Bakı nefti və Fransa - Rövşən
Ağayevin araşdırması
XIX ƏSRİN SONU
VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
AZƏRBAYCANIN NEFT SƏNAYESİNİN İNKİŞAFINDA
FRANSANIN ROLU
Rövşən
AĞAYEV
Bəlli olduğu kimi, XIX əsrin sonu - XX əsrin əvvəllərində
neft sənayesi Azərbaycan iqtisadiyyatının
çoxşaxəli strukturunda aparıcı rol
oynayırdı. 1898-ci ildə Azərbaycan neft
hasilatına görə dünyada birinci yeri tutaraq
ABŞ-ı qabaqlayırdı. 1901-ci ildə
Bakı dünyada neft hasilatının yarısından
çoxunu və Rusiyada 95%-ni verirdi. Bu,
müəyyən dərəcədə xarici kapitalın
Bakı neft rayonuna daxil olması üçün əlverişli
şəraitin yaradılması ilə əlaqəli idi.
1879-cu ildə Nobel qardaşları Bakıda Nobel
Qardaşları ortaq səhmdar cəmiyyətini təsis etdilər
və bu cəmiyyət qısa müddətdən sonra
dünyanın ən böyük neft şirkətlərindən
birinə çevrildi. Britaniya şirkətləri də Bakı
neft sənayesində mühüm rol oynayırdılar.
XIX əsrin 80-ci illərindən başlayaraq
"Rotşild Qardaşları" Paris Bank Evinin timsalında
Fransa kapitalının Bakıya axını başladı. 1885-ci ildə bu bank evi
"Xəzər-Qara Dəniz Neft Sənayesi və Ticarət Cəmiyyəti"ni yaratdı.
Bununla birlikdə qeyd etmək lazımdır ki, Azərbaycan
sahibkarlarının uğurlu kommersiya və ticarət fəaliyyəti
sayəsində 1913-cü ilə doğru onların Bakı
neft sənayesində mövqelərinin xeyli möhkəmlənməsi
tendensiyası müşahidə olunurdu. Neft
istehsalı ildə bir milyon puddan çox olan ən
böyük neft şirkətləri arasında 8-i Azərbaycan
sahibkarları idi. Ümumiyyətlə,
milyoner firmalar arasında onların payı neft
hasilatının 30%-ni təşkil edirdi.
Bu məqalədə
Azərbaycan-Fransa əlaqələrinin inkişaf tarixi
haqqında müfəssəl məlumat verilməsinə iddia
etmədən ölkələrimizin həm siyasi, həm də
iqtisadi və mədəni əlaqələrini əks etdirən
bəzi faktlar və epizodlar, habelə XIX və XX əsrin əvvəllərində
Azərbaycanda neft sənayesinin formalaşmasında
ayrı-ayrı şirkətlərin və şəxslərin
rolu barədə danışmaq istərdim.
İlk növbədə vurğulamaq lazımdır ki,
neft sənayesinin başlanğıcı barədə hesabat
verən ilk Avropa ölkəsi məhz Fransa olmuşdur. 1745-ci ildə
Kral Lüdovik XV Elzas əyalətindəki Peşelbron neft ərazisinin
işlənməsi üçün zadəgan de la Sablonierə
imtiyaz vermişdi. Bu xoşbəxt sahibkar
bir neçə məhsuldar neft quyusu qazmışdı və
1785-ci ilə qədər mövcud olan neft emalı zavodu
qurmuşdu.
Rusiyadakı
ən iri neft şirkəti olan "LUKOYL"un
prezidenti və həmsahibi, iqtisad elmləri doktoru Vahid Ələkbərovun
2011-ci ildə nəşr olunan "Rusiyanın nefti.
Keçmiş, bu gün və gələcək" adlı
kitabında qeyd olunur ki, 1723-cü ildə fransalı kartoqraf Guyom Delilin
"Coğrafiya Atlası" albomunda Xəzər sahilində
yerləşən ölkələrin xəritəsi tərtib
edilmişdir. Öz dövrü
üçün çox dəqiq məlumatların olduğu
bu albom uzun müddət bir çox izləyicilər
üçün bir model olmuşdur.
