Abuzər Xələfovla bağlı elektron

məlumat bazası təqdim olunub

 

Azərbaycan elminə, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan kitabxanaşünaslığının patriarxı, çoxminli kitabxanaçılar ordusunun ağsaqqalı, bu gün kitabxana sahəsində çalışanların demək olar ki, hamısının müəllimi, müəllimlər müəllimi Əməkdar Elm xadimi, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, BDU-nun Fəxri professoru, tarix elmləri doktoru Abuzər Alı oğlu Xələfov ömrünün 89-cu ilində vəfat edib.

Professor Abuzər Xələfov Azərbaycanda Kitabxanaşünaslıq elminin banisi, milli kitabxanaşünaslıq elmi məktəbinin yaranması, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm və mədəniyyət xadimi kimi ölkəmizdə və xaricdə yaxşı tanınan görkəmli ziyalılardandır. Demək olar ki, respublikamızda fəaliyyət göstərən bütün kitabxanaşünas alimlər bu məktəbin Abuzər Xələfov elmi məktəbinin yetişdirmələridir. O, ən qədim dövrlərdən zəmanəmizə qədər Azərbaycan kitabxana işinin tarixini və inkişaf istiqamətlərini hərtərəfli tədqiq etmiş, sanballı monoqrafiyaları ilə ölkəmizdə ilk dəfə olaraq bu sahənin bünövrəsini qoyub.

Amansız ölüm onu sıralarımızdan aparsa da, onun əziz xatirəsi onu tanıyanların, onunla çiyin-çiyinə çalışan və onun yetişdirdikləri mütəxəssislərin və alimlərin xatirində daimi yaşayacaqdır!

Azərbaycan Milli Kitabxanası böyük alimin xatirəsini əbədiləşdirərək, onun həyat və fəaliyyətinə dair kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Azərbaycanda Kitabxanaşünaslıq elminin banisi - Abuzər Xələfov http://anl.az/el/emb/A.Xelefov/index.html adlı Elektron məlumat bazasını virtual rejimdə istifadəçilərə təqdim edib.

 

525-ci qəzet.- 2020.- 2 may.- S.12.