Ad qoya bilmədiyim yazı
REJİSSOR ETİBAR BABAYEVİN
XATİRƏSİNƏ
Hə, bəzən
belə də olur, elə xatirələr var ki, silinməyini heç istəmirsən. Az qalırsan, əllərinlə tutub bərk-bərk bağrına
basasan, yalvarasan ki, getməsin. Beyninin monitorunda təkrar-təkrar
fırladırsan ki, rəngləri solmasın,
fokusu itməsin.
Təki xatirələr daima diri qalsın, elə aid olduqları
adamlar da.
Neçə gündür, sosial şəbəkədən uzaqlaşmışam. Gecədir. Bir məlumatı dəqiqləşdirmək
üçün Feysbuku
açıram. Beynimdə tutmuşam
ki, bir dəqiqəlik
baxıb çıxacam.
Xəbər lenti onun gülümsəyən fotosuyla
açılır.
Bir dost paylaşıb. Cümlələr
sürətlə fikrimdə
qaçışır: "Bıy, ad günüymüş
e. Axı o da iyul doğumludur mənim kimi. Gərək sabah səhər
inboksuna təbrik yazım". Elə
barmağımı tuşlayıram
ki, öz səhifəmə keçim,
beynimin "stop" siqnalı
yanıb-sönür: "Ay Allah! Bu nədir? Ağlamaq smayliki?
Bu nə gəzir
onun fotosunun üstündə? Necə
yəni yoxdur artıq?.." Beynimin sual yağışı dayanır birdən. Xəbər lentini ələk-vələk
edirəm. Köhnə dostların
paylaşmalarında sıralanır
fotoları. Hamı
onun bu idbar
xəstəliyə yoluxmasından
danışır təəssüflə,
kədərlə, iztirabla...
Reallığın sərt üzü
iti bıçaq kimi bəbəklərimə
girir. Gecəyarı donub qalıram
əllərimdə telefon,
gözümdə cığırlanan
damcılar. Tələsik inboksa girirəm. Səsli yazışmamız. Son işlərindən biriylə
bağlı təbrik
etmişəm. Səsini açıram.
Elə gümrah, elə həyat dolu gəlir ki.
"Salam, salam, Günel.
Çox sağ
ol xoş sözlərin üçün.
Yaradıcı adama stimul lazımdır
da..." Hmm. Stimul! Bu səs mənə yenə stimul verir gecənin bir yarısında. Başa düşürəm ki, nəsə yazmasam, rahat olmayacam. Onsuz da ilan yatar, mən
yatmaram.
Notbuku açar-açmaz
cümlələr barmaqlarımın
rəqsiylə yan-yana
düzülür. Fonda Enya zaman haqqında
sirli-sehrli bir şərqi söyləyir.
Sonra nəsə baş verir. Bütün səslər avazıyır,
eynən narkozun təsirindəki kimi buxarlanır yavaş-yavaş:
küçə itlərinin
hürüşməsi də,
oğlum Atillanın yuxunun yeddinci qatındakı sayıqlaması
da, Enyanın "Only time" deyən zümzüməsi
də... Beynimin yaddaş kartındakı
zaman makinası nəhəng çarxlarını
fırladıb uzaq
2008-ci ilin üstünə
qoyur. AzTV-nin yeni təmirdən
çıxmış otaqlarından
biri. Xüsusi layihələr və
müəlliflər departamenti.
İri planda qarabuğdayı, gülümsəyən bir
çöhrə var. Hə,
bir də dolu sifətinə yansıyan qəribə bir səmimilik. Baxışları iti və diqqətlidir. İllərin
tanışı kimi qəfil dillənir:
- Salam.
- Salam.
- Adım Etibardır. Etibar Babayev.
- Aaaa... Baş rejissor sizsiz?
- Hə, elə deyirlər... Amma rejissor olmağına
rejissoram.
Ciddi görkəmdə
elədiyi zarafatdan bir anlıq çaşıram. AzTV-də gördüyüm əksər zəhmli, sərt simalardan sonra bu görüntü,
bu münasibət o qədər doğma gəlir ki, mənimtək dövlət
televiziyasının köhnə
kollektivinə yeni-yeni
alışan gənc kadra. Elə bil, içimə
sərin su səpilir. Qəlbimdə bir səs pıçıldayır ki,
bundan belə sözümüzü, dərdimizi
rahatlıqla deyəcəyimiz,
yaradıcı ruhu duya bilən biriylə qarşı-qarşıyam.
Sonralar yan-yörəmdən haqqında
eşitdiklərim ilk təəssüratımda
yanılmadığımı təsdiqləyir. Deyirlər ki,
bu kanala lap gənc yaşlarından gəlib. Elə burada "böyüyüb".
Böyüyüb və "Kinoklub"
kimi uzunömürlü
bir verilişi kərpic-kərpic qurub-yaradıb,
sonra da minlərlə
tamaşaçıya sevdirib.
Hərdən ləzzətlə bizə də danışır sevimli layihəsindən. Gözləri
işım-işım yanır
o söhbətləri edəndə:
"Kinoklub"un vaxtları olub. Zarafat deyil. Gör nə nəhənglər
gəlib keçib ordan. İndi tək-tük
qalıb o sənətkarlardan..."
Çox tez qaynayıb-qarışır
redaksiyanın gənc
kollektivi ilə. Zarafatları,
duzlu-məzəli söhbətləri
bir aləmdir,
məsləhətləri bir başqa aləm. Onu müdir kimi tanıyıb, ərk elədiyimiz bir dost, böyük qardaş kimi sevirik. Gözümün obyektivindən nələr
keçmir, nələr...
