Hüseyn Əhmədov
fenomeni
XIX əsrin
ikinci yarısından başlayaraq Azərbaycanın
işıqlı zəka sahiblərinin formalaşdırdığı maarifçilik hərəkatı
keçən əsrin 20-ci illərində yeni pedaqoji
mühitin yaranması ilə nəticələndi. Tədris və elmi-tədqiqat müəssisələri
yarandı.
Elmin digər
sahələrində olduğu kimi, pedaqogika sahəsində də xeyli nailiyyətlər əldə
edildi, yeni elmi-pedaqoji nəsil
yetişdi. Azərbaycan pedaqoji elminin "qızıl
sacayaqları" - akademik Mehdi
Mehdizadə, professorlar Əhməd Seyidov, Mərdan Muradxanov
pedaqogikanın nəzəriyyəsi və tarixi ilə
bağlı ciddi elmi araşdırmaları, pedaqoji və
elmi-pedaqoji kadr hazırlığındakı xidmətləri
ilə keçmiş İttifaq
miqyasında səlahiyyətli söz sahiblərinə
çevrildilər. Həmin müqtədir alimlərin bilavasitə diqqət və
qayğısı, elmi köməyi ilə Azərbaycan pedaqoq
alimlərinin ikinci nəsli yetişdi ki, onların da ən
qüdrətlisi akademik Hüseyn Əhmədov olmuşdur. O, ibtidai məktəb müəllimliyindən
akademikliyədək pillə-pillə ucaldı, qəlbinin odunu və hərarətini,
ömrünün qaynar və coşğun illərini millətin gələcəyi olan gəncliyin təhsil-tərbiyəsinə həsr
etdi, orijinal proqram və dərsliklər
hazırladı, Azərbaycanda və xarici ölkələrdə
nəşr edilən fundamental əsərlər yazdı, pedaqoji
və elim-pedaqoji kadr hazırlığında peşəkarlığı
və fədakarlığı ilə seçildi, geniş
elmi erudisiyası, sadəliyi, xeyirxahlığı və
insanpərvərliyi ilə
ürəkləri fəth edərək adını millətin
elm və təhsil tarixinə yazmağı bacardı.
Ömrünün müdriklik çağında, 94 yaşında haqq dünyasına qovuşdu, onu tanıyan
insanların -Azərbaycan
pedaqoji ictimaiyyətinin ürəyinə köçdü,
xatirələrə çevrildi. Qətiyyətlə deyə
bilərik ki,
elimizin və elmimizin ağsaqqallarından biri
olan Hüseyn müəllim sağlığında ikən əfsanəyə
çevrilən, milyonların qəlbində özünə
mənəvi abidə ucaldan tədqiqatçı alimlərdən
biri olmuşdur.
Hüseyn
Mustafa oğlu
Əhmədov 17 iyul
1926-cı ildə Qərbi Azərbaycanın
Krasnoselo rayonunun Toxluca kəndində anadan olmuşdur. Kənd
Dədə Qorqud
qəhrəmanlarının sahillərində at
çapdığı, qılınc oynatdığı
Göyçə gölünün
sahilində yerləşirdi. Göyçənin lacivərd
ətəkli səmaları, əsrarəngiz təbiəti,
büllür bulaqları
Hüseyn müəllimdən
səxavətini əsirgəməmişdi. Kəndi
üç tərəfdən əhatəyə alan uca dağların vüqarı, barlı-bəhrəli
təbiətin səxavəti, insanların dəyanəti və
saflığı Hüseyn müəllimin ruhuna hopmuşdu.
Mayası halallıqla yoğrulan bir ailədə boy atan balaca
Hüseyn bir müddət ailəsi ilə birlikdə
İrəvan yaxınlığındakı Kənəkir
rayonunun Göykilsə kəndində yaşayır (1936-1940),
orada 7-ci sinfi, Kənkan kəndində 8-ci sinfi bitirir. Atası
bəşəriyyətə fəlakət gətirən
sovet-alman müharibəsinin ilk aylarında düşmən
gülləsinə tuş gəldiyindən ailənin
bütün çətinlikləri onun üzərinə
düşür. Doğma kəndlərində ibtidai sinif müəllimi işləyir. Təhsilini davam etdirmək məqsədilə
Gəncə şəhərinə gəlir və buradakı
K.Setkin adına Pedaqoji Texnikumun III kursuna qəbul olunur. 1947-ci ildə
oranı "əla" qiymətlərlə bitirir. H.Zərdabi adına Gəncə
Pedaqoji İnstitutunda
tarix müəllimliyi ixtisası üzrə təhsil alır
(1947-1951). Təhsil uğurlarına görə Lenin komsomolu təqaüdünə
layiq görülür. 1951-1952-ci illərdə
Kirovabad Pedaqoji İnstitutunda baş laborant və Gəncədəki
Toxuculuq Texnikumunda tarix müəllimi işləyir.
