süpürüb aparacaq...
Qloballaşma əsas zərbəni bu gün milli adət
və ənənələrə vurmaqdadır. Xüsusən
Azərbaycan xalqının qiymətli mənəvi dəyəri
olan ailə bağları zəifləyir. Pul,
daha doğrusu, pula ehtiyac ailələri xərçəng
kimi içərdən məhv edir.
Qadınlarda kişiləşmə, kişilərdə
qadınlaşma prosesi gedir. Əvvəllər bir qadın, yaxud
bir kişi boşananda hadisəyə
çevrilərdi. Dost-tanış
yığışıb buna imkan verməzdi. İndi
boşanmaq səhər-səhər durub diş
fırçalamaq kimi bir işə çevrilib. Mən həmişə demişəm ki, ailəsi
möhkəm olmayan xalqın dövləti möhkəm olmaz.
Erkən nigahlar, sevgisiz qurulan ailələr bu gün Azərbaycanda
ailə kultuna zərbə vurmaqdadır. Həyat
yoldaşını bir uşaqla qoyub günün birində
çantasını çiyninə atıb gedənlərin
("kişi" sözü işlətmək istəmirəm!)
sayı çoxalıb. Öyrənmişəm
ki, bu prosesi saxlamaq üçün qanun mövcud deyil. Bəzən ortada heç bir səbəb olmur, sadəcə
kişinin oğlunun kefi belə istəyir. Bir
çobanın qabağından üç qoyun itəndə
həmin çobana bizim "ədalətli" məhkəmələr
üç il iş kəsir. Amma bir şərəfsiz
ləyaqətli bir ailənin ali təhsilli
qızının taleyini məhv edəndə onu cəzalandırmaq
üçün qanun tapılmır. Kişilərdə
kişilik, qadınlıqda xanımlıq zəifləyib.
Qloballaşmanın gətirdiyi müasir sivilizasiya
gözəllik anlayışını, daha doğrusu, gözəlliyin
oyektini də dəyişib. Qədim və orta əsrlərdə,
İslam fəlsəfəsində, sufizimdə gözəlliyin
meyarını təyin edən Hüsn idi. Orta əsrlərin
cəngavər şairi
Nəsimi yazırdı:
Sən bu hüsni-cəmal ilə, bu
lütf ilə görüb
Qorxdular həqq deməgə,
döndülər insan dedilər.
Orta əsrlərin bütün
zamanların dahisi Füzuli deyib:
Ey mələksima ki, səndən
özgə heyrandır sənə
Həq bilir insan deməz hər kim ki insandır sənə.
Füzuli
Hüsnə daha şiddətli metafora işlədir:
Heyət ey büt, surətin
gördükdə lal eylər məni
Surəti-halim görən,
surət xəyal eylər məni.
Bizim sivilizasiyada bu təbii hüsndən, insanı lal edən
surətdir. Hurifilərin Allahın yazısı hesab edən
hüsndən əsər-əlamət qalmayıb. Qloballaşmanın gətirdiyi yüksək
texnologiyalardan istifadə edən xanimlarımız, xüsusən
müğənni və aktrisalar üzdəyişmədə
eyni metodlardan istifadə edərək hamısı inkubator
cücələri kimi bir-birinə oxşayır.
Başqa yandan yanaşsaq, ehtiraslar azalıb. Həkimlər (və
atalarımız!) yaxşı bilirlər ki, ailə üçün
güclü ehtiras lazımdır. Elə ədəbiyyat
və incəsənət - bədii yaradıcılıq
üçün də, ailə də bir əsərdir -
insanın şah əsəri. Böyük
alman filosofu K.V.Hegel yazırdı ki, "Ehtirassız dahiyanə
heç nə yaradılmır".
Dünyanı ehtiraslar və maraqlar idarə edir. Bir şəxsin kimliyini bilmək
istəyirsənsə, arzularını öyrən...
İndiki gənclik sürü psixologiyası ilə
yaşayır, arzuları çox məhduddur. Çünki
əksəriyyəti böyük sevgi əsasında qurulmayan
ailədə dünyaya gəlib.
İndiki gənclik sovet dövrünün
komsomolçularında qat-qat zəifdir. Sovet
dövründə gənc komsomol səviyyəsinə
çatmaq üçün oktyabrat və pioner məktəbini
keçirdi. Bu gənclik daha mobil idi.
