Psixoloq Vəfa Əkbər:
“Psixoloq hərşeyşünas
deyil, onun işi
insanın ruhuyla məşğul olmaqdır”
Bu pandemiya günlərində
ən çox xatırlanan peşə sahiblərindən biri
də, şübhəsiz, psixoloqlardır. Psixoloq Vəfa Əkbər ilə söhbətimizdə
bu məsələlərdən də
danışmışıq. Amma söhbətimizin
mövzusu çoxşaxəli oldu - onun
uşaqlığından, psixologiyaya olan marağından da
söz açdıq, ailədaxili münasibətlərə,
qadın-kişi problemlərinə də toxunduq.
Beləliklə, müsahibəni təqdim edirik.
"Müəllimim mənə
psixoloq olmağı
məsləhət görəndə çox pis olmuşdum"
- Vəfa xanım, peşənizə
aid suallara keçməzdən öncə yaxşı
olardı, özünüzdən başlayaq. Psixologiyaya
sevginiz, marağınız necə yarandı?
- Bu
peşəyə marağım ali məktəbə
hazırlıq dövründə başladı. Bu marağı məndə sevimli biologiya müəllimim
Rəfael müəllim yaratdı. Dördüncü
qrupa, tibb universitetinə hazırlaşırdıq.
Yadıma gəlir ki, may ayı idi,
artıq hazırlıqların son mərhələsində
idik. Bir gün hazırlıq zamanı müəllimimizin təcrübəsinə
əsaslanaraq soruşduq ki, sizcə, biz ali
məktəbə qəbul ola biləcəyikmi, bizdən
neçə bal gözləyirsiniz və kimi hansı sahədə
görürsünüz? Müəllim o zaman hər kəs
üçün bir fakültə dedi, mənə gələndə
dedi ki, səni psixologiyada görürəm. Düzü,
bu, mənə çox pis təsir etdi. Çünki
tibbə hazırlaşıram, həkimlik bizim
üçün ali bir peşədir, amma
müəllimim mənə psixologiyanı məsləhət
görür. Hələ onda ilk dəfə
eşitdim ki, psixologiya adında fakültə var.
Açığı, heç bilmədim o nədir. Mənə elə gəlirdi ki, psixiatriya kimi bir
şeydir. Sonra maraqlandım, elə müəllimin
özündən soruşdum. O, mənə izahat verdi, dedi ki, çox istəyərəm hər
birinizi öz xasiyyətinizə, xarakterinizə uyğun sahələrdə
görüm. Beləcə, məndə çox
böyük bir maraq yarandı ki, görəsən, necə
bir fakültədir, orda nə edirlər, psixoloq olanda nə
olur. Sırf o vaxtdan psixologiyaya
böyük marağım yarandı.
- Dediniz ki, müəlliminiz
xarakterinizdən çıxış edərək bu məsləhəti
verib. Uşaqlığınızı, yeniyetməliyinizi
xatırlasaq, insanlarla münasibətiniz necə idi? Onda da dinləməyi,
nəticə çıxarmağı sevirdiniz?
-
Uşaqlığım və yeniyetməliyim həqiqətən
də çox gözəl keçib. Mən
bunu psixoloq olandan sonra başa düşmüşəm ki, bu
mərhələlər məndə çox sağlam
keçib. Evin böyük
uşağı, nənə-babanın ən sevimli nəvəsi
olmuşam. Ona görə də daha sərbəst,
fikrini daha rahat ifadə edə bilən uşaq idim. Çünki yanımda nənəm vardı, o, həmişə
məni dəstəkləyirdi. Onun
qayğısını, fikirlərimə hörmətini həmişə
hiss eləmişəm. Üstəlik,
anamın da böyük təsiri olub. Mən
böyük uşaq olduğum üçün anam daima məni
sirdaş kimi görürdü, hər şeyi mənimlə
paylaşırdı, uşaq olmağıma baxmayaraq, mənimlə
fikir mübadiləsi aparır, hətta yeniyetmə
yaşlarımda ailə məsələlərini
danışır, məsləhətləşirdi. Beləcə, məndə özümdən
asılı olmadan, müşahidə qabiliyyəti
yaranırdı. Daha iti müşahidə
etməyə çalışırdım ki, gələn dəfə
anam nəsə soruşsa, məsləhət eləsə, vəziyyəti
daha aydın görə, şərh eləyə bilim. Mənə elə gəlir ki, bu xüsusiyyətim elə
ailədən gələn bir şeydir. Yəqin
müəllimim də xarakterimdəki bu cəhətləri
görmüşdü deyə, məni o istiqamətə
yönəltmişdi.
