Beynəlxalq aləm:
ziddiyyətlər,
münaqişələr,
müharibələr
(Əvvəli ötən şənbə
saylarımızda)
Bakı
neft yataqlarının taleyi dəfələrlə nəzərdə
tutulan İstanbulu işğal etmək niyyətlərinin
puç olmasına bənzəyir. Onların hər ikisini təhlükə
anında elə bil ki, ilahi qüvvə, qəzavü-qədər
qoruyurdu. Abşeron neft yataqlarını nə ingilislər
bombalaya bildi, nə də Hitler tuta bildi. Həmlələrin ən
qorxulu günlərində belə Bakı neftçiləri
böyük əzmlə çalışır, cəbhəni
fasiləsiz olaraq yanacaqla təmin edirdilər. Onların fədakarlığı
qəhrəmanlığa bərabər idi. Mükafatları
isə Azərbaycan müstəqillik qazandıqdan sonra neft
istehsalının daha sürətlə artması, öz
dövlətinə daha böyük fayda verməsi
timsalında layiqli ifadəsini tapdı.
Əfqanıstanın
isə hələlik neft yataqları yoxdur, lakin taleyinə daim
yadelli işğalçılara qarşı əlində
silah mübarizə aparan bu xalqa daim problem yaradan digər
ağılasığmayan bir cəhət vardır. Digər
Şərq ölkələrində olduğu kimi, burada da tiryəkdən
həm xalq təbabəti üçün, həm də adəti
ziyanlı tətbiqinə görə istifadə olunur, tələbata
müvafiq olaraq onun istehsalı da adi hal sayılırdı.
Tiryəkin hazır məhsula çevrildiyi xammal olan lalə
bu ölkədə uzun müddət ərzində ənənəvi
məhsul idi və hakimiyyətlər dəyişsə də,
tiryək istehsalının qadağan olunması heç vaxt
gündəliyə gəlmirdi. Çünki olduqca gəlirli
bir sahə idi. Müxalifət qüvvəsi olan Taliban prezident
Nəcibullanı devirib, hakimiyyətə gəldikdən sonra
lalənin ölkə torpağında becərilməsinin
kökünü kəsdi, bu məsələdə onlar tiryəkin
İslama zidd olduğunu əsas götürürdülər.
Lakin belə vəziyyət uzun sürmədi. 2001-ci ildə
ABŞ-ın Əfqanıstanın müdaxiləsindən
sonra bu iyrənc məhsulun istehsalı bərpa olundu və
dinamik inkişaf etməklə rekord rəqəmlərə
çatdı. Birləşmiş Ştatlar ordusu lalə əvəzinə
digər bitkilərin becərilməsi imkanlarını
araşdırdıqda məlum oldu ki, başqalarından daha mənfəətli
bitki pambıqdır.
ABŞ-da
pambıq inhisarçıları bunu eşitdikdə əks tədbirlərə
əl atdılar. Ölkənin cənubu daim pambıq
istehsalı ilə məşğul olmuşdu, bu bitkinin becərilməsi
və məhsulunun yığılmasında vaxtilə qul əməyindən
istifadə edilməsi mühüm əhəmiyyət kəsb
etmişdi. Pambıq plantasiyalarında qul əməyi
ağır zülmə bərabər idi və məhsuldar
işləməyənlər plantatorlar tərəfindən cəzalandırılır,
ailələrindən ayrılıb, başqa qul sahiblərinə
satılırdı. Konqoda isə XIX əsrin ikinci
yarısında qullarla daha vəhşiliklə
davranılırdı, heveya şirəsini toplayan zəncilər
gündəlik normanı yerinə yetirməyəndə,
müstəmləkənin ağası olan Belçika
kralı II Leopoldun qoyduyu qayda əsasında onların sağ
qolu kəsilirdi. Hollandlar isə müstəmləkələri
olan İndoneziyada kauçuk plantasiyalarında məhsuldar
işləməyən azyaşlı uşaqların
qollarını kəsirdilər. ABŞ-ın pampıq
plantasiyalarında belə vəhşiliklərə rast gəlinməsə
də, zülm, istismar zəncilərin ömrünü zəhərləməkdə
davam edirdi. Fiziki və mənəvi təhqirin şiddəti,
iztirab və faciə qul həyatının acı
naxışları idi.
