Mustafa bəy və onun kafedrası

 

 

 

AKADEMİK M.A.TOPÇUBAŞOV-125 III CƏRRAHİ XƏSTƏLİKLƏR KAFEDRASI-101 il

 

 

 

1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti uzun sürən gərgin müzakirələrdən sonra Bakı Universitetinin təsis edilməsi haqqında qərar qəbul etdi.

 

Azərbaycanın elm və təhsil sisteminin tarixində önəmli rola malik olan Bakı Universitetinin ilk rektoru, görkəmli cərrah-anatom professor V.İ.Razumovski yazırdı: "Universitetin təsisi haqqında qərar layihəsinin son redaksiyası gurultulu alqışlar altında qəbul edildi və Azərbaycan öz ali maarif ocağını əldə etdi. Türk xalqının tarixinə yeni, parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın sərhədində yeni məşəl şölələndi. Biz bu böyük tarixi hadisənin şahidi olduğumuza görə özümüzü xoşbəxt hesab edirik".

 

Bakı Universitetinin yaradıldığı ilk dərs ilində yalnız iki fakültədə - tarix-filologiya və tibb fakültələrində dərslərə başlamaq mümkün oldu. Tarix-filologiya fakültəsinin dekanı vəzifəsinə professor N.A.Dubrovski, tibb fakültəsində isə həmin vəzifəyə professor İ.İ.Şirokoqorov təyin edildi. Qısa müddət ərzində Bakıda yaşayan tibbi kadrların və pedaqoqların ən istedadlılarını seçərək, tibb fakültəsində işə cəlb etdilər.

 

Professor Razumovski normal anatomiya, professor Şirokoqorov patoloji anatomiya, professor Levin daxili xəstəliklər diaqnostikası, professor Oşman cərrahlıq kafedralarına müdir təyin edildilər.

 

1920-ci ildə tibb fakültəsinin heyətində 12 professor, 5 dosent və 27 assistent çalışırdı. O vaxtlar bu tərkibdə 1 nəfər də azərbaycanlı yox idi.

 

Uzun müddət ərzində müalicə-profilaktika fakültəsinin fakültə cərrahiyyəsi kafedrası adlandırılan indiki III Cərrahi xəstəliklər kafedrasının ilk müdiri professor A.A.Oşman idi. O, 1919-cu ildən 1930-cu ilə qədər kafedraya rəhbərlik etmişdi.

 

Cərrahlıq və ortopediya sahəsində yüksəkixtisaslı mütəxəssis olan professor Oşman praktik cərrah-ortopedlərin hazırlanmasında böyük xidmət göstərmişdi. Sonralar Azərbaycan cərrahlığının inkişafında misilsiz xidməti olmuş M.A.Topçubaşov, M.B.Əbiyev və başqaları A.A.Oşmanın rəhbərliyi dövründə kafedraya işə cəlb olunmuş və ilk dəfə elmi-pedaqoji fəaliyyətə başlamışlar. Professor A.A.Oşmanın vəfatından sonra fakültətiv cərrahlıq kafedrasına uzun müddət dünya şöhrətli azərbaycan alimi, SSRİ TEA-nın və Azərbaycan EA-nın akademiki, professor M.A.Topçubaşov rəhbərlik etmişdi. Tibb İnstitutunun fəaliyyətə başladığı 1930-cu ildə kafedra müdiri vəzifəsinə seçilən M.A.Topçubaşov ömrünün sonuna qədər (1981) bu vəzifədə işləmişdi. Onun rəhbərlik etdiyi müddət ərzində kafedranın əməkdaşları cərrahlığın müxtəlif problemlərini (hepatobiliyar sistemin cərrahi xəstəlikləri, böyrək daşı xəstəliyi, splenomeqaliyalar, cərrahi qastroenterologiya, periferik damarların cərrahi xəstəlikləri, cərrahiyyədə ağrısızlaşdırma məsələləri) tədqiq etmişlər.