- Özünüzün
keçmişdə, hələ psixologiya elmini öyrənmədiyiniz
zamanlarda keçirdiyiniz psixoloji gərginlik, travma halları
olubmu və bunun öhdəsindən necə gəlmisiniz?
- Dediyim
kimi, fərqli ruhda böyüdüyüm üçün
xatırladığım qədəriylə elə bir ciddi
uşaqlıq travmalarım olmayıb. Sadəcə,
deyilənə görə, atam xaricdə işlədiyi
üçün çox vaxt onun xiffətini çəkmişəm,
darıxmışam. Amma
görünür, bir müddət sonra bu vəziyyətə
adaptasiya oldum. Ondan sonra isə biz də
onun yanına getdik deyə, o travmanı kompensasiya edə
bildim. Mənim xatırladığım isə
bir qorxumdur. O qorxu da nədir? Uşaq
vaxtı nənəmlə böyümüşəm, daha
çox onun yanında qalmışam deyə, nənəmin
gözümdə böyütdüyü xəyali bir qorxu
obrazı var idi. Adı da Qaraqulaq idi
(gülür). Bunu demək olar ki, heç
yerdə deməmişəm. Çox insan
bilmir. Mənim aləmimdə Qaraqulaq yekə
divə bənzəyirdi, iri, qara qulaqları vardı. O
qulaqlar o qədər yekə idi ki, harda da olsa, nadincliyimi, məndən
olan şikayətləri eşidir və pis uşaqların
qarşısına çıxıb, onlara barmaq silkələyir,
bir də onlara hədiyyə verilməyəcəyini deyir,
onları günorta yatmağa məcbur edir. Çünki
mən günorta yatmağı sevmirdim (gülür). Yəni belə şeylər. "Vuracaq",
"döyəcək", "yeyəcək" kimi
şiddət xarakerli heç nə yox idi, amma bu, məni
çox qorxudurdu. Hətta deyə bilərəm
ki, ibtidai sinfi bitirənə kimi Qaraqulaq qorxum var idi, onun
varlığına inanırdım. Çünki mən
nəsə yaxşı bir iş görəndə nənəm
deyirdi ki, yat, duranda görəcəksən ki, Qaraqulaq bunun
üçün sənə hədiyyə gətirib. Yuxudan duranda görürdüm ki, doğrudan da o hədiyyə
hazırdır, ona görə də inanmamaq olmurdu. Təbii, böyüdükcə anam başa saldı
ki, belə şey yoxdur. Sadəcə, nənəm
məni daha rahat idarə edə bilsin deyə, bunu uydurub.
Travma dedikdə, ancaq bu olub.
"Ailənin məsuliyyətini dərk
etmirlər..."
- Əsasən ailədaxili
münasibət, erkən nigah və digər bu kimi
mövzularla işləyirsiniz. Orta
statistik Azərbaycan ailəsini necə xarakterizə edərsiniz?
Cəmiyyətimizin, ailələrin qızlara, qadına
münasibətindən razısınızmı?
- Bəli,
əsasən bu cür mövzularla işləyirəm. Ümumiyyətlə, orta statistik Azərbaycan ailəsi
dedikdə, mənim təsəvvürümdə olanlardan
deyil, daha çox işlədiyim insanlarla bağlı
danışa bilərəm. Gördüyüm konfliktlərin,
problemlərin kökündə insanların evliliyə
hazır olmadıqları bir yaşda evlənməsi,
onların həyat yoldaşı seçimində daha az rol oynaması durur. Məsələn,
ana oğlu üçün qız bəyənir, məsləhət
bilir, evlənirlər - bir-birlərini tanımadan, xarakterlərinə
bələd olmadan, mənfi və müsbət cəhətlərini
öyrənmədən, hansı yükü götürə
biləcəklərinı müzakirə etmədən. Çox zaman oğlan tərəfi hələ evə
gəlməmiş gəlinə öz aləmlərində
müxtəlif funksiyalar yükləyirlər və gəlin gələndə
ondan həmin funksiyaları yerinə yetirməyi tələb
edirlər. Alınmayanda isə
qayınana-gəlin, gəlin-baldız problemləri
başlayır. Bu üçbucaq zaman-zaman
o qədər sərtləşir ki, ər-arvad münaqişələri
qaçılmaz olur. Qadın daima əzildiyini, başa
düşülmədiyini, dəyər verilmədiyini, kişi isə arada qaldığını hiss
edir və beləcə, ailə labirintə düşür. Belə ailədə böyüyən uşaqlar isə
çox vaxt qorxu içində, yenə dava düşəcək,
nəyisə səhv edəcəklər, danlanacaqlar, kimlərləsə
müqayisə olunacaqlar kimi düşüncələrlə
səksəkədə yaşayırlar. Ailə
o qədər bədbin ruhda olur ki, böyüklər özlərindən
də narazı qaldıqları üçün bir ideal
seçib, uşaqlarını o ideala
uyğunlaşdırmağa çalışırlar.
