İnternet media və
informasiya təhlükəsizliyi
Qloballaşan dünyada informasiya-kommunikasiya
texnologiyalarının (İKT) yeniləşməsi sürətlə
davam edir. Bu yeniləşmənin əhəmiyyətinə
böyük önəm verən Azərbaycan bu sahəyə
xüsusi diqqət yetirir.
"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi
üzrə 2016-2020-ci illər üçün Dövlət
Proqramı" internet medianın inkişafı
üçün böyük perspektiv açır. Bu sənəd
informasiya təhlükəsizliyinin təmin olunmasında
öz müsbət rolunu oynayacaq. Bu gün
hər saniyə yeni xəbərlərlə zənginləşən
internetdən aktiv və hərtərəfli istifadə olunur.
Azərbaycan jurnalistikasının əhəmiyyətli bir hissəsi
artıq bu sahədə cəmləşib.
Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə
başlayıb və ilk sayt 1994-cü ildə Azərbaycan
Milli Elmlər Akademiyasında yaradılıb. İlk
dövlət orqanının saytı isə 1997-cı ildə
yaradılan Azərbaycan Respublikası Prezidentinin
saytıdır. Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən, Azərbaycan internet
istifadəçilərinin faizinə görə
dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir.
Ölkəmiz bu göstərici üzrə dünyanın orta
göstəricisindən 1,7 dəfə, MDB
ölkələrin göstəricisindən isə 1,2 dəfə
öndədir. Bu, olduqca müsbət göstəricidir.
Dünyada internetdən istifadəçilərinin
sayı durmadan artır, ona münasibət də dəyişir. Bu gün yeni
media informasiyanın əldə edilməsi və cəmiyyətə
çatdırılması istiqamətində ənənəvi
media ilə rəqabət aparır. Bu bir
reallıqdır ki, yeni medianın informasiya təminatı və
informasiya təhlükəsizliyinin təmin edilməsində
rolu getdikcə artır.
İnformasiya bolluğu jurnalistlərə geniş
seçim imkanı verir. Bu seçimdən düzgün, lazım
olan seçilməlidir, hər informasiyanı, xəbəri
oxucu, tamaşacı və dinləyicilərə
çatdırmağa ehtiyac yoxdur. Çünki
elə informasiyalar var ki, cəmiyyət üçün fəsadlar
törədə bilər. Peşəkar
jurnalist cəmiyyət, insanlar, tarix qarşısında sosial
və mənəvi məsuliyyət daşıyır.
Rus tədqiqatçısı L.Q.Svitiçin fikrincə, hər
bir söz minlərlə və milyonlarla tirajlanaraq cəmiyyətin
sağalması üçün dərman ola
bilər və ya qorxu, ümidsizlik, düşmənçilik
yaradar, təkcə adamları deyil, bütün cəmiyyəti
şikəst edə bilər. Odur ki, belə
informasiyalardan cəmiyyəti qorumaq lazımdır.
Ermənistanın apardığı informasiya müharibəsi
respublikada yaşayan bəzi insanlarda antidövlət meylini
formalaşdırmağa hesablanıb. Professor Qulu Məhərrəmli
yazır ki, müasir psixoloji müharibənin tərkib hissəsi
olan informasiya müharibəsi özündə vuruşan tərəflərin
informasiya vasitələrindən istifadə edərək,
yalan, şantaj, hədələmə, ideoloji təxribat kimi
texnologiyaların köməyi ilə başqa dövlətin
siyasətinə qarşı narazılıq, inamsızlıq,
əhalinin döyüş ruhunu sarsıdıb
düşkünlük aşılamağı, hakimiyyətlə
əhali arasında münasibətləri pisləşdirməyi
ehtiva edir.
Kommunikasiya texnologiyalarının sürətli
inkişafı sayəsində cəmiyyətin
informasiyalaşması insanları informasiyadan asılı vəziyyətə
salır. Belə vəziyyətdə informasiya təhlükəsizliyinə
xüsusi diqqət yetirilməlidir. Qarşı
tərəfin informasiya müharibəsinə lazımi cavab
verib, onu ideoloji müstəvidə susdurmaq lazımdır.
İnformasiya müharibəsi - informasiya sistemlərinin kənar
hücumlardan müdafiəsi, eyni zamanda, qarşı tərəf
üzərində informasiya üstünlüyü əldə
etmək məqsədilə keçirilən informasiya əməliyyatıdır.
Azərbaycana qarşı aparılan informasiya müharibəsində
əks tərəf ən çox internetdən istifadə
edir. Niyə internetdən? Bu, onunla
bağlıdır ki, internet istifadəçilərinin
sayı çoxdur. Hazırda ölkəmizdə
internetdən istifadə edənlərin sayı əhalinin 70
faizini təşkil edir. Azərbaycanda 300-ə
yaxın aktiv portal, xəbər saytı və internet
informasiya resursu fəaliyyət göstərir.