Fransız dağ-mədən mütəxəssislərinin
qazma texnologiyası və avadanlığının
inkişafına verdiyi əhəmiyyətli töhfə də
geniş qəbul edilmişdi. 1844-cü ildə
meydana çıxmış sərbəst düşən
qazma alətinin (freyfal) hazırlanması da onların səmərəli
fəaliyyəti ilə bağlıdır.
1846-cı ildə fransalı mühəndis Fovel
quyuların fasiləsiz təmizlənməsi - onların
yuyulması üsulunu təklif etdi. Metodun mahiyyəti ondan
ibarət idi ki, yer səthindən suyu içi boş borular
vasitəsilə quyu yuvasına vurmaqla xırda süxur
parçalarını yuxarıya doğru çıxarmaq
mümkün olurdu. Qazma işində
dayanma tələb etmədiyi üçün bu üsul tez
bir zamanda hamı tərəfindən qəbul edilmişdi.
Bu cür yuyulmanın tətbiq edildiyi ilk
uğurlu qazma təcrübəsi Fransada Fovel tərəfindən
həyata keçirilmişdi.
XIV - XIX əsrlərdə burada olmuş
fransızların Bakı nefti haqqında təəssüratlarının
təsfiri olan materiallar bu gün də qorunub saxlanmaqdadır. 1320-ci ildə fransız
missioner - rahib Jorden Katalini de Severak öz qeydlərində
yazırdı: "Və orada - Bakı adlandırılan bir
yerdə quyular qazırlar ki, oradan da yağ çıxarırlar, bu
yağ nafta adlanır və yaxşı yanır".
1689-cu ildə Bakıya gələn fransız missioner
Pater Villot Atəşgahdakı atəşpərəstlər
məbədindən bəhs edir. Onun qeydlərini digər
Avropa səyyahlarının qeydləri ilə müqayisə
edərək, bu kompleksin tikintisinin xronologiyasını bərpa
etmək mümkündür.
XVII əsrin ən məşhur fransız səyyahlarından
biri olan Jan Şarden Şamaxıdan iki günlük məsafədə,
Abşeron yarımadasında daim yanan alovun olduğu barədə
məlumat verir. Onun qeydlərində XVI-XVII əsrlərdə
Avropanın bir çox ölkələrindən, o cümlədən,
fransız tacirlərin Azərbaycanın şəhərlərinə
gəlməsi haqqında məlumatlar vardır. XIX əsrin əvvəllərinin fransız şərqşünası
Antuan Jan de Sen-Martin yazırdı ki, çoxlu sayda təbii
alovun çıxdığı və neft mənbələrinin
olduğu Bakı müqəddəs bir yerdir.
1820-ci ildə Bakıya səfər etmiş fransız
diplomat, səyyah, sahibkar və yazıçı Jak Fransua
Qamba evlərin düz damlarının "yağla
qarışıq torpaqla örtüldüyünü" qeyd
etmişdi. Atəşgahda olan fransız dünyanın ən qədim
dinlərindən biri olan zərdüştlik dininin
davamçılarının buradakı məbəddə
yaşadıqlarını da vurğulamışdı.
1858-ci
ilin noyabr ayında fransız yazıçısı, dramaturq
və jurnalist Aleksandr Düma-ata Atəşgahda olaraq təəssüratlarını
öz gündəliyində belə ifadə etmişdi: "Təsəvvür
edin ki, təxminən bir kvadrat mil düzənlikdə yüzlərlə
nizamsız deşiklərdən alov topası
çıxır, külək onları yelləyir, səpələyir,
əyir, düzəldir, yerə qədər əyir, göyə
aparır və heç vaxt söndürə bilmir".
