İntihardan öncəki
qadın
esse
Ən gözəl cənnət qəhqəhə çəkən,
kitab oxuyan və rəqs edən qadınların yetişdirdiyi
insanların cəmiyyətidir. Məncə, bu fikrimdə
yerdən göyə qədər haqlıyam.
Tez-tez belə
bir cəmiyyət xəyal edirəm: qadınlarının yad
nəzərlər altında əzilmədiyi, şux
davrandığı, küçələrdə ürəkdən
qəhqəhə çəkə bildiyi, ya şəhərin
düz mərkəzində, ya da hansısa kənddə
körpəsini qucağına alıb sümüyünə
düşən bir musiqinin havasına rəqs etdiyi bir cəmiyyət.
Qadının azad quş kimi heç bir bədniyyət,
heç bir məkrli baxış olmadan, olsa da, başını
dik tutub yaşadığı həyatın
büsbütün ona aid olduğunu qavrayaraq əzilmədən,
sınmadan, əyilmədən, rahat nəfəs ala biləcəyi
cəmiyyət. İndi belə bir qadının
qucağında böyüyən uşağı
düşünün... Dünyada bundan gözəl, bundan
utopik cəmiyyət ola bilərmi?
Biz mühafizəkar cəmiyyətin illərdən bəri
miras qalan (özü də qara miras) standart qəliblərinin
məhsullarıyıq. Yaşlılarımız buna dədə-babalarımızdan
qalan adət-ənənə deyirlər. Bunları
qəlib adlandırmaq onları qəzəbləndirir. Nəsillər arasındakı uçurum belə yaranmağa
başlayır. Mən də atamın adət-ənənə
dediyi bu davranış şəkillərini qəlib sayan və
onları qəbul etməyən gənc nəslin nümayəndəsiyəm.
İndi
sizə bir az özümdən
danışacağam. Gözümü
açandan doqquz nəfərlik böyük bir ailədə
böyümüşəm. Biz buna külfət deyirik: əmilər,
bibilər, əmilərin ailələri, nənə, baba. Kimin ağzından çıxdığını,
kimin dediyini unutduğum onlarla sırğa var qulağımda.
Məsələn, atam deyərdi ki, qız
uşağı başıaşağı olar. Başım həmişə aşağıydı,
atamın qızı olmalıydım. Anam
deyirdi ki, mən futbol oynaya bilmərəm, ayıbdır.
Mən də oynamırdım. Nənəm deyirdi ki, bala, böyüyün
sözündən çıxsan, xeyir tapmazsan. Əmim, "Qız uşağı nədir, hərbçi
nədir" - deyərdi. Bibim tellərimə
irad tutardı, "qız ki kəkil çıxartdı, ver
getsin". Bir
müəllimim atama, "qızını döyməyən
dizini döyər, - demişdi - yaxşı eləyirsən,
gözünün odunu al".
Evimizə qonaq gələn bir nəfərin sözü
də hələ o vaxt qulağımda sırğa olmuşdu:
"Qız yükü duz yüküdür, bunlara çox əziyyət
çəkmə, ver getsin, sənə qalan bax bu oğul bala
olacaq". "Bax bu oğul bala" deyəndə
qardaşımı göstərmişdi.
Uşaqlıqda elə də ağır gəlmirdi
bütün bu deyilənlər. Elə böyüməyə
başladım, dizimin üstündən ətək geyinə
bilməzdim, olmazdı, kiminsə nəfsi keçə bilərdi.
Qolumun dirsəkdən yuxarı hissəsinın
açıq qalması da ayıb sayılırdı atama
görə. Sinfimizdə, kənddə
yaşıdımız olan yad bir oğlanla nə salamlaşa,
nə küçədə birlikdə yeriyə, nə də
söhbət edə bilərdik. İşdir,
etsək, mütləq nə
danışdığımızı atamız bilməliydi.
Atam anamın bizə qarşı sərt
olmağını istəyir, bizimlə yataqxana yoldaşı
kimi davranmamağı üçün tənbehləyirdi.
Çünki biz qız uşağı idik və
böyüdükcə atanın balası olmaq yaman çətinləşirdi.
Böyüdükcə
bir şeyi hiss etdim, sən demə, bu illər ərzində
milyon işıq ili
uzaqlaşmışammış atamdan - evdə
olmadığı günlərdə köynəyini qoxlayaraq
yatdığım adamdan. Şıltaqlıq, dəcəllik
qanımda var idi. Oynamağı, bərkdən
gülməyi, bədii kitablar oxumağı, oğlanlarla
dostluq etməyi, idman komandalarında yer almağı, tədbirlərdə
çıxışlar etməyi, şeirlər yazmağı
sevirdim. Hələ də sevirəm. Atam isə başımı aşağı salıb
dərslərimi oxumağımı, diplomumu alıb cehizimin
üstünə qoyub ərə getməyimi istəyirdi, deyəsən.