Bu gün Azərbaycan gənclərində
passionarlıq çatışmır.
Bu gün sənət təqdim və təbliğ edən
teleşoular, süjetsiz və estetik idealdan məhrum
teleseriallar məhz müasir sivilizasiyanın
(qloballaşmanın!) ciddi sənətə, istedadla
yazılmış bədii ədəbiyyata mənfi təsirinin
nəticəsidir. Bunlar əyləncəyə marağı ifrat dərəcədə
artırır, xüsusən, gəncləri həyatı
idealdan məhrum edir,
onları tənbəlləşdirir, sevgi-məhəbbət
hisslərini zəiflədir.
Biz Şərq arealına mənsub xalqıq, humanitar təfəkkürə
malikdir. Avropalılar isə texnokrat təfəkkür
sahibidir. Dünyada ət kütləsini
70%-ni avropalılar yeyir. Ona görə də
Qərb revanşizmə, müharibəyə,
dağıdıcılığa meyllidir. Biz isə əsasən
xəmir yeməkləri,
düyü, dənli bitkilərlə qidalanırıq, ona
görə də sakit və səbirliyik. Avropa
- texnokrat, elm və mədəniyyət üçün
sıçrayışlı, bizim elm və mədəniyyət
üçün təkamül inkişaf xarakterikdir. Bizdə
bir mərhələni özündən əvvəlki mərhələ
yaradır.
Din böyük qüvvədir. İslam dini ən
demokratik dindir. Sonuncu Səma kitabı olan müqəddəs
"Quran" dünyada ən dərin mənalı
kitabdır, mistik elmlər ensiklopediyasıdır. Cəmiyyətdə mənəvi
tarazlığın qorunması, dünyada təhlükə
ilə üz-üzə dayanan hər bir müsəlmanı təhlükəli
vəziyyətdən xilas edilməsi, ümumən insanın qəlbinə
və zəkasına kömək etmək dinin əsas vəzifəsidir.
Vəfatından bir neçə il öncə Xalq
yazıçısı, professor Əzizə Cəfərzadə
mənə danışdı ki, ərəb ölkələrinə
getmişdik. Oraya çatanda bildik ki, bizi dəvət edən
böyük bir şirkətin rəhbərinin qardaşı vəfat
edib. Biz də yas yerinə getdik. Gətirib
qabağımıza bir fincan qəhvə qoydular. Mən ondan
soruşdum ki, bəs sizdə ehsan verilmir? Dedi ki, siz bizim
acımıza gəlmisiz, bizdə qaydaya görə sizə
acı qəhvə veririk. Bu söhbəti eşidəndə
mən bizim yas məclislərini xatırladım. Əksəriyyətinizə
yaxşı məlum olan plov üç cürə
aşqarası, bozbaş, dolma, müxtəlif meyvələr.
Baxırsan ki, elə cənnət bu dünyada imiş.
Bu
söhbətdən sonra mən İctimai televiziyada
çıxış edib belə bir təklif verdim: Yas mərasimlərində
üç şey verilsin: halva (ürəyi zəif olanlar
üçün), şor qoğalı (uzaqdan gələnlər
üçün), bir də limonlu çay (təzyiqi olanlar
üçün).
Bu
günlərdə çap olunmuş "İdrakın
üfüqləri" kitabımda gedən müsahibələrdən
birində yazmışam: Allahı sevirəm, bütün dillərə
hörmət bəsləyirəm, fanatizmə nifrət edirəm.
Bu
yaxınlarda keçirdiyi iqtisadi müşavirədə
möhtərəm cənab Prezidentimiz İlham Əliyev bir
daha dedi: "Bizim bütün siyasətimizin mərkəzində
İNSAN dayanır".
Biz insanın qəlbi və zəkası
uğrunda mübarizə aparmalıyıq. İnsanı hər
hansı yolla məhv etmək Allah qarşısında da, qanun
qarşısında da günah və cinayətdir. Müasir
sivlizasiyada insan haqlarını qorumaq hər birimizin vətəndaşlıq
vəzifəsi, mərhəmət və ədalət rəmzidir.
Nizaməddin ŞƏMSİZADƏ
Professor
525-ci qəzet.- 2020.- 12 fevral.- S.18.