2007-ci ildə
təsdiqlənmiş Azərbahcan Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyası informasiya təhlükəsizliyinin möhkəmləndirilməsini
mühüm vəzifə kimi bəyan edib: "Azərbaycan
Respublikasının informasiya təhlükəsizliyi siyasəti
dövlət, ictimai və fərdi informasiya
ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində
milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər
kompleksinin həyata keçirilməsindən ibarətdir".
Ölkəmizin informasiya sahəsində təhlükəsizliyinin
təmin olunması üçün bir çox mühüm tədbirlər
görülüb. Biz bunu inkişafın
prioritet istiqamətlərindən olan İKT-nin fəaliyyətində
görürük.
İnternet məkanında ermənilərin və ermənipərəst
qüvvələrin daha fəal olması, saytlarda Azərbaycana
qarşı yalan məlumatlara, böhtanlara hər gün rast
gəlirik. Bu saytların bir çoxu rus dilindədir. Onlardan biri "Voskanapat" adlanır. Həmin
saytın bir neçə xəbər başlıqlarına
diqqət yetirək: "Yerevan, təhlükəli vəziyyət
yaranarsa, Moskvadan razılıq almadan "İsgəndər"dən
(Kremlin Ermənistana verdiyi raket)
istifadə edəcək", "Dağlıq Qarabağda
istehsal olunan məhsullar İtaliya, Hollandiya, İsrail və
Rusiyaya ixrac olunur". "İran mətbuatı
həyəcan təbili çalır. Bakı vəhşicəsinə
məscidi sökür", "2-ci Qaragen:
Allahşükür Paşazadə Artsax hökumətinin qərarından
razı qalmalıdır", "Avropa parlamentinin deputatı
toyunu Dağlıq Qarabağda edəcək" və s.
Müsəlmanlara, xüsusilə də türk
dünyasına qarşı düşmənçilik siyasəti
yeridən Ermənistan Londonda məscidlərin sayının artması xəbərini
ürək ağrısı ilə qarşılayır.
"Voskanapat" saytı bu xəbəri müsəlmanların
artımı kimi qiymətləndirir: 15 il ərzində
Londonda 500 kilsə bağlanıb, 400 məscid
açılıb.
Azərbaycanın 20 faiz torpağını işğal
edən Ermənistan bütün gücünü informasiya
müharibəsinə verib. Düşmən bizə
qarşı öz iyrənc təbliğatını Azərbaycan
dilində də aparır. "Facebook"
sosial şəbəkəsində yaradılan "Hərbi
media" adlı səhifədə Azərbaycan dilində
ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar,
foto-video görüntülər paylaşılır. İnformasiya siyasətinin tərkib hissəsi olaraq
yaradılan bu səhifə Azərbaycan ictimayyətində
çaşqınlıq yaratmağa hesablanıb. Təxribat xarakterli məlumatlar yaymaqla ordumuza
inamı azaltmağa çalışırlar.
Heç
kəsə sirr deyil ki, Rusiyanın bir çox kütləvi
informasiya vasitələrində çalışanlar
arasında ermənilər heç də az
deyil. Məhz onların bilavasitə köməyi
ilə Azərbaycana qarşı yalan məlumatlar
yayılır. Məsələn,
Rusiyanın "Russia Today" kanalı Avropa Liqasının
püşkatmasının nəticələri ilə
bağlı verdiyi xəbərdə "Qarabağ" futbol
klubunu Ermənistan klubu kimi təqdim edib. Onu
da bildirim ki, kanala erməni əsilli jurnalist rəhbərlik
edir. Başqa bir nümunə. Rusiyanın 1-ci kanalında yayımlanan "Pole
çudes" verilişində erməni "Can Qarabağ"
mahnısını öz dilində ifa edib. "Pole çudes"in sponsoru Azərbaycan brendi
olan "Azerçay"dır.
Ermənistanın köməyi ilə Dağlıq
Qarabağda demək olar ki, bütün atributlar fəaliyyət
göstərir. Tanınmayan, qondarma respublikanın
apardığı siyasətin nəticəsidir ki,
dünyanın bir sıra ölkələrindən bura
insanlar, xüsusilə də jurnalistlər gəlirlər.
Onları yaxşıca yeyib-içirtdikdən
sonra, "respublika" haqqında "ürək sözlərini"
müxtəlif dillərdə yayırlar. Bizə
isə işğal olunmuş ərazilərə qanunsuz səfərlər
etmiş xarici ölkə vətəndaşlarının
adını "qara siyahı"ya daxil etmək qalır.
Təəssüf ki, indiyədək işğal
altında olan torpaqlarımızı geri ala bilməmişik. İşğaldan ruhlanan
düşmən bu yaxınlarda RusArmİnfo Ermənistan Xarici
İşlər Nazirliyinin sözçüsü Anna
Naqdalyanın "Artsax heç bir halda Azərbaycanın tərkibində
ola bilməz" fikrini tirajlayaraq yaydı.
