30 ilin "Ədalət"i "
Ədalət qəzetinin
nəşrə başlanmasından 30 il
ötür
Ötən
əsrin 80-ci illərinin sonunda Azərbaycanda vüsət alan Milli Azadlıq Hərəkatı az sonra ən
müxtəlif fəaliyyət sahələrinə də təsir
göstərdi.
Çox keçmədi, ölkədə bir-birinin
ardınca yeni, partiya-sovet təbliğatından uzaq müstəqil
nəşrlər yaranmağa başladı. Həmin nəşrlərdən
biri də ilk sayı 1990-cı il iyul
ayının 26-da işıq üzü görən
"Ədalət" idi.
Yazıçı, publisist, millət vəkili Aqil
Abbasın rəhbərliyi ilə artıq 30 ildir fəaliyyət
göstərən "Ədalət" qəzeti bu günlər
öz yubileyini qeyd edir. Ötən 30 ildə
"Ədalət" neçə-neçə gənc,
istedadlı jurnalistin yetişməsində, püxtələşməsində
böyük rol oynayıb. Bu gün ölkənin
ən müxtəlif media orqanlarında bir vaxtlar bu qəzetdə
fəaliyyətə başlamış peşəkar jurnalistlər
çalışırlar. Yubiley ərəfəsində
"Ədalət"in hələ fəaliyyətə
başladığı ilk günlərdən orada
çalışmış qələm adamları ilə əlaqə
saxlayıb onların fikirlərini öyrəndik.
İlk
söz, təbii ki, "Ədalət"in yaranmasında, illərin
sınağından keçərək bugünə gəlib
çıxmasında əvəzsiz xidmətləri olan, qəzetin
yaradıcısı və naşiri Aqil Abbasındır:
-
1990-cı il iyulun 1-də Mərkəzi
Komitə "Ədalət" qəzetinin fəaliyyətinə
rəsmi icazə verdi. Qəzetin ilk nömrəsi
isə iyulun 26-da işıq üzü gördü. "Ədalət" qəzeti 1990-cı ildə
Hüquqşünaslar İttifaqının mətbu orqanı
kimi təsis edildi. Yəni hüquq qəzeti
idi. Nizamnamədə qəzetin adı
"Hüquq" idi. Bütün Sovet
respublikalarında bu adda qəzetlərin nəşri
planlaşdırılırdı. Amma o qəzeti
bir biz çıxarda bildik, bir də Rusiya ilə Baltikyanı
ölkələrdə çıxdı. Qalan
ölkələrdə qəzet çıxmadı. "Ədalət"i biz Adil Minbaşıyevlə
birlikdə yaratmışıq, onun da qəzet üzərində
zəhməti böyükdür. Onunla həmişə
arzulayırdıq ki, yeni qəzet yaradaq. Dediyim
kimi, qəzetin adı ilk vaxtlarda "Hüquq" idi.
Ancaq iclasların birinə məni redaktor kimi dəvət edəndə
qəzetin adını dəyişmək istədiyimi dedim. Bildirdim ki, qəzetin adını dəyişib
"Ədalət" qoymaq istəyirəm. Böyük etirazlarla qarşılaşdım.
Dedilər ki, ədalət inqilabdan əvvəl
müsavatyönümlü partiyanın adı olub, qətiyyən
olmaz. Ancaq mən öz sözümün
üstündə durdum və Mərkəzi Komitənin
razılığı ilə qəzetin adını dəyişib
"Ədalət" qoyduq.
O
dövrdəki çətinliklərə, maneələrə
baxmayaraq, biz qəzeti çap etdik. Əslində,
"Ədalət" iyulun 26-sı yox, daha tez işıq
üzü görə bilərdi. Ancaq bizdən
asılı olmayan səbəblər üzündən bir az gecikdi. Öncə qəzet həftədə
bir dəfə, sonra üç dəfə çap
olunmağa başladı. Sonra "Ədalət"
Hüquqşünaslar İttifaqının tərkibindən
ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini
davam etdirdi. "Ədalət" qəzeti
daim maarifçilik ideyaları daşıyıb. Cəsarətli qəzet idi. Biz o
vaxt hökumət adamlarından çox, demokratik qüvvələri
müdafiə edirdik, onların fikirlərinə yer verirdik.
