Nifrətin rəngi

 

Hekayə

 

Qəfil çökmüş qaranlıq yavaş-yavaş çəkildi. Həyəcan içində irəliyə nəzər saldım. Kimsənin gözə dəymədiyi bu yerləri ilk dəfə idi görürdüm.

Dərin nəfəs alıb təmiz hava udmaq istədim. Amma sinəmə çəkdiyim havada qan qoxusu hiss etdim. Birdən canıma üşütmə düşdü. Hara gəlib çıxmışdım? Axı, bu əraziyə keçmək qorxulu idi... Ürkək nəzərlərlə ətrafa boylandım ki, məni görən yoxdursa, geri dönüm. Çünki ağlım kəsəndən çətin məqamlarda ətrafdakılardan qaçmağı öyrənmişdim.

Heç kim yox idi. Sevincək çevrilib arxaya baxmadan qaçmağa başladım. Qəfildən bir qadın qəhqəhəsi səssizliyin tən ortasına atıldı. Bu səs böyüdü, böyüdü, getdikcə dəhşətli hayqırtıya çevrilib bütün varlığımı sardı. Ayaqlarım yerə kilidləndi. Qorxa-qorxa dönüb səs gələn tərəfə baxdım. Qadın mənə çox tanış gəldi. Harda görmüşdüm onu, İlahi? Amma qədər doğma gəlsə , onun baxışlarından xoflandım. Bu gözlərin dərinliyində boyda nifrət alovlanırdı... Sən demə, nifrətin özünün xüsusi rəngi olurmuş. O rəngi təsvir etmək mümkünsüzdür...

Qadının quruyub qırışmış dərisinin altından sümükləri çıxır, düyün-düyün olub qıvrılan damarları sanki bu dərini yırtıb-dağıtmağa çalışırdı. Bədəni tamam çılpaq olsa da, heç diqqət çəkmirdi. Çünki dərisindəki kəsik, yara izləri, çapıqlar, ləkələr bu bədənin qadına məxsus olduğunu çoxdan unutdurmuşdu. İlk baxışdan onda həyat əlamətini hiss etmək olmurdu. Yalnız gözlər... Yalnız gözlər dil açıb danışırdı.

- Kimsiniz? - deyə çəkinə-çəkinə soruşdum.

Onun gözlərindəki nifrət daha da alovlandı. İkrahla dedi:

- Tanımadın demək?

- Siz... Siz azərbaycanlısınız? ... siz... azər...

- Artıq yox.

- Necə yəni artıq yox?

- Ay axmaq, azərbaycanlı olsam, axtarardınız, tapardınız, alardınız zülmün əlindən. Amma heç xəbəriniz yoxdur ki, burada biz zülümlər çəkdik. Başımıza oyunlar gətirildi. Həyətlərdə heyvanlarla bir yerdə saxlanıldıq, orqanlarımız satıldı, gözümüzün önündə balalarımıza işgəncələr verdilər, qurban kimi kəsdilər, körpələrimizi əlimizdən alıb azərbaycanlıların düşməni kimi böyütməyə başladılar, qız-gəlinlərimizi kef məclislərində oynatdılar, əyləndilər, əzab verdilər. Mənliyimizi, kimliyimizi unutduq. Gün ərzində bizə veriləcək bir tikə çörək üçün yaşadıq... Siz isə kefinizi sürüb rahat, qayğısız ömür sürürsünüz. Gündə konsert, gündə bayram. Nəyin bayramını edirsiniz, ay zavallılar? Bu illər ərzində yediyiniz loxma bircə dəfə boğazınızda qaldımı, əsir soydaşlarımız indi haldadır deyə? İsti otaqda, isti yataqda yatanda yuxunuz bircə dəfə qarışdımı, düşündünüzmü körpə, ac, əsir balalarımız soyuqdan dondumu deyə?

- Yetər! - dedim, - Ver əlini, qaçaq burdan. Gəl, səni doğma vətəninə aparım. Əzizlərinlə görüşdürüm. Gəl, bütün əzabların arxada qalsın.

- ? Doğma vətən? Bəs bura? Bura bizim vətənimiz deyilmi? Mən burda bilirsən qədər əzizlərimin cəsədini əkmişəm, qədər körpələrimizi basdırmışam? Cücərəcək, yenidən bitəcək o övladlar. Bax bu canımla böyüdəcəyəm onları. Yenidən qalxacaqlar, bu torpaqların sahibi olacaqlar. Siz kefinizi sürün. Özünüzü düşünün. Vəzifənizi, rütbənizi qoruyun... Vicdan sizi çoxdan tərk edib. Get burdan. Bu dəqiqə yox ol gözlərimin önündən...

- Yalvarıram, ver əlini mənə...

- Mənim əlim sizdən birdəfəlik üzülüb. Get!

- Söz verirəm, bugünədək yaşadığın acıları sənə unutduracağam, gəl gedək.

Qadın qəzəblə bağırdı:

- Yenə unutmaq? Mən heç nəyi unuda bilmərəm. Çünki bu dəhşətləri gözlərimlə gördüm, bütün varlığımla, ruhumla, vücudumla hiss etdim. Get, cəhənnəm ol, unuda bildiyin qədər unut başımıza gətirilənləri. Sən qanırsan axı, nəəəəə?

O, getdikcə daha möhkəm qışqırırdı. Qəfildən güllə səsləri eşitdim. Hövlnak qadının əlindən tutub dartdım, qaçmağa başladım. Birdən onun qurumuş çubuğa bənzəyən barmaqları boğazıma ilişdi. Göz-gözə dayandıq. Başları kəsilmiş, gözləri çıxarılmış körpələr, alov içində hayqıran oğullar, zorlanan qız-gəlinlər, didilmiş, parçalanmış cəsədlər, gördüklərindən havalanıb oynayan, qəh-qəhə çəkən qadınlar, əli, qolu, ayağı kəsilmiş, ağrı içində çabalayan insanlar, tank, güllə, qan... Hay-küy, çığırtı, yalvarış, söyüş, hönkürtü, partlayış səsləri o gözün içindən sıçrayıb ətrafa səpələnir, bir-birinə qarışır, getdikcə dəhşətli uğultuya çevrilib bütün kainatı bürüyürdü. Damarımda qanım donmuşdu. Atəş səsləri yaxınlaşırdı. Bir anlıq gözlərimin önünə balaca, günahsız oğlumun məsum siması gəldi. Mənə bir şey olsa, onun taleyi necə olacaq deyə düşündüm. Qadının gözlərinə baxmaqdan qorxduğum üçün gözümü yumub acizanə şəkildə zarımağa başladım:

- olar, gəl qaçaq. Tutsalar, ikimizi məhv edəcəklər. Körpə balam var...

Gözüyumulu şəkildə cavab gözləyirdim. Bir neçə saniyə keçdi. Onun tüpürdüyünü hiss etdim. Tüpürcək düz sifətimə düşmüşdü. Üzüm od tutub yanmağa başladı. Ağrıdan çığırıb gözlərimi açdım. Ətraf yenə qaranlıq idi. Zil qaranlıq... Heç görünmürdü...

 

Məhsəti MUSA

 

525-ci qəzet.- 2020.- 13 may.- S.14.