ABŞ
indi də də pambıq istehsalında birinci yeri tutur, burada məhsulun
becərilməsi və yığılması tamamilə
mexanikləşdirilmişdir, Sovet İttifaqındakı
pambıqçıların ağır zəhmətinə
burada rast gəlmək mümkün deyildir. Pambıq
istehsalçıları dünya bazarında aparıcı rol
oynayırlar, onlar öz mövqelərinin zəifləməsi
ilə heç cür barışa bilməzdilər.
Əfqanıstanın timsalında onlara güclü bir rəqib
meydana çıxa bilərdi, çünki orada pambıq
yüksək keyfiyyətli və istehsalı ucuz xərclər
tələb edən olmaqla, xoşa gəlməyən rəqabət
yarada bilərdi. Ona görə də Əfqanıstan əkinçiliyinə
yeni inkişaf yolu təqdim edən bu ziyansız planın həyata
keçirilməsi yoluna mümkün olan asan bir sədd
çəkildi, bu planın yaddan çıxarılmasına
nail olundu. Beləliklə, Əfqanıstanın lalə
plantasiyalarından uzaqlaşdırılıb, pambıq
istehsalının geniş təşkilinə keçməsi
imkanı sıradan çıxarıldı. Tiryək yenə də
Əfqanıstanın iqtisadi inkişafının buxovu və
xalqın bədbəxtlik mənbəyi olaraq qaldı.
Təbii resursların və
texnologiyanın cazibə qüvvəsi
XXI əsrin
başlanğıcından dünyada qloballaşma prosesi
böyük sürət götürmüşdür. Bir
ölkənin icad etdiyi nou-hau, yeni texnologiya sərhədləri
aşaraq digər ölkələrə yayılır və
istehsalda müsbət dəyişikliklər əmələ gətirir.
Dünyada SSRİ-nin süqutu ilə kommunist blokunun
dağılması nəticəsində bütün ölkələr
öz iqtisadiyyatını azad ticarət bünövrəsi
üzərində qurdu. Hətta Çin Xalq Respublikası,
Vyetnam kimi ölkələr də müəyyən
ölçüdə sosialist iqtisadi prinsiplərini saxlasalar
da, kapitalizmə daha yaxın olan üsullardan istifadə etməklə,
görünməmiş inkişafa nail oldular. Belə vəziyyət
rəqabətin də genişlənməsinə və
güclənməsinə səbəb oldu. Dünya
bazarında rəqabətə davam gətirmək
üçün daha yaxşı satılan mallar, yəni
keyfiyyətli və ucuz olan əmtəələr istehsal etmək
lazım idi. Əks halda, istehsal olunan mallar satılmayacaq,
ölü kapitala çevriləcəkdi.
Türkiyə
əvvəllər sənaye istehsalı cəhətdən geri
qalırdı, əhalinin məişəti üçün tələb
olunan mallar kənardan alınır və ya gətirilirdi.
1980-ci illərdə liberal iqtisadiyyata keçid bu geriliyə
son qoymaq üçün bünövrə rolunu oynadı, XXI
əsrdə isə Türkiyə sənayesi bütün sahələrdə
gur inkişaf etdi. Çoxişlənən mallar istehsalı
isə sürətlə artdı. İndi Çinin dünya
üçün oynadığı emalatxana, əslində,
fabrika rolunu, Türkiyə öz qonşuları - Rusiya,
Ukrayna, Gürcüstan və Azərbaycan üçün, həm
də qismən də Mərkəzi Asiya və Yaxın Şərq
ölkələri üçün oynayır. Türkiyədə
istehsal edilən paltar, ayaqqabı, ev ləvazimatı keyfiyyətinə
və ucuz olmasına görə həmin ölkələrin
bazarında öz rəqiblərini
sıxışdırıb çıxara bilir. Türklər
texnologiya "ovçularına" çevrilmişlər,
istehsalatda yenilikləri böyük həvəslə tətbiq
edirlər.
Yaxşı
məlumdur ki, sənaye istehsalını inkişaf etdirmək
üçün xammal və digər təbii resurslar
lazımdır. Bunlarla yanaşı, yüksək
texnologiyanın da tətbiqi tələb olunur, çünki
o, həm xammala və yanacağa qənaət etməyə
imkan verir, həm də istehsal edilən məhsulun keyfiyyətinə
xələl gətirməməklə onun ucuz başa gəlməsinə
şərait yaradır.
