"Mənə dedi ki, sabahdan efirə
çıxma..."
"ÇOX
PROBLEMLƏRİN KÖKÜNDƏ TƏHSİLSİZLİK
VƏ CAHİLLİK DAYANIR"
Ekranın simasına çevrilmiş tanınmışlar, sənətçilər, televiziya jurnalistləri arasında zəngin mütaliəli, dünyagörüşlü, ədəbiyyatı, incəsənəti, tarixi dərindən bilənlər təəssüf ki, çox azdır. Olanlar da adətən, gözdən uzaqdırlar. Amma onların arasında biri var ki, 20 ildən artıq televiziya ekranlarında olmasına rəğmən, bütün dövrlərdə adından söz etdirməyi, apardığı
bütün verilişlərə qarşı maraq oyatmağı bacarıb. Müsahibləriylə zəngin,
çox istiqamətli, bəzən sərt, bəzən əyləncəli,
bəzən düşündürücü söhbətləriylə
cəmiyyətin böyük qisminin sevgisini, diqqətini
qazanıb. O, həm də uzun illər müxtəlif
universitetlərin Filologiya fakültəsində gənclərə
ədəbiyyatımızı öyrədib.
Söhbət tanınmış telejurnalist,
filologiya üzrə fəlsəfə doktoru, hazırda “ARB” televiziyasının
əməkdaşı olan Rövşanə Ağasəfqızından
gedir. Hər zaman verilişlərində müsahibindən
verdiyi suallara səmimi cavablar gözləyən Rövşanə
xanım özü də suallarımıza səmimi və
maraqlı cavablar verdi. Mövzumuz
isə təkcə televiziya və ədəbiyyat deyildi.
"Mənim üçün bəzək
səmimiyyətdir,
ədalətdir, mərhəmətdir, dürüstlükdür"
- Rövşanə xanım, "necəsən"
sualına "yaxşıyam" demək adətimiz olub. Bu sualı kimdən eşidəndə həmişə
səmimi cavab verirsiniz?
- Əslində, biz "necəsən" sualına
"yaxşıyam" cavabını verməklə
qarşı tərəfin əhval-ruhiyyəsini yüksəltmək
istəyirik.
Heç kim özünün ruh
halını və ya əhvalının pis olmasını
başqasına yansıtmaq istəmir və bu, xoş məramdan
irəli gəlir. Xoş məramdan irəli gəldiyi
üçün də insanlar çalışırlar ki,
bir-birinə "pisəm" deməsinlər. Təbii
ki, mənim də bir ruh halım var. Problemlərim,
sorunlarım ola bilər və mən
yalnız ən doğma adamıma "pisəm" deyə
bilərəm.
- Dünyanın bəzəyi
insandır deyirsiniz. Bəs insanın bəzəyi
nədir?
- Hər
kəsin bir kredosu var. Biri üçün ədalət, digəri
üçün səmimiyyət, başqası
üçün mərhəmət və sair. Hər
bir insanın seçdiyi kredo zamanla yaşam tərzinə
çevrildikcə onun bəzəyi olur. Mənə
elə gəlir ki, insanın bəzəyi həm də onun
ruhu, içidir. İnsan bir az
içinə, ruhuna oxşayır. İçin
nədirsə, bəzəyin də odur, məncə. İnsanlar üçün ümumi bəzək
anlayışı yoxdur. Fərdidir bu. Mənim
üçün bəzək səmimiyyətdir, ədalətdir,
mərhəmətdir, dürüstlükdür. Kimin
üçünsə fərqli ola bilər.
"Mən
telejurnalistikada özümü tapmış adamam"
- Bakı Dövlət
Universitetində Filologiya üzrə təhsil alıb,
telejurnalist kimi çalışmısınız. Bunun səbəbi nə idi?