Qəzetin amalı türkçülük, vətənpərvərlik,
dövlətçilik olub. Fəaliyyətə
başladığı ilk günlərdən tutduğu yolu
ardıcıl davam etdirən, öz ənənəsinə
sadiq qalan mətbuat orqanları arasında "Ədalət"in
özünəməxsus yeri var. "Ədalət"
dövlətin keçdiyi keşməkeşli yollarda,
bütün sınaqlarda onun fəaliyyətini
işıqlandıran, həmçinin, xalqının qəzeti
olmağı bacaran nəşr olub.
"Ədalət" bu müddət ərzində
adının mənasını, ləyaqətini
qorumağı bacarıb. Xalqın
sözünü, dövlətin mənafeyini ədalətli
şəkildə əks etdirib. "Ədalət"
qəzeti indi də daşıdığı ada, prinsiplərinə
sadiqdir. Qəzetin ətrafında hər
zaman istedadlı qələm sahibləri olub. Bu gün ölkənin bir sıra tanınmış
qələm sahibləri "Ədalət"in məktəbini
keçib. Onlar indi müxtəlif sahələrdə
çalışmalarına baxmayaraq, bu məktəbin yetirmələridir.
"Ədalət" onlar üçün, həm
də həyat məktəbi olub.
Mehman
Cavadoğlu:
- Ötən
əsrin 90-cı illərinin əvəllərindən
başlayaraq Azərbaycanda milli mətbuat yenidən dirçəlməyə
başladı. "Ədalət" qəzeti də
o dövrdə yaranan müstəqil mətbuatın ilk
qaranquşlarından biri idi. Qəzet elə
birinci nömrəsindən özünə böyük oxucu
kütləsi toplamağı bacardı və insanlar
arasında geniş rəğbət qazandı. Qəzetin tirajı həmin dövrdə yüz minə
yaxın idi. Həmin dövrdə
"Ədalət" qəzeti ilə yanaşı,
çoxlu sayda qəzetlər də fəaliyyət göstərirdi.
Ancaq illər keçdikcə həmin qəzetlər
müxtəlif səbəblərdən nəşrini
dayandırdı. "Ədalət" isə
oxucu rəğbəti qazanan, daim böyük maraqla izlənilən
qəzet kimi öz nüfuzunu, çəkisini bugünədək
qoruyub saxlamağı bacardı. Artıq
30 ildir, "Ədalət" qəzeti fasiləsiz olaraq nəşr
olunur. O dövrdə olduğu kimi, bu gün də qəzet
oxucular tərəfindən böyük maraqla izlənir və
oxunur. 30 illik fəaliyyəti dövründə
"Ədalət" qəzeti milli mətbuat tarixinə
özünəməxsus səhifələr yazıb.
Rəşad
Məcid:
- "Ədalət" qəzetinin 30 yaşı tamam
olur. Bəlkə
də, çoxlarına bu rəqəm sadə, adi informasiya
kimi görünə bilər, amma mənim üçün
bu, 30 il əvvələ bir səyahət
oldu, nostalji duyğular yaşatdı. Onda hamımız gənc
idik, 1990-cı il 20 Yanvar hadisələrinin məyusluğu
ruhumuzu çuğlamışdı, eyni zamanda,
xalqımız üçün öz sahəmizdə nəsə
etmək arzularımız vardı və bu arzuların, hisslərin
məkanı məhz "Ədalət" qəzeti oldu. Aqil Abbas özünə yaxın insanları,
dostları bir qəzet ətrafında topladı.
"Ədalət" qəzetinin ilk sayını
xatırladıqda hüquqşünas Adil Minbaşıyevin fəaliyyətini,
işgüzarlığını, əzmini yada salır,
Mehman Cavadoğlunu, ilk nömrədə fəaliyyətə
başlayan Aydın Ağazadəni, gənclərdən Yusif
Rzayev və Vahid Qazıyevin yazılarını, eləcə
də digər dostları xatırlayıram.
"Ədalət"
qəzetinin keçdiyi bu 30 illik yolda, ola
bilər ki, nə vaxtsa tirajı azalıb, amma bütün
dövrlərdə öz obrazını, simasını həmişə
saxlayıb. Son illər əziz İradə
Tuncayın rəhbərliyiylə qəzetin intellektual
yükü, çəkisi artıb. Amma
"Ədalət" həmişə Aqil Abbasın qəzeti
olub, onun xarakterini özündə yansıdan qəzet olub.
