BELƏCƏ

 

Eşitdiklərimi qulaqlarımda,

Gördüklərimi gözlərimdə,

Anladıqlarımı ağlımda,

Duyduqlarımı ürəyimdə saxladım.

Tanrının ərki insafa,

Yoxsulun ərki azadır.

Buludun ərki yağışa,

Şairin ərki kağızadır.

Zəngin insafını,

Yoxsul azını,

Bulud yağışını,

Şair kağızını

Zümzümə edir hər gün sakitcə.

Ən gözəl xorunu oxuyur bəşər,

Xor oxuyur beləcə…

 

XANƏGAH

 

Əlincə qalasından,

üç min dirsək yuxarı.

Gəlin, dərə yoxuşa

qalxaq gedək yuxarı.

 

Ceviz qocalıb tamam,

cadar-cadar qolları.

Kəndirlənib dizinə

Xanəgahın yolları.

 

Yüz illərdi beləcə,

Zaman dayanıb durub.

Heyran qalıb Əlincə,

Duman dayanıb durub.

 

Qovuşub müridləri

Mövlana Fəzlullaha.

Adlayıb altı əsri

yol gəlib Xanəgaha.

 

Dağdı, daşdı müridlər,

şeir deyir Nəsimi…

Xor oxuyur qəbirlər:

“Ya Fəzlullah Nəimi”.

 

Sirri-Xudaya görə

bilir bu yer, göy nədir.

“İnsan üzü kitabə”,

gözəlliyi Ayədir.

 

Mat qoyub teymurları,

çatıb haqqa, kamala.

Hürufilər Nigarı,

can dildarı Fəzlullah.

 

Xaliqin qüdrətiylə

faili-Muxtar olub.

Haqqın kəramətiylə,

ocaq olub, pir olub.

 

Memar Cəmaləddinin

ehtişamıdı türbə.

Şeyx Fəzlullah cəddinin

yanar şamıdı türbə.

 

DÜNYA

 

Ömrümüzü dəryaz kimi,

Vaxtlı-vaxtsız biçən dünya.

Heç bilmədim sirrin nədir,

Gülü xəlvət açan dünya?

 

Tikan sərib, kol bitirən,

Cığır açıb, yol bitirən,

Sinəmizdə sal bitirən,

Üstümüzdən keçən dünya.

 

Nifaq səpdin sıramıza,

Barı dəymə yarımıza.

Şeytan salıb aramıza,

Gülə-gülə qaçan dünya.

 

BURA ŞUŞADI…

 

(Şeir Şuşanın işğalından əvvəl yazılıb)

 

Dağların yaxasında

Boy atıb, bitib evlər.

Sanki yallı gedəcək,

Əl-ələ tutub evlər.

Ucalıb pillə-pillə,

Zirvəyə çatıb evlər.

Bir-birinin dizinə

Baş qoyub, yatıb evlər.

Şirin-şirin nəğməyə,

Nağıla batıb evlər.

Qalıb qonağı oldum,

Doğmasıtək oxşadı,

Bura Şuşadı.

 

Bağçaları, bağları,

Şirinlik tabağıdır.

Uca dağlar qoynunda

Sanki cənnət bağıdır.

Qarabağın əlində

Gözəllik bayrağıdır.

Doğma Azərbaycanın

Musiqi ocağıdır.

Düşdüm ulu Qarqara

Gördüm ilham çağıdır.

İsa bulağı üstə

Mürsəl muğam başladı,

Bura Şuşadı.

 

Xəlfəlisi möcüzə,

Daşaltısı nağıldı.

Qol-boyun meşələri

Üfüqlərə sığaldı.

Dərəsinə söz atdım,

Hər daşdan səs sağıldı.

Məxmər yamaclarını

Gəzdim, huşum dağıldı.

“Xarı bülbül”ə qıyan

Paxıldan da paxıldı.

Çəməni xalı-xalça,

İlməsi tamaşadı,

Bura Şuşadı.

 

Xan qızı Natəvanın

Ayna bulağını gör.

“Xuraman qayası”nın

Pərişan tağını gör.

Boylan Cıdır düzünə

Vaqifin “dağını” gör.

Cabbarın eyvanını,

Xanın otağını gör.