Hüseyn
müəllim V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) əyani
aspiranturasında oxumuş, bir müddət institutun azad komsomol komitəsinin birinci katibi olmuşdur. Azərbaycan ETPEİ-də (indiki Təhsil
İnstitutu)
kiçik elmi işçi vəzifəsində
işləyən H.Əhmədov 1958-ci ildə namizədlik,
1972-ci ildə doktorluq dissertasiyası müdafiə
etmişdir. 1958-1959-cu illərdə V.İ.Lenin adına
ADPİ-nin Pedaqogika kafedrasında assistent, 1964-1977-ci illərdə
dosent, 1977-2014-cü illərdə professor vəzifələrində
çalışmışdır. 1974-1977-ci illərdə
V.İ.Lenin adına ADPİ-də Orta məktəb
direktorlarının ixtisasartırma fakültəsinin
dekanı, 1974-2014-cü illərdə ADPU-nun Elmi
Şurasının, Riyaziyyat və Tarix fakültələrinin
Elmi Şuralarının üzvü olmuşdur. SSRİ Nazirlər Soveti yanında AAK tərəfindən
1977-ci ildə ona Pedaqogika kafedrası üzrə professor elmi
adı verilmişdir. 1977-ci ildə müsabiqə yolu ilə
V.İ.Lenin adına ADPİ-nin Ümumi
pedaqogika kafedrasına müdir vəzifəsinə
seçilmiş, 2014-cü ilə kimi həmin vəzifədə
çalışmışdır. 1997-2010-cu illərdə
əvəzçiliklə ABU-nun birinci prorektoru olmuşdur.
Pedaqogika nəzəriyyəsi üzrə namizədlik
dissertasiyası müdafiə etsə də, 60-cı illərdən
başlayaraq Azərbaycanda məktəb təhsilinin tarixini
öyrənməyə başlayır. 1968-1970-ci illərdə elmi
yaradıcılıq ezamiyyətinə gedən H.Əhmədov
Moskva, Leninqrad, Tbilisi, Bakı, Həştərxan, İrəvan
dövlət arxivlərində çalışır,
üstünü toz basmış xeyli sənədləri
aşkara çıxarır, külli miqdarda material
toplayır, sistemə salır və "XIX əsrdə Azərbaycanda
məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Həmin
dissertasiyanın materialları əsasında nəşr
etdirdiyi "XIX əsr Azərbaycan məktəbi"
monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin
müfəssəl və möhtəşəm salnaməsidir. Azərbaycan məktəb və
pedaqoji fikir tarixi
sahəsində apardığı ardıcıl və
sistemli tədqiqatları onun
çoxşaxəli elmi yaradıcılığının mərkəzində
dayanır. O, Azərbaycan pedaqoji fikir klassiklərinin,
maarifçilərinin, məktəbdarlarının, ilk
növbədə N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov,
H.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə,
A.O.Çernyayevski, M.Ə.Elxanov, F.B.Köçərli,
M.H.Ruşdiyyə, S.B.Vəlibəyov, C.Məmmədquluzadə,
M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev,
R.Əfəndizadə, Ə.Y.Seyidov və digərlərinin
pedaqoji ideyalarını tədqiqata cəlb etmiş,
onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə
ilə bağlı fikirlərini aşkarlamış, pedaqoji
fikrin qaynaqlarını üzə çıxarmış, gənc
nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini
əsaslandırmış, bu günümüz
üçün əhəmiyyətli olan elmi müddəalar
irəli sürmüşdür. Prof.Hüseyn
Əhmədovun həmin sahədəki tədqiqatlarının
praktik əhəmiyyətinə aid iki cəhəti qeyd etmək
yerinə düşərdi. Onlardan birincisi
budur ki, rəsmi dövlət qərarları ilə bir
sıra şəhər və kənd məktəblərinin
yubileyi geniş qeyd edilmiş, pedaqoji ictimaiyyətin böyük
rəğbətini qazanmışdır. Akademik
Hüseyn Əhmədovun həmin tədqiqatların
ikinci praktik əhəmiyyəti onunla izah olunur ki, bu tədqiqatlar
əsasında o, "Azərbaycanda məktəb və pedaqoji
fikir tarixi" adlı xüsusi kurs yaratmış, onun
proqramının və dərsliyinin nəşrinə nail
olmuşdur.
