"Xalqın
ruhuna məlhəm çıxışlar"
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyev siyasi-diplomatik ustalığı, yüksək
idarəetmə bacarığı ilə bərabər, bir
neçə dildə səlis, aydın, təsirli nitqinə
görə də hər zaman diqqət mərkəzində
olub. Sentyabrın 27-dən Qarabağda
başlanan Haqq Savaşımızın gedişində isə
Prezident İlham Əliyevin mahir natiq olması bir-birindən
parlaq nümunələrlə özünü göstərdi.
Prezidentin çıxışlarının ən
diqqətçəkən cəhətlərindən biri onun
öz fikirlərini ifadə edərkən, fərqli
ictimai-siyasi və hərbi mesajlar verərkən Azərbaycan
xalqının zəngin danışıq dilindən, ana
dilimizin tükənməz qaynaqlarından, canlı və
tutarlı deyimlərindən məharətlə bəhrələnməsidir.
Sözsüz ki, Prezident İlham Əliyev hər zaman
xalqla, sadə insanlarla ünsiyyətə üstünlük
verib, mümkün qədər onlarla görüşüb,
maraqlı söhbətlər, dialoqlar qurub. Xüsusən
qaçqın və məcburi köçkünlərlə
mütəmadi görüşləri, səmimi, qəlbəyatan
söhbətləri hər birimizin yaxşı
yadındadır. Özünün 50 illik
yubileyini Ağcabədidə məskunlaşmış məcburi
köçkünlərlə birgə keçirməsi də
bir dövlət başçısı olaraq millətinə
verdiyi dəyərin ən bariz nümunəsidir.
Amma yuxarıda da qeyd edildiyi kimi, hazırda Qarabağda
gedən Vətən Müharibəmiz Prezidentlə xalqın
doğmalığını, ürəkaçan ünsiyyətini
daha da gücləndirib. 30 ilə yaxın həsrətində
olduğumuz zəfər duyğuları,
torpaqlarımızın günbəgün azad edilməsi, Ali
Baş Komandanın bu yöndə müstəsna fəaliyyət
sərgiləməsi bizə tariximizin ən qiymətli, şərəfli
dönəmlərindən birini yaşadır. Ali Baş Komandanın Azərbaycan xalqı tərəfindən
daim böyük həsrət və maraqla gözlənən,
bir çox məqamları dillər əzbərinə
çevrilən bu məşhur müraciət və
çıxışları siyasi natiqlik sənətinin
misilsiz örnəkləri kimi tarixə düşüb
artıq. Heç şübhəsiz,
onların sırasına tezliklə yeni, möhtəşəm
nitqlər də əlavə olunacaq.
Ədəbi mühitdə, yazıçılar,
şairlər arasında da cənab İlham Əliyevin
özünəməxsus nitqi hər zaman maraq mövzusu olub. Bədii-poetik
üsluba daha çox hakim olan bu şəxslər Prezidentin
xalq danışıq üslubunu da özündə əks
edirən çıxışlarını böyük məmnunluqla
təqdir edirlər. Bunu həm dövlət
başçısının Azərbaycan dilinin ən
xırda incəliklərinə vaqif olması, həm də bir
insan kimi səmimiyyəti ilə əlaqələndirirlər.
O, hər nitqində sadədir, səmimidir, özünün də
xalqdan biri olduğunu təbii və əsaslı tərzdə
hiss etdirir. Buna görə də daha çox
sevilir. Dövlətini, xalqını sevən
hər bir azərbaycanlı onu bir rəhbərdən də
artıq, ən doğma insan kimi, özlərinin
yaxını, əzizi olaraq görürlər.
Onun bütün müraciətləri rəsmi
üslubdan uzaqdır. O, öz xalqıyla quru, onların çətinliklə
anlayacağı terminlərlə, uzun-uzadı rəsmi
cümlələrlə danışmır. Xalqın
öz dilində, canlı ifadə tərzində,
uşağından böyüyünə kimi hər birinin
rahatlıqla anlayacağı üslubla ona müraciət edir.
Dövlət başçısının dedikləri
illərdən bəri millətin içərisində
yığılıb qalan sözlər, deyimlərdir. Odur ki, televizor qarşısında oturan, radiodan dinləyən
hər bir soydaşımız həmin kəlmə və ifadələri
Prezidentlə birgə həm də özünün dediyini
düşünür və bunu qəlbən hiss edir. Nəticədə, çoxdankı fikir və
duyğularının ifadəsini tapması ilə ruhən
rahatlanır, dərindən, ürəkdolusu nəfəs
alır. Düşmənə və onun
havadarlarına qarşı böyük cəsarətlə, sərrastlıqla
deyilən təsirli cümlələr hər birimizin ürəyindən
tikan çıxarır. Elə bir tikan ki,
30 ilə yaxındır, ürəyimizin başında
ilişib qalmışdı, tez-tez qanayır, bizə dinclik
vermirdi.
