Azərbaycan dünya kosmik sənayesində
mövqeyini möhkəmləndirir
Ekologiya və
fövqəladə hallar məsələləri üzrə
ekspert, Azərbaycanın ilk milli telekommunikasiya peyki olan
"Azerspace-1"in buraxılışına hazırlıq
üzrə İşçi qrupun üzvü, texnika elmləri
doktoru, professor, Beynəlxalq Energetika Akademiyasının, Rusiya
Təbiət Elmləri Akademiyasının və Beynəlxalq
Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi
Akademiyasının həqiqi üzvü, Əməkdar mühəndis
Fuad Hacızadə "525ci qəzet"ə müsahibə
verib.
Müsahibəni oxuculara təqdim edirik.
- Fuad
müəllim, məlum olduğu kimi, 2010-cu il
mayın 3-də Prezident fərmanı ilə "Azərkosmos"
ASC yaradılıb. Ötən illər ərzində
bu strukturun fəaliyyətini necə qiymətləndirmək
olar və Azərbaycan bu sahədə hansı uğurları əldə
edib?
- Azərbaycanda
yüksək texnologiyaların tətbiqinin əsasının
qoyulması və ölkədə kosmos sənayesinin
yaradılması məqsədilə Azərbaycan
Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli "Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
telekommunikasiya peyklərinin orbitə göndərilməsi
haqqında" sərəncamında 2009-2013-cü illərdə
kosmik sənayenin yaradılması və inkişafı üzrə
Dövlət Proqramının işlənib hazırlanması
nəzərdə tutulub. Bu istiqamətdə işlərin
ardıcıl və sistemli aparılmasını təmin etmək,
qarşıya qoyulan strateji məqsədlərə nail olmaq
üçün müvafiq idarəetmə strukturunun
yaradılması, kosmik sənayenin təşəkkülü
və inkişafı, telekommunikasiya peyklərinin
hazırlanması və orbitə göndərilməsi yolu ilə
telekommunikasiya peykləri şəbəkəsinin
yaradılması, kosmik informasiyanın qəbulu və işlənilməsi
üzrə çoxfunksiyalı superkompyuter mərkəzinin
formalaşdırılması, kadrların
hazırlığı mühüm əhəmiyyət kəsb
edir.
- Yəqin
ki, kosmik sənayenin və informasiya texnologiyalarının
inkişafı dövründə normativ-hüquqi aktların zəruriliyi
də nəzərdə tutulub?
- Deyilənlərlə
eyni zamanda, nanotexnologiyaların geniş tətbiqi vasitəsilə
kosmik sənayenin və informasiya texnologiyalarının
inkişafı da nəzərdə tutulurdu və bu sahədə
ən mühüm amil yeni normativ-hüquqi aktların qəbulu
ilə hüquqi bazanın təkmilləşdirilməsi idi.
Artıq bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə çox böyük işlər görülüb:
"Azərkosmos" ASC-nin idarəetmə strukturu
formalaşdırılıb, kosmik sənayenin əsasları
yaradılıb, orbitə iki telekommunikasiya və bir
aşağı orbitli peyk göndərilib, Bakıda və
Naxçıvan Muxtar Respublikasında peyklərin istismarı
və idarə edilməsi məqsədilə yerüstü
infrastruktur yaradılıb və yenilənib. "Azərkosmos"
ASC kosmik fəaliyyətin göstərilməsinə dair yerli
və xarici subyektlərlə müqavilələr imzalayıb.
Bu qurumun iqtisadi nailiyyətləri barədə
məlumatlar onun rəsmi saytında, kütləvi informasiya
vasitələrində və nəzarətedici idarələrin
hesabatlarında əks olunub. Qeyd etmək
lazımdır ki, bu məlumatlarda müsbət istiqamətdə
inkişaf göstəriciləri yer alıb.