- Təhsil
almaq nominal məsələdir. İnsan
özünü harda tapır, harda kəşf edə bilirsə,
o peşə ilə məşğul olur. Adətən,
belə olur yəni. Məsələn,
dramaturq İlyas Əfəndiyev Pedaqoji universitetin coğrafiya
fakültəsini bitirmişdi. Amma 60-80-ci illər Azərbaycan
teatr səhnəsində onun qədər sevilən, onun qədər
əsərləri səhnələşdirilən az adam oldu. Teatr tariximizdə
adı qızıl hərflərlə keçir. Və ya hansısa dövlətin rəhbəri tamam
başqa ixtisas sahibi olur, amma gəlir özünü siyasətdə
tapır. Mən telejurnalistikada
özümü tapmış adamam. Sözümlə,
fikirlərimlə, ekrandakı obrazımla özümü
tapdım. Harda oxumağımdan asılı olmayaraq, mənim
üçün elm öyrənmək, ali
təhsil almaq sadəcə sabahkı TV jurnalistikasında mənə
kömək etmək üçün idi. Bakı
Dövlət Universitetinin məzunuyam və ilk kursdan
televiziyada çalışmışam deyə, hərdən
mənə elə gəlir ki, əsl ixtisası elə TV-də
almışam.
- 20 ildən artıqdır bu sənətdəsiniz,
fərqli kanallarda işləmisiniz. Bu 20 ilin ən
maraqlı dövrü hansı olub?
- 23 ildir
televiziyadayam. Müxtəlif kanallarda uzun müddət
işləmişəm. İş yerini dəyişməyi
sevmirəm. Hər biri doğma məkana
çevrilib mənim üçün. Bu
illərlə bağlı o qədər
acılı-şirinli xatirələrim var ki.
Dövlət
televiziyası ilk iş yerim idi deyə hər şeyə təəccüblə
yanaşırdım. Sanki sehirli bir aləmə
düşmüşdüm. O vaxtkı sədr hər kəsi
bəyənməzdi. Efirə çıxmaq
üçün hündürboy - filan olmaq lazım idi.
Sonra 20 il əvvəl
çalışdığım kanalda 12 ilə yaxın
"Sabah" proqramını aparmışam. Yadımdadır
ki, cavan qız idim, təzə gəlmişdim. Arzular, xəyallar
nə qədər... Bir ay efirə
çıxdım. Bir gün proqramın rəhbəri Nərgiz
Cəlilova dedi ki, sabahdan sən efirə çıxma, bəs,
filankəs çıxacaq. Təsəvvür
edin necə həyəcan keçirdim. Həm
də pərt olurdum axı. Heç bir səbəb
olmadan efirə çıxmağım istənilmir. Axır ki, o filankəs bir gün efirə
çıxdı. Yusif Sərracın taxta
çıxması kimi oldu. Gördülər
verilişi apara bilmədi, yenidən məni qaytardılar.
Və düz 11 il "Sabah"
proqramının aparıcısı oldum. Hamı
getdi, işdən uzaqlaşdırılanlar oldu. Amma mən və ən doğma rəfiqəm Afaq
Vasifqızı sona qədər qaldıq.
Sonra
televiziya həyatıma davam... Və bu günə
qədər efirsiz qaldığım günüm, demək
olar ki, olmadı. ANS-də
çalışdım. Bu gün isə
ARB kanalında doğma insanlar, uzun illər birlikdə
çalışdığım dostlarlayam.
"Efirdə bir az daha sərtəm"
- Sizinçün peşənizin ən
çətin tərəfi nədir?
- Peşəmi
o qədər sevirəm ki, mənə elə gəlir,
bütün çətinlikləri dəf edirəm. Amma yenə də çətin tərəfindən
danışsam, müsahiblər məsələsini misal
göstərə bilərəm. Hərəni
öz dilində danışdırmaq lazımdır. Məsələn, baxırsan sənəti var, di gəl,
iki kəlmə danışa bilmir. Heç
dünyadan xəbəri də yoxdur, cümlə qura bilmir.
Onda efirdə zülm çəkirəm. Və
ya eləsi gəlir, deyir ki, titullarımı say. Ortada sənət yoxdur, səkkiz səhifəlik
titul gətirib ki, deyim. Mən də demirəm,
inciyir. Sözün düzünü
müsahibə deyirsən küsür, üz-göz olur.
Yəni insan faktoru var və insanla işləməyin öz
çətinliyi var. Mən də sözü bir az üzə deyənəm axı...