O, Moskvada
nəşr edilən 40 çap vərəqindən artıq
olan "Azərbaycan pedaqoji fikir antologiyası" adlı iri
həcmli monumental əsərin, SSRİ PEA tərəfindən
çap olunan "SSRİ xalqlarının məktəb və
pedaqoji fikir tarixinə dair oçerklər" adlı çox
cildliyin I və IV cildlərinin
(Moskva, 1989, 1991), 2 cildlik "Rus Pedaqoji
Ensiklopediyası"nın, həmçinin, 10 cildlik Azərbaycan
Sovet Ensiklopediyasının IV-X cildlərinin əsas müəlliflərindən
biridir. O, Moskva, Leninqrad, Kiyev, Daşkənd, Poltava, Penza, Səmərqənd,
Ulyanovsk və digər şəhərlərdə keçirilən
elmi konfrans və sessiyalarda fəal iştirak etmiş,
nüfuzlu, kəsərli, orijinal fikirləri ilə həmkarlarının
rəğbətini qazanmışdır. Onun təhsil
və pedaqoji fikir tarixi ilə bağlı əsərləri
Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil edilmişdir.
Hüseyn
Əhmədov təkcə Azərbaycanda deyil, həm də keçmiş
İttifaqda yaxşı tanınan nüfuzlu təhsil
tarixçilərindən biri olub. Məhz bunun nəticəsidir
ki, o, 1990-cı il dekabrın 20-də
SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir
üzvü seçilmişdi. Xatırlatmaq yerinə
düşər ki, varlığı ərzində həmin
akademiyaya (1943-cü ildə yaradılıb) cəmi 4 nəfər
azərbaycanlı üzv seçilmişdir. Mərhum akademik Mehdi Mehdizadə onun həqiqi
üzvü, A.Abbaszadə, S.İmanov və H.Əhmədov isə
müxbir üzvləri olmuşlar.
Hüseyn
Əhmədov 1993-cü ildə Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının, 1993-cü ildə
Moskvadakı Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının,
1995-ci ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının
həqiqi üzvü (akademiki) seçilmişdir. 1998-ci ildə
elmi-pedaqoji sahədəki yaradıcılıq
uğurlarına, elmi-pedaqoji kadr
hazırlığındakı xidmətlərinə görə
Beynəlxalq Pedaqoji Akademiyanın Y.Komenski adına
Böyük Qızıl Medalı ilə təltif olunmuş,
1999-cu ildə Rusiya Dövlət Təhsil Akademiyasının
xarici üzvü seçilmiş, 2005-ci ildə Türk
Dünyası Araşdırmaları Uluslararası Elmlər
Akademiyası tərəfindən "Türk Dünyasına
Hizmet" qızıl medalı ilə təltif olunmuş,
2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar
Assosiasiyasının qərarı ilə Heydər Əliyev
adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul
olunmuşdur.
2006-cı ildə Amerikanın Beynəlxalq Ekspertiza və
Bioqrafik Tədqiqatlar İnstitutu Hüseyn Əhmədova
pedaqogika elmindəki yüksək xidmətlərinə görə
xüsusi sertifikat təqdim etmiş, onu pedaqogika elminin bilicisi
hesab etmişdir. 2007-ci ildə
Rusiya Federasiyasının Təhsil və Elm
Nazirliyinin "K.Uşinski" medalı, həmçinin,
Rusiyanın "Dolq i çestğ" ordeni ilə təltif
olunmuş, Rusiya Təhsil Akademiyasının qızıl
medalına və fəxri fərmanına layiq
görülmüşdür.