2018-ci ilin sonunda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2019-2022-ci illərdə yerli peyklərin
xidmətlərinin inkişafı üzrə Dövlət
Proqramını təsdiq edib. Bu sənəd yaxın 3 ildə
müxtəlif dövlət strukturları və özəl
şirkətlər tərəfindən peyklərin məlumatlarının
istifadəsinin inkişafı sahəsində, xüsusən ətraf
mühitin qorunması, ekologiya, kənd təsərrüfatı,
fövqəladə hallar, şəhərsalma, nəqliyyat
kommunikasiyalarının çəkilməsi və s. kimi bir
sıra mühüm iqtisadi vəzifələrin həllinə
yeni təkan verəcək. Yüksəkixtisaslı
yerli kadrların hazırlanması və onların
ixtisaslarının artırılması, maddi-texniki bazanın
möhkəmləndirilməsi məsələləri də
böyük əhəmiyyət kəsb edir. Proqramda alınan informasiya imkanlarının
genişləndirilməsi yolu ilə Yerin səthinin məsafədən
müşahidəsi, təbii ehtiyatlardan istifadə və digər
tətbiqi vəzifələrin yerinə yetirilməsi üzrə
elmi-tədqiqat işlərinin aparılmasına da xüsusi
yer ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev
2015-ci il noyabrın 9-da Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr
olunmuş ümumi yığıncaqdakı nitqində deyib:
"Doğrudan da, ölkədə yeni sənaye istiqaməti,
yeni elmi sahə yaradılmışdır. Əlbəttə
ki, bu sahədə ilk növbədə beynəlxalq əməkdaşlıq
daha da dərinləşməlidir. Çünki
bu sahə bizim üçün yenidir. Xarici
tərəfdaşlarla mütləq müxtəlif tədbirlər
- seminarlar, konfranslar, elmi-praktik tədbirlər keçirilməlidir.
Biz kadr potensialının hazırlanması
işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq
yaradılıbdır. Azərbaycan
dünyanın sayı o qədər də çox olmayan
kosmik klubuna da üzv olmuşdur. Bu, bizim
siyasətimizi əks etdirir. Biz gələcəyə bu
cür baxırıq: müasirlik, dinamik inkişaf,
texnologiyaların tətbiqi. Bunlar olmasa, biz istədiyimiz
qədər inkişaf edə bilmərik. Biz
isə istəyirik ki, inkişaf etmiş ölkələrin
sırasına daxil olaq və imkanlar da var".
- 2018-ci
ilin sentyabrında Azərbaycanın üçüncü
peyki, bundan əvvəl isə daha iki peyk orbitə buraxılıb. Bu peyklər, onların texniki parametrləri və gəlirləri
haqqında nə söyləmək olar?
- Bəli,
2018-ci il sentyabrın 26-da Azərbaycanın sayca
üçüncü və telekommunikasiya sahəsində xidmətlər
göstərən ikinci peyki olan "Azerspace-2" Fransız
Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən
uğurla orbitə buraxılıb. Peykin kosmik fəzaya
göndərilməsi Fransanın "Arianespace" şirkətinə
məxsus "Ariane 5" daşıyıcı raketi ilə həyata
keçirilib. "Azerspace-2" ABŞ-ın "Space
Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək
etibarlı "SSL 1300" peyk platforması əsasında
istehsal olunub. 2018-ci il dekabrın 18-də
bu peyk özünün sınaq orbitinə çatıb və
burada təxminən iki ay müddətində test istismarı
keçdikdən sonra özünün artıq bir qədər
fərqli orbital mövqeyi - 45 dərəcə şərq
uzunluğu mövqeyində olan son geostasionar orbitində yerləşəcək.
Peykin dəyəri 190 milyon dollara
yaxındır. Onun fəaliyyət müddəti təxminən
20 il təşkil edəcək və
ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək.
İqtisadi aspekti ilə yanaşı, "Azerspace-2"nin orbitdə fəaliyyəti ölkənin
informasiya təhlükəsizliyini və müstəqilliyini də
təmin edəcək. Artıq məlumdur ki,
"Azerspace-2"nin xidmət dairəsi genişlənəcək
və bir sıra Avropa ölkələrini, həmçinin, Mərkəzi
və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik
Afrikanı əhatə edəcək. Peyk regionda
dövlət və özəl qurumlara şəbəkə
xidmətləri sahəsində artmaqda olan tələbləri
qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli
əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
Yeni peyk "Azərkosmos"un xidmət
spektrinin və fəaliyyət coğrafiyasının
genişləndirilməsi ilə yanaşı, həm də
birinci telekommunikasiya peyki - "Azerspace-1" peykinin orbitdəki
ehtiyatı olacaq. Bu da öz növbəsində,
"Azərkosmos"a bugünədək ehtiyat peykin
olmaması səbəbindən iştirak edə bilmədiyi
irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək
imkanı yaradacaq. Bir sözlə,
"Azerspace-2" "Azərkosmos" ASC-nin təbiətinə
görə kifayət qədər mühafizəkar və
yüksəkrəqabətli peyk xidmətləri
bazarındakı dəyər təklifini və mövqeyini
gücləndirəcək.