Baş əy Nəvvab ruhuna,

Seyid ocağını gör.

Sənətkarı, sənəti

 

Əbədilik yaşadır,

Bura Şuşadı.

 

Abidələr diyarı,

Gözəllik qoruğudur.

Sanki qala divarı

Boynunda muncuğudur.

Ormanları Çənlibel,

Hər qaya Koroğludur.

Dərə döşü təbildi,

Gur sellər yumruğudur.

Havalanan qovaqlar

Niyazi çubuğudur,

Burda dahi Üzeyir

Zirvələrlə qoşadı,

Bura Şuşadı.

 

Çadır-çadır zanbağı

Bənzər gümüş xalına.

Çıraq-çıraq lalələr,

Nur səpir camalına.

Dolanıb dörd yanından

Bahar girib qoluna.

Hüsnündən doymaq olmur,

Xoş Şuşanın halına.

“Maraldağın”, “Qırxqızın”

Qovuşdum vüsalına.

Könlüm ovsuna düşüb

Sevgisiylə yaşadı,

Bura Şuşadı.

 

Xana-xana evləri

Ədalı göyçək kimi.

Gül-çiçəyin içinə

Qonub kəpənək kimi.

Şuşa təzə gəlindi –

Bəzənib mələk kimi.

Burum-burum zirvələr

Çiynində səhəng kimi.

Bəyaz-bəyaz buludlar

Başında örpək kimi,

Dönüb hayana baxdım

Toy evinə oxşadı,

Bura Şuşadı.

 

“Şuşa”qəzeti,

20/IX-1983.

 

ÇAĞIRIŞ

 

“Dünyanın bəzi sularına atom gəmiləri yerləşdirilmişdir”.

Qəzetlərdən

 

Biçin, biçin bu dəryanı,

Keçin, keçin bu dəryanı –

Zahiri mələk,

Batini qorxulu dəryanı!

Qayası bayquş,

Daşları bayquş balası

bu dəryanın dibini şumlayın!

Bu sular balıqların

əsir düşmüş vətənidir.

Dalğalar çürümüş kəfənidir…

Delfinlər göz yaşı tökdülər o ki var.

İnsanlığın o tayındakılar

kef çəkdilər o ki var!

Bədniyyətlər qara fikir ovxarlayır,

Atomların caynağında,

gəmilərin yedəyində

Yer kürəsi balıq kimi çabalayır.

Ağıl kəsə-kəsə, göz görə-görə,

Səsimiz içimizdə,

içimiz sözümüzdə ağlayır.

Falasını altından çəkin,

qarnında nüvə kürüsü tökənlərin.

Başında turp əkin,

hərbə avar çəkənlərin!

Keçin, keçin bu dəryanı,

biçin, biçin bu dəryanı,

Yarasına məlhəm qoyun,

dalğasına məlhəm qoyun.

Su pərisi ərə getmək,

Balıqlar yaşamaq istəyir!..

 

BƏY QUŞ

 

Sən quşların bəyi idin

Niyə tənha qaldın axı?

Səni gözdən salanların

Görüm dağılsın tufağı.

Orman-orman vətənindən,

Sənə bir budaq qalmadı,

Qara qarğalar qədər

Hörmətin olmadı.

Səni qovdular,

Yuva-yuva ev yıxanlar

Sənə qoydular adlarını.

Varını çeynədilər,

Adını çeynədilər,

Bayquş qoydular adını!

…Bəzəkli sarayların qapısını

Çırpıb getmisən,

Küsüb getmisən.

Mülkündə çalağanlar gəzir,

Quzğunlar oynayır.

Yalan olub atomlar,

Xaraba qoyduqları yerləri,

Sənin adına bağlayırlar.

Yazıq Bəy quş,

Nələr çəkmisən.

Günahsız balalarınla

Tənhalığa çəkilmisən.

Çəkil!

Bu da bir qədərdi.

Ağla, ulu bayquş, ağla.

Gözdən düşmək

Ölümdən betərdi.

Ula, gözəl bayquş, ula

Səninki qiyamətə qədərdi…

 

Muxtar Qasımzadə

 

525-ci qəzet.- 2020.-  9 may.- S.23.