1890-cı ildə fransız fotoqraf Pol Nadar Bakıda
olmuşdur. Onun sevimli məşğuliyyətləri sayəsində
bu gün o dövr Bakısının bir çox unikal şəkilləri
bizə qalmışdır. O, küçələrin,
canlı bazar meydanlarının, küçə tacirlərinin,
Bakı sakinlərinin asudə vaxtının və yeni şəhər
cəmiyyətinin, ailələrin, oynayan uşaqların,
şahin ovu ilə məşğul olanların şəkillərini
çəkirdi. Fotoqraf neft mədənlərinin
panoramının çəkilməsinə də çox diqqət
yetirmişdir.
Qeyd etmək maraqlıdır ki, dünyanın 20 ölkəsindən
59 nümayəndənin qatıldığı birinci dünya
neftçilər forumu da 17 avqust 1900-cü ildə məhz
Parisdə işə başlamışdı.
Nümayəndələr arasında
Bakı neft şirkətlərinin nümayəndələri də
var idi. Konqresin prezidenti, senator Mişel Lesyuer, katibi isə
o zamanlar Britaniyanın Petroleum Storage Tanks and Transportation Co Ltd
şirkətində işləyən istedadlı
kimyaçı, Rusiya vətəndaşı Pavel
Dvorkoviç seçilmişdi. Forumun daha
çox hissəsi dünyanın neft hasilatı mərkəzlərindəki
vəziyyətin müzakirəsinə həsr edilmişdi.
Diqqətəalyiq
haldır ki, bundan 78 il sonra Sovet hökuməti
ölkədə ilk Beynəlxalq Neft Sərgisinin 1978-ci ilin
iyununda məhz Bakıda keçirilməsi haqqında qərar
qəbul etmişdi. Tədbirin məkanı təyin
edilərkən tarixən Abşeron yarımadasında neft
hasilatı ilə bağlı olan Azərbaycan
paytaxtının həm də zəngin mədəni və
tarixi ənənələrə malik olduğu nəzərə
alınmışdı. Bu sərgiyə
hazırlıqlar 1977-ci ilin əvvəllərində
başlamışdı. Çıxışlarının
birində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
o vaxtkı Birinci katibi Heydər Əliyev bu sərginin
respublikanın həyatında mühüm rol oynamalı və
ən yüksək səviyyədə keçirilməli
olduğunu vurğulamışdı.
Beynəlxalq neft sərgisinin təntənəli
açılışı 17 iyun 1978-ci ildə olmuş və
onun açılışında giriş nitqi ilə SSRİ
Nazirlər Sovetinin o vaxtkı sədri Aleksey Kosıgin
çıxış etmişdi. Sərginin
açılış mərasimində Heydər Əliyev də
geniş nitq söyləmişdi. Ümumilikdə,
neft sərgisində dünyanın 40 ölkəsindən
2000-dən çox insan iştirak etmiş, 110 minə yaxın
insan sərgini ziyarət etməyə gəlmişdi. Sərgi çərçivəsində
qarşılıqlı maraq doğuran mövzularda
yaradıcı müzakirələrin aparıldığı
bir neçə beynəlxalq konfrans və seminar
keçirilmişdi.
Fransa
Energetika Nazirliyinin nümayəndələrindən biri Patris
Ruanın çox maraqlı bir xatirəsi qalmışdır:
"Gördüklərimdən və eşitdədiklərimdən
heyranlığımı çatdırmağa çətinlik çəkirəm.
Burada Bakıda texniki və texnoloji gələcəyin
inkişafına təkan verilmişdir. Belə
hesab edirəm ki, ən yaxın gələcəkdə neft
dövlətləri karbohidrogen hasilatında yeni rekordları
ilə ən skeptik düşüncələri belə təəccübləndirəcəklər.
Bu cür hadisələr, şübhəsiz ki,
gələcəkdə bəşəriyyətin rifahına təsir
edəcəkdir".
