Milli mətbuatın dövlətçilik ənənələri - III yazı

 

 

 

Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni mərhələ oldu.

 

Ulu öndərin qərarları ilə mətbuat üzərində əvvəlcə hərbi senzuranın, sonra bütövlükdə  dövlət senzurasının ləğv edilməsi müharibə şəraitində yaşayan və quruculuq yollarında yenicə addımlayan zəif bir ölkənin siyasi durumu ilə ziddiyyət yaratsa da, dünyaya inteqrasiya və demokratik dəyərlərə qovuşmağın önəmli yolu idi.

 

İndi tarixi ənənə və dövlətçilik mövqeyinin qorunmasında önəmli xidmətlərə sahiblənmiş Azərbaycan milli mətbuatı 145-ci ildönümünü  qeyd etməyə hazırlaşır.  Prezident İlham Əliyevin iyunun 30-da imzaladığı "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncam bu tədbirin dəyərini bir daha artırmış oldu. Bu ərəfədə xalqımızın dövlətçilik və türkçülük ənənələrinin qorunmasında və inkişaf etdirilməsində milli mətbuatımızın apardığı mübarizə tarixini oxucularımızla bölüşmək istədik. 

 

Müstəqillik ərəfəsi milli mətbuat və milli oyanış

 

Dünya düzənində baş verməkdə olan qlobal dəyişikliklər özünü XX yüzilliyin 80-ci illərinin sonlarında daha əhatəli şəkildə göstərməkdə idi. Xüsusən də münasibətlərdə demokratik meyllərin güclənməsi, humanitar sahələrdə yeni qapıların açılması, iqtisadi və elmi-texniki inkişaf cəmiyyətə yeni bir əhvali-ruhiyyə gətirməkdə idi. Hətta o dövrün şahidlərinin yaxşı yadındadır ki, uzun illər boyu "sosialist təhlükəsi"ni ciddi bir vahimə kimi görənlər belə "yenidənqurma" adı ilə gələn siyasətin köhnə stereotipləri dağıtmasını sevinclə qarşılamaqda idilər.

 

Uzun illər ərzində "Türkiyə", "türk xalqı" adlarının çəkilməsi yasaq edilsə belə, mətbuat birdən-birə bu tipli yazılara daha çox yer verməyə başlamışdı. Xüsusilə də cümhuriyyət tarixi ilə bağlı yazıların üzə çıxması sanki tədqiqatçıların və xalqın ürəyindəkilərin ortaya çıxması üçün başlanğıc olmuşdu. Təkcə bir faktı söyləmək yerinə düşər ki, yalnız tarixçi alim Zülfəli İbrahimovun 1957-ci ildə dərc olunmuş "Almaniya və Türkiyənin hökmü ilə Zaqafqaziyanın "müstəqil" elan edilməsi: 1917-ci il Oktyabr Sosialist İnqilabından sonra Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsi haqqında" məqaləni çıxmaq şərti ilə 1989-cu ilə kimi Azərbaycan mətbuatında 1920-ci ilin mayında bolşevik təcavüzünün qurbanı olan Azərbaycan Xalq Cümhuriyyətinin adının belə çəkildiyi hansısa bir məqaləyə təsadüf edilmir. 1988-ci ildə milli oyanışın başlanması ilə bu məsələ mətbuatın gündəminə gəlmiş, "Xəzər", "Qobustan" jurnallarında, "Kommunist", "Elm", "Ədəbiyyat və incəsənət", "Azərbaycan", "Odlar yurdu" qəzetlərində ümumilikdə 10 məqalə dərc edilmişdir. Yeri gəlmişkən bir faktı da diqqətə çatdıraq ki, hələ demokratik hərəkatın ilk vaxtlarında ciddi qınaqlara məruz qalmış "Kommunist" qəzeti "Xəzər", "Qobustan" jurnallarından sonra cümhuriyyət tarixinin yad edildiyi, iri həcmli yazı dərc edən ilk rəsmi qəzet olmuşdur. "1918-1920-ci illər dövrünün bəzi məsələləri: "Dəyirmi masa" arxasında alimlərimizin söhbəti" adlı bu yazıda ADR dövründə kommunist-bolşevik fəaliyyətinin araşdırılmasına önəmli yer verilir, həmçinin, Şərqdə ilk İslam dövləti kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyəti tarixinin də öyrənilməsi aşkarlıq dövrünün ümdə vəzifələrindən biri kimi diqqətə çatdırılır. Görkəmli alimlərimizin - Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti akademik Cəmil Quliyevin, Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik, SSRİ xalq deputatı Püstəxanım Əzizbəyovanın və başqalarının həmsöhbət olduqları dəyirmi masada AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Qaraş Mədətovun səsləndirdiyi fikirlər həm tarixi baxımdan, həm də keçmişimizin öyrənilməsi baxımından cəsarətli və təqdirəlayiq fikirlər kimi dəyərləndirilməlidir: "Tarix ədəbiyyatımızda Azərbaycan Demokratik Respublikasının tarixi hələ öz obyektiv qiymətini tapmamışdır. Məncə, heç kəs bu hökumətin burjua-mülkədar mahiyyətini inkar e tmək, onu yaxşı məziyyətlərlə bəzəmək fikrində deyildir. Lakin tarixi həqiqət tələb edir ki, onun yaranmasının, fəaliyyətinin, daxili və xarici siyasətinin şərhində birtərəflilik aradan qaldırılsın, hər şey açıq-aydın, dərindən təhlil edilsin. Azərbaycan Demokratik Respublikasının dövlət strukturu, onun mərkəzdə və yerlərdə orqanlarının, xüsusən parlamentinin tərkibi və fəaliyyəti hərtərəfli işıqlandırılmalıdır".