Olmayanda isə başlayırlar uşağa psixoloji təsir
göstərməyə: niyə səndə alınmır,
niyə sən uğursuzsan, niyə bacarıqsızsan kimi. Əgər əvvəl o uşaqda əhval-ruhiyyə
yaxşı idisə, motivasiya yaranacaqdısa da, tez zamanda bu,
ölməyə başlayır.
Bir subaydan ailəli olub-olmadığını soruşanda,
qısca "yox" cavabı verir. Amma bunu evli bir insandan soruşanda
"hə" deyir və ailə tərkibini belə
sıralayır: atam, anam, yoldaşım və digərləri.
Yəni o dərk etmir ki, ailə dediyimiz bizim
özümüzün qurduğumuz ailədir. Bir var özümüz qurduğumuz ailə, bir də
var ata ocağımız. Subayıqsa, ailə
ata ocağımız hesab olunur, amma "ailəliyik"
dedikdə, öz ailə vəziyyətimiz nəzərdə
tutulur.
Eyni zamanda, evləndikdə də bunun məsuliyyətini
dərk etmək lazımdır. Hər bir insanın
öz gözləntiləri, qaydaları var. İki insan bir
araya gələndə təbii ki, bundan vaz keçmirlər,
amma əsasən ortaq cəhətlərini ön plana
çıxarırlar. Bizdə isə təəssüf
ki, iki insandan biri nəyəsə görə öz dəyərlərindən
vaz keçmək məcburiyyətində qalır. Və keçmişə nəzər salsaq, bu mənada
daha çox əzilən tərəf qadın olur. Qadının gördükləri, eşitdikləri,
öyrəndikləri ata evində qalmalıdır, o, gəlib,
neçə yaşı olursa olsun, yenidən bu biri ailədə
sanki tərbiyə olunmalıdır. Belə
çıxır ki, ona bu vaxta kimi verilən tərbiyə
düzgün deyilmiş. Beləcə, dəyişən
daha çox qadın olduğuna görə, bir dövrdən
sonra o, deyinməyə, şikayət etməyə
başlayır, uşaqlarına qarşı səbirsiz, əsəbi
olur. Bu da böyük bir ailə dramına
çevrilir.
- Sizcə, bir insan üçün
ailə qurmaq mütləq şərtdir? Kimlər
ailə qurmamalıdır?
- İnsan bio-psixo sosial varlıqdır. Tənha
yaşamaq, əlbəttə, onu problemlərdən uzaq
tutmayacaq. Belə bir fikir var ki,
yaradıcı insanlar tək qalmalı, onlara əngəl
törədilməməlidir. Çünki
günün hansı saatında işləməsi onun əhvalına
bağlıdır. Buna görə də
elə insanlar evləndikdə yaradıcılıq keçir
arxa plana, ailə-məişət problemləri onlara mane olur.
Mən düşünürəm ki, ilk növbədə
valideynlər təlim-tərbiyə dedikdə uşağı
əhilləşdirməyə çalışmamalı,
sözün əsl mənasında, ona tərbiyə verməyi
bacarmalıdır. Bütün uşaqlar dəcəl
olur, oynamağı, əylənməyi,
dağıtmağı sevirlər. Amma
fikir versəniz, bəzi ailələrdə him-cimlərlə,
gözağartmalarla, adicə sözlərlə içinə
qorxu salmaqla uşağı bu əyləncədən təcrid
edirlər. İstər-istəməz
uşaq öz sərhədlərini tanımır,
özünü dərk etmir, potensialını bilmir. Bir növ həyatdan təcrid olunur. Tərbiyəsizlik elə burdan başlayır. Çünki burda uşaq tərbiyə olunmayıb,
əhilləşib. Nə qədər
ağır olsa da, bu, belədir. Həmin
uşaq yeniyetməliyə gələndə iki istiqamət
yaranır - ya üsyankar olur, ya da özünə qapanır.