Daha sonra bəzi arxiv və statistik məlumatları, həmçinin,
neft dünyasında baş verən bir sıra hadisələrin
qısa siyahısını təqdim edəcəyik. Beləliklə,
1897-ci ildə aparılan siyahıyaalmadan məlum olur ki, o
dövrdə Azərbaycanda iki yüzdən çox fransız
yaşayırdı. 1917-ci ildə
keçirilmiş birgünlük siyahıyaalmaya əsasən,
Bakıda 89 fransız yaşamışdır, 1926-cı ildə
onların sayı yalnız 56 nəfər olmuşdur. Sovetləşmə, repressiyalar nəticəsində
isə Azərbaycanda fransızların sayı faktiki olaraq yoxa
çıxdı.
1870-ci ildə Parisdə kimyaçı Sent Klev Devil
Bakı neftinin fiziki-kimyəvi təbiətini araşdıran
ilk ciddi tədqiqatlardan birini aparmışdır. Yeddi il
sonra Avropada daha keyfiyyətli və ucuz qiymətinə görə
Bakının sürtkü yağlarını istehlak etməyə
başladılar. Bakı neftindən istifadə
edən ilk dəmir yolu şirkəti isə Fransanın Qərb
Dəmir Yolları Cəmiyyəti olmuşdur.
1883-cü ildə azərbaycanlı alim Mövsüm bəy
Xanlarov Strasburq Universitetində kimya üzrə doktorluq
dissertasiyasını müdafiə etmişdir. O, Azərbaycanda Sovet hakimiyyəti
qurulana qədər xüsusi təhsili olan yeganə azərbaycanlı
kimyaçı alim idi.
Yuxarıda qeyd edildiyi kimi, XIX əsrin sonlarında
Bakıda Xəzər-Qara Dəniz Neft Sənayesi və Ticarət
Şirkəti yaradılmışdı. Bu neft cəmiyyətinin
qurucusu Paris bank evinin rəhbəri baron Alfons Rotşild
olmuşdur. Xəzər-Qara Dəniz Neft Sənayesi Cəmiyyəti
və onun törəmə şirkəti olan "Mazut"
firması "mərkəzlə" - "Rotşild
Qardaşları" Paris bank evi ilə sıx əlaqə
saxlayırdı. 1817-ci ildən sonra Bakıdan
müntəzəm olaraq "Rotşild Frer" ailə
bankının Parisdə olan köhnə malikanəsinin
olduğu Laffit küçəsinə müfəssəl
hesabatlar göndərilirdi.
1883-cü ilə Rotşildlərin kapitalı sayəsində
Bakıdan Avropa ölkələrinə neft və neft məhsullarının
(əsasən kerosin) ixracında mühüm rol oynayan
Bakı-Batumi dəmir yolunun tikntisi tamamlandı. Bu dəmir
yolunun inşası ilə Batumi dünyanın vacib liman şəhərlərindən
birinə çevrildi. 1888-ci ildə isə artıq Xəzər-Qara
Dəniz Neft Sənayesi Cəmiyyəti Zaqafqaziya Dəmir
Yolunun bütün vaqonlarının demək oar ki,
yarısını öz sərəncamına
almışdı.
Beləliklə,
şirkət ən qısa müddətdə çoxsaylı
kiçik və orta sahibkarlıq müəssisələrini
özündən asılı vəziyyətə
salmış və iri partiya neft məhsullarını öz əlində
toplamağı, Rusiyanın daxili bölgələrindən
keçməyən, əsasən Qara dəniz limanlarına
gedən Zaqafqaziya dəmir yolu ilə ixrac üçün
neft məhsullarının daşınmasına faktiki nəzarəti
həyata keçirməyi bacarmışdı.
Bu cəmiyyətin əsas simalarından biri, neft müəssisələrini
bilavasitə idarə edən Paris evinin baş mühəndisi
Jorj Aron olmuşdur. Mədənlərə rəhbərlik edən
isə Nobel mükafatı laureatı Lev Landaunun atası
mühəndis-texnoloq David Landau idi. David
Landaunun anası yarı alman, yarı fransız olmuşdur.