 

Milli dirçəliş və milli əhvalın yüksəlməsinin təntənəsi idi ki, Topxanada bir ağacın kəsilməsi haqqında mətbuatın yaydığı xəbər xalqı Azadlıq (onda Lenin) meydanına toplaya bilmişdi və o hərəkat xalq gücünün və birliyinin nəyə qadir olduğunun göstəricisi idi. Ömrünün 50 ildən çoxunu milli mətbuatımıza xidmətdə keçirmiş Firudin Fəsulovun (Tanınmış jurnalist bu günlərdə - iyulun 13-də vəfat edib. Allah rəhmət eləsin!) "Xalq qəzeti"nin Dağlıq Qarabağ üzrə xüsusi müxbiri olarkən qəzetdə çap olunmuş "Topxana harayı" yazısı tarixə "Milli dirçəliş günü" adı ilə düşmüş 1988-ci il 17 Dekabr meydan hadisələrinin başlanmasına siqnal olub. Amma sütunları laxlayan imperiya heç də 70 ildə qazandıqlarını asanca vermək niyyətində deyildi. 1990-cı ilin qanlı 20 Yanvarı da keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı siyasətin qanla yazılan yeni bir tarixi idi.

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Ermənistanın təcavüzündən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı. "Soyuq 20 Yanvar səhəri açılmağa macal tapmamış bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri - Bakı küçələrində dinc nümayişçilərin gülləbaranı baş verdi: Azərbaycana, nəyin bahasına olursa-olsun, milli mücadiləni boğmaq və yatırtmaq məqsədi ilə yeridilən rus qoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 146 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu".

 

Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan Televiziyasının enerji bloku partladılmış, respublika Televiziyası və Radiosunun verilişləri tamamilə kəsilmişdi. Kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi. Azərbaycan KP MK-nın rəsmi orqanı olan "Kommunist" qəzetinin növbəti sayı 18 yanvardan sonra bir də 27 yanvar 1990-cı ildə nəşr olunmuşdu. Qəzet doqquz gün çap edilməmiş, bu müddətdə  20 Yanvar faciəsi barədə xalqa heç bir rəsmi məlumat verilmə-mişdi.

 

Faciənin miqyası ilə bağlı ilk xəbər verən "Kommunist" qəzetinin əlavəsi "Səhər" qəzeti idi. Baş redaktorun müavini Məzahir Süley-manzadə yazırdı: "Kommunist" qəzetinin kağız ehtiyatından yararlanmaqla 2 milyon tirajla nəşr olunan "Səhər" dinc əhaliyə açılan atəşləri, uşaqların, qadınların və yaşlıların meyitləri əks olunmuş fotoları dərc etməklə əhalini informasiya blokadasından azad etdi". Amma SSRİ yaşamaqda idi. "Kommunist" qəzeti 1990-cı ilin iyulunda çağırılan Sov.İKP-nin XXVIII qurultayının yeni "ideallarını" cəmiyyətə təqdim edirdi. Şübhəsiz ki, bu qurultaya həvəslə gedən Azərbaycan kommunistləri bu kimi "idealları" dəstəkləməkdə olsalar da, baş verənlərə etirazlarını da gizlətmirdilər. Hətta qurultay nümayəndəsi Zenfira Verdiyeva "...prezident hakimiyyətini təsis etmək ideyasını irəli sürəndə bunu onunla əsaslandırdılar ki, yeni hakimiyyət formasına daha böyük dinamik qətiyyət, operativlik vermək lazımdır. Bizə elə gəlir ki, məhz bu mənada prezident hakimiyyəti açıq-aşkar özünü büruzə vermir. Qonşu respublikada (Ermənistan) qəsbkarlıq niyyətləri güdən, konstitusiyaya zidd ordu təşkil edilməsini necə başa düşmək olar?! Ölkənin hər hansı sakini cib bıçağı üstündə soyuq silah gəzdirmək adı ilə məhkum edildiyi halda bu terrorçu təşkilatın gücü və qüdrəti mərkəzi televiziya ilə nümayiş etdirilir, hətta bəzi qəzetlərdə təriflənir" deyə qəzetdəki çıxışında bildirirdi.