Gənclik dövründə valideynlərini
qınayanda onlar deyir ki, biz səninçün hər
şeyin yaxşısına çalışırıq, sən
niyə bizə qarşı belə aqressivsən, ya da onu
uğursuz olmaqda günahlandırırlar. Fərqinə
varmırlar ki, ilkin dövr dediyimiz 0-3 yaşda onlar
uşağı tərbiyə etməyib, əhilləşdiriblər
deyə, bu vəziyyət yaranıb. Çox
zaman valideynlər bunu "vaxtım az idi, yemək bişirməli,
evə baxmalı, o biri uşaqlarla məşğul olmalı
idim" və sair kimi bəhanələrlə əsaslandırmağa
çalışırlar. Amma bu, səbəb
deyil. Ona görə də həqiqətən
də ailənin ciddiyyətini, məsuliyyətini dərk edən,
özünü buna hazır hiss edən, ailədəki
çətinlikdən bezən, tükənən yox, onun
öhdəsindən gələrkən zövq ala bilən
insan ailə qurmalıdır.
- Son zamanlarda daha çox aktual olan məsələlərdən
biri heç bir maddi imkanı, evi, işi, şəraiti və
təhsili olmayan valideynlərin çox uşağa sahib
olması, niyəsini soruşanda da bunu "Allah ruzisini yetirər"
şəklində əsaslandırmasıdır. Sizcə, belə insanların psixologiyasında nə
kimi problemlər, ya da travmalar var?
-
Keçmişdə çoxlu mal-qarası, əkin-biçini
olan insanlara köməkçi qüvvə lazım idi deyə,
ailədə uşaq nə qədər çox olardısa,
işləri bir o qədər də rahat gedərdi. Uşaqlar tarlada, evdə valideynə köməkçi
olurdular. Valideynlər uşaqların gələcəyini
də bu cür qururdular. Tez evləndirirdilər
və yenidən işçi qüvvəsi artırdı.
Amma indiki dövrümüzdə hər insan
şəhərdə yaşamaq, gözəl həyat sürmək,
inkişaf etmək arzusundadır. Hər
ailə övlada sahib olmaq istəyir. Bir
insanı dünyaya gətirmək şərt deyil, onun məsuliyyətini
daşımaq, ehtiyaclarını qarşılamaq, ona
uşaqlığını doyunca yaşatmaq, uşaqlıq
dövrünü, ən azından, məktəbəqədər
yaşını gözəl keçirməsinə şərait
yaratmaq lazımdır. Əgər o
dövr yaxşı keçibsə, uşaq həqiqətən
doyubsa və valideynlər bunu bacara biliblərsə, buna sevgiləri
və imkanları çatıbsa, o zaman ikinci uşaq
haqqında düşünmək olar. Hər bir
uşağın istənilməyə, ailəsində arzu
olunmağa, birinci uşaq kimi gözlənilməyə
haqqı var. Əgər uşaq dünyaya bu cür gələrsə,
xoşbəxt olar, öz uşaqlığını tam
yaşayıb deyə, birinci uşaq ikincini qısqanmaz. Amma üçüncü və sonrakı
uşaqları, məncə, daha ciddi şəkildə
düşünmək lazımdır. Həqiqətən
də enerjisi qalıbmı növbəti uşaqlara? Təəssüf ki, insanların fikrində hələ
də keçmişin "işçi qüvvəsi" məsələsi
qalıb. "Allah ruzisini yetirər" də
elə bununla bağlıdır. Digər tərəfdən,
düşünür ki, uşaq tək qalmasın, sanki
ikincini birinciyə oyuncaq kimi alır. Bu da
ikinci uşağın haqqına girməkdir.
"Oğlanla qız
uşağının tərbiyəsində
ciddi fərq qoymağa ehtiyac
yoxdur"
- Çox ailələr qız
övladı olan gündən ona cehiz yığmağa
başlayırlar. Bu, uşaqların
psixologiyasına necə təsir edir?
- Bəli,
qız uşağı dünyaya gələndə ona gəlincik,
gəlinciyə araba, bu da yetmir, ağlayan gəlincik də
alırlar. Beləliklə, qızı hələ o yaşdan
analıq instinktinə öyrədirlər: sən ana olacaqsan,
uşağa baxacaqsan. Uşaq bu ruhda
böyüyür. Sonra qızlarla oğlanların
psixologiyasını ta körpəlikdən öyrədərək
ayırırlar: oğlanlarla dostluq eləmə, oynama və s.