-
Dünyanın aparıcı şirkətləri
"Azerspace-2"yə maraq göstərdilərmi?
- "Azerspace-2" peyki hələ orbitə
buraxılmamış artıq onun tutumlarının 46 faizi
dünyanın peyk xidmətləri üzrə aparıcı
şirkəti olan "Intelsat" şirkətinə
satılıb.
Bu müqavilə üzrə ödənişlər
layihə dəyəri və maliyyələşmə xərclərinin
60 faizinin geri qaytarılmasını təmin edəcək.
Hazırda peykin qalan tutumlarının
satışı ilə əlaqədar digər ölkələrlə
aktiv biznes danışıqları aparılır. Beləliklə,
Azərbaycan 2018-ci il sentyabrın 26-da
üçüncü peykini kosmosa buraxmaqla dünya kosmik
klubunda öz imicini xeyli möhkəmləndirib. Azərbaycan
Prezidenti İlham Əliyev bununla bağlı deyib: "Bu,
ölkəmizin növbəti qələbəsi, dövlətimizin
növbəti uğurudur. Son beş ildə
Azərbaycan orbitə üç peyk çıxara bilib. Bu gün Azərbaycan dünya kosmik klubunun
üzvüdür və dünya kosmik sənayesində öz
mövqeyini möhkəmləndirir. Orbitə
peyklərin çıxarılması dövlətimizin
gücünü, bizim siyasətimizi nümayiş etdirir".
- Bu
uğurlara rəğmən ilk peykimizi xatırlamaq istəmirsiniz?
-
"Azerspace-1" peykinə gəldikdə, demək
lazımdır ki, bizim bu ilk peykimiz 2013-cü il
fevralın 8-də orbitə buraxılıb. Mən
ilk milli telekommunikasiya peykinin buraxılması üzrə
İşçi qrupunun üzvü olmuşam və bununla fəxr
edirəm. Azərbaycanın ilk
telekommunikasiya peyki "Azerspace-1" Fransız
Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb.
Bu peyk əlverişli 46° şərq uzunluğu
orbital mövqeyində yerləşdirilib. "Azerspace-1"
rəqəmsal televiziya xidmətlərinin göstərilməsi,
"VSAT" multixidmət şəbəkələrinin
yaradılması və hökumət rabitəsinin təmini
üçün nəzərdə tutulub. Peykin
xidmət dairəsinə Avropa, Qafqaz, Mərkəzi Asiya,
Yaxın Şərq və Afrika ölkələri daxildir.
"Azərkosmos"
ASC 2016-cı ildə "DCS Telecom" və "Don
Telecom" kimi aparıcı beynəlxalq peyk operatorları ilə
telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə
kontrakt imzalayıb. Bu sənədə əsasən, həmin
şirkətlər Yaxın Şərq və Afrika
regionlarında səs və məlumatların
ötürülməsi, video, mobil rabitə, şəbəkə
və digər xidmətlər üzrə "Azerspace-1"in
resurslarından istifadə edəcək. "Azərkosmos"
ASC Türkiyənin bir sıra radiokanalları ilə də
müqavilələr imzalayıb.
Rəsmi məlumatlara görə, "Azerspace-1"in
ümumi dəyəri 233 milyon dollardır. "Azərkosmos"
ASC bu peykin istismarından 420 milyon dollar təmiz gəlir əldə
etməyi nəzərdə tutur.
- Amma
ikinci peykimiz aşağı orbitli sayılır.