Qondarma respublikanın yeni seçilmiş
"prezidenti" də bu fikirdədir.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı tarixi həqiqətləri
geniş işıqlandırmalıyıq. Azərbaycan
Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qərbin
aparıcı qurumları ilə əməkdaşlıq
formatı yaradılmalıdır, məsləhətləşmə,
yaxud da ki, sadəcə olaraq informasiya müharibəsi
aparılmalıdır. Biz bu yolla, ilk
növbədə, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq üçün xarici media məkanına
daha çox çıxış əldə edə bilərik.
Məlum məsələdir ki, biz də Ermənistana
qarşı informasiya müharibəsi aparırıq. Dağlıq Qarabağ və
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında xarici dilli internet
resurslarının rolu az deyil. Diaspor təşkilatlarının xarici ölkələrdə
mətbuatla yanaşı, saytları da fəaliyyət göstərir.
Onlardan istifadə etməliyik.
"Azərbaycanın
Holland dostları" təşkilatının, "Azərbaycan-Avropa
İnformasiya Mərkəzinin", "Azəri-Çex"
cəmiyyətinin, Azərbaycan Federasiyası İsveçin
(AFİ ), "Azəri" Latviya Azərbaycanlıları cəmiyyətlərinin
saytlarının fəaliyyəti Azərbaycanla bağlı əsas
informasiya mənbələridir. "Azərbaycan
Holland dostları" təşkilatının internet səhifəsini
(www.dufoa.nl) xüsusi qeyd etmək yerinə düşər.
Əvvəla, bildirim ki, informasiya
baxımından çox zəngindir.
Bakı,
Azərbaycan bölmələri ilə yanaşı,
"Xocalı", "Xarı bülbül", "Azəricə
danışaq", "Azərbaycan mətbəxi" və
s. digər bölmələrin aktiv olması müsbət təəssürat
yaradır. Saytda ön səhifədə Azərbaycanla
bağlı bir neçə video da yerləşdirilib.
Bu istiqamətdə
fəaliyyət göstərən saytlar Azərbaycanda da az deyil. Bu saytlar düşmənin
informasiya hücumlarına tutarlı cavablar verirlər. Bu cavabların xarici dillərdə də olması
lazımdır. Hazırda xarici dilli jurnalistlərə
böyük ehtiyac hiss
olunur.
İnformasiya təhlükəsizliyinin təmin
olunmaması böyük fəsadlar törədə bilər. Məhz bunu nəzərə
alan dövlətlər, o cümlədən,
Azərbaycan bu sahəni xüsusi olaraq diqqətdə
saxlayır. 2014-cü ildə Bakıda Azərbaycan İnternet
Forumu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat
Şurasının birgə təşkilatçılığı
ilə "İnternet medianın informasiya təhlükəsizliyi"
mövzusunda keçirdiyi dəyirmi masada yarana biləcək təhlükələr,
onların aradan qaldırılması yolları müzakirə
olundu. Və göstərildi ki, bəzən
hansısa yoxlanılmamış, qərəzli və ya
sifariş xarakterli informasiya ölkədə gedən proseslərin
mahiyyətini təhrif edir, ictimaiyyəti
çaşdırmağa xidmət göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası
münasibətlərə mənfi təsir göstərir, əlaqələrə
zərbə vurur. Media məsələləri
üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli
hesab edir ki, informasiyanın özünün mahiyyət
etibarı ilə yaratdığı təhlükələrlə
bağlı bizim qanunvericiliyimizdə kifayət qadər
müddəalar var ki, onlar tətbiq olunsa, informasiya təhlükəsizliyi
sahəsində heç bir problem yaşanmaz.
Sonda demək istəyirəm ki, biz Ermənistana
qarşı apardığımız informasiya müharibəsində
çox ləng tərpənirik. Bu, mənim subyektiv fikrimdir,
razılaşmaya bilərsiniz. Ermənilər isə xaricdəki
lobbilərin köməyi ilə daha fəaldırlar. Bir
yazımda yazdığım bir fikri təkrar da olsa, yenə
yada salmağı lazım bildim. Məşhur Amerika
araşdırıcı jurnalisti Tomas Qolts "Nyu-York
Times" qəzetinə verdiyi müsahibədə bu barədə
belə deyir: "Güman etməyin ki, ermənilər
güclüdür, yox, siz azərbaycanlılar informasiya
müharibəsində zəifsiniz, bu, bir həqiqətdir".
Bəli, düşməni susdurmaq üçün müdafiədən
hücuma keçməliyik.
Azərbaycan
dövləti üçün informasiya təhlükəsizliyi
prioritet məsələdir. Bunu nəzərə alaraq, internet
media da Azərbaycan xalqının və dövlətin
maraqlarından çıxış etməlidir.
Akif RÜSTƏMOV
BDU-nun professoru
525-ci qəzet.- 2020.- 13 may.- S.15.