Milli mətbuatının dövlətçilik ənənələri

 

Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni bir mərhələ oldu. Ulu öndərin mətbuat üzərində əvvəlcə hərbi senzuranı, sonra bütövlükdə senzuranı ləğv etməsi müharibə şəraitində yaşayan və quruculuq yollarında yenicə addımlayan gənc bir ölkə üçün riskli addım olsa da, dünyaya inteqrasiya və demokratik dəyərlərə qovuşmağın önəmli yolu idi.

 

Dövlət başçısının qərarları ilə mərhələ-mərhələ KİV-in fəaliyyəti üçün əlverişli şərait yaradılma­sı, qəzet-jurnalların borclarının silinməsi, maddi-texniki bazanın yeniləşdirilməsi və digər önəmli tədbirlər medianın inkişafına təkan verdi. Bütün bunlar bazar iqtisa­diyyatı dövründə mətbuatın inkişa­fına əlverişli şərait yaratmış oldu. Jurnalistlər bu gün də ulu öndər Heydər Əliyevin KİV-ə misilsiz himayədarlığını qədirbilənliklə yad etməkdədirlər.

 

Bu günlərdə xalqımız tarixi ənənə və dövlətçilik mövqeyinin qorunmasında önəmli xidmətlər göstərmiş milli mətbuatımızın 145-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 30-da imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam mətbuatın xalqımızın milli oyanış tarixindəki mötəbər yerini və mətbuat bayramının ölkənin ən önəmli hadisələrindən biri olduğu­nu yenidən təsdiqlədi. Nəinki ölkəmizin, eləcə də dünyanın ağır pandemiya dövrünü yaşadığı günlərdə mediamızın həyatındakı çox önəmli hadisə unudulmadı, əksinə, Prezident sərəncamı bu dəyəri bir daha artırmış oldu.

 

Belə bir əlamətdar hadisə ərəfəsində xalqımızın dövlətçilik və türkçülük ənənələrinin qorun­masında və inkişaf etdirilməsində milli mətbuatımızın apardığı əsryarımlıq mübarizənin daha bir taleyüklü dönəmi ilə bağlı unudul­maz məqamları oxucularımızla bölüşmək istərdik.

 

Milli mətbuatın müstəqillik uğrunda mübarizəsi

 

XX əsrin sonuncu onilliyində dövlət müstəqilliyinin qazanılma­sı ərəfəsində milli mücadilənin güclənməsi Azərbaycan mətbuatında daha çox Türkiyə ilə əlaqəli yazıların artımı ilə də müşayiət olunmaqda idi. Ölkə mətbuatı üçün Türkiyə mövzusu bir nömrəli məsələ kimi diqqəti cəlb etməkdə idi: “Müstəqilliyimizin tarixi boyu olduğu kimi, hazır­da da türkdilli ölkələrin kütləvi informasiya vasitələrinin, xüsusilə mətbuatının apardığı araşdırmalar adət-ənənələrimiz və müştərək tariximiz haqqında bilgilərimizin genişləndirilməsində və türk dün­yası daxilində inteqrasiya yolları­nın axtarılıb tapılmasında mühüm rol oynayır”.

 

Bu dövrdə mətbuat yeni möv­zular ortaya qoysa da, hələ də bü­tün nəşrlər dövlətə bağlı idi, yəni nəşr olunan qəzet və jurnallar, mütləq mənada, hansısa bir dövlət təşkilatının nəşri kimi təqdim olu­nurdu. O, başqa məsələ idi ki, bu nəşrlərdə yeni əhvali-ruhiyyənin, milli çağırışların özünə yer tap­ması həm dövrün tələbi, həm də vətənpərvərlik mövqeyindən fakt idi. Deyək ki, 300 minə qədər tirajla nəşr edilən “Gənclik” – “Mo­lodost” (baş redaktor Məmməd İsmayıl) respublika komsomolu­nun jurnalı olsa da, ətrafında yeni dövrün havası ilə yüklənmiş, milli ruhun öndə dayandığı müəllifləri toplamaqla, həm də cəmiyyətin aparıcı gücü olan böyük bir gənclik ordusunu birləşdirməkdə idi. Yaxud “Vətən” cəmiyyətinin nəşri olan “Odlar yurdu” qəzeti (redaktor Ramiz Əskər) dünya azərbaycanlılarının birliyinə dair ciddi çağırışlar səsləndirməkdə idi. Belə meyllər təkcə cəmiyyətə yox, partiya-sovet mətbuatının dəst-xəttinə və mövzu seçiminə də təsir göstərməkdə idi.