Bu qəzet hər zaman Aqil Abbasın
xeyirxahlığı, ədəbiyyata, gənc yazarlara dəstəyi,
xarakterindən irəli gələn genişürəkliliyi ilə
yadda qalıb, eyni zamanda, iti yumor və sarkazmla heç nədən
çəkinmədən sözünü eməyi bacarıb.
Hələ 1990-cı illərdə məmurların
"Ədalət" qəzetinin ilk səhifəsi qədər
qorxduqları başqa bir şey yox idi ki, birdən Aqilin qələminə
tuş gələrlər. Aqil Abbas klassik mətbuatımızı,
"Əkinçi"dən gələn ənənələri,
"Molla Nəsrəddin"in iti sarkazmını öz qəzetində
birləşdirirdi. "Ədalət"
hər zaman klassik mətbuatımızın
davamçısı kimi çıxış edirdi. Aqil
özünün
biliyi, sərrast intuisiyası, enerjisi hesabına
"Ədalət" qəzetini həmişə öndə
saxlayıb. Bu gün Aqil bəlkə, bir az
yaşlanıb. Amma çox sevinirəm ki, mənim əziz
dostum, doğmam Aqil Abbas indi də hadisələrə iti,
çevik reaksiyası, orijinal fikirlərilə fərqlənir
və bütün bu illərdə özünün xalqa
yaxın, xalqın dərdiylə həmdəm olan, eyni zamanda,
rəsmi strukturlara öz sözünü deyə bilən
jurnalist, yazıçı, redaktor, millət vəkili
obrazını - Aqil Abbas obrazını qoruyub saxlaya bilib. "Ədalət" qəzetini də məhz Aqil
Abbas 30 ildir qoruyub-saxlayır. Arzu edirəm, bundan sonra
daha 30 il də Aqil Abbas "Ədalət"
qəzetinə rəhbərlik eləsin. "Ədalət"
qəzetində izi olan hər kəsi yubiley münasibətilə
təbrik edirəm.
Nazim
Ağamirov:
-
1990-cı ilin iyulunda ilk sayı çapdan çıxan "Ədalət" qəzeti
çağdaş mətbuatımızın ilk
qaranquşlarından oldu. Mətbuat tariximizdə ilk hüquq qəzeti
olaraq fəaliyyətə
başladı. Yaranışının ilk
günlərindən digər mətbuat nəşrlərindən
fərqləndi. Ötkəm oldu, ürəkli
oldu. Çoxları bu qəzetə, onun əməkdaşlarına
qibtə etdi, həsəd aparanlar da oldu. Adı
qəzetin səhifələrinə düşməkdən
qorxub çəkinənlər də çox idi.
Qəzet ilk günlərdən oxucuların diqqətini
orijinallığı, qeyri-standart yanaşmaları ilə cəlb
etdi, get-gedə oxucu auditoriyası genişləndi. Əvvəllər
daha çox hüquqi mövzularda materiallar dərc edən qəzetin
mövzu dairəsi daha rəngarəng olmağa, ölkədə,
cəmiyyətdə gedən proseslərə yaxından
nüfuz etməyə başladı. Müxtəlif
sosial problemlərlə redaksiyaya müraciət edən vətəndaşların
güvənc yerinə çevrildi, onlara dayaq durdu.
"Ədalət"i
bir çox mətbu nəşrlərdən fərqləndirən
bir cəhət də
onda idi ki, qəzet həm də bir
məktəb oldu. Öz səhifələrində
istedadlı qələm sahiblərinə səxavətlə
yer ayırdı,
onları oxuculara tanıtdırdı. Bütün bu illərdə yüzlərlə insan
"Ədalət"in səhifələrində qələmini
sınadı.