 

"Kommunist" qəzetinin qurultayın gedişindən materiallar hazırlamaq üçün Moskvaya ezamiyyətə göndərilmiş müxbiri Elman Qədirov "Kremlin təzadları" məqaləsində yazırdı: "Qurultay qalın meşədə kompassız hərəkət edən yolçuya bənzəyir. Gah işıq gələn tərəfə gedir, gah tüstü çıxan tərəfə. Düzgün yol isə hələ tapılmayıb".

 

Azərbaycan Kommunist Partiyasının yeniləşdirilməsi yolu ilə respublikanın siyasi və iqtisadi inkişafının yeni səviyyəyə yüksəldilməsini "təmin edəcək" deyərək, Azərbaycan kommunistlərinin XXXII qurultayında Sov. İKP qurultayının yekunları və respublika partiya təşkilatının təxirəsalınmaz vəzifələrindən danışan Azərbaycan KP MK-nın birinci katibi A.Mütəllibov Sov.İKP nizamnaməsinə sadiqlik nümayiş etdirməkdə idi. Amma qəzetin dərc etdiyi bir sıra məqalələrin məzmununa diqqət edəndə başqa mənzərəyə də şahidlik edirik. Bu sırada kommunist rejiminin tədqiqatçılarından, uzun illər rəhbər vəzifələrdə çalışmış tarix elmləri doktoru Kamran Rəhimovun məqaləsi diqqət çəkir: "Bəzən bizi işin düz getməməsində, cəsarətsizlikdə, ikili mənəviyyatda təqsirləndirirlər. Əlbəttə, söhbət kimin haqlı, kimin haqsız olduğundan getmir. Onu demək lazımdır ki, onillərlə biz yalan və qorxu şəraitində yaşamışıq. Sosializm haqqında Lenin nəzəriyyəsinə yenidən baxılmalıdır".

 

Göründüyu kimi, günün "yenidənqurmasına və yeniləşməsinə" bəraət qazandırmaq niyyəti ilə kommunist rejiminin dünəninə qiymət verən kommunist müəlliflər bəzən bilərəkdən, bəzən də bilməyərəkdən rejimin mahiyyətini ortaya qoyurlar. Qəzetdə bu kimi yazılarla yanaşı, milli ruhun və milli tarixin yüksəlişini təbliğ edən, tariximizin şərəfli səhifələrini gündəmə gətirən məqalə və yazıların sayı da onlarca olmuşdur. "Azərinform"un böyük qardaşı", "Azərbaycan Demokratik Respublikası", "Demokratik respublikaya həsr edilir", "Təkamül" qəzetinin baş redaktoru, "Beş hürriyyət", "Xatirə lövhəsi açılmışdır. Respublika Azərbaycan milli dövlət quruluşunun dirçəliş gününü bayram edir", "Böyük Əkinçi. Yaxud unudulmuş Həsən bəy Zərdabi", "Tağıyev H.Z.: sahibkar, mesenat. Tarix elmləri doktoru Marat Allahverdiyevin kitabı haqqında", "Azərbaycan xanlıqları. Dəyirmi masa", "Folklorumuzun fədailəri", "Orta əsr Azərbaycan dövlətləri. Dəyirmi masa" və s. Bu kimi yazılar milli tariximizin uzun illər qadağalar qoyulduğu mövzulardandır. Əslində, onların məzmun və mənasına, bir də müəlliflərinə diqqət edəndə görünür ki, xalqın ziyalıları, alimləri çox şeyləri bilirmiş. Sadəcə, həqiqətlərin söylənməsi mümkün olmayıb və ciddi senzura nəticəsində həyata vəsiqə ala bilməyib.

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

Namiq Əhmədov

525-ci qəzet.- 2020.- 22 iyul.- S.21