- Tanınmış və
işgüzar xanım olmaq sizdən nələri alıb?
- Əsas bu peşənin mənə
qazandırdıqlarından danışa bilərəm. Gözəl
dostlar, hörmət qazanmışam, hər yerdə
özümə qarşı sayğı görmüşəm.
Tamaşaçı küçədə mənə
yaxınlaşıb deyəndə ki, "filan sözü nə
gözəl dedin, lap ürəyimdən tikan
çıxdı" və ya "bu problemi nə gözəl
işıqlandırdın" - o zaman demək ki, qazancım
daha çoxdur. Bir az ictimai yük, bir az
sosial yük, bir az məşhurluğun yükü və məsuliyyəti
bəzən özümüz olmağa imkan vermir. Hesab edirəm ki, məşhurluq məndən
özümü alıb. Bəlkə daha
başqa olmaq olardı. Məni
tanıyanlar deyir ki, siz həyatda fərqlisiniz, efirdə fərqli.
Həqiqətən də efirdə bir az başqayam,
daha sərtəm. Məndən alınan mənim
özümdür. Bu situasiyada adam
bütövlükdə özü ola bilmir. Hərdən məcbursan
peşənin çərçivəsinə düşəsən,
bir az peşənin pəncərəsindən
boylanasan.
"... ötən
əsrin 60-cı illər ədəbiyyatını
Anarsız təsəvvür edə
bilmirəm"
- Özünüz də universitetdə
dərs demisiniz. Öz müəllimlərinizlə
müqayisədə necə müəllimdiniz?
- Uzun
müddət - 15 ilə yaxın bir neçə universitetdə
dərs demişəm, indi demirəm. Zaman
çatmadı və məvacib qane etmədi. Müəllimlərimdən fərqim odur ki, onlar mənim
müəllimimdirlər, mən onlardan öyrənmişəm.
Amma müəllim kimi çox tələbkar
idim, mütaliəyə ciddi önəm verirdim. Tələbələrim indi də məni görəndə
deyirlər ki, bizə Bulqakovu, Markesi, Kafkanı siz oxutdurdunuz.
- Bəs tələbələriniz tələbə
Rövşanəylə müqayisədə necədirlər?
- Bu
gün televiziyada, saytlarda işləyən məşhur tələbələrim
var. Mənə elə gəlir ki, bu gün müəllim fərqindən
daha çox bizim vaxtımızdakı tələbələrlə
indikilər arasında fərq var. Biz tələbkar idik. Müəllim əlli ilin saralmış vərəqlərindən
mühazirə deyəndə heç qulaq asmaq istəmirdik.
Savadlı müəllimi sevirdik, hörmət
edirdik.
- Dissertasiya mövzunuz Xalq
yazıçısı Anardandır. Özünüz
seçmişdiniz bu mövzunu?
- Əslində, öz seçimim deyildi, amma işlədikcə
mövzu çox xoşuma gəldi. Anarın dramaturgiyası az işlənmişdi. Mən
bunun üzərində işlədikcə maraqlı
nüanslar aşkar etdim. Gənc
yazarların Anara münasibəti həmişə diqqətimdə
olub. Haqq qazandırdığım məqamlar
da var, qəbul etmədiyim yanaşmalar da. Bu
barədə uzun danışmaq istəmirəm. Amma bütövlükdə ötən əsrin
60-cı illər ədəbiyyatını Anarsız təsəvvür
edə bilmirəm.
"Tanımaza-bilməzə sevgi
etirafı
edənləri ciddiyə almıram"
- Sevgiylə ilk nə vaxt tanış olmusunuz?
- Körpəlikdən,
ata-ana sevgisini duyandan. Hər yaşın öz
sevgisi var. Bəlli bir yaşdan sonra fərqli sevgilər
yaşanır. Mən sevgi içində
böyümüşəm. İçim,
ruhum hər zaman sevgi doludur.
- Yəqin ki, indi də sevənləriniz
çoxdur. Sevgi etirafıyla bağlı
hansı maraqlı əhvalatlar gəlib başınıza?