-
Doğrudur, Azərbaycanın ikinci peyki aşağı orbitli
(640 kilometr hündürlüyü olan orbit) "Azersky"
("Spot 7") peyki olsa da, özünəməxsus istismar
istiqamətləri var. Bu peyk kosmik sənaye sahəsində Azərbaycan
və Fransa strateji əməkdaşlığı çərçivəsində
buraxılıb və 2014-cü il dekabrın 2-də
"Bakutel-2014" sərgisi çərçivəsində
"Azərkosmos" ASC və Fransanın "Airbus Defence and
Space" şirkəti arasında imzalanmış saziş əsasında
Azərbaycanın idarəetməsinə verilib. "Azersky"
peykinin buraxılması Hindistanın kosmik mərkəzində
həyata keçirilib. Bu peyk Yerin səthinin
məsafədən müşahidəsi üçün nəzərdə
tutulub. "Azərkosmos" ASC bu peykin 1,5
metr ağ-qara və 6 metr optik diapazonda yüksək keyfiyyətli
təsvirlərinin idarə edilməsi və kommersiya
hüquqlarını qəbul edib. "Azersky"
peykindən və Fransanın "Spot-6" peykindən təsvirlərin
quraşdırılmış potensialının qəbulu
gündəlik 6 milyon kvadrat kilometr təşkil edir. Bu o deməkdir ki, Yer kürəsindəki hər bir
məntəqəni yüksək keyfiyyətli təsvirlərlə
gündəlik izləmək mümkündür.
- Deməli,
bizə lazım olan müdafiə və strateji əhəmiyyətinə
görə vaxtında istehsal olunmuş qurğudur?
- Dediyiniz
kimi də qiymətləndirmək olar. "Azersky"
müdafiə və təhlükəsizlik, fövqəladə
halların çevik aşkar olunması, təbii
ehtiyatların tədqiqi, dənizin müşahidəsi, dəniz
naviqasiyası, ətraf mühitin qorunması, geoloji və
geofiziki tədqiqatların aparılması, şəhərsalmanın
planlaşdırılması, xəritəçəkmə, kənd
təsərrüfatı və turizm sahələri üzrə
geniş imkanlar spektrinə malikdir. Yeri gəlmişkən
deyim ki, ümumilikdə, orbitə 50 bu cür peyk
buraxılıb. Azərbaycan
aşağı orbitli peykin buraxılışını həyata
keçirən iyirminci ölkədir. Bu
peyk bizə 150 milyon avroya başa gəlib.
- Azərbaycan
kosmik fəzanı fəth edir və şübhəsiz ki,
bunun iqtisadi faydası da çox önəmlidir.
- Kosmosun
fəthi iqtisadiyyatın səviyyəsinin və milli təhlükəsizliyin
müəyyən olunmasının amilidir. Dövlətin
iqtisadi inkişafının və hərbi gücünün
artırılması kosmik tədqiqatlar sahəsində
fundamental elmi biliklərin genişləndirilməsini tələb
edir. Aerokosmik məkanda yerləşdirilən
cihazlar və komplekslər tədqiq olunan obyektlər
haqqında genişmiqyaslı və keyfiyyətcə yeni məlumatların
alınmasına əlverişli imkanlar yaradır. Aerokosmik laboratoriyada Yerin, dünya okeanlarının
təbii ehtiyatlarının, planetlərin və digər
mühüm obyektlərin öyrənilməsi
üçün böyük imkanlar mövcuddur. Bizim dövlətimiz dünya xəritəsində
bir uğur nümunəsidir. Xarici və
daxili siyasət, iqtisadiyyatla bağlı bütün nailiyyətlər
onun müstəqilliyinin möhkəmlənməsinə xidmət
edir. Dövlətimizin başçısı bununla
bağlı deyib: "Azərbaycan qarşıya qoyduğu
bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz
inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan
dünyada müasir texnologiyaların inkişafında öz dəyərli
sözünü deyir..."
- Azərbaycanın
kosmik sahədəki elmi tədqiqatları barədə nə
demək olar?
-
Fundamental və tətbiqi elm sahələrində gündəlik
vəzifələr həddindən çoxdur. Onların
arasında kooperasiya və səylərin birləşdirilməsini,
birgə texniki vasitələr və texnologiyaların istifadəsini
tələb edən beynəlxalq məsələlər də
var. 2019-2022-ci illər üçün Dövlət
Proqramında bu sahədə beynəlxalq əməkdaşlıqdan,
beynəlxalq elmi layihələrdə müştərək
iştirak məsələlərindən də bəhs olunub.