 

İkinci Dünya müharibəsi illərində kafedra əməkdaşları cəbhə bölgələrində olmaqla yaralılara ixtisaslaşmış yardımın göstərilməsində xüsusi səylə çalışmışlar. Müharibə dövründə ilk dəfə olaraq professor M.A.Topçubaşov hospitallar sistemində hərbi-səhra cərrahlığının profilləşməsini tətbiq etmiş və bunun sahəsində ixtisaslaşmış evakohospitallar (torakal, neyrocərrahlıq, uroloji, travmatoloji) yaradılmışdır. Kafedra müdiri M.A.Topçubaşov 1941-ci ildə Səhiyyə Nazirliyinin Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı təyin olunmuşdur. Kafedra əməkdaşlarından F.Ə.Əfəndiyev - torokal, M.B.Əbiyev - uroloji hospitallara rəhbərlik etmiş, X.C.Hacıyev ordunun baş cərrahı vəzifəsini yerinə yetirmiş, E.Aslanzadə, E.Qayibov, T.Burtikova və başqaları döyüş bölgələrində olmaqla respublika ərazisində olan evakohospitallarda fədakarlıqla çalışmışlar. Müharibə dövründə kafedra əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işlərinin əsas mövzusu hərbi-səhra cərrahiyyəsinin aktual məsələlərinə aid idi. Bunlara misal olaraq orqanizmin müxtəlif nahiyələrindən yad cisimlərin çıxarılması sahəsindəki tədqiqat işlərini xüsusi qeyd etmək lazımdır. 1941-ci ilin sonunda M.A.Topçubaşovun ideyası əsasında bədəndə olan yad cisimlərin lokalizasiyasını təyin etməyə imkan verən universal cihaz quraşdırıldı və müvəffəqiyyətlə neyrocərrahiyə hospitallarda tətbiq edildi. Elmi-tədqiqat işlərinin nəticəsi olaraq kəllə sümükləri defektlərinin zədələnmiş nahiyyəsinin ətrafından götürülən sümüklər vasitəsi ilə alloplastikası, periferik sinirlərin zədələnməsi zamanı baş vermiş iflicin tendomioplastika üsulu ilə müalicəsi, sinir liflərinin yaralanması zamanı mum-parafin tubajından istifadə edilməsi, yanıqlar zamanı parafin applikasiyasının tətbiqi, borulu sümüklərin sınıqları zamanı təcili aparılan metal-osteosintez üsulundan istifadə olunması hospitallarda müvəffəqiyyətlə tətbiq olunurdu.

 

Müharibə dövründə M.A.Topçubaşov və kafedranın başqa əməkdaşları (B.B.Əliyev, F.Ə.Əfəndiyev, X.C.Hacıyev və başqaları) Bakı şəhərində fəaliyyət göstərən hərbi hospitallarda işləyən yaralı əsgərlərin müalicəsinə böyük əmək sərf etməklə bərabər, kafedrada tədris işlərinin intensivləşdirilməsinə və dövrün təlabatından asılı olaraq, həkim kadrları hazırlığının nisbətən qısa müddətə başa çatdırılmasına diqqət yetirirdilər. Müharibə dövrünün cərrahlıq təcrübəsinin və klinik materialların təhlili sayəsində 1942-1948-ci illərdə kafedra əməkdaşlarından 3 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. M.A.Topçubaşovun təklif etdiyi abdominotorakotomiya, lumbal diafraqmatomiya kimi cərrahi müalicə növləri təxirəsalınmaz cərrahlıq praktikasını yeni və effektiv üsullarla zənginlləşdirmişdir.

 

1946-cı ildə müalicə-profilaktika fakültəsinin fakültə cərrahiyyəsi kafedrası 2 saylı şəhər kliniki xəstəxanasının bazasına köçdü. Bu xəstəxanada cərrahi şöbənin fəaliyyətində işlərin düzgün təşkil edilməsi üçün bir sıra əməli işlər görüldü. Qəbul şöbəsinin rekonstruksiyası, əməliyyataqədərki və əməliyyatdan sonrakı palataların təşkili, irinli cərrahi patalogiyalar üçün xüsusi şöbənin ayrılması, müstəqil travmatoloji, uroloji şöbələrin təşkil edilməsi, qəbul şöbəsinə bitişik təcili əməliyyat olunan xəstələr üçün xüsusi şöbənin yaradılması, sonralar cərrahi əməliyyat auditoriyasının tikilməsi, daha sonralar tələbələr üçün geniş mühazirə zalının və əməliyyatdan sonrakı xəstələr üçün xüsusi şöbənin tikilərək istifadəyə verilməsi kimi əməli tədbirlər həyata keçirildi.