Buna görə evdə onu ən çox əsəbləşdirən
də mən idim. Dünyada bu qədər gözəl
şeylər varkən, duvağı başıma keçirib
tanımadığım yüzlərlə adamın
içində qol götürüb oynayıb, səhərisi gün də
tanımadığım bir kişinin paltarlarını
ütüləmək... Yox, bəlkə, həkim,
ya hərbçi, jurnalist, yoxsa şair - hansı
olacağımı bilmirdim, amma istədiyimin bu
olmadığından adım kimi əmin idim. Böyüdükcə sorğulamağa,
sorğuladıqca anlamağa başladım. Niyə başıaşağı olmalıyam
axı? Mən ki ayıb bir iş tutmamışam. Həm də buludlara baxmağı, ətrafı
müşahidə etməyi sevirəm, axı. Niyə oğlanlarla danışmaq, dostluq etmək
olmaz? Axı qızlar bir-birinin qeybətini
edəndə, mən oğlanlarla maşınlar, atlar,
başqa ölkələr haqqında danışa bilirəm.
Niyə tellərimin üzümə
tökülməsi qadağan, çiyinlərimin
göründüyü kofta, dar paltar geyinmək ayıb olsun
ki? Axı, mən Rahibə Tereza deyiləm
və qaçanda bu ətək ayaqlarıma dolaşır.
Sonra bir az da böyüdüm. Niyə sevmək olmaz ki? Əgər
mənim bir insana aşiq olub şeir yazmağım əxlaqsızlıq,
adbatıranlıqdısa, onda niyə oğlanlar gündə
birini sevir və əxlaqsız da sayılmırlar? Mən niyə ağ
kağızam ki? Yooox, mən elə Natəvanam,
balaca bir qızam, vallah baxın, ətdən və
sümükdən, elə sizin kimi.
Anam tənbeh edirdi ki, özümüzü hamıdan
qoruyaq. Necə? Kimdən? Niyə? "Sənə kimsə
nəsə deyəndə daşı götürüb vur təpəsinə"
- deyirdi atam. Niyə, axı? Bəlkə, yaxşı nəsə deyəcək?
21-ci əsrdə geyimim və zopam ilə
özümü cəmiyyətdəki əks cinsdən
qorumalıyamsa, bu qədər iyrənc bir dünyada
yaşayırıqsa, onda mənə bu dünyanı niyə
rəva bildiniz? Niyə doğuldum? Bu sualın da cavabını sonradan öyrəndim.
Oğlan gözləyirlərmiş, mən gəlmişəm.
Tərsliyə bax, o gün necə məyus olduqlarını təsəvvür
edə bilirəm...
İndi 26 yaşlı gənc bir qadınam. Maddi və
mental baxımdan valideynlərimdən asılı deyiləm.
İstədiyim sənəti seçmişəm,
sevdiyim insanla evlənmişəm. Ona belə
üstümdə söz haqqı vermirəm çox vaxt.
Olmaz. Mən Tanrının bəxş
etdiyi bu həyatı bu qədər çətinliklə
sahiblənə bilmişəm. Hər şeyə rəğmən,
dəfələrlə intihar həddinə
çatmağıma, o sancılı, yalnız keçən
günlərə rəğmən, bu dərdimi desəm, onsuz
da məni anlamayacaqlar, qınayacaqlar, ayaqaltı edəcəklər,
yaxşısı budur, içimə atım, özüm həll
edim, heç bir kişidən kömək almayım ki,
heç birinin boyunduruğu altına da düşməyim,
düşüncələrimlə tək və başı
dik həyatda qalmışam.
Bu yazının bir məqsədi var. Dönüb geriyə
baxanda, ailəmlə mübarizə aparmağa sərf etdiyim
enerjiylə, buna görə itirdiyim vaxtla əslində nə
qədər xəyalımı reallaşdıra biləcəyimi
fikirləşirəm hərdən. Fərqliliyin əxlaqsızlıq
olmadığını, özümü daşla yox,
qanun-qaydayla, ağılla-kamalla qoruya bildiyimi, bu həyatın
mənim olduğunu, onların bir çıxıntısı
yox, azad fərd olduğumu, gülüşümün hesabatını
onlara vermək məcburiyyətində
olmadığımı, hansı sənəti seçəcəyimə,
kiminlə evlənəcəyimə yalnız özümün
qərar verə biləcəyimi, başqa bir ölkəyə
yanımda kişi olmadan çıxmaq kimi bir hüququm
olduğunu onlara izah etməyə çalışmaq, hər
addımımda aldığım hər nəfəsin
hesabatını vermək kimidir bu. Buna görə mən, bu
ölkədə intihar edən hər qadınla birlikdə
intihar edirəm, əslində. İçimdə
bir qadın ölür. Hamısı da məndir
sanki. Hamısına gözlərim dolur,
hamısına əsəbləşirəm.