Beləcə, qızlara "oğlanlar təhlükəlidir" siqnalını
verirlər. Bir müddətdən sonra uşaq
başa düşür ki, oğlan da fərddir, onunla da
danışıb, kontakta girmək olar. Bu
zaman onların arasında bir enerji, cərəyan yaranır ki,
bunun adını da sevgi qoyurlar. Bunun ən
pis vaxtı yeniyetməlik zamanıdır. Qızlar
bu enerjiyə aldanaraq onun qurbanına çevrilirlər. Sevgi üçün evdə üsyan etmək, evdən
qaçmaq, erkən evlilik və sair. Çünki
qadağan olunmuş meyvə şirindir. Əslində,
valideynlərin övladlarına qarşı uşaqlıqda
etdikləri yatırtma cəhdi erkən oyanmağa təkandır.
Əgər qız oyuncaq ayrımı, oğlan-qız fərqi
bilməsəydi, oğlanlarla uşaqlıqdan oynasaydı, onda
yeniyetmə çağında oğlan-qız dost, yoldaş ola bilər, hətta o, sizə dostcasına
xoş söz də deyə bilər kimi şeyləri başa
düşərdi. Bütün bunlara görə
biz yeniyetmələrdə ağır dərəcədə
keçirilmiş sevgi hekayələrinin şahidi oluruq.
- Ailədə oğlan
uşağıyla qızın yetişdirilməsində fərqlər
olmalıdırmı?
-
Uşaqlarda 3 yaşa qədər cins fərqi
olmadığı üçün istənilən kimi tərbiyə
alınır. Bu zamanda uşağa daha çox
sevgi, güvən, qayğı verilməlidir. Onu danışaraq, dinləyərək öyrətmək
lazımdır. O, həmin yaş dövründə səhvləri
daha çox edəcək. Valideyn səbirli
olmalı, təkrar etməkdən tükənməməlidir.
3 yaşından sonra oğlan uşaqlarına
centlmenlik, alicənablıq öyrədilməlidir. Mən özüm də oğul anasıyam. Doğrudur, o, hələ 2 yaş
yarımındadır, amma 6 ay sonra bizi də o proseslər
gözləyir. Qız uşağına da
3 yaşdan sonra alicənablıq öyrədilir, amma əsasən
ona zərbə yetirəcək kəskin hərəkətli
oyunlardan mümkün qədər uzaq durmaq, yəni
oğlan-qız gücünün fərqini öyrətməliyik
ki, ehtiyatlı olsunlar. Ondan başqa isə
ciddi fərq qoymağa ehtiyac yoxdur. Əgər
uşağın oğlan-qız fərqiylə bağlı
sualları olarsa, onda nisbətən dərinliyə getmək
olar.
- Çox zaman deyirlər ki, insana,
xüsusən qızlara 25 yaşa qədər təsir edib,
lazım olsa güclə ərə vermək lazımdır. 25 yaşdan sonra ərə getmək istəmirlər
çünki. Bu, həqiqətən belədir?
Belədirsə, nədən qaynaqlanır?
- Nəzərə
alsaq ki, insanın fizioloji yetişməsi, bədənin dəyişimi
25 yaşa kimi gedir, böyük ehtimal fizioloji baxımından
tam formalaşmamış qızın 25 yaşdan qabaq ərə
getməsi tez evlənmək hesab olunur. İkinci
tərəfdən, 25 yaşadək artıq xarakter
formalaşır, insan nə istədiyini, niyə istədiyini
bilmirsə, necə bərpa edəcəyini öyrənir.
25 yaşadək standart ailə tipləri "gəlsin,
mənim evimdə öyrənsin" psixologiyasında
olduğuna görə, təbii, 25-dən yuxarı
yaşlı qıza qəribə baxırlar ki, onun xarakteri
var, bizə isə xarakteri hələ formalaşmamış
qız lazımdır. Əslində, demək
olmaz olmaz ki, o qızlar ərə getmək istəmirlər, o
qızlar hər önünə çıxana getmək istəmirlər.
Çünki onların xarakterləri,
düşüncələri və istəkləri
formalaşıb artıq.
- Bizim cəmiyyətimizdə
kişilər oxumuş, karyera qurmuş qadından niyə
qorxurlar?
