Qələmsiz yazılanlar

 

status-esselər

 

Qocalar unudulmasın!..

 

***

 

Açın pəncərələri, nəfəslikləri...

 

***

 

Dünyanın yaxşı canı qurtardı bu qaçaqaçlardan...

İnsanlar hara tələsirdilər, nəyə can atırdılar?!

Yəqin indi düşünməyə imkan olar.

Mənası vardımı bu qaçaqaçların, didişmələrin?!.

Əgər bütün bəşər bir qoz qabığına yerləşirdisə...

 

***

 

Hər şey hər kəsə aydındır...

 

***

 

... Hamı hərdən keçmişə dönmək istəyir. Amma dəyib qayıtmaq... Keçmişdə qalmağı heç kim istəmir.

 

***

 

İpək "dana" ifadəsini işlədir: "Gəl danaa, gedək danaa..."

Araşdırdım ki, görüm kimdən öyrənib. Tapa bilmədim. Sonra məlum oldu ki, elə mənim dilimdən götürüb... :)

 

***

 

Həyəcanlanmayın! Sizin səmimi həyəcanınızın enerjisindən naqis adamlar bəhrələnirlər.

 

 

***

 

Karantinin ilk günlərində filmlər kitablar gündəmdə idi. İndi DTX-nin mütəmadi əməliyyatları bunların hamısını kölgədə qoydu.

Bədii təxəyyüldən daha üstün, daha maraqlı, daha canlı, daha kəskin sənədli süjetlər...

 

***

 

Adam gərək özündən tez çıxmasın - hirsini, qəzəbini, lap elə kinini tez büruzə verməsin.

 

***

 

Gözü doymamaq, pula hərislik...

Bəlkə, bunların dərin sosial mental kökləri var?!

Tarix boyu bizim insanlarda formalaşan bu təşnəlik bəlkə, sabahından arxayın olmamaqdan, özünün, ailənin gələcəyindən nigarançılıqdan yaranıb?

Əlinə düşəni qır-qızıla verib yığmaq, pis gün üçün saxlamaq...

Bəlkə, pis gün bu xalqın başının üstündən heç vaxt əskik olmadığına görə belə naqis keyfiyyətləri tərgidə bilməyib?

Kim bilir, bəlkə , pandemiyanın bəşərə təlqin etmək istədiyi elə budur: Sadə yaşayın. Adi həyat sürün. Sabah gözəldir, həm fanidir.

"Bəlkə"lər, ehtimallar çoxdur, amma düşünməyə müzakirə etməyə dəyən mövzudur.

 

***

 

Hərə öz uğursuzluğunun bir səbəbkarını "tapıb" qəzəbini ona yönəldir. Yoxsa ürəkləri soyumur...

 

***

 

Hər gün eyni adamları dinləmək...

 

 

***

 

Hamının hissləri olur...

 

***

 

Tənqid etmək asandır; gözünü yum-, hər şeyi qarala getsin.

Müdafiə etməyə istedad, bilik, inandırmaq bacarığı bir çox başqa keyfiyyətlər lazımdır.

 

***

 

İçin xıltını çox gizləmək olmur...

 

***

 

Fəallığı ilə izləyicilərin marağına səbəb olan sosial şəbəkə istifadəçiləri çoxdur. Son vaxtlar həm bir çox millət vəkilləri, həm müxtəlif dövlət hökumət strukturlarının təmsilçiləri öz fəaliyyətlərinin əhəmiyyətli hissəsini sosial şəbəkələr üzərindən qurmağa başlayıblar. Rəsmi dövlət qurumu təmsilçiləri arasında mənim daha çox diqqətimi çəkən isə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbovdur. Çevikliyi, informasiyaları anındaca qabaqlamaq bacarığı, yeri gələndə incə sarkazmı, iti reaksiyası, hazırcavablığı izləyicilərdə özünə qarşı müsbət rəy formalaşdırır. Hətta ictimai rəyə təsir imkanı məhdud, az qala, heç kəsin tanımadığı bir saytda, yaxud da hansısa Feysbuk profilində təmsil etdiyi nazirliyin fəaliyyəti ilə bağlı yazılan irad tənqidlərə operativ, səlis, tutarlı cavablar verməsi, çoxsaylı suallardan yorulub geri çəkilməməsi, bezməməsi, üzərinə düşən vəzifəni təmkinlə, soyuqqanlılıqla yerinə yetirməsi onun peşəkarlığından, insan kimi möhkəm xarakterindən , görülən işə inamından xəbər verir izləyicilərdə rəğbət doğurur.

 

***

 

İndi evdən çıxmağa ərinəcəklər...

 

***

 

Siz unutduqlarımızdansınızmı?!.

 

***

 

Gənclik hövsələsiz, səbirsiz olur. Sosial şəbəkədə Elroman Əlizadə adlı gənc mənə yazaraq şeirlərini göndərmək istədiyini bildirdi. "Bu gün işim çoxdur, sabah ən güvəndiyin iki şeirini göndərərsən" - desəm , aradan beş dəqiqə keçməmiş iki şeir yolladı. Başım açılanda şeirləri oxudum, bəyəndim çox sevindim. Səbirsizliyinə yönələn qəzəbim soyudu. Sonra zəng vurub özüylə danışdım, dalbadal, fərqli suallar verdim. Xoş təəssürat yaratdı.