 

Kafedrada yoğun bağırsağın, mədəaltı vəzin onkoloji xəstəliklərinə aid çoxsaylı tədqiqatlar aparılmışdır. 10 ildən artıq aparılan eksperimental və kliniki tədqiqatlar nəticəsində pankreato-duodenal rezeksiyanın yeni modifikasiyasına həsr olunmuş tədqiqat işlərinin nəticəsi kafedra əməkdaşlarından İbrahim Mustafa oğlu Topçubaşov tərəfindən doktorluq dissertasiyası kimi müdafiə olunmuşdur.

 

Kaferdranın tarixində professor İbrahim Mustafa oğlu Topçubaşovun xüsusi rolu olmuşdur. Onun rəhbərliyi ilə 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. Dəyərli bəstəkar kimi də tanınan professor İ.M.Topçubaşov Azərbaycanda cərrahi əməliyyatların həzin musiqi sədaları altında aparılmasının bünövrəsini qoymuşdur. Akademik M.A.Topçubaşov sovet cərrahiyyəsinin inkişafındakı xidmətlərinə görə 1943-cü ildə SSRİ Dövlət Mükafatına layiq görüldü. O, dəfələrlə Ümumdünya Cərrahlar konqrensində (Münxen, Lissobon, Sofiya) cərrahiyyənin aktual mövzularına aid məruzələrlə iştirakçı kimi çıxış etmiş, XI Lissabon konqresində (1954) 20 ən görkəmli cərrahdan biri kimi Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçilmişdir. 1952-ci ildə Bolqarıstan Elmlər Akademiyasının üzvü idi.

 

M.Topçubaşov elmi pedaqoji fəaliyyəti ilə yanaşı, görkəmli ictimai xadim və bacarıqlı təşkilatçı idi. O, Azərbaycan SSR Ali Sovetinin bütün çağırışlarına deputat seçilmiş, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində olmuşdur. Akademiya şəhərciyi, elmi-tədqiqat klinik və eksperimental təbabət institutu (indiki Elmi Cərrahiyyə Mərkəzi) bilavasitə M.Topçubaşovun rəhbərliyi altında tikilmiş, akademiya nəşriyyatı və mətbəəsi onun təşəbbüsü ilə yaradılmışdır.

 

M.Topçubaşov Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski Cərrahlar Cəmiyyətinin fəxr üzvü, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri kimi ölkənin elmi ictimai həyatında fəal iştirak edirdi.

 

O, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Sovet Sülhü Müdafiə komitəsinin, Asiya və Afrika ölkələr ilə həmrəylik komitəsinin üzvü olmuşdur. M.Topçubaşov sülh dövründə fəal mübarizlərdən biri kimi Ümumdünya Sülh Şurasının gümüş medalına və Sovet Sülhü Müdafiə komitəsinin fəxri fərmanlarına layiq görülmüşdür.

 

Dünya şöhrətli alimin SSRİ Dövlət (Stalin) mükafatı və Visnevski adına mükafata, Bolqarıstan Respublikasının "Krill və Medofi" ordeninə , 4 dəfə Lenin ordeninə, "Qırmızı Əmək Bayrağı" , "Qızıl Ulduz" , "Şərəf nişanı" , "Oktyabr inqilabı" ordenlərinə, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə", "Sosialist əməyi qəhrəmanı" fəxri adına layiq görülməsi bəşər övladları qarşısındakı əvəzsiz xidmətlərinə görə xalqın və dövlətin ona verdiyi layiqli qiymətin, hüsn rəğbətin bariz təzahürüdür.