Rotşildlərin Bakı şirkətinin fəaliyyəti
həm də yaradıcılıq axtarışına yönəldilmiş,
qabaqcıl yaradıcı düşüncəni hər
cür dəstəkləmiş, neft və neft məhsullarının
sənayedə və kənd təsərrüfatında istifadəsinin
yeni istiqamətlərini açmışdır.
XIX əsrin
sonu "Xəzər-Qara Dəniz Neft Sənayesi və Ticarət
Cəmiyyəti"nin ümumrusiya və
beynəlxalq səviyyədə tanınması ilə əlamətdar
olmuşdur. Belə ki, 1889-cu ildə Paris
Ümumdünya Sərgisində Cəmiyyətin
Bakıdakı zavodunda benzoldan hazırlanan çoxlu əla
boyalar nümayiş olundu. 1896-cı ildə Nijni
Novqorodda keçirilmiş Ümumrusiya Sənaye və İncəsənət
Sərgisində şirkət "çox keyfiyyətli neft məhsullarının
böyük miqdarda istehsalına və Rusiya bazarlarında
ticarətinin təşkilinə görə" qızıl
medala layiq görüldü. Və nəhayət,
1900-cü ildə Parisdə keçirilən Ümumdünya Sərgisində
bu şirkətin ekspozisiyası ən yüksək Qran Pri
mükafatına layiq görüldü.
Burada onu
da qeyd etmək lazımdır ki, Abşeron
yarımadasındakı neft mədənlərinin panoraması
1891-ci il 29 aprel-6 oktyabr tarixlərində
Moskvada baş tutan Fransa sənət və sənaye əsərlərinin
sərgisində təqdim olunmuşdur.
1890-cı ildə Bakı neftinin ixracının 42%-i
Paris bank evinin nəzarəti altında idi. Balaxanı,
Sabunçu və Ramanadakı neft mədənləri də
Rotşildlərə məxsus idi və onlar Bakının kənarındakı
Qara şəhərdə ən iri neft emalı zavodu
tikmişdilər. Bu, kerosin, benzin və yağ
istehsal edən, sürtkü yağları buraxan
ayrı-ayrı zavodlardan ibarət bütöv bir sənaye
kompleksi idi.
Bundan əlavə, qazolin, qudron, dizel yanacağı
istehsal olunurdu.
Bibiheybətdə qaz zavodu, elektrik stansiyası,
dəniz suyunu təmizləyən qurğu, çoxlu sayda
işçi və texniki heyəti olan mexaniki emalatxanalar, əslində,
neft mədən avadanlıqları və borularını təmir
edən və ehtiyat hissələri və qazma alətlərini
hazırlayan zavodlar tikilişdi. 1893-cü
ildə Fransa neft kapitalının Bakı neft sənayesində
iştirak payı təxminən 10 milyon rus rublu məbləğində
ifadə edilirdi. 1904-cü ilin məlumatlarına görə,
Fransa kerosinə olan ehtiyacının 71,1%-ni
Bakının hesabına ödəmişdir.
Rotşildlər cəmiyyəti xeyriyyəçiliyə
pul ayırmaqda da xəsislik etmirdi. O, Bakının sənaye bölgələrində,
əsasən fəhlələrin övladlarının
oxuduğu iki məktəb binası tikmiş və
saxlanmasını təmin edirdi. Təhsil ödənişsiz
idi. Şirkət yalnız 1890-cı ildə
yaşayış xərclərinin çox cüzi olduğu səkkiz
əsaslı ev tikib yeni sakinlərinə təhvil
vermişdi. Şirkətin idarə heyətinin
üzvləri gimnaziyaların və ticarət məktəblərinin
himayəçisi kimi çıxış edirdilər və
bu, daim təhsil müəssisələri üçün
pulsuz subsidiyalarla müşayiət olunurdu.