Elroman Elçin oğlu Əlizadə 2000-ci ildə doğulub. Azərbaycan Dillər Universiteti Filologiya fakültəsinin 2-ci kurs tələbəsidir. "Sənsizliyin baş hərfi" adlı şeir kitabının müəllifidir. Ədəbi mühitdə az adamı tanıyır. Məni ona kimsə gənc yazarlardan biri nişan verib.

Onun bu şeirləri məni ruhlandırdı. İstedad işartısını hiss etmək, istedadlı bir gəncin ədəbiyyata gəlişini görmək həmişə mənə qol-qanad verib. Sevindim ki, yaxşı Elromanın şeirləriylə tanış olmağı ləngitmədim. Məmnuniyyətlə şeirləri 525.az saytının oxucularına təqdim etdim.

Güman ki, bu şeirlərlə bir müddət sonra "525-ci qəzet"in oxucuları da tanış olacaqlar. Uğurlar arzulayır, məni sevindirdiyinə görə təşəkkürümü bildirirəm.

Diqqətimi çəkən misraları Siz oxuyun:

Elə gözəl gedər ki, göydən düşən hər ulduz

gedəninə bənzəyər.

"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan

bədəninə bənzəyər.

Gözüm çəkilmir izdən, gəlmirsən, daha gəlmə,

saat heçə sən qalıb.

Dağ boyda eşqimizdən geriyə iki kəlmə

salam, necəsən qalıb.

Necə şeir gətirmir könlümdəki pərilər,

yoxsa, mənə qarşıdı?

Gecə xeyir gətirmir, gecənin xeyirindən

sənin şərin yaxşıdı.

Üzməyimi bilmirik, niyə bizi dərd boğur,

içimizdə kin yatır?

O qədər uzağıq ki, sən tərəfdə gün doğur,

mən tərəfdə gün batır...

Qızarmış gözlərim adını çəkə bilmir,

çünki səni unutdu.

Üç dəfə qapımı döy, dördüncüdə açmasam,

bil ki, səni unutdum...

 

***

 

Efiopiyada əl-üzü sabunla yumurlarmış ki?!. )

 

 

***

 

Bakı küləyində böyüyüb boy ata bilən ağaclar da qəhrəmandır.

 

***

 

Keçmişlə üzülüşməyəndə çətin olur. Zaman geriyə gedir.

 

***

 

Avropa yaşmaqlananlara əyri baxırdı. İndi özü yaşmaqlandı...

 

***

 

"Yeni era"nın ilk günü... Uşaqlar göyərçinlər...

 

***

 

Telefonu da hərdən söndürmək lazımdır.

 

***

 

"Əsaslı şübhələr" - düşündürücü ifadədir, kreativ tapıntıdır.

 

***

 

Axırda hamı öz sənətinə qayıdır.

 

***

 

Bu gün işə piyada getdim. Bir nəfər maskasız adam görmədim. Bu camaat onları harda görür bilmirəm.

 

***

 

Televizora baxmamağın rahatlığı...

 

***

 

Bir az vicdanlı adam yalan danışmağa məcbur olanda səsi titrəyir, hıqqınır, qızarır, mətləbdən yayınır, nala-mıxa vurur.

Vicdansız isə yalanı deyəndə gur-gur guruldayır.

 

***

 

Müğənnilərin qədər istəməyənləri varmış...

 

***

 

Həmişə dopdolu gördüyün küçələri, kafeləri seyrək, adamsız, müştərisiz görmək hüznlüdür. İncəbelli cam bardaqda çay da adamla tamlanır.

 

***

 

Yolun sonundan da qayıtmaq xeyirdir.

 

***

 

Yazının gözəlliyinə bax, sən Allah!..

Müsəllim Həsənovun "525"in 20 may sayında işıq üzü görmüş, "Tofiq Rüstəmov təmənnasızlığı" yazısından qəhərləndim.

Su kimi axan yazının dinamik təhkiyəsi sonacan nəfəs çəkməyə imkan vermir. Ustalıqla təsvir olunan, bir-birini sürətlə əvəzləyən məkan hadisələr dalbadal göz önündə canlanır. Həyəcan səni çulğayır. sonda gözlərini yaşardır.

Minnətdarlıq duyğusu, təmənnasız yaxşılıq...

oxucuya Tofiq Rüstəmovun dilindən verilən ibrətamiz "Yaxşılıq etməkdən üstün heç yoxdur" mesajı... 40 il əvvəl baş vermiş hadisənin günümüzə görk olası heyrətamiz təsviri...

 

***

 

İnsanlar bir-birinə qarşı amansız olub, qəddarlaşıb.

Qəzəb kin kükrəyir. Sevgi tamam yoxa çıxıb.

Hərə hirsini bir cür çıxarır...

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üzrə

katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2020.- 23 may.- S.17.