 

Bu baxımdan, ölkənin baş mətbu orqanı “Kommunist” qəzetinin müstəqillik ərəfəsində nəşr olunan saylarında Türkiyə ilə bağlı məqalələrin araşdırılma­sında ilkin qənaətimiz bu oldu ki, müstəqillik ərəfəsində ölkənin bu avanqard nəşrində Türkiyə möv­zusu aktuallıq baxımından diqqəti cəlb etdiyi kimi, həm də xarici ölkə həyatından dərc edilən məqalələr sırasında kəmiyyət etibarı ilə ən çox diqqət çəkənidir. Az bir zaman kəsiyində bu mövzuda dərc edilən yazıların sayı kifayət qədər çoxdur: iki ildə (1990 və 1991-ci illər) 345 yazı. Mövzu və janr rəngarəngliyi ilə seçilən bu yazılar təkcə statistikası ilə yox, həm də müəlliflərin hiss və duyğularının türk dünyasına doğmalığı ilə ma­raq doğurur. Hətta, bu mövzuda təqdim olunan rəsmi xəbərlərdə belə bunları sezməmək mümkün deyil.

 

Türkiyə ilə yenicə qurulmaq­da olan əlaqələr haqqında olan məqalələri, ola bilsin ki, mövzusu­na və yaxud janr xüsusiyyətlərinə görə ayrı-ayrılıqda təhlil və təqdim etmək də olardı. Əslində, məsələyə daha çox siyasi an­lamda dəyər verilmiş, hətta rəsmi səfərlər daha çox danışılan və tədqiq edilən mövzulardan olmuşdur. Amma mövzunun “Kommunist”, sonralarsa, bu qəzetin bazasında fəaliyyətini davam etdirən “Xalq qəzeti”ndə təqdimatına diqqət edəndə bu yazıları həm də siyasi, iqtisadi və mədəni əlaqələr baxımından dəyərləndirmək və şərti olaraq 3 qrupa ayırmaq mümkündür:

 

– Birinci rəsmi materiallardır. Dövlətlərarası münasibətlər, ölkə rəhbərlərinin və digər rəsmilərin görüşləri bu qrupa aiddir.

 

– İkinci iqtisadi əlaqələrin qurulması haqqında olan ma­teriallardır. Burada müxtəlif siyasi zümrədən olan alim və tədqiqatçıların yazıları yer tutur.

 

– Üçüncü qəzet əməkdaşlarının təqdim etdiyi müxtəlif janrlı məqalələrdir.

 

Qardaş Türkiyənin adının keçdiyi və mətbuatda dərc edilən bu yazılar, janrından, üslubundan, mövzusundan asılı olmayaraq, uzun illər ayrı düşmüş xalqlarımı­zın milli mədəni bağlılıqlarını orta­ya qoyan nümunələrdir. Bu bölgü həm də ona görə məqsədəuyğun hesab edilə bilər ki, burada təkcə ayrı-ayrı fərdlərin yox, yaşından və zümrəsindən asılı olmayaraq bütün xalqın, eləcə də müstəqillik əldə etməyə hazırlaşan (əslində, o vaxtlar buna inananlar çox az idi) Azərbaycan dövlətinin, amma daha çox xalqlarımızın doğ­ma münasibətlərinin ifadəsi və tərənnümü hiss olunmaqdadır.