Prezidentin
4 oktyabrdakı tarixi müraciətini xatırlayaq:
"...Azərbaycan
xalqı təhqir edildi, Şuşada qondarma rejimin
başçısı özünə "andiçmə mərasimi"
keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi
harada keçiriləcək, yas mərasimini keçirəcək!
İndi qaçıb siçan kimi gizlənib.
Çıxsın ortalığa!..
...İndi nə əl-ayağa
düşmüsünüz? İndi nə
hoqqalardan çıxırsınız? Azərbaycana
qarşı iftiralar irəli sürülür, bəzi ölkələr,
Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər
güzgüyə baxsınlar...
...Təmaslarım
olub, mənə zəng ediblər. Amma o (ermənilərin bədnam
başçısı nəzərdə tutulur - Ş.M.), adam qalmayıb ki, zəng etməsin,
yalvarmasın, emissar göndərməsin, ağlamasın,
onların ayağına yıxılmasın. Bax
budur bunun sonu. Əgər bizimlə normal
dildə danışsaydı, bizim müqəddəs şəhərimizi
mundarlamasaydı, əlbəttə, biz ümidlərlə
yaşayıb çalışardıq ki, bu məsələ
danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir
və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan
kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan
kimi qovur!.."
Aşkar həqiqətdir ki, buradakı hər cümlə,
hər deyim artıq xalqımızın yaddaşına əbədi
həkk olunub və demək olar, ictimai mühitdə
yaxşı mənada folklorlaşaraq, düşmənə
qarşı qəzəb və hiddətin ən konkret ifadə
vasitələrinə çevrilib. Prezident İlham Əliyev hər
çıxışında bu cür xalq deyimlərindən,
dilin tarixi qatlarında qərarlaşan, çox da istifadə
edilməyən, amma yerində işlədilərsə, son dərəcə
tutarlı, təsirli çıxan söz və ifadələrdən
ən uyğun məqamda yararlanır. Heç
bir hazırlıqsız, qeydsiz, birbaşa açıq
kameraya, necə deyərlər, sinədən danışmaq o
qədər də asan məsələ deyil. Özü də bu qədər mühüm və həssas
mövzuda. Prezident İlham Əliyev bu
baxımdan, ən həssas məqamda bütün
çıxışlarını böyük ustalıqla
gerçəkləşdirir, xalqın ruhunu dirçəldən,
fikir və duyğularının tərcümanı olan
sözləri, ifadələri dilə gətirir.
Dövlət başçısı son bir ayda ən zəruri
saydığı məqamlarda dəfələrlə xalqa
müraciət edib. Bu müraciətlərində hər biri öz
ünvanına yönəlmək və lazımi məqamda
işlədilmək şərtilə söylədiyi söz və
ifadələrin bir qisminə diqət edək:
"nağıl danışmaq",
"qudurğanlıq", "yerinə oturtmaq", "səsini
çıxara bilməmək", "zəhləsini
tökmək", "lətifə personajı", "dərsini
vermək", "onun-bunun dabanını yalaya-yalaya",
"özünü alçalda-alçalda", "gizlənməyə
deşik axtarırlar", "hikkə", "təkəbbür",
"təzahür", "rədd etmək",
"izi-tozu", "əlləşmək",
"vurnuxmaq", "ağlını itirmək",
"dilənçi", "düşük", "saz vəziyyətdə",
"kölgə salmaq", "təhrif edilmiş",
"dədə-baba torpaqlarımız", "əziz
xalqım", "dilbər guşə", "didərgin
salmaq", "şər-böhtan", "milli ruh",
"düz-əməlli", "fikri üst-üstə
düşmək", "daban-dabana zidd", "əl-ayağa
düşmək", "əsər-əlamət",
"sərxoş təlxək", "kəllə-mayallaq",
"səviyyəsinə düşmək",
"canı-qanı bahasına" və sair. Bütün
bu sərrast, təsirli kəlmələr təkcə emosiyaların,
duyğuların dəqiq ifadəsi deyil, eyni zamanda, ana dilinin,
xalq danışıq tərzinin incəliklərini bilməyin,
bu incəliklərə rəğbətin, ehtiramın qiymətli
göstəriciləridir. Bu isə məhz doğma
xalqına candan bağlı, ana dilini səmimi-qəlbdən
sevən və yüksək tutan bir liderin sərgiləyə
biləcəyi ali keyfiyyətdir.