- Bundan hər
kişi yox, xarakteri formalaşmamış
kişi qorxur. O kişilər ki, xaraktersizdirlər, özləri
də ana-atalarının diktəsi və təkanıyla
karyera qurublar, güc sərf etməyiblər və öz
fikirləri yoxdur. Ona görə də öz
fikri olan, sözünü demiş, cəmiyyətdə müəyyən
statusa sahib qızı istəmirlər. Çünki
o zaman onun üzərində ağalıq edə bilməyəcək.
Onlar istəyir ki, qadın ona tabe olsun, nə desə
inansın, bəzən yanlışları olsa belə, onu
düzəldə bilməsin, onun statusunu aşağı
salmasın. Bu da özünə güvənsizliyin
nəticəsidir.
- Deyilir ki, ailədə
uşağın tərbiyəsinin böyük hissəsi
anadan asılıdır. Amma qadını ikinci dərəcəli,
söz haqqı olmayan, onun köləsi olmağa layiq insan kimi
qəbul edən və bu cür davranan kişilər heç
də az deyil. Onlara anamı o cür tərbiyə
verir, öz həmcinsinə qarşı potensial düşmən
böyüdür?
-
Əzginlik kompleksi deyə bir şey var. Bu cür insanlar həmişə
əzilir, söz sahibi ola bilmir,
doğmalarının gözündə ikinci,
üçüncü dərəcəli insana çevrilirlər.
Onlar qayınana olanda istəmir ki, növbəti
bir insan da gəlsin və onun üzərində ağalıq
eləsin. Onun üçün də özünə
bağladığı oğulu bu cür tərbiyə edir: gəlin
heç kimdir, mən anayam, ana əvəzolunmazdır. Beləcə, həmişə həyat
yoldaşı ilə ananın müqayisəsi gedir. Əslində isə bu, heç müqayisə
olunası bir şey deyil. Ana bizi dünyaya
gətirən, yaşadan qadındır. Həyat
yoldaşı isə bir ömür sizinlə yaşayacaq,
pis-yaxşı günlərdə dayaq olacaq,
övladlarınıza ana olacaq qadındır. Yəni hər iki qadın çox müqəddəs
və əvəzolunmazdır. Onları
müqayisə etmək axmaqlıqdır. Belə analar, tutaq ki, anayla
yola getmədiyi üçün yoldaşını
götürüb ayrı evə çıxan oğulları
qınayırlar ki, nankordur, ananı atdı, arvadı tutdu. Əslində isə ana deməlidir ki, halal olsun
oğula, nə yaxşı çözüm tapdı, indi
daha problem olmaz və zamanla onlar bir araya gələ bilərlər.
Belə demədiyi və qınadığı
üçün öz oğlunda qorxu yaradır və sabah oğlan oxumamış, yaşı az, zəif
qızla evlənir ki, onu rahatlıqla əzə,
sözünü yeridə bilsin.
- Cütlüklər arasında rast gəldiyimiz
bir hal da var: sənin.., mənim... kimi mövzular. Bu, nədən qaynaqlanır və münasibətlərə
necə təsir göstərir?
- Bu, ondan
yaranır ki, o iki nəfər hələ də "sən"
və "mən"dən ibarətdir və "biz" ola
bilməyiblər. Nə zaman ki "biz" ola,
"heç bir problem münasibətimizə təsir edə
bilməz" deyə, qız və ya oğlan öz ata ailəsinin
problemini yoldaşıyla müzakirə edə bilirsə, bu
zaman sağlam ailə olmağı bacarırlar. Amma heyf
ki, ola bilməyənlər daha çoxdur.
Nəticədə bu hallar ortaya
çıxır. Hər kəsin evi
sehirli bir şardır və o şarın içinə
girdikdə başqa hər kəs kənarda qalır. Onlar çalışmalıdır bu şarın
içərisində başqalarının problemlərini
müzakirə etməsinlər. Bacarırlarsa,
yardım etsinlər, bacarmırlarsa, evdə müzakirə edərək
soyuqluq, gərginlik yaratmasınlar.
Ailədə ancaq hobbi, dostlar, düşüncə kimi
mövzularda "sənin, mənim" məsələsi
olmalıdır. Amma ümumi məsələlərdə
olmaz. Büdcə də bura aiddir. "Sənin pulun, mənim pulum", "sənin
qazancın, mənim qazancım" sözləri olmaz.