 

Əslində, mətbuatın yarat­dığı bu mənəvi körpü gələcək əlaqələrin qurulmasında təməl kimi də qəbul edilə bilər. Ola bilsin ki, hansısa bir məsələdə o dövrkü hakimiyyətin mövqeyində xalqın fikirləri ilə müəyyən ayrılıqlar olsun və sonralar göründü ki, bu, var idi. Amma Türkiyə ilə belə bir fakt diqqətdə olmasa da, olanlar da elə ciddi və prinsipial mövqe nümayişi olmadığından heç vaxt gündəmə təsir etməmiş və ciddiliyi ilə də gündəmdə olmamışdır.

 

Azərbaycanın SSRİ-nin tərkibində olduğu illərdə Türkiyə rəsmilərinin– dövlət və hökumət adamlarının Moskva­ya rəsmi səfərləri çərçivəsində, Azərbaycana səfərlər də plan­laşdırılmış və bu səfərlər uğurla baş tutmuşdur. Ötən əsrin 60-cı illərindən başlayan bu səfərlərdə Bakı ziyarətləri də önəmli yer tutmaqla, təkcə ümumittifaq deyil, eləcə də respublika mətbuatının işıqlandırdığı mövzulardan olmuş­dur. Düzdür, respublika mətbuatı və onun baş qəzeti olan “Kom­munist” bu məsələləri müəyyən qadağa və hədlər çərçivəsində işıqlandırsa da, hər halda, rəsmi xarakterli bu təqdimatların özündə belə dostluq, qardaşlıq münasibətlərindən doğan mənəvi bağlılıqları asanca görmək olur.

 

Azərbaycanın müstəqilliyi ərəfəsində isə bu münasibətlərdə daha ciddi yaxınlaşmalara və əlaqələrin genişlənməsinə şahidlik edirik. Türkiyənin Moskvadakı fövqəladə və səlahiyyətli səfiri V.Vuralın 16 yanvar 1991-ci ildə, ardınca Türkiyə Prezidenti Turqut Özalın 13 mart 1991-ci ildə Moskva, sonra da Bakı səfərləri və Bakıda Türkiyə konsulluğunun fəaliyyətə başlaması, baş konsu­lun Azərbaycanın dövlət başçısı tərəfindən qəbulu Azərbaycan– Türkiyə münasibətlərində yeni mərhələnin başlandığının müjdələri idi. Göründüyü kimi, artıq bu məsələ dövlətlərarası münasibətlərdə də özünü göstərir və siyasi dairələrin gündəmini müəyyən edirdi.

 

Artıq zaman yeni hökmlərini diktə etməkdə, bu sırada isə sovetlər birliyinin yaxınlaşan süqu­tu görünməkdə idi. Bu, Türkiyənin Balkanlarda, Qara dəniz–Xəzər dənizi–Mərkəzi Asiya regionunda geostrateji rolunu gücləndirməkdə idi. Bir sıra siyasətçilər yeni münasibətlərdə Türkiyənin rolunu Qara dəniz regionunu sabitləşdirməkdə, oradan Aralıq dənizinə çıxışa nəzarət etməkdə, Rusiyanın Qafqazda rolunu tarazlaşdırmaqda və NATO-nun Cənub qanadına xidmət etməkdə görürdü. Təbii ki, mətbuatın bu məsələlərə davamlı diqqət ayırma­sı da gündəmin önəmli mövzula­rından idi.

 

Çox sonralar eks-prezident Ayaz Mütəllibov Türkiyəyə ilk səfərini xatırlayaraq deyirdi: “Bəxtiyar da ( Xalq şairi Bəxtiyar Vahabzadə nəzərdə tutulur) məni müşayiət edən böyük nümayəndə heyətinin tərkibində idi. Bizim heyətin hərarətlə qarşılanmasın­dan təsirlənən şair dedi: “Kaş, biz öz müstəqil dövlətimizi təmsil edəydik”. Cavab verdim ki, darıx­ma, gün gələr, bunu da görərik! O vaxt mən Nazirlər Kabinetinin sədri idim”.