Professor
Hüseyn Əhmədov "Azərbaycan SSR qabaqcıl
maarif xadimi" (1973), "SSRİ maarif əlaçısı"
(1977), Ümumittifaq
"Bilik" cəmiyyəti idarə heyətinin "Fəaliyyətinə
görə" (1985) döş nişanları ilə təltif edilmiş, "Azərbaycan
SSR əməkdar ali məktəb işçisi" (1981) fəxri adına layiq
görülmüşdür.
2007-ci ildən
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Hüseyn Əhmədov müharibə və əmək
veteranı idi. 1999 və 2004-cü illərdə
Binəqədi rayon Bələdiyyəsinə üzv
seçilmişdir.
Akademik Hüseyn Əhmədov elmi-pedaqoji fəaliyyətində
nailiyyətlər, uğurlar qazanmış, müxtəlif
akademiyaların üzvü seçilməyi ilə
şöhrətin uca, həm də şərəfli bir mərtəbəsinə
yüksəlmişdir.
Akademik
Hüseyn Əhmədovu həmkarlarından fərqləndirən
əsas cəhət onun geniş elmi erudisiyası, məhsuldarlığı
və zəhmətkeşliyi olub. Onun "İbtidai məktəb
şagirdlərinin kommunist əxlaqi tərbiyəsində
nümunənin rolu və ondan istifadə etmək
yolları" (1958), "Uşaqların tərbiyəsində
valideynin şəxsi nümunəsi" (1962), "Pedaqogikaya
giriş" (1973), "100 yaşlı Yuxarı Salahlı kənd
məktəbi" (1978), "N.Nərimanovun pedaqoji fikirləri"
(1979), "100 yaşlı Qarğabazar məktəbi"
(1983), "XIX əsr Azərbaycan məktəbi" (1985,
2000), "N.Tusi" (1992, 2001), "N.Nərimanovun pedaqoji
fikirləri" (2000), "İdarəetmənin pedaqogika və
psixologiyası" (2001, 2004), "Avrasiya xalqlarının məktəb
və pedaqoji fikir tarixinə dair oçerklər" (2012),
"Azərbaycan pedaqoji fikir antologiyası" (1990),
"Maarif fədailəri: Firidun bəy Köçərli, Rəşid
bəy Əfəndiyev-150" (2013),
"Azərbaycan məktəb və pedaqoji fikir
tarixi" (2014) adlı
monoqrafiya, dərslik və dərs vəsaitləri,
"Seçilmiş əsərləri"nin 29 cildi, Azərbaycanın və xarici ölkələrin
nüfuzlu mətbuat
orqanlarında 600-dən artıq
elmi və publisistik məqaləsi nəşr olunub.
Müxtəlif vaxtlarda - İrəvanda, Tiflisdə, Səmərqənddə,
Daşkənddə və Moskvada rəsmi opponent, Müdafiə
Şuralarının üzvü, sədr müavini və sədri
kimi fəaliyyət göstərib. Elmi rəhbərliyi ilə
60-a yaxın fəlsəfə və elmlər doktoru
yetişib.
Ana dilli dərsliklərimizi
milli sərvətimiz hesab edən akademik H.Əhmədovun ən
vacib xidmətlərindən biri də XIX əsrin ikinci yarısı və
XX əsrin əvvəllərində Tiflisdə, Təbrizdə
və Bakıda ərəb əlifbası ilə nəşr olunmuş dərsliklərimizi
transliterasiya və faksimiliya yolu ilə yenidən nəşr
etdirməsidir. N.Dementyevin "Təmsillər və hekayələr"
(Tiflis, 1839), İ.Qriqoryevlə M.Ş.Vazehin
"Kitabitürki" (Təbriz, 1855), A.O.Çernyayevskinin
"Vətən dili" (I hissə, Tiflis, 1882), Rəşid
bəy Əfəndiyevin "Uşaq bağçası"
(Tiflis, 1912), "Bəsirət-ül-ətfal" (Bakı,
1901), A.Çernyayevski və S.Vəlibəyovun "Vətən
dili" (II hissə, Tiflis, 1888), S.Vəlibəyovun
"Qüdrəti-Xuda" (Tiflis, 1888), Üzeyir Hacıbəyovun
"Hesab məsələləri"ni (Bakı, 1907) yenidən
nəşr etdirməklə o, həmin dərsliklərə yeni həyat,
yeni nəfəs bəxş etmişdir.