Birgə
çay içməyimiz,
çörək kəsməyimiz,
ad günlərində, şad
günlərində kollektivlə
bir olması. Otağında çox oturmur
başqa müdirlər
kimi. Oturanda da darıxmağa qoymurlar. Biri girir, o biri çıxır bitməyən
problemləri, saysız-hesabsız
xahişləri ilə.
Hətta
televiziyanın bədii
rəhbəri vəzifəsinə
təyin edildikdən sonra belə aramızda olur. Yeni təyinatını eşidəndə
bir tərəfimizlə
sevinsək də, bir tərəfimizlə qüssələnirik. Sevimli baş
rejissorumuzdan ayrılmaq
istəmirik. Yenə
zarafatından qalmır:
"Uzağa getmirəm
ki... Buralarda olacam!.." Düz deyir. Ən qanıqara vaxtlarımıza
şux atmacalarıyla
rəng qatır, ən gərgin anlarımızda dinləyib
ürək-dirək verir:
"Darıxmayın, yaxşı
olacaq". Və biz bu işıqlı,
ümid dolu sözlərin ucundan tutub davam edirik
yolumuza. Yaxşı yadımdadır,
qonorarların kəsildiyi
dönəmlər, işçilər
qapısında sıraya
düzülüb. Kiminin
məsələsini yoluna
qoyur,
iş çətinə
düşəndə cibindən
çıxarıb pul
verir. Kimini işə düzəltdirir,
kiminin ixtisara salınmasına mane olur.
İstedadlı gənclərə dayaq durur. Mənə çox vaxt Mehri deyir. Səbəbini soruşuram:
"Deyir, Günelimiz
çoxdur. Mehri bircə sənsən".
Sonra da qəfil qayıdır ki, bir ideyam
var, deyirəm, elə televiziyanın həyətində bir layihə eləyək birlikdə. Köhnə sənətkarlar gəlsinlər, ana televiziya ilə bağlı xatirələrini
danışsınlar. Adını da qoyaq:
"TV Park". Eləyirik də verilişin
pilot variantını. Xatirimə gəlir, ilk verilişə
rəhmətlik Yaşar
Nuri ilə rejissor Məhərrəm Bədirzadəni çəkirik.
Sonra başqa bir orqandan iş
təklifi alıb teleməkandan uzaqlaşıram.
Vidalaşmaq üçün
qapısını döyürəm:
- Hə, gedirsən, Mehri?
- Gedirəm.
- Bilirsən, televiziyadan gedənlər çox olur. Amma hamı axıra
kimi dözmür.
Bir gün qayıtmaq istəsən, mütləq
qayıt. Yadında
saxla, istedadlı insanın yeri çəkiliş meydançasıdır,
kabinetlər yox...
- Hər şeyə görə çox sağ olun,
Etibar müəllim...
- Neynəmişəm ki...
Bax belə təvazökardır
- elədiyi yaxşılıqları
üzə vurmayacaq qədər təvazökar,
mədəni, böyüklə
böyük, kiçiklə
kiçik... Bilirəm, o kollektivdə Etibar
müəllimlə çiyin-çiyinə
çalışanlardan əksəriyətinin
ürəyi doludur.
Hətta daha çox xatirələri olanlar da var. Amma əminəm ki, bütün xatirələr
bir nöqtədə kəsişir: Etibar Babayevin şəxsinə olan hörmət, sevgi və vaxtsız-vidasız
gedişiylə yaratdığı
böyük bir boşluq. Hə, deyirlər ki, əvəzediməz adam yoxdur. Amma unudulmaz insanlar var axı. Vallah var: duruşu,
davranışı, səpdiyi
yaxşılıq toxumları,
ötürdüyü pozitiv
ilə... Və bilirsiz, onların məkanları hansısa hasarlanmış torpaq, daş-kəsək, ya mərmər parçası
deyil, tanıyanlarının,
sevənlərinin yaddaş
kartıdır...
Yazını nöqtələyən kimi
yenidən sosial şəbəkəyə girirəm. O dəqiqə
xəstəxana palatasından
paylaşılan fotosu
dikilir gözlərimə.
Dərhal bağlayıram. O qaranlıq fotonu silmək istəyirəm gözlərimin obyektivindən.
Onu həmişə gülərüz,
həyat dolu görmüşəm axı.
Qoy elə də qalsın yaddaşımda.
Və səhifəsindən boylanan
fotolarını açıram.
Baxıb
gülümsəyir. Mən
də gülümsünürəm
biixtiyar:
- Yeni dünyanız mübarək, Etibar müəllim. Bir gün o məkanda qarşılaşsaq, Mehri
sizi işığınızdan
tanıyacaq, mütləq
tanıyacaq!..
***
Pəncərədən yeni-yeni doğulan sabaha baxıram. Bu sabah Günəş nədənsə solğun
dəyir gözümə.
Hə, bir əzizimə demişdim ki, pozitiv insanlar bizi tərk etdikcə dünyanın işıqları bir qarış da azalır.
Oğlumun yuxulu səsi beynimdən asılı qalmış fikirləri palam-parça
edir: "Durmaq istəyirəm. Bax, Günəş gəlib..."
Günel MEHRİ
525- ci qəzet.- 2020.- 8 iyul.- S.17.