 

Akademik Mustafa bəy Topçubaşov əhaliyə yüksəkixtisaslı tibb xidməti və böyük ictimai-siyasi fəaliyyət göstərməklə bərabər, kafedrada tədris işlərinin keyfiyyətinin artırılmasına da daimi qayğı göstərilmişdir. Onun qayğısı və şəxsi təşəbbüskarlığı sayəsində kafedrada dərs keçən tələbələrin sayı artırıldıqca, dərs otaqları və klinik bazaların çarpayı fondu da artırılmış, kafedra yeni əyani vəsaitlər və diqnostika cihazları ilə zənginləşdirilmiş, operativ müdaxilələrin gedişini tələbələr tərəfindən izlənilməsi üçün xüsusi quruluşlu əməliyyat otağı tikilmiş və bir sıra başqa yeniliklər həyata keçirilmişdir. Onun yazdığı 5 cildlik "Xüsusi cərrahlıq" dərsliyi indiyə qədər Tibb İnstitutu tələblərinin və respublikamızın həkimlərinin əvəzedilməz örnək vasitəsidir.

 

Bundan əlavə, akademik M.A.Topçubaşov 200-dən artıq elmi əsərin, o cümlədən, 7 monoqrafiyanın, çoxsaylı ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 8 doktorluq və 16 namizədlik disertasiyası işlənib müdafiə edilmişdir.

 

Qədirbilən Azərbaycan xalqı akademik M.A.Topçubaşovun çoxcəhətli elmi pedaqoji, ictimai-siyasi və tibbi xidmətini heç vaxt unutmur, onun xatirəsini böyük hörmətlə yad edir. 1995-ci ildə akademik M.A.Topçubaşovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi III Cərrahi xəstəliklər kafedrasının tarixində mühüm hadisə olmuşdur. Yubiley münasibətilə M.A.Topçubaşovun xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilmiş, konfransın materialları tezislər toplusu şəklində çap etdirilmişdir. Alimin həyatını və əsərləri haqqında biblioqrafik məlumatı əhatə edən kitab nəşr olunmuşdur.

 

Mustafa bəyin xatirəsini əbədiləşdirmək məqsədilə onun 51 il işlədiyi iş otağında "Xatirə muzeyi" yaradılmış, 5 cildlik xüsüsi cərrahiyyə kitabları latın qrafikasına keçirilməklə yenidən çap etdirilmiş, Bakı şəhərində küçəyə və Xəzər sularında üzən gəmilərdən birinə, Elmi-Cərrahiyyə Mərkəzinə Mustafa bəyin adı verilmişdir.

 

Akademik M.A.Topçubaşovun anadan olmasının 100 illik yubileyi 14 oktyabr 1995-ci ildə Azərbaycan Opera və Balet teatrında keçirildi. Mustafa bəyin həyatı və yaradıcılığı, onun haqqında xoş xatirələri ilə geniş nitq söyləyən Ulu öndərimiz Heydər Əliyev demişdir: "Mustafa bəy Topçubaşovun həyat yolu, yaradıcılığı, onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz və milli iftixarımızdır. Mustafa bəy XX əsrdə Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən biridir".

 

2015-ci ildə AMEA-nın 70 illik yubileyinin Prezident cənab İlham Əliyevin sərəcamına əsasən dövlət səviyyəsində keçirilməsinin plan və proqramlarına uyğun olaraq M.A.Topçubaşovun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş monoqrafiya çap olunmuşdur.

 

1981-ci ildə akademik M.A.Topçubaşov vəfat etdikdən sonra 2 il ərzində (1981-1983) kafedraya professor Əbdülrəhim Mirzə oğlu Əliyev rəhbərlik etmiş, 1983-cü ildə isə kafedra müdiri vəzifəsinə professor Hüsü Məmmədxan oğlu Kərimov seçilmişdir.

 

Bu illər ərzində M.A.Topçubaşovun qoymuş olduğu elmi-pedaqoji ənənələr davam etdirilmişdir. Professor H.M.Kərimovun rəhbərlik etdiyi dövrdə (1983-1994) kafedrada elmi araşdırmaların əsas istiqaməti mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsində istifadə edilən orqansaxlayıcı operasiyanın-selektiv vaqotomiyanın rolunun aydınlaşdırılmasından, öddaşı xəstəliyinin, pankreatoduodenal zonanın patologiyasının cərrahi müalicəsi problemlərindən ibarət olmuşdur.