Hüseyn Əhmədovun
elmi-pedaqoji fəaliyyətində Nəriman Nərimanovun
pedaqoji irsinin tədqiqi və təbliği ayrıca bir mərhələ
təşkil edir. 1957-ci ildən
ömrünün sonunadək ardıcıl olaraq bu
mövzu üzrə tədqiqatını davam etdirən
Hüseyn Əhmədov təhsil və pedaqoji fikir tarixinə
N.Nərimanovun görkəmli tədqiqatçısı kimi
daxil olmuşdur. Onun böyük maarifçi,
siyasət və dövlət adamı Nəriman Nərimanovla
bağlı Azərbaycan, rus, erməni və gürcü dillərində
Bakıda, İrəvanda, Tbilisidə, Moskvada, Həştərxanda,
Saratovda çap olunan məqalələri, "N.Nərimanovun
pedaqoji fikirləri" adlı sanballı monoqrafiyası nərimanovşünaslığa
dəyərli töhfədir. Akademik
Hüseyn Əhmədov Nəriman
Nərimanovun pedaqoji irsinin tədqiqi ilə kifayətlənməmiş,
o eyni zamanda N.Nərimanovun pedaqoji fəaliyyətə
başladığı Borçalı qəzasının
Qızıl Hacılı kənd məktəbinə onun
adının verilməsinə, anadan olduğu evin yerləşdiyi
"Tatariski pereuloq" küçəsinin
adının dəyişdirilərək onun adı ilə
adlandırılmasına nail olmuşdur.
Maraqlıdır
ki, professor Hüseyn Əhmədovun
pedaqoji fikir tarixi ilə bağlı ilk məqaləsi Nəriman Nərimanovun
yaradıcılığına həsr olunub. Ölümündən bir neçə
gün sonra Moskvanın
nüfuzlu elmi nəşrlərdən olan
"Muniüipalğnoe obrazovanie: innovaüii i gksperiment"
(¹2 (71) 2020) jurnalında nəşr olunan sonuncu məqaləsi
də Nəriman Nərimanovun 150 illiyinə həsr
olunmuşdu. Təəssüf ki, N.Nərimanovun pedaqoji
ideyalarının tədqiqinə
həsr etdiyi son kitabının
sevincini yaşamaq
Hüseyn müəllimə nəsib olmadı...
Hüseyn müəllim xoşbəxt taleli tədqiqatçı
alim olmuşdur. Sağlığında ikən onun haqqında
müasirlərinin xeyli elmi-publisistik yazıları
işıq üzü görmüş, 17 cildlik
"Müasirləri Hüseyn Əhmədov
haqqında" kitab nəşr
olunmuşdur.
Akademik Hüseyn Əhmədov Allahın ona lütv etdiyi
ömrü şərəflə, ləyaqətlə və zəhmətlə
yaşadı, adını millətin
təhsil tarixinə, mədəniyyət tarixinə,
insanlıq tarixinə yazmağı bacardı. Onun həyatı insanlar üçün mənəviyyat
dərsi, kamillik və müdriklik məktəbidir. Belə insanlar ölmür, sadəcə
dünyalarını dəyişirlər. Ürəyinin odundan,
gözlərinin nurundan, qələminin gücündən
ömrünə pay düşən yetirmələrinin, səsini,
sifətini, xeyirxah əməllərini
xatırlayanların xatirələrinə
köçür, fikirlərdə
və xəyallarda, nəvələrinin
adında və soyadında, yazdıqları kitabların səhifələrində yaşayırlar. Yüksək əxlaq,
fəzilət və elm sahibi kimi
sağlığında ikən
özünə əbədiyaşarlıq
qazanmış akademik Hüseyn Əhmədova Allah rəhmət
eləsin!
Misir MƏRDANOV
AMEA-nın
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
Fərrux RÜSTƏMOV
ADPU-nun İbtidai təhsil fakültəsinin
dekanı, professor, Əməkdar
elm xadimi
525-ci qəzet.- 2020.-
23 iyul.- S.7.