Jurnalistlərin
dilində gəzən qanadlı bir fraza var: "Şinelindən
çıxmaq". Bu gün məhz "Ədalət"in
"şinelindən çıxmış" onlarla qələm
sahibi var ki, indi mətbuatda, sosial şəbəkələrdə,
televiziya kanallarında aparıcı simalara çevriliblər. Vaxtilə heç kəsin
tanımadığı, imzasına bələd
olmadığı gənc ədəbi qüvvələrə
məhz "Ədalət" sahiblik etdi, qəzetdə
"Ədəbiyyat səhifəsi" açaraq onlara meydan verdi. İndi həmin istedadlı
gənclərin sorağı müxtəlif ədəbi nəşrlərdən
gəlir, imzaları tanınır, əsərləri diqqəti
cəlb edir, maraqla oxunur.
Bu minvalla
"Ədalər" 30 ildir ki, yol gəlir...
Yolunuz
açıq olsun, "Ədalət"çilər! Yubileyiniz mübarək olsun!
Aydın
Ağazadə:
- O
dövrlər Azərbaycanda müstəqil qəzetlər
çox az idi. 1990-cı ildə
tanınmış hüquqşünas Adil Minbaşıyevin
yaratdığı "Ədalət" qəzeti o illər
hüququ pozulmuş, haqqı tapdanmış vətəndaşların
az qala ümid yerinə çevrilmiş oldu. Elə
ilk günlərdən redaksiyamıza şikayət məktublarının
"yağışı" başladı. Açığını deyim, redaksiyaya gondərilən
şikayət məktublarının sayı-hesabı yox idi.
İnsanlar ədalət sorağında ikən
"Ədalət" onların köməyinə gəlmişdi.
Redaktor Aqil Abbas az zaman içində
bacarıqlı və işgüzar kollektiv toplaya bilmişdi.
Mehman Cavadoğıu, Rəşad Məcid, Nazim Ağamirov,
Yusif Rzayev, Vahid Qazi, Babək Yusifoğlu, Faiq Qismətoğlu,
Lətif Seleymanlı, Asif Mərzili, Əbülfət Mədətoğlu,
Rəşid Faxralı, Daşdəmir Əjdəroğlu kimi
istedadlı qələm sahibləri böyük fədakarlıqla
qəzetin yüksək səviyyədə çap olunması
üçün əllərindən gələni əsirgəmədilər.
Bu illər ərzində redaksiyadan uzaqlaşıb, daha
yüksək vəzifəyə gedənlər də oldu, yeni
gənclər də cəlb edildi.
Artıq 30 ildir, "Ədalət" davamlı şəkildə
işıq üzü görməkdədir. Bu illər ərzində
çox şey dəyişib. Artıq
neçə illərdir, qəzetə istedadlı jurnalist
İradə Tuncay rəhbərlik edir. Onun baş redaktorluğuyla qəzet
öz hüsnünü yaxşı mənada bir az da dəyişib.
Bu bayram günündə yaranışından bugünəcən
"Ədalət"in işıq üzü görməsində
zəhməti olan hər kəsi ürəkdən təbrik
edirəm.
Yolunuz açıq, işiniz avand, bayramınız mübarək
olsun, əzizlərim!
Vahid Qazi:
-
İnanmaq olmur "Ədalət" qəzetinin 30
yaşı olmasına! Elə bil, Aqil Abbasın
"Jurnalistikanı universitetdə yox, redaksiyalarda öyrənirlər.
Keçin qiyabiyə, təzə qəzet
açıram" dediyi gün dünən idi.
Eşitdiyimizə inanmamışdıq, necə yəni
ikimizə bir şöbə? Elə demişdi, qəzet
açmaq ideyası yarananda. Yusif Rzayevlə
məni nəzərdə tuturdu. "İlf
və Petrov kimi qoşa imzayla yazaram yerinizə olsam".
"Gülnarə" kafesindəki məclisdə tam
ştatlı müxbir olduq.
Qəzet çıxaçıxdadır və biz
"Azneft" çayxanasında görüşürük. "Bir
ştatı yarı böləcəm, iki qardaş işləyərsiniz.
Hələ tələbəsiniz də".
Doğrudan
da tələbəydik, sovet vaxtı korrektor da böyük
iş idi tələbəyə, o ki qala müxbir ola.
Və nəhayət
əmrlər elan olundu: Yusif Rzayevlə Vahid Qazıyev
ştatdankənar müxbir! Nə?
Aqilə ərk edəcək qədər sevgimiz,
üsyan qaldıracaq qədər də ərkimiz vardı. "Biz
işləmirik!"