Çünki hər dəfə mən bu həyatı, bu qəlibləri
istəmirəm, mən bunu yaşamaq istəmirəm deyib, həyatıma
son verməyi düşünəndə, bir tərəfim o tərəfimə
qalib gəlib: həyata olan sevgim, özümə olan
inamım. Güclü ol, dirən, uzağı
öldürəcəklər. İntihar
etməyi düşünürsənsə, deməli, başqa
da hər şeyi gözə ala bilərsən. Natəvan yaşayır. Bəlkə
də, təsadüfən. Bəlkə də,
güclü olduğu üçün. Bəlkə
də, hər şeydən bezəndə kitablara
sığındığı üçün. Amma
ölkəmizdə hələ də, hər il
onlarla natəvanlar intihar edir. Bəlkə də, güclü ola bilmədikləri üçün, bəlkə
də təsadüfdən... Amma öz haqqlarını,
hüquqlarını bilmədikləri, özlərinə
güvənmədikləri, mental olaraq başqalarının təsiri
altında qaldıqları, öz dəyərlərini
başqalarının gözündən ölçdükləri,
başlarına gələn hadisə hər nə olubsa, onu
mühakimə etmədən dinləyəcək, anlayacaq,
yardım edəcək valideynləri olmadığı
üçün öldüklərinə əminəm. Başqa da yazmadığım, amma
hamımızın çox gözəl bildiyi bir çox səbəblərdən
dolayı.
Mənə qayıtsaq, həyat şərtlərim
çox çətin olduğu zamanlarda belə, nə
valideynlərimdən, nə də həyat yoldaşımdan
maddi dəstək qəbul edirəm. Məni boyunduruq
altında böyütdükləri o dişi kölə yox,
onlarla bərabər hüquqlara sahib olan və bunun fərqinə
varan, öz ayaqlarının üstündə durmağı
bacaran bu cəmiyyətin fərdi olaraq görə bilmələri
üçün. Amma valideynlərimin görüşünə
gedəndə hələ də "abırlı" geyinirəm,
başıaşağı otururam, az
danışır, dişlərimi göstərmədən
gülümsəyirəm. Çünki
onların gözündəki qadın modeli belədir. Mən də o modeli canlandırıram. Çünki onların sevgisini almağa ehtiyacım
var. Valideyn sevgisi, dəstəyi olmadan bir heç kimi hiss
etdiyim anları, hətta illəri çox
yaşamışam. O sevgini ala bilməyim
üçün onların adət-ənənələrinə,
dədə-baba qaydalarına uyğun şəkildə
qarşılarına çıxmağım şərtdir. Çünki məni olduğum kimi qəbul etmək
onlar üçün məhz bu qəlibləşmiş
qaydalara görə çətindir, bilirəm.
Əziz oxucu, özümü bu qədər çılpaqlığıyla sənə açmağımda tək məqsəd bu cəmiyyətdə bir qadının necə intihar həddinə gəldiyi, intihardan əvvəl illərlə nələrə məruz qaldığını, bu qədər insanın içində necə yalnız, çarəsiz olduğunu bir zərrə hiss etdirməkdir. Ümid edirəm, hiss etdin. Bir qadının ağıllı bir şəkildə azad olması üçün elmə və valideyn sevgisinə ehtiyacı var. Bu ölkənin bütün qadınları yaralıdır. Hamısının da yaraları bir-birinə bənzəyir. Mən o yaraları hiss edirəm - bəzilərini gözlərindən, bəzilərini isterik davranışlarından, bəzilərini uşağını vəhşicəsinə döyməyindən, bəzilərini nataraz, əxlaqsız tutumlarından, bəzilərini də özlərini asdıqları kəndirin boyunlarında buraxdığı izdən...
Yaralı qadın sağlam uşaq böyüdə
bilməz. Boyunduruq altında, təzyiq
altında olan, gülüşünə belə senzura qoyulan
qadın, savadsız, mütaliəsiz qadın, təhlil etmə
qabiliyyəti korlaşdırılmış qadın, azad
seçim etməkdən məhrum buraxılmış
qadın həmişə hüznlü olur. Torpağa gömülmüş kimi içində
basdırılmış bu qədər arzu-istək adətən
qəzəblə, anlaşılmaz isterikayla əvəzlənir.
Özünü açıq şəkildə ifadə edə
bilmədiyi üçün hiyləgərliklə,
dolanbaclı, atmacalı ifadələrlə müşahidə
olunur. İndi düşünün - bu qadınların bətnində,
sonra da qucağında böyüyən körpələrin
taleyini düşünün...
Natəvan ABDULLA
525-ci qəzet.- 2020.- 13 iyun.- S.11.