 

Amma Azərbaycana, eləcə də SSRİ tərkibində olan digər türk respublikalarına milli münasibətlərin və onların gələcək müqəddəratlarının təyinində dəstəyin gözləniləndən aşağı səviyyədə olması da diqqəti cəlb edirdi. Bu, əslində, ölkədəki millətçilərin önəmli mövqeyi olsa da, Turqut Özal Türkiyəsi daha çox iqtisadi, ticari və mədəni əlaqələrin qurulmasına, dövlətlərarası münasibətlərin bu yöndə inkişaf etdirilməsinə çalışırdı. Burada, təbii ki, NATO üzvü olan bir dövlətin başqa istiqamətdə siyasət aparmasını gözləmək də reallıqlara sığası fakt deyildi. Amma maraqlıdır ki, istər Türkiyədəki bəzi millətçi qüvvələr, istərsə də bu qüvvələrin dəstəyinə arxalanan və ondan ruhlanan xalq kütlələri bu dəstəyi ummaqda idi.

 

Təbii ki, burada milli-tarixi bağlılığın və qardaşlıq çağırışla­rının rolu danılmaz olduğu kimi, təsiri də qaçılmaz idi. Hətta, Azərbaycana vaxtilə – XX əsrin əvvəllərində edilən hərbi kömək, Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyası 80-ci illərin sonunda və 90-cı illərdə uşaqdan-böyüyədək, az qala, hər kəsin danışdığı və qardaş Türkiyədən umduğu böyük köməyin bir nömrəli mövzusu idi. Amma xalqdan uzun illər gizlədilən və ya işğal tarixi kimi an­ladılan bu tarixin kökündə nələrin dayandığını bəzi siyasətçi və tarixçilərdən başqa dərindən bilən yox idi.

 

Sovet təbliğat sistemi Azərbaycan–Türkiyə münasibətlərinin bütün tərəflərini “ustalıqla” təhrif etmiş, bu sahədə bütün imkanlardan bəhrələnmişlər. Hətta erməni-bolşevik basqıları önündə qırğınlara məruz qalıb, az qala bir millət kimi varlığını itirmək təhlükəsi ilə üzləşəndə Azərbaycan türklərinin çağırışı ilə köməyə gələn Osmanlı Ordu­su və Azərbaycan könüllülərinin yaratdığı İslam Ordusu işğalçı və təcavüzkar kimi dəyərləndirilmiş, bu iftiralara etiraz edənlər isə rep­ressiya qurbanları olmuşlar.

 

Milli dirçəlişin yenidən baş qaldırdığı bir vaxtda Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini elan etmişdi. İlk dəfə, məhz, Türkiyə tərəfindən tanınan bu müstəqillik Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunmuş, beynəlxalq imic qazan­mış və suverenliyini qorumağa qadir bir dövlət olduğunu dünyaya göstərə bilmişdi. Müstəqilliyinin ilk günlərindən Azərbaycanın xarici siyasət xəttində Türkiyə və türkdilli ölkələrlə əməkdaşlığın qurulması xüsusi diqqətdə olmuş, bu ten­densiya bu gün də uğurla davam etdirilməkdədir.

 

Müstəqilliyin ilk illəri istər Azərbaycan tərəfdə hakimiyyətdə olanların mövqeyi baxımından, istərsə amilləri ilə diqqəti cəlb edir. Təbii ki, burada iki dövlətin müəyyən tələblərə “riayət etməsi” bəzi ziddiyyətləri ortaya qoysa da, ümumilikdə, xalqların qardaşlığına təsir edəcək dərəcədə güclü ola bilməmişdir.

