Atalar niyə kitab oxumalıdır?

 

 

UŞAQLARA ALDIĞINIZ KİTABLARA XƏRC KİMİ YOX, SƏRMAYƏ KİMİ

BAXIN

 

 

Həmsöhbətimiz Sərxan Rüstəmov uzun müddətdir kitablarla bağlı maarifləndirici video materiallar hazırlayır.

 

Bu videolarında oğlu balaca Məhəmməd Əmin ilə birlikdə kitablar oxuyur, yeniyetmələrlə, valideynlərə kitablarla bağlı tövsiyələr verir. Buna görə də tanıyanlar cəmiyyəti maarifləndirməyə çalışan Sərxanı "Kitab adam" adlandırırlar. Bir müddətdir Sərxan valideynləri kitab oxumağa sövq etmək üçün "Övladın üçün oxu" layihəsini başladıb, onları daha düzgün övlad yetişdirə bilmək üçün mütaliəyə çağırıb.

 

Sərxan Rüstəmovla söhbətimizi təqdim edirik.

 

***

 

- Sərxan, mən səni "Kitab adam" kimi tanımışam. Düşünürəm ki, səni belə tanıyan təkcə mən deyiləm. Kitaba, mütaliəyə bu qədər sevgi səndə necə formalaşıb?

 

- Təşəkkür edirəm, bu adla anılmaq həqiqətən xoşdur. Düzdür, dostlarım arasında da mənə bu adla xitab edən bir neçə adam var. Amma bu adın haqqını verdiyimə tam əmin deyiləm. Çünki ətrafımda məndən də çox kitab oxuyan, kitab oxutmaq və maarifçilik baxımından önəmli işlər görən insanlar var. Kitaba sevgi isə yəqin ki, uşaqlıqdan mənə aşılanan xüsusiyyətdir. Atamın daima kitab oxuduğunu, oxuduğu bu kitabları, hətta özündən əlavələr edərək bizə danışdığını xatırlayıram. Nənəm, babam da kitab oxuyan adamlar idilər. Rayondakı evimizdə hələ də böyük kitabxana var. O kitabxanada müxtəlif dillərdə, kiril əlifbası ilə yazılmış  köhnə kitablar çoxdur. İndi həmin kitabların hamısı gözümün önünə gəlir. Mənən məndə kitab sevgisini formalaşdıran da elə böyüdüyüm evdəki həmin kitabxana olub.

 

- Sən həm də kitab oxuyan atasan. Bu, cəmiyyətimiz üçün çox gözəl nümunədir. Oğlun sənin ona oxuduğun kitablarla böyüyür. Onun təlim-tərbiyəsində ən çox nələrə diqqət edirsən? Elə buradan yola çıxaraq, valideynlərə uşaqlara kitab oxutmaq və onlara hansı səpkidə kitablar oxumaq lazım olduğu haqqında da təcrübələrini bölüşsən, yaxşı olar.

 

- Həyat yoldaşımla biz uşaq dünyaya gəlməzdən əvvəl də kitabları səsli oxuyurduq. Uşaq dünyaya gələndən sonra isə müəyyən kitablar oxuduqca bu işdə, yəni uşaq böyütmək məsələsində nə qədər məlumatsız olduğumuzu gördük. Beləcə, uşaq tərbiyəsi, onun ruh düynasını anlamaq üçün uşaq psixologiyası və pedaqogika ilə bağlı kitablar oxumağa başladıq. Uşaqla bağlı valideynlər ilk illərdə daha həssas olur, sonralar isə o həssaslıq nisbətən itir. Çalışmaq lazımdır ki, uşağa yersiz məhdudiyyətlər qoymayasan. Uşaqlar olan evdə kitablar da olmalıdır. Uinston Çörçillin belə bir deyimi var, "Uşaqları tərbiyə edən evdəki kitabların cildləridir".

 

Valideynlərə təklif xarakterli onu deyə bilərəm ki, uşaqlara aldıqları kitablara xərc kimi yox, sərmayə olaraq baxsınlar. Onlara aldığımız qidalar yeyilir, geyimlər köhnəlib gedir, amma kitablar ömür boyu onların inkişafına təsir edir. Kitab seçəndə isə daha çox uşaqların dünyagörüşünü inkişaf etdirəcək və onlarda kitaba sevgi oyadan vəsaitlər almaq daha məqsədəuyğundur. Uşağa alınan kitabı ilk növbədə valideyn özü gözdən keçirməlidir ki, o kitabda uşağın