Hazırda Azərbaycan Respublikasında bir
sıra dövlət strukturlarında, özəl şirkətlərdə,
müştərək kommersiya təşkilatlarında peyk məlumatlarının
istifadəsi məsələləri ilə məşğul
olurlar. Lakin bunlar daimi tətbiqi və
kommersiya xarakteri daşımır. Fundamental elmi tədqiqatlar
isə çox az aparılır. Azərbaycanda 1975-ci ildən Aerokosmik Agentliyi fəaliyyət
göstərir. Bu qurum Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə yaradılıb.
Hələ Sovet İttifaqı dövründə
və müstəqillik illərində bu agentlik uzun müddət
fundamental elmi tədqiqatlar, kosmik aparatlar üçün
cihazların hazırlanması ilə məşğul olub və
bu işlər uğurla aparılıb. Belə
ki, Azərbaycan alimləri və mütəxəssislərinin
hazırladığı bir neçə cihaz "Mir"
orbital stansiyasında quraşdırılıb, namizədlik və
doktorluq dissertasiyaları müdafiə olunub, elmi əsərlər
və monoqrafiyalar dərc edilib. Burada indi də
elmi jurnal nəşr olunur, agentliyin əməkdaşı
olmayanların da elmi məqalələri dərc edilir. Agentlikdə doktorantura da fəaliyyət göstərir,
habelə uzun illər burada dissertasiyaların müdafiəsi
üzrə şura olub.
- Fuad
müəllim, bu qabaqcıl elm sahəsində daha yeni
yanaşmaya ehtiyac varmı?
-
Açıq deyim ki, bəli, reallıq kosmik sahədə
aparılan elmi tədqiqatlara daha rasional və perspektivli, vətənpərvər
və dövlətçilik prizmasından yanaşma tələb
edir. Bir neçə il əvvəl Azərbaycan
Moskvada keçirilən kosmik sahədə fəaliyyətlə
bağlı əməkdaşlıq məsələlərinə
dair MDB ölkələri icra hakimiyyətləri
orqanlarının nümayəndələrinin V iclasında
iştirak edib. Tədbirdə Azərbaycan və
Rusiya ilə yanaşı, Belarus, Qazaxıstan,
Qırğızıstan və Ukrayna nümayəndələri
də təmsil olunublar. İclasın yekun protokolunda
"GLONASS" siqnal sisteminin istifadə olunduğu
yerüstü infrastrukturun inteqrasiyasının zəruriliyi,
MDB dövlətlərinin kosmos və iri fəlakətlər
üzrə Beynəlxalq Xartiyaya qoşulması, fövqəladə
halların kosmik monitorinqinə dair dövlətlərarası
sistemin və regionlararası peyk rabitəsi sisteminin
yaradılmasının vacibliyi öz əksini tapıb. "Birləşmiş Kosmik Tədqiqatlar
İnstitutu" adlı hökumətlərarası elmi-tədqiqat
təşkilatının yaradılması haqqında
Sazişin layihəsinin hazırlanması təklifinə də
xüsusi diqqət yetirilib. Bu institutun
yaradılması ideyasını hələ 2011-ci ildə MDB
ölkələri kosmik agentliklərinin elmi-nəzəri
konfransında çıxış edən Rusiya Elmlər
Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri
akademik Lev Zelyonı irəli sürüb. Onun
sözlərinə görə, sözügedən institut MDB
məkanında kosmos mövzusu ilə məşğul olan
elmi-tədqiqat institutlarının səylərini
özündə birləşdirə bilər. Birləşmiş Kosmik Tədqiqatlar İnstitutunun
yaradılması qərarına Azərbaycan da qoşulub.
Bu kontekstdə Milli Elmlər Akademiyasında
aerokosmik tədqiqatlar üzrə müvafiq strukturun
yaradılması məqsədəuyğun olardı.
Şirməmməd NƏZƏRLİ
525-ci qəzet.- 10 iyul.- 2020.- S.10.