Burada qeyd etmək lazımdır ki, işçilər
üçün xüsusi kurslara ehtiyac olması barədə
məsələ bir çox illər ərzində Rusiya
Texniki Cəmiyyətinin Bakı filialının iclaslarında
və yerli mətbuatda müzakirə edilirdi. Məsələnin
həlli vəsait çatışmazlığı səbəbindən
hər dəfə təxirə salınırdı. 1897-ci ildə Xəzər-Qara Dəniz Cəmiyyəti
Ağ şəhərdə neftçi fəhlələr
üçün xüsusi kurslar təşkil etdi. Bu kurslarda dərslərə Xəzər-Qara Dəniz
Cəmiyyətinin neft emalı zavodunun rəhbəri Aleksandr
Quxman və mühəndis David Landau rəhbərlik edirdilər.
Oxşar kurslar müəssisələrini yeni
avadanlıqlarla təchiz edən digər iri özəl
firmalarda da fəaliyyət göstərirdi.
Əlavə etmək lazımdır ki, müxtəlif
xeyriyyə məqsədləri üçün ianələr
təkcə Bakıdakı Xəzər-Qara Dəniz Cəmiyyəti
tərəfindən deyil, həm də Parisdə yaşayan və
heç vaxt Bakıda olmayan Rotşild qardaşlarının
özlərindən də verilirdi. Məsələn, Müqəddəs
Nina Qadın Xeyriyyə Cəmiyyəti təhsil müəssisəsi
üçün uyğun olan binanın yenidən
qurulmasına həm Bakıdakı Xəzər-Qara Dəniz Cəmiyyətindən,
həm də Parisdəki Rotşildlərdən hərəsindən
2000 rubl bağışlanmışdı.
1901-ci ildə yerli və xarici neft şirkətlərinin
səyləri və maliyyə dəstəyi sayəsində
Bakı Kommersiya Məktəbi açıldı. Həmin il
bakılı sahibkarlar tələbələrə lazımi vəsait
alınmasına təxminən 30 min rubl
bağışlamışdılar. Onların
arasında Xəzər-Qara Dəniz neft sənayesi və ticarət
şirkəti də var idi. Hacı
Zeynalabdin Tağıyev bu məktəbin 1918-ci ilə qədər
ilk fəxri himayəçisi olmuşdur. Dərslər
ixtisaslı müəllimlər tərəfindən, o cümlədən,
1901-1909-cu illərdə Əhməd bəy Ağayev və
1906-cı ildə Nəriman Nərimanov tərəfindən
keçilmişdir.
Bu təhsil ocağının xeyriyyəçiləri
arasında tarixdə ilk azərbaycanlı dağ-mədən
mühəndisi Fərrux bəy Vəzirov da olmuşdur. Onun Azərbaycanın
ziyalı elitasının Qızıl Fonduna daxil olanlardan biri
olduğunu söyləmək olar. O, Bakı kommersiya Məktəbinin
açılışına 2000 rubl
bağışlamışdı. 1901-1902-ci illərdə
F.Vəzirov həmin məktəbin qəyyumlar
şurasının üzvü olmuşdur.
Farux bəy Vəzirov 20-ci əsrin əvvəllərində
təsis edilmiş Naftalan Neft Sənaye Şirkəti səhmdar
cəmiyyətinin sədri oldu. Bu şirkət
Bakı quberniyasında və imperiyanın digər bölgələrində
neft yataqlarının istismarı, həmçinin, hasil olunan
neftin emalı və neft məhsullarının ticarəti məqsədləri
üçün yaradılmışdı. Burada qeyd etmək lazımdır ki, artıq
1900-1902-ci illərdə Parisdəki bir çox gözəllik
salonlarında naftalan nefti əsasında hazırlanmış
məlhəmdən istifadə olunurdu.