Təbii
sərvətlər isə təbiətin ayrı-ayrı
ölkələrə bəxş etdiyi nemətdir. Elə
ölkələr vardır ki, onlar yeraltı faydalı
qazıntılara görə çox kasıbdır, ona
görə də diqqəti sənaye istehsalına, onun
diversifikasına verir və bu sahədə yaxşı nəticələr
əldə edirlər. 1960-cı illərdə
özünün "yapon möcüzəsi" ilə
dünyanı təəccübləndirən Yaponiya
maşınqayırmada, elektron malları sənayesində
möcüzələr yaratdı və planetdə DMİ-yə
görə ABŞ-dan sonra ikinci yerə çıxdı. XXI əsrdə
bu dinamikasını itirsə də, yenə də iqtisadi cəhətdən
ən qüdrətli ölkələrdən biri olaraq
qalır. Vaxtilə avtomobil sənayesində inqilab törətmiş
ABŞ bu sahədə Yaponiya ilə rəqabətdə
uduzmağa başladı və ölkəyə çox
keyfiyyətli və nisbətən ucuz yapon avtomobilləri ayaq
açdı. İllər ötür, avtomobil istehsalına Cənubi
Koreya kimi ölkələr də qoşulur, Almaniya öz
nüfuzunu saxlamağa çalışır, lakin Yaponiya
avtomobilləri dünyanın bütün ölkələrini
fəth etməklə, özünün yüksək
markasını itirmək istəmir. Cürbəcür ölkələrin
yollarında istehlakı iqtisadi cəhətdən daha sərfəli
və yüksək keyfiyyətə malik olan yapon
maşınlarını görməmək mümkün
deyildir.
Təbii
sərvətlər sayca çoxdur və hər birinin tələbata
uyğun gəlməsinə görə
üstünlüyü vardır. Axı dəmir filizi nə
enerji yaradan nefti, nə də elektronikada işlədilən
qiymətli metalları əvəz edə bilməz. Ona görə
də neft və qaz, yüksək texniki mallar
istehsalının tələb etdiyi mis, nikel, uran, almaz,
qızıl və boksit kimi minerallar təbii sərvətlər
siyahısına daxildir.
İnkişaf
etmiş ölkələrin sənayesi bu mallara daim ehtiyac
duyur. Qərb ölkələrində neftə tələbat əvvəlki
qaydada artmadıqda, onu çox istehlak edən Çin,
Hindistan kimi böyük inkişaf yoluna düşmüş
ölkələr meydana çıxdı və yanacağa tələbat
heç də azalmadı. Ona görə də əvvəllər
müstəmləkəyə sahib olmaq üçün Afrikada
torpaq ovuna çıxan qüdrətli dövlətlər indi
də fövqəldövlətlə birlikdə qitənin sərvətlərinə
nəzarət etmək üzərində mübarizəyə
girdilər. Bu mübarizə qitədəki münaqişələri
meydana gətirdi. Fövqəldövlət kimi Birləşmiş
Ştatlar çalışır ki, təbii sərvətlərin
gələcək tədqiqatı, sənayeləşməsi və
ticarəti amerikan şirkətləri tərəfindən həyata
keçirilsin. Hətta təbii sərvətlərin
tapılması barədə məlumatlar da ABŞ tərəfindən
həmin ölkələrdən toplanır.
Əgər
XXI əsrin əvvəllərində baş verən
müharibələrə nəzər yetirsək, bunlar
Yaxın Şərqdə və Afrikanın şimalında,
neftlə zəngin olan və ABŞ-ın nüfuz dairəsində
olmayan ölkələrdə getmişdi. 2003-cü ildə
ABŞ İraqa qarşı saxta bəhanə ilə
silahlı müdaxilə etdi və Səddam Hüseyni hakimiyyətdən
məhrum etdi. Bunun arxasında nəhəng neft amili dururdu. Səddam
Küveyti işğal etdiyi kimi, Səudiyyə Ərəbistanına
da hücum edə bilərdi və onu məğlub etsə,
dünyadakı ən iri və ən ucuz neft yataqlarına nəzarəti
ələ keçirə bilərdi. Bu yataqlar isə
dünyanın məlum ehtiyatının yarısına bərabər
qiymətli bir resursa malikdir. Hadisələrin belə gedişi
Birləşmiş Ştatlar və Qərb dünyası
üçün izahı çətin olan problemlər
yaradırdı. ABŞ İraqa hücum etməklə, Səddamın
öz qonşuları üzərində ağalıq
iddialarına son qoydu.