Araya Rəşad Məcid girdi. Yarımştat işə
başladıq. Çox keçmədi,
özü bizi tam ştata keçirdi. Aqildə
adamın ürəyini qırmağa ürək nə gəzirdi!
"Ədalət"
tək ilk iş yerim olmayıb, həm də mənə hər
jurnalistin yaşaya bilməyəcəyi duyğuların ilkini
yaşadan yer olub. Ağdamdan Şuşaya
helikopterlə sonuncu uçuş zamanı
yaşadığım qorxu kimi, məsələn. Erməni
gülləsindən salamat qurtulub ayağımı
Cıdır düzünə basanda az qala
dizim qatlanacaqdı - ömrün ən böyük
qorxusuymuş yaşadığım. O səfərdən
jurnalistlik bioqrafiyama yazılan "Zirzəmidə gecələyən
şəhər"lə qayıtdım.
Yaxud Ala
Yaqubun, OMON komandiri Rövşən Cavadovun döyüşlərindən
hazırlayıb Ağdamdakı 5-54-50 nömrəli ev
telefonumuzla redaksiyaya ötürdüyüm xəbəri, səhəri
gün köşkdən aldığım qəzetdə
"Müxbirimiz Vahid Qazıyev cəbhə bölgəsindən
xəbər verir" şəklində oxumanın yerindən
oynatdığı ruh kimi.
Müstəqil mətbuatın qaranquşlarından olan
"Ədalət"də yaşadığım başqa
unudulmaz duyğular da var. Bir-bir yazsam, qəzetdə yer qalmaz.
Yubiley
yaşı qeyd olunan "Ədalət"in bütün əməkdaşlarını,
köhnə, yeni redaktorlarını təbrik edirəm!
Şair "özünə qayıdır, hər
şey özünə" deyir. Yubiley arzum isə odur
ki, mən də qayıdım. Qayıdıb
"Ədalət"in azad olunmuş Ağdam şəhərində
bölgə müxbiri olum. Ürəkaçan
reportajlar yazım. O vaxtlar "Gənc publisistin
düşüncələri" rubrikasında
yazdıqlarımı indi "Köhnə müxbirin xatirələri"
silsiləsində davam edim.
Yurdun qapısı yurddaşa açıq olur. "Ədalət"
də yurddu. Yüyürüb gələrəm,
lap ştatdankənar olsa da.
Bir də axı, indi o tək Aqil "Ədalət"
deyil, İradəli, Aqil "Ədalət"di.
Bax belə...
Yusif
Rzayev:
- Tələbə
idik. İkimiz də - Vahid Qazi də, mən də
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
əyani oxuyurduq. Böyük qardaş kimi gözü həmişə
üstümüzdə olan Aqil Abbas bir gün dedi ki,
keçin qiyabiyə, qəzet açıram, ikinizi də
işə götürəcəm. Bizim "Ədalət"ə
gəlişimiz belə oldu. Qəzetin ilk
günündən.
İlk sayın çapa hazırlandığı
günlər indiki kimi yadımdadır - həyəcanla sevinc
bir-birinə qarışmışdı. Redaksiya da bizə
yad deyildi, tanıdıqlarımız vardı - ən əsas
da, dediyim kimi, Aqil Abbas və bir də Rəşad Məcid.
Mehman Cavadoğlunu da orada tanıdıq və Vahid də,
mən də ondan çox şey öyrəndik. Həmişə
deyirəm, onun timsalında özümə müəllim
qazandım.
30 il keçib və bu üç onillikdə
çox şey dəyişib. "Ədalət"in
o başlanğıc heyətinin əksəriyyətinin
yolları ayrılıb, hərə bir tərəfə
dağılıb. Bu 30 ildə öz yerində
olan təkcə Aqil Abbasdır. Zamanın
və zəmanənin çətinliklərinə,
qabarma-çəkilmələrinə davam gətirə-gətirə
böyük bir gəmini limana təkbaşına
çatdırıb.
Ola bilsin,
bu 30 ildə hansısa məqamlarda jurnalistikanın bəlli
prinsiplərini, doqmalarını da pozub, kimlərinsə
qınağı ilə də üzləşib, amma öz
bildiyini heç kimə verməyib, doğru bildiyini eləyib.
İndi bu doqma-prinsip söhbətini eləyəndə
dodaqlarım qaçdı, Aqilin buna necə reaksiya verəcəyini
təsəvvürümə gətirib gülümsədim.