 

Şübhəsiz ki, cəmiyyətin ictimai-siyasi həyatında baş verən qabarma və çəkilmələr milli mətbuatımızın diqqətində olmaqla, onların dövriliyinə, məzmun və ideya qayəsinə də təsirsiz ötüşməmişdir. “Kommunist” qəzetinin tarixinə nəzər salanda da bütün bunları aydın görürük. Amma uzun illər Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı kimi nəşr edilmiş “Kommunist” qəzeti xalqımızın həm böyük uğurlarla, həm də hədsiz çətinliklər və faciələrlə müşayiət edilən həyat yolunun güzgüsü olmuşdur. Keçən əsrin 20–30-cu illərinin gərgin ictimai-siyasi mühiti, SSRİ xalqlarının tarixinə repressiya və heç bir haqqı olmayan qırğınların tarixi kimi – 37 rəqəmi ilə daxil olmuş dövrün haqsızlıqları, Böyük Vətən müharibəsi və faşizm üzərində Qələbə, bərpa və quruculuq illəri, 70-ci illərdə iqtisadiyyat və mədəniyyət sahəsindəki uğurlar, respublikamızın tərəqqisi ilə bağlı hadisələr, sonrakı ziddiyyətli zaman kəsiyində baş verənlər qəzetin səhifələrində geniş əks olunmuşdur.

 

Daha önəmli bir məsələ ulu öndər Heydər Əliyevin mətbuata, eləcə də keçmiş “Kommunist”, indiki “Xalq qəzeti”nə verdiyi dəyərlə əlaqədardır. Qəzetin ilk nömrəsinin çapdan çıxmasının 75 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin “Xalq qəzeti” redaksiyasının kollektivinə ünvanladığı məktubda deyilirdi: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur”.

 

Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşduğu ərəfədə, xüsusən də keçən əsrin 90-cı illərində respublika mətbuatında Türkiyə mövzusu gündəlikdə duran önəmli mövzulardan olmuşdur. Ən önəmlisi odur ki, bu materiallar artıq redaksiyaya Moskvadan gəlmirdi. Bu fakt özü də qəzet materiallarını rəsmi çərçivədən çıxarmış, jurnalist sənətkarlığı baxımından da zəngin bir spektr yaratmışdır. Əgər vaxtilə qəzet səhifələrində Türkiyə haqqında olan məqalə və təqdimatlar ancaq rəsmi materiallar idisə, artıq bu ənənə qırılmışdı. Bundan sonra qəzet səhifələrində müəllif yazılarının, zarisovka, reportaj, müsahibə kimi jurnalistika janrlarının yer aldığının da şahidi oluruq. Türkiyə haqqında dərc edilən rəsmi xəbərlərdə belə tarixlərdən qaynaqlanan dostluq, qardaşlıq ənənələrinin təqdimatının, demək olar ki, bütün yazılarda yer alması idi. Bu yazılarda milli ruh, tarixi köklərə bağlılıq özünü daha bariz şəkildə göstərirdi.

 

Sovet zamanında respubli­kanın baş mətbuat orqanı olan “Kommunist” qəzetində müstəqillik ərəfəsində (1990-1991) Türkiyə və Türk dünyası haqqında onlarca material dərc edilmiş, ictimaiyyətin türk dünyasına olan sevgisi açıq mövzuya çevrilmişdi. Xatırlatmaq yerinə düşər ki, 1990-cı ilin iyul-dekabr saylarında bu mövzuda 30-dan çox rəsmi, qeyri-rəsmi xəbər və müxtəlif janrlı yazı dərc edilmişdir. Aradan keçən illər bu əlaqələri daha da zəruri etmiş və bu gün də ölkə mətbuatına Azərbaycan–Türkiyə mövzusu aktuallığı ilə seçilən və diqqət mərkəzində olan bir nömrəli mövzu kimi ən önəmli yeri tutmaq­dadır.

 

 

 

Namiq ƏHMƏDOV

 

525-ci qəzet .- 2020.- 15 iyul.- S.21.