Fərrux bəy Vəzirovun peşəkar biliklərini
iri neft şirkətləri istifadə edirdilər. O, eyni zamanda, neft sahəsindəki
işləri ilə yanaşı, ictimai işlərdə də
fəal və uğurla iştirak edirdi. F.Vəzirov
dəfələrlə Bakı Şəhər Dumasına
seçilmişdi və onun iclaslardakı bütün
çıxışları səriştəliliyi, əsaslılığı,
uzaqgörənliyi və başqalarına yaxşılıq
etmək istəyi ilə seçilirdi. O, 1900-cü ildə
Parisdə keçirilən Ümumdünya Sərgisinə
qatılmaq üçün Azərbaycanın göndərdiyi
məşhur zərgərlik kolleksiyası məmulatlarının
hazırlanmasında da iştirak etmişdi və həmin kolleksiya
çox böyük uğur qazanmışdı.
1861-ci ildə
Şuşada zadəgan ailəsində anadan olmuş bu
dağ-mədən mühəndisi Şuşa qəzasının
Hindarx kəndindəki ailə malikanəsinin
abadlaşdırılması üçün də çox
işlər görürdü, kənddə feldşer məntəqəsi
və aptek təşkil etmişdi, poçt stansiyası
üçün bina tikdirmiş və Hindarxdan Ağdama yeni
yol çəkdirmişdi və bununla onların
arasındakı məsafəni iki dəfə azaltmış
oldu. O, eyni zamanda, Amerika toxumu ilə Qarabağda ilk dəfə
pambıq əkib yetişdirən və yüksək keyfiyyətli
lif götürən nümunəvi bir təsərrüfat da
yaratmışdı.
Xəzər-Qara dəniz cəmiyyətinin fəaliyyəti
haqqında söhbətə davam edərək onu da qeyd etmək
lazımdır ki, Rotşild Bakıda gözəl binalar
tikdirmişdi.
O zaman cəmiyyətin əsas ofisi olan və hazırda Azərbaycanın
Baş Prokurorluğunun yerləşdiyi bina bu gün də
şəhər ansamblının bəzəyi olaraq qalır.
Beləliklə, Rotşild qardaşlarının Azərbaycanın
neft biznesinin inkişafındakı müsbət rolu göz
qabağındadır. Lakin bununla birlikdə qeyd etmək lazımdır ki,
19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində
Bakıda fəaliyyət göstərən həm Xəzər-Qara
Dəniz Cəmiyyətinin, həm də digər neft şirkətlərinin
mədənlərində və müəssisələrində
son dərəcə çətin iş şəraiti
olduğunu təsdiqləyən sənədlər də
qalmaqdadır.
1912-ci ilin əvvəlində Rotşild Qardaşları
Bank Evinin Rusiyadakı, həmçinin, Abşeron
yarımadasında olan bütün müəssisələrinin
Hollandiyanın "Royal Holland/Shell" konserninə verilməsi
barədə müqavilə imzalanmışdır.
Azərbaycanın neft sənayesinin inqilabdan əvvəlki
tarixi Bakıda yol nəqliyyatının inkişafı ilə
də sıx bağlıdır. Bəlli olduğu kimi,
XIX əsrin sonlarında Azərbaycanda bir dənə də
olsun avtomobil yox idi. 1908-ci ildə Bakıya
gətirilən ilk avtomobil Fransız avtomobil markası
"Bersele" idi. Artıq 1909-cu ildə
fransız Henri Şarpantye Bakıda iki avtomobil
üçün nəzərdə tutulan ilk qarajı tikdirdi.
Şarpantye Fransadan gətirilən avtomobillərin
istismarı və kiçik təmiri ilə məşğul
olurdu. Qaraj maşınlarına (Minera,
Yunik) özəl "Avropa" otelində qalan fransız
mühəndisləri xidmət edirdilər.
1898-ci ildə Abşeronun neft şirkətlərində
çalışan fransızların təşəbbüsü
ilə Bakıda "Canlandırılmış fotoşəkillər"
fransız filmləri nümayiş olundu. Elə həmin il Bakının həyatını əks etdirən
filmlər də nümayiş olunmağa başladı. Bu filmlər kinooperator-fotoqraf Aleksandr Mişon tərəfindən
çəkilmişdi. O, Polşa zadəganlarının
sonuncu nəslindən olan Tomaş Berezovski və fransız
Violetta Mişonun oğlu idi.