Təbii
sərvətlərə sahib olmaq və ya onun istehsalına nəzarəti
ələ keçirmək məsələnin heç də
bütövlüklə həll edilməsi deyildir. Onların nəql
edilməsi, nəqliyyatın və onun yolunun təhlükəsizliyi
də vacib əhəmiyyət kəsb edir. Hələ Aleksandr
Makedoniyalı yürüşlərinə
başlamamışdan əvvəl logistika şəraitini nəzərdən
keçirib, onun faydalı olub-olmamasını müəyyən
edirdi. Bu məsələdə keçiləcək yolun əsgərləri
qida ilə, atları isə ayaqaltı otla təmin etməsi
imkanları öyrənildikdən sonra qərar qəbul
olunurdu.
Müasir
dövrdə ticarət qlobal xarakter
daşıdığından, bu, həm xammal, həm də
hazır məhsula aiddir, nəqliyyat yollarının, xüsusən
dünya ticarətinin 80 faizinin keçdiyi dəniz
yollarının təhlükəsizliyi, bu nöqteyi-nəzərdən
onlara nəzarətin əldə edilməsi xüsusi əhəmiyyət
kəsb edir. Əslində, indiki dövrdə okeanlara nəzarət
dünya bazarına nəzarət mənasını verir.
Çinin iqtisadi cəhətdən nəhəngə
çevrilməsi, onun digər tarixi ambisiyalarını da
oyada bilər, bu vaxt Sakit və Hind okeanlarından keçən
ticarət yolu müəyyən dəyişikliklərə məruz
qala bilər ki, bu da Qərb ölkələri
üçün arzuedilməzdir.
İqtisadi qüdrət və
münaqişə
Hərbi
qüdrət birinci növbədə iqtisadi potensiala əsaslanır.
Əksər müharibələrin başvermə səbəbi
axtarıldıqda, onun bu və ya digər dərəcədə
iqtisadi amillər olduğu nəzərə çarpır.
Geridə geniş danışılan Birinci Dünya müharibəsinin
baş verməsi üçün bəhanələrə əl
atılsa da, başlıca səbəb əlavə iqtisadi
faydaya malik olmaq istəyi idi. Almaniya başlıca sənaye
ölkələri ilə iqtisadi rəqabətdə
üstün mövqeyə malik deyildi, onlarla iqtisadi sahədə
döyüş də çox baha başa gələ bilərdi.
Almaniya dünya sənaye istehsalı süfrəsinə gec gəlsə
də, iti iştaha nümayiş etdirirdi və çox
şeyə nail ola bilmişdi. Kayzer II Vilhelm isə mərhum
kraliça Viktoriyanın nəvəsi olduğu halda,
Britaniyanı diz çökdürmək istəyirdi. Almaniya
Avstriya-Macarıstan imperiyasının Balkanlardakı mənafeyini
qorumaq, mövqelərinin möhkəmləndirmək naminə
Antantaya qarşı müharibəyə girdi və dörd ildən
sonra məğlubiyyətlə üzləşdi və əvvəlki
imkanlarının da xeyli hissəsini itirməli oldu.
Böyük
Britaniya Asiyada da guya azad ticarət naminə Çini
1839-1842-ci illərdəki və 1856-1860-cı illərdəki
Tiryək müharibəsinə cəlb etmişdi. Çin
öz ərazilərini narkotik maddələrin mənfəətli
satışı üçün ingilislərə
açmaqdan imtina etmişdi. Böyük Britaniya bu ticarətdən
böyük fayda götürəcəkdi. Çin öz
xalqını narkotik asılılıqdan xilas etmək kimi
xeyirxah mövqedən çıxış edirdisə,
İngiltərə yaxşı pul qazanmaq xatirinə millətin
bir hissəsinin narkomanlara çevrilməsinə də əhəmiyyət
vermirdi. Müharibə Çinin məğlubiyyəti ilə
nəticələndi və Böyük Britaniya
soyğunçuluq siyasətini həyata keçirdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2020.- 7 mart.- S.22.