"Bizim evin gəliri" ola bilər. O
pulu başqa-başqa yerlərə xərcləyə bilərlər.
Kimi kitab alar, kimi əyləncəyə gedər,
fərq etmir. Əsas odur ki, o pulu bölməsinlər.
Bir ailədə "sənin, mənim" problemi varsa, hər
şeydə parçalanmalar gedəcək və o ailə
heç vaxt bir ola bilməyəcək.
"Xəyanət hər iki tərəfdə
travma yaradır"
- Bəlkə də bütün
zamanların ən aktual problemidir xəyanət. İnsanlarda bu xəyanət ehtiyacı nədən
qaynaqlanır?
- Bu, əsasən,
kişilərdə rast gəlinən problemdir. Xəyanətə
daha çox kişilər meyllidirlər. Bu
da ondan irəli gəlir ki, öz həyat yoldaşları ilə
yetərincə intim söhbətləri apara bilmirlər, o qədər
açıq deyillər. Bu mövzu onlar
üçün o qədər qapalıdır ki,
yoldaşları ilə bunu müzakirə etmək əvəzinə,
xəyanəti üstün tuturlar. Halbuki
belə olmamalıdır. Cütlük
terapiyasında həmişə deyirəm ki, insanlar dəyərlərini,
dünyagörüşlərini deyil, intim məsələləri
də müzakirə edib bir-birlərinə nə qədər
uyğun olub-olmadığını bilməlidirlər. Çünki ailənin duzu-istiotu intim məsələlərdir.
O, həll olunsa, qalan məsələlərin də öhdəsindən
gələ biləcəklər. Çətinliklər
olsa da, fiziki bağ onları mənəvi cəhətdən də
birləşdirəcək. Kişi tərəfindən
xəyanət sırf bununla bağlıdır. Qadın tərəfdən isə
bu, əsasən, kişinin diqqət azlığı,
sevgisizliyi, daha çox özü üçün
yaşamasından irəli gəlir. Qadının
bu ehtiyacları ödənmir deyə, tələbat yaranır
və xəyanətə meyllənir. Təbii
ki, bu, heç də yaxşı hal deyil və hər iki tərəfdə
travmalar yaradır. İnsanlar nə xəyanət
etmək istəyərlər, nə də xəyanətlə
üzləşmək. Sadəcə,
kişilərdə bir təsəlli var ki, mən kişiyəm.
Onlar körpəlikdən bu cür
yetişdiriliblər, sən kimi istəsən sevərsən,
gündə bir qadın dəyişərsən, sən
kişisən. Qadın isə sevə bilməz, oğlan
dostu ola bilməz, ailə qurdusa, nə varsa, ona qane
olmalıdır, heç nə tələb etməməli, qismətinə
boyun əyməlidir.
- Qısqanclıq nədir -
özünə güvənsizlik, qarşındakına
güvənsizlik, yoxsa cəmiyyətə güvənsizlik?
-
Qısqanclıq sevginin duzu-istiotudur desələr də, bu,
indi bizim danışdığımız qısqanclıq
deyil. Hər bir sevgi hekayələrində
kiçik qısqanclıq oyunları olur. Bu
isə həddində, dərəcəsində
olmalıdır. Əgər
qısqanclıq qarşı tərəfin həyatını
zindana çevirirsə, ona qadağalar qoyulursa, bu, insanın
öncə özünə qarşı güvənsizliyidir.
O düşünür ki, ondan daha ağıllısı,
yaxşısı olar, yoldaşının, ya sevgilisinin diqqətini
cəlb edər və partnyoru onu ata bilər. Bu
düşüncə təbii ki, münasibətləri pərən-pərən
edir, böyük travmalar, acılar yaşadır, hətta
çox vaxt paranoya pozuntularına qədər gedib
çıxır. Əksərən də
bu pozuntular kişilərdə olur.
- Psixologiyada musiqiylə terapiya
mümkündürmü? Siz tətbiq
edirsinizmı?
- Bəli,
belə bir terapiya növü var. Mən də işdə gərginlik,
şəxsi həyatında konfliklər, kollektivlə problemlər
və bu kimi streslər yaşayan insanlarla musiqi terapiya edirəm.
Bir də elə insanlar olur ki, onlar dəyər
sisteminin zəif olduğunu, məqsədlə hədəfin fərqləndiyini
deyirlər, bu zaman biz onlara musiqi terapiyası ilə lövbər
atırıq.