- İstər virtual, istər canlı sevgi etirafları həmişə
olub. Tanımaza-bilməzə sevgi etirafı edənləri
ciddiyə almıram. Bu, olsa-olsa fanat sevgisi, efirdən
yaraşıqlı bir qadına simpatiya ola
bilər deyə düşünürəm. Sosial
şəbəkədə bir şəkil paylaşım, dərhal
virtual aləmdə "sizi sevirəm", "vurulmuşam"
məzmunlu mesajlar gələcək. Amma
içi tərpədəcək, səni səndən alacaq
sevgi deyil ki.
Fərqli sevgi etirafı da olub. Səhvən telefonuma
düşən biri səsimə vurulub və aşiq
olduğunu etiraf edib tanımadan, bilmədən. Təsəvvür
edin, adam bilsəydi ki, efirdə səsimin
zil yerinə salıb hayla-küylə danışan adamam,
vurulduğu səs sahibinin mən olduğuma inana bilməzdi. Yəqin telefona ruhumun duyğusal anında cavab
vermişəm (gülür).
"Eyni peşə sahibləri
biri-birini
daha yaxşı anlayar"
- Bəs həmkarlarınızdan sevgi
etirafları aldıqlarınız olubmu?
- Həmkarlarımdan
sevgi etirafı televiziyaya təzə gəldiyim vaxtlarda
çox olub. Çoxdan, amma indi yox. Xarakterimi bilirlər axı. İş
yerimdə gəlib mənə "səni sevirəm" desələr,
belə birtəhər baxaram e (gülürük).
- Sizcə, ümumiyyətlə,
cütlüklərin eyni peşə sahibi olmaları
avantajdır, yoxsa əksinə?
- Məncə,
eyni peşə sahibləri biri-birini daha yaxşı anlayar. Düşünürəm ki, bizim peşəmizdə
belədir. Ən azı, axşam montajda
qalanda, səhər çəkilişlərdə olanda
anlayışla qarşılanar.
- Bu sənətdə dostluq
varmı?
-
Dostluğun sənətə aidiyyatı yoxdur, insan məsələsidir.
Mən həmişə deyirəm, dostluğu
bacarmağın özü bir istedaddır. Hardasa güzəştə getməyi, hardasa
bağışlamağı, hardasa unutmağı bilməli və
bacarmalısan. İdeal kim var ki?
- Qısqanclıqla, paxıllıqla
çoxmu qarşılaşırsınız? Bu
səbəbdən haqsızlığa
uğradığınız olub?
- Nə
qısqanclığa, nə paxıllığa əhəmiyyət
verirəm. Önəmli deyil. Mən öz yolumu gedirəm, qaratikan kolları, alaq
otları zamanla elə yerindəcə quruyurlar.
"... yaş
artdıqca daha
gənc tərzə önəm verirəm"
- Hazırda xanımların əsas
problemlərindən biri gözəllik salonudur. Sizin gözəllik
salonuyla aranız necədir?
- Gözəllik
salonlarında keçən vaxt mənimçün
itirilmiş vaxtdır. Bəzən orda çox dadsız-duzsuz
söhbətlər edirlər. Ay "Filankəsin əri
kimdir, sponsoru kimdir?", nə bilim,
"Filankəslə filankəsin nə münasibəti
var?" və sair. Bu söhbətlər
bezdiricidir. Amma nə edək, salona getməmək
də olmur.
- Bəs estetik əməliyyata necə
baxırsınız?
- Estetik əməliyyata
ehtiyac varsa, etsinlər. Amma təəssüf ki,
fərdilik itib, eyni sifətlər artıb. Qadınlar elə
bilir burun balaca, dodaq şişmə olanda dərhal onlara
aşiq olacaqlar və ya 70 yaşındakı kişi
şəvə kimi qapqara saçla 25 yaşındakı kimi
görünəcək. Qətiyyən. Pis görünürlər. Fərqlilik
maraqlı edir adamı. Daxilin boşdursa,
vedrə kimi danqıldayırsansa, istəyirsən üzünə
yarım kiloqram gel vur, ya da yarım metr kirpik tax, bir saatdan
sonra çox yorucu olacaqsan.