Qeyd etmək
lazımdır ki, 1995-ci ildə Fransada dünya kinosunun 100
illik yubileyi münasibətilə təşkil olunan mərasimdə
onun "Qafqaz rəqsləri" və "Bibiheybətdə
neft fontanı" filmlərinin nümayişi böyük
uğur qazandı. Aleksandr Mişonun bəzi
filmlərinin surəti köçürülərək Paris
arxivindən Azərbaycan Dövlət Film Fonduna verilmişdir
və hazırda burada saxlanılır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda
Sovet hakimiyyəti qurulandan sonra da fransız mütəxəssislər
Bakı neftçiləri ilə əlaqəni kəsmədilər. Belə ki, 1930-cu
ildə "Şlümberje" firmasının fransız
geofizikləri Suraxanıdakı neft yataqlarında
elektron-axtarış metodunu tətbiq etdilər. 1958-ci ilin iyun ayında isə fransız neftçilərindən
ibarət nümayəndə heyəti Bakıya gəlmişdi.
XIX əsrin sonu - XX əsrin əvvəllərində
Fransa şirkəti və fransız mütəxəssislərin
iştirakı ilə Bakı neft rayonunun inkişafının
bəzi tarixi və iqtisadi cəhətləri və
xüsusiyyətləri məhz belə olmuşdur. Əlbəttə,
bütövlükdə bu mövzuda maraqlı çox şey
vardır. Buna baxmayaraq, yuxarıda göstərilən məlumatların
hamısı hələ vahid və bütöv bir süjetə malik deyil, onlar hələ bundan
sonra toplanacaq digər məlumatlarla birlikdə diqqətlə
təhlil olunmalı və sistemləşdirilməlidir.
Eyni zamanda, Fransa arxivlərindəki sənədləri
də araşdırıb onlar barədə də danışmaq
lazımdır. Görkəmli diplomat, ictimai xadim Ramiz
Abutalıbov bu barədə qeydlərində belə yazır.
Onun 2006-cı ildə nəşr olunmuş
"Qodı i vstreçi v Parije" ("Parisdə
keçirilmiş illər və görüşlər")
kitabında vurğuladığı kimi, Paris arxivlərində
Bakı neftinin hasilatı, emalı və daşınması
ilə bağlı fransız mühəndisləri Mark Lesur və
Pol Aldebert tərəfindən tərtib
edilmiş çoxlu sayda analitik arayışlar
vardır. Bir sözlə, qarşıda çoxlu
görülməli işlər durur.
Yekun olaraq, Azərbaycan öz dövlət
müstəqilliyini bərpa edəndən sonrakı dövrdə
fransız neft şirkətlərinin və mütəxəssislərin
Azərbaycanda iştirakı barədə də
danışmamaq olmaz. Belə ki, Azərbaycanda 1996-cı ildən
fəaliyyət göstərən Fransa enerji nəhəngi
"Total S.A." şirkəti ARDNŞ ilə birlikdə
"Abşeron" yatağının işlənməsində
iştirak edir. Həmin neft yatağı Bakının cənub-şərqində
yerləşir. Onun işlənməsi ARDNŞ və
Totalın birgə müəssisəsi
- "JOCAR" tərəfindən həyata keçirilir.
Qazma işləri CDC ARDNŞ tərəfindən
aparılır. "Abşeron" yatağı Azərbaycanın
ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda,
Totalın son 10 ildə etdiyi ən böyük kəşfidir.
Yatağın işənməsi Azərbaycanda təbii qaza
artan daxili tələbatın təmin olunmasına və ixrac
gəlirlərinin artmasına mühüm töhfə verəcəkdir.
Rövşən
AĞAYEV
525-ci qəzet.- 2020.- 17 iyun.- S.18.