Yəqin indi bu söhbətə onun özünə
xas, senzuradan uzaq, yeddimərtəbəli cavabı da
hazırdır. Canından da çox istədiyin
yurdun işğal olunubsa, o torpaqlar uğrunda şəhid
olmuş neçə-neçə döyüşçü
dostunu öz əlinlə məzara qoymusansa, ev-eşiyindən
didərgin düşən nə qədər insanı
çarəsiz, əlacsız görəndə ürəyin
pörşələnibsə, hansı doqmadan-prinsipdən
danışırsan?
Onun
özünün bir prinsipi olub: yurdu, el-obası
üçün nəsə etmək, yurdunun,
el-obasının o çarəsiz, əlacsız
adamlarının pənahına yetmək, dadına çatmaq,
onların ürəklərində qut olmaq. Və bu
ağrı-acıları yaşaya-yaşaya neçə-neçə
gənc yazara arxa durmaq, onları ruhdan düşməyə
qoymamaq, qəzetinin səhifələrini ürəyi kimi o
istedadlı cavanların üzünə açmaq... Bunların hamısı bir adamın, bir canın
bacaracağı, öhdəsindən gələ biləcəyi
işlər deyil. Aqil Abbas bunların
öhdəsindən tək gəlib. Buna
görə də "Ədalət"in 30 illik yubileyinin ən
mötəbər təbrikləri məhz ona - Aqil Abbasa
düşür. Təbrik edirəm!..
30 il keçib. "Ədalət"in 30
yaşı mənimçün həm də 30 il
jurnalistikada olmağımın tarixidir. 30 il
əvvəl biz gənc idik. O dönəmlər idi ki, bir
gün mütləq gerçəkləşəcəyinə
inandığımız çoxlu arzularımız,
böyük ümidlərimiz vardı. Həm də
o ümidlərin hamısı dipdiri idi.
30 ildən
sonraya ümidmi qalar?!.
Faiq Qismətoğlu:
-
1990-cı ilin 26 iyul günü böyük bir sevin
yaşadıq. Həmin gün "Ədalət"
dünyaya gəldi. Həmin gün Aqil Abbas, Nazim
Ağamirov, Rəşid Faxralı, Babək Yusifoğlu, Lətif
Süleymanlı, Məhəmmədəli Mustafa - "Ədalət"
qəzetinin sevincini hamımız birlikdə
yaşayırdıq. "Sovet kəndi" qəzetinin redaksiyasında, Aqil Abbasın
iş otağında ilk nömrəni buraxmışdıq. İlk nömrənin ətri hələ də
burnumdadır. Bəlkə də,
ömrümüzdə ogünkü qədər sevinməmişdik
və ogünkü qədər özümüzü xoşbəxt
və rahat hiss eləməmişdik. Düz 30 il bundan əvvəl baş vermiş həmin
hadisəni xatırlayanda çox kövrəlirik. Çünki "Ədalət" onun ilk nömrəsini
buraxan hər bir jurnalistin balaca övladı kimi dünyaya gəlmişdi.
Biz ona baxıb qürur hissi keçiririk ki, zamanın
çovğununa, tufanına sinə gərmiş "Ədalət" bu gün də
böyük qəzet bolluğunda öz yolunu davam etdirir. Hələ
bundan sonra da o yolu davam etdirəcək, öz
işığı, öz nuru ilə bu milləti, bu xalqı
sevindirəcək.
Babək
Yusifoğlu:
- "Ədalət" qəzeti ötən əsrin
90-cı illərinin çox qarışıq dövründə
yarandı. Bu o zaman idi ki, insanlarımız sovet rejiminin mətbu
orqanlarının yalanlarından bezmişdi. Hər kəs nəhayət, doğruları öyrənmək
arzusundaydı. Və məhz belə bir zamanda Aqil
Abbasın böyük çabalarıyla ərsəyə gələn
"Ədalət" müxtəlif əngəllərə,
çətinliklərə baxmayaraq, belə bir missiyanı
öz üzərinə götürdü. Mən
qəzetimizin ilk günündən orada işləməyə
başlamışam. Yaxşı
xatırlayıram. Elə ilk günündən Aqil
müəllim hər birimizə həqiqətləri oxucuya
çatdırmaq azadlığı verdi.