"Bu karantin dövrü, məncə,
bizə bir siqnal idi..."
- Pandemiya və karantin şəraiti.
Bu dövrdə ən çox hansı psixoloji
problemlərdən şikayətlər olur?
- İzolyasiyanın ilk zamanlarında insanlar
darıxmaqdan, sıxılmaqdan, məşğul olmağa,
baş qatmağa nəsə tapmamaqdan şikayət edirdilər. Ən
çox verilən sual isə "nə vaxt bitəcək bu vəziyyət?"
olurdu. Sanki psixoloq bunların
hamısını bilirmiş kimi (gülür). Əlbəttə, psixoloq hərşeyşünas
deyil. Onun işi insanın ruhuyla məşğul
olmaqdır. Bu mövzularda biz də
hamı kimi Qərargahın məlumatlarıyla yetinirik. Əvvəl bu idi problem. Sonra ər-arvad,
ana-bala arasında konfliktlər başladı. Ən çox da yeniyetmələr, gənclər
çətin keçirdilər. Hamısı
da konsultasiyaya "mən sıxılıram,
darıxıram" sözləriylə başlayırlar.
- Bu dövrdə bu sual yəqin ki,
çox verilib sizə, yenə də danışsaq pis olmaz:
karantinin ailələrə təsiri. Məsələn,
Çində boşanmaların sayı artmışdısa,
bizdə nikahlar artıb, boşanmalar azalıb. Bu,
nəyin nəticəsidir? Karantin
sonrası statistika dəyişə bilərmi? Yəni boşanmalar artar?
- Bəli,
bu, ən çox verilən suallardandır. Həmişə
deyirəm ki, dəyər sistemləri möhkəm olan ailələr
bu sınaqdan yaxşı keçəcəklər. Onlar üçün bu, qazancdır, birgə vaxt
keçirməyin fürsətidir. Onlar
bunu əyləncəyə, istirahətə çevirməyi
bacaracaqlar. Amma bir-birindən xəbəri
olmadan bir evdə yaşayan, ruhən uzaq olan ailələr isə
bu dövrü çox ağır keçirəcəklər.
Əsasən də burada daha çox uşaqlar əziyyət
çəkəcəklər. Çünki
ana-atanın konfliktinə şahid olacaqlar.
- Koronavirusa qarşı psixoloji immunitetin
necə qaldırmasıyla bağlı səhifənizdə
canlı yayımda tövsiyələrinizə rast gəldik.
İstərdik ki, bununla bağlı fikirlərinizi ümumi
şəkildə oxucularla da paylaşasınız.
- Bəzən
insanlar fərqinə varmadan pis vərdişlərə əl
atırlar: içki, siqaret, qəlyan və sair. Bəzi insanlar da vardı ki, özlərinə fikir
vermirdilər, sağlamlıqlarını qorumurdular. Bu karantin, məncə, bizə bir siqnal idi ki,
görün canımız nə qədər əzizdir. Virusa yoluxma dərəcəsi Azərbaycanda o qədər
də sürətli deyil, amma bütün dünyada vəziyyət
çox ağırdır. Bu virus
insanı öldürür. Belə
çıxır ki, bu gün biz evimizdəyiksə, nəfəs
alırıqsa, bu, artıq xoşbəxtlikdir. Bunun
üçün özümüzə və vaxtında bu
şəraiti yaradıb pandemiyanın ölkəmizdə
qlobal təhlükə halına gəlməsinin
qarşısını alan dövlətimizə
təşəkkür etməliyik. Bu vəziyyətdə
şikayətlər etməkdənsə, bunu necə dəyərləndirə
biləcəyimizi düşünək. Elə
fərz edək ki, bir neçə ayı bu fələkdən
özümüz üçün oğurlamışıq.
Kitab oxumaq, film izləmək ümumidir, hər
kəsin özünün sevdiyi, istəyib vaxt tapmadığı
bir fəaliyyəti var. Onu kəşf etməliyik. Ümid edirəm ki, tezliklə bütün dünya
bu pandemiyadan xilas olar və sonda biz bu günləri
darıxdığımız vaxt kimi deyil, dəyərləndirdiyimiz
zaman kimi xatırlayarıq. Yaşayırıqsa,
sevdiklərimizin səsini eşidə biliriksə, nə
xoş bizə. Onların dəyərini
bildiyimiz təqdirdə bu pandemiya bizim üçün əzab
olmaqdan çıxacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 13 may.- S.10-11.