İlham Əliyevin nitqi eyni zamanda, bədiilikdən də
kənar deyil.
O, fikrini bədii ifadə vasitələriylə, məcazlarla
dilə gətirməkdən geri qalmır. Bu
cür ifadə tərzi dövlət
başçısının nitqinin təsir qüvvəsini,
ciddiyyətini, kəsərini daha da artırır.
Ayrı-ayrı çıxışlarda yer alan
fərqli cümlələrə nəzər salaq:
"...Şəhidlərimizin
ruhu qarşısında biz onları diz
çökdürmüşük...
...Füzuli
şəhərinin qalıqları erməni faşizminin təzahürüdür
və erməni faşizminin şahididir...
...Baxın,
onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər.
Bu ad sizin başınıza dəysin! Bu ad cəhənnəmə
getsin!
...Nə
vicdan var, nə əxlaq var, nə mənəviyyat var.
Ağıl da yoxdur.
Ona görə azğınlaşmışlar, ona görə
qudurmuşlar.
Onlara yerlərini göstərdik, onların başından elə
zərbə vurduq ki, çətin ayılsınlar...
...Düşmən
bizim qarşımızda acizdir. Düşmənin belini
qırırıq, qıracağıq!..
...İyirmi səkkiz il bu məsələni belə
süründürə-süründürə elə bil ki, həll
edirdiniz. Gəlib-getmək, orada görüş, burada
danışıqlar.Biz bu danışıqlardan boğaza
yığılmışıq.Bu düşmənlə nə
qədər danışıqlar aparmaq olar? Özü də
düşmən harınlaşır,
azğınlaşır, qudurur..."
Mütəxəssislərin yekdil rəyinə
görə, Prezident İlham Əliyev təkcə ana dilində
deyil, eyni zamanda, dünyanın aparıcı dilləri olan
ingilis və rus dillərində də eyni dərəcədə
səlis, sərrast tərzdə danışır. Onun
bütün diplomatik görüşlərindəki nitqləri
qarşı tərəfi hər zaman heyran qoymağı
bacarıb. Azərbaycan liderinin doğma dildə nümayiş
etdirdiyi natiqlik məharəti onun digər dillərdəki
çıxış və söhbətlərində də
aydın müşahidə olunur. Xüsusən,
ermənilərin gülünc rəhbəri Paşinyanla
debatları, onu öldürücü sarkazm hədəfinə
çevirməsi bütün dünyada Azərbaycan rəhbərinin
layiq olduğu ucalıqda görünməsi və qəbul
edilməsini labüdləşdirən kadrlar kimi yaddaşlara
yazıldı. Xarici jurnalistlər və
siyasi ekspertlər də hər iki liderin debatlardakı nitqini
analiz edərkən İlham Əliyevin
danışığına xüsusi diqqət yetirib, onun
natiqlik məharətinin və inandırıcılıq
qabiliyyətinin bu siyasi məsələlərdən uzaq olan
neytral insanları da Azərbaycana inanmağa və onu dəstəkləməyə
yol açdığını etiraf ediblər.
İlham Əliyevin bu günlərdə
ardıcıl şəkildə dünya mediasına verdiyi
müsahibələr də olduqca təqdirəlayiqdir. Onun
Türkiyə televiziyasına müsahibə verərkən
işlətdiyi "açarıq sandığı, tökərik
pambığı" ifadəsi dinləyicilərin
üzündə gülüş yaratmaqla bərabər, əlbəttə
ki, alt qatındakı mesajı da tam dəqiqliklə
çatdırdı.
Bütövlükdə, dövlətimizin
başçısının dəlil-sübutlu,
ölçü-biçili, təsirli ifadələrlə zəngin
nitqləri təkcə düşmən tərəfi deyil,
onun havadarlarını da mat qoyub, çaşqın və aciz
duruma salıb.
Yekun olaraq, tərəddüdsüz
söyləmək olar ki, Azərbaycanın Haqq
Savaşında layiqli qələbəsi, Qarabağ məsələsinin
ədalətli həlli, haqqın öz yerini alması naminə
heç nədən çəkinməyən, az qala
dünyanın bütün böyük güclərini,
siyasi-hərbi dairələrini cəsarətlə qarşısına
alan Prezident İlham Əliyevin bu möhtəşəm
siyasi-diplomatik mübarizəsi dünya tarixinin unikal səhifələridir.
Allah
Prezidentimizi - Ali Baş Komandanımızı qorusun!
Var olsun
Azərbaycan ordusu!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 4 noyabr.- S.7.