 

1994-2003-cü ilərdə kafedranın müdiri vəzifəsini professor İbadulla Nüsrət oğlu Ağayev yerinə yetirmişdir. Kafedranın əməkdaşları müasir tibb elminin müxtəlif sahələrinə (anesteziologiya, onkologiya, cərrahlıq) dair çoxsaylı dərs vəsaitləri, metodik vəsaitlər, dərsliklər, monoqrafiyalar və 300-ə qədər emi məqalə yazıb çap etdirmişlər.

 

2003-2015-ci illərdə kafedraya professor Əlikram Mustafa oğlu Məmmədov rəhbərlik etmişdir. Bu illər ərzində kafedra əməkdaşlarının əsas elmi-tədqiqat işləri qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəlikləri və endotoksikoz probleminə həsr olunmuşdur. Elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş 350-ə qədər məqalə, çoxsaylı metodiki vəsait, monoqrafiya çap etdirilmiş, doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Bu illər ərzində kafedranın əməkdaşlarından N.Ə.Vəliyev doktorluq, V.Ə.Rəhimov, Ə.H.Əliyev, C.N.Ramazanov, R.A.Məmmədov, K.Ə.Eyvazova namizədlik dissertasiyaları müdafiə etmişlər.

 

2015-2017-ci illərdə kafedraya professor M.Y.Nəsirov rəhbərlik etmişdir. Bu dövrdə də kafedra əməkdaşlarının elmi istiqamətini şəkərli diabet fonunda periferik damarların angiopatiyası, aşağı ətraf arteriyalarının obliterasiya edici xəstəlikləri, müxtəlif mənşəli peritonitlərdə endolimfatik müalicə üsullarının daha geniş tətbiqi və elmi əsaslandırılması ilə bərabər, qaraciyər, öd yolları, qastroentorologiyanın müasir problemlərinə həsr olunmuş elmi-tədqiqat işləri davam etdirilmişdir.

 

Kafedranın əsas bazası Tədris Cərrahiyə Klinikasında yerləşir. Kafedranın 2 saylı Şəhər Kliniki Xəstəxanası, Respublika Kliniki xəstəxanası, "Azərsutikinti" və Məlikov adına xəstəxanalarda filialları var.

 

Hazırda kafedrada 7 professor, 13 dosent, 15 assistent və 13 laborant fəaliyyət göstərir. Son 5 il ərzində kafedra əməkdaşları tərəfindən çoxsaylı monoqrafiyalar, dərs vəsaitləri, tədris-metodiki vəsaitlər çap etdirilmişdir (N.Vəiyev, F.Camalov, E.Şərifov, M.Nəsirov, Ə.Məmmədov, V.Rəhimov, C.Ramazanov, T.Camalova, K.Eyvazova). Elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş 276 jurnal məqaləsi (81-i xarici mətbuatda) çap etdirilmişdir (S.Hacıyev, S.Həmzəyev, İ.Axundov, Ş.İbrahimov, Ə.Sultanov, M.Mürsəlov, G.Abdıyeva, A.Abdullayev, Z.Tahirova, D.Pənahov, F.İskəndərov, Ə.Məmmədov, E.Şərifov). Kafedrada dosent M.Mürsəlovun rəhbərliyi altında tələbə elmi cəmiyyəti fəaliyyət göstərir. Kafedra əməkdaşları Türkiyə və Moskvada ixtisasartırma kursları keçirlər. Kafedra çoxsaylı təcrübəli pedaqoqlar, yüksəkixtisaslı cərrahların hazırlığında önəmli rol oynayır.

 

F.CAMALOV

III Cərrahi Xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor

Ş.ƏLİYEV

III Cərrahi Xəstəliklər kafedrasının dosenti

 

525-ci qəzet.- 2020.- 24 iyul.- S.12.