Mübaliğəsiz
deyirəm, elə o vaxtdan "Ədalət" mənim digər
evimə, iş yoldaşlarımsa doğmalarıma
çevrildi. Yaddaşımıza həkk olan gözəl illər
yaşadım. Dəyərli dostlar qazandım,
istedadlı insanlar tanıdım. Kənardan
təhdidlər, hədələr eşitdiyim zamanlar da oldu.
Amma qələmi doğru olmayan tərəfə
çevirmədim.
Qəribədir, 2015-ci ildə "Ədalət"dən
ayrılsam da, bu gün də oranı öz doğma
ocağım bilirəm. "Ədalət" bir məktəbdir
və qürurluyam ki, mən də bu məktəbin bir
parçasıyam. "Ədalət"ə sonsuza qədər uğurlar
arzulayıram.
Nurəddin
Rzayev:
- "Ədalət" qezetinin nəşrə
başlaması zamanı işə qəbul olunan ilk onluqda
olmaq şərəfini mən də yaşadım.Təxminən
bir ay çapa hazırlıq getdi. "Azərbaycan"
nəşriyyatının üçüncü mərtəbəsində
Aqil Abbasın bir otaqdan ibarət redaksiyasına
sığınmışdıq, demək olar, bütün
işlər nəşriyyatın dəhlizlərində
görülürdü, həm də o bir otaq
qaynayırdı. Qəzetin təsisçisi
o zaman yeni yaranmış Azərbaycan Hüquqşünaslar
İttifaqı olsa da, əsas güc Aqil Abbasın və Adil
Minbaşıyevin üzərində idi. Bir
sözlə, çox gərgin işlərdən sonra qəzetin
ilk nömrəsi çapa hazırlandı. Qəzeti mətbəyə təhvil verəndə məlum
oldu ki, çapa rəsmi icazə verilməyib. Aqil Abbas başda olmaqla bütün işçilər
qanıqara və pərt halda otağın
qarşısında dayandığımız bir vaxtda dəhlizdə
Adil Minbaşıyev göründü və Aqil Abbasın
otağına keçdi. Qəribə bir
soyuqqanlılıqla söhbət edib, qəflətən
"Durun gedin qəzeti çap edin" - dedi. Bax
bu anı təsəvvür etmək üçün
yalnız orada olmaq gərək idi. Hər
kəs çaşıb qalmışdı, dinə bilmirdik.
Qəribə bir sükutdan sonra hamımız,
Aqil Abbas da olmaqla Adil Minbaşıyevın boynuna
sarıldıq. Beləcə ilk nömrəsi
işıq üzü görən "Ədalət"
çox tez bir zamanda parladı. Qeyd etməyi
özümə borc bilirəm ki, qəzetin
populyarlaşmasının bir səbəbi də çox kəskin
yazılarla bərabər, birinci səhifə xəbərləri
oldu kı, bu səhifə də yalnız Aqil Abbasa məxsus
idi.
Həmin
vaxtlar, səhv etmirəmsə, üç müstəqil qəzet
fəaliyyət göstərirdi: "Vətən səsi",
"Ayna-Zerkalo" və "Aydınlıq". "Ədalət" dördüncü müstəqil
qəzet olsa da, çox tez bir zamanda populyar bir qəzetə
çevrildi. Xüsusilə də insanların
pozulmuş hüquqlarının qorunması sahəsində
böyük işlər görülürdü.
Bax beləcə,
mətbuatda olduğum otuz ilin ilk beş
ilini "Ədalət"də çalşdım. İndi də düşünürəm ki, mənim
üçün başlanğıc uğur getirib.
Lətif
Süleymanov:
- "Ədalət" qəzeti Azərbaycan mətbuatında
ədəbi məktəbdir. Aqil Abbas o məktəbin
sütunudur. O məktəbdə oxuyanlar elə bil, bir
universitet qurtarıblar. Bız o məktəbin məzunlarıyıq.
Biz fəxrlə deyə bilərik kı,
"Ədalət"in şinelindən
çıxmışıq. Aqil Abbas bizə
qələm tutmağı, söz şavaşına
çıxmağı öyrədib. Əlimizdən
tutub bizi jurnalistikanın sonsuz üfüqlərinə gətirib.
Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan
mətbuatının hər guşəsində "Ədalət"çilərin
imzası və yerı var.
Son
söz isə "Ədalət"in ilk təsisçisi, qəzetin
fəaliyyətə başlamasında xüsusi xidmətləri
olmuş tanınmış hüquqşünas Adil
Minbaşınındır:
- O
dövrlər qəzet açmaq, çap etmək indiki kimi
asan deyildi, qəzet çıxarmaq doğurdan da çox
çətin bir iş sayılırdı. Qəzet
açmaq, çap üçün kağız tapmaq
müşkül məsələ idi. Bütün
bu çətinliklərə, maneələrə baxmayaraq, biz
"Ədalət" qəzetini təsis etdik və qəzet
çap olunmağa başladı. Nəşrə
başladığı ilk gündən "Ədalət"
hər kəs tərəfindən böyük maraqla oxunur və
diqqətlə izlənilirdi. Qəzet
qısa bir müddətdə özünəməxsus oxucu
auditoriyası topladı. Geniş ictimaiyyət
"Ədalət" qəzetini sevə-sevə oxuyur və
çox yüksək qiymətləndirirdi. "Ədalət" o qədər oxunaqlı idi
ki, satış üçün köşklərə verilən
bütün qəzetlər satılırdı,
qayıdış olmurdu. Hətta çox
satıldığı üçün nəşriyyat bizdən
xəbərsiz əlavə qəzet də çap edirdi.
Qəzet demək olar ki, yüz min tirajla
çap olunurdu. Təsisçi və baş redaktor
olaraq qəzetin istiqamətini mən müəyyənləşdirsəm
də, dərc olunan materiallara, məqalələrə baş
redaktorun müavini Aqil Abbas, eləcə də, Mehman
Cavadoğlu, Rəşad Məcid, Nazim Ağamirov kimi peşəkar
insanlar nəzarət edirdilər. Tədricən
qəzetin kollektivi böyüdü və əməkdaşların
sayı artdı. O dövrdə qəzetin 11 zona
müxbiri var idi.
Qəzet çap olunmağa başladığı
gündən demokratik dəyərləri müdafiə edirdi. Bu da Kommunist
Partiyasında olan bir çox rəhbər işçilərin
xoşuna gəlmirdi. Demək olar ki, təsisçi
olaraq hər həftə məni müxtəlif bəhanələrlə
Mərkəzi Komitəyə çağırırdılar.
O vaxtlar xalqın oyanış vaxtı idi. Mitinqlərdə
insanlar demokratik tələblər irəli sürürdülər.
Biz də ölkədə baş verən hadisələrlə
bağlı yazılar dərc edirdik. Təbii
ki, bu da Mərkəzi Komitə rəhbərliyini
qıcıqlandırırdı. Komitədə
mənə qəzetdə demokratik dəyərləri
müdafiə etdiyimə görə iradlarını bildirir,
Kommunist Partiyasının mövqeyini dəstəkləməli
olduğumu təkidlə söyləyirdilər. Təbii ki, bütün bunlar bizi öz haqq yolumuzdan
çəkindirmirdi. "Ədalət"
yenə də öz ədalətli mövqeyini qoruyurdu. Qəzetin üstünlüyü və xalq
arasında populyarlaşmasının səbəbi də həmin
dövrdəki prosesləri doğru-dürüst
işıqlandırması idi. Həmin
çətin dövrdə qəzetin yüksək səviyyədə
hazırlanması, insanlar arasında sevilməsində
"Ədalət"də çalışan bütün əməkdaşların
əməyi danılmazdır. Məhz onların əməyi
sayəsində "Ədalət" yarandı, inkişaf etdi və
bu günlərə gəlib çatdı.
"Ədalət"in şinelindən çıxan
bir çox peşəkar jurnalistlər sonradan Azərbaycanda nəşrə
başlayan müxtəlif qəzetlərin təsisçiləri
və əməkdaşları oldular. Bu 30 illik müddət
ərzində haqqın təmsilçisi olan "Ədalət"də
işini bilən, təcrübəli, savadlı və peşəkar
jurnalistlər çalışıb. Bu ənənə
bu gün də davam etməkdədir.
525-ci qəzet.- 2020.- 29 iyul.- S.16.