- Modanı izləyirsiniz? Geyimlərinizi özünüz seçirsiniz?
- Geyim
insanın xarakterinin vizit kartıdır. Modanı
izləməyə çalışıram. Amma elə
şey dəbdə ola bilər ki, mən o
geyimdə gülünc görünə bilərəm. Hara nəyi geyinəcəyim önəmlidir. Sizə bir şey deyim, yaş artdıqca daha gənc
tərzə önəm verirəm. Hərdən
qızımın geyimlərini geyinmək istəyirəm
(gülür).
"Fəxrlə deyirəm ki, atam
Qarabağ
döyüşçüsü olub"
- Rövşanə xanım, bir az da ailənizdən danışaq. Bilirik ki,
adını soyad olaraq götürdüyünüz Ağasəf
müəllim vaxtilə Qarabağda döyüşüb. O
illəri, ümumiyyətlə,
uşaqlığınızı necə
xatırlayırsınız?
-
Özümü dərk edəndən atamı savaşda
görmüşəm. Uşaqlığım
müharibənin ən qaynar vaxtına düşüb.
Atam həftələrlə cəbhə bölgəsində
olurdu, polk komandiri idi. Yadımdadır,
Ağdərə döyüşü idi, deyəsən, o vaxt
da telefon yox, əlaqə saxlamaq mümkün deyildi, günlərlə
atamgildən səs-səmir gəlmədi. Dedik ya əsir düşüblər, ya da həlak
olublar. Təsəvvür edin, on gündən
çox xəbər ala bilmədik. Dəhşətdir,
doğman döyüşdədir, amma sənin nə
ölüsündən xəbərin var, nə də dirisindən.
İnanın, o acı hələ də
içimi titrədir. Elə bildim uşaq
yaşımda saçlarım ağardı.
Atam Şuşa itiriləndə dəhşətə
gəlmişdi. Deyirdi, Şuşa elə
bir yerdir ki, oranı almaq mümkün deyil. Heyf,
mən oraları görə bilmədim. Atam
rəhmətə gedəndə adını soyad olaraq
götürdüm. Sağlığında
bunu çox istəmişdi, arzusu idi. Hələ
də özümü bağışlaya bilmirəm ki,
sağ olanda bunu etmədim.
Bu gün fəxrlə deyirəm ki, atam Qarabağ
döyüşçüsü olub, ən qaynar nöqtələrdə
savaşıb, Qarabağ müharibəsi veteranıdır.
- Allah saxlasın, qızınız
böyüyür. Özünüzü gənc qız
anası olmağa hazır hiss edirsinizmi?
- Bəli,
qızım böyüyür. Bu gün-sabah
orta məktəbi bitirəcək. Gənc
qız anasından daha çox ağıllı-kamallı
qız anası olmaq vacibdir. Qızım mənim
həyat işığımdır. Onun
xoşbəxt olması üçün əlimdən gələn
hər şeyi edirəm.
- Özünüzlə bağlı ən
çox eşitdiyiniz irad nələr olub? Necə
münasibət göstərirsiniz iradlara?
-
"Qonaqların sözünü kəsir..." Ən çox eşitdiyim irad budur. Bütün tənqidlərə və iradlara olduqca
açıq biriyəm, çox nadir halda cavab verirəm.
Sözümü efirdə dedim, bitdi. Baxın, illərdir gündəmdə olan
aparıcıyam. Bu illər ərzində
bir kimsə ilə şəxsi müstəvidə problem
yaşamamışam. Çünki
bölüşəcək bir şeyim yoxdur.
- Həyata keçirmək istədiyiniz,
amma hələ ki gerçəkləşdirə bilmədiyiniz
layihəniz varmı?
- Bundan
sonrakı arzularım daha çox övladımla
bağlıdır. Ona yaxşı təhsil vermək
istəyirəm. Təhsil çox vacibdir.
Mən bir çox sosial layihələrdə
işləmişəm. Çox
insanların problemləriylə qarşılaşmışam
və təhsilsizliyin necə ciddi bəla olduğunu
görmüşəm. Çox problemlərin
kökündə təhsilsizlik və cahillik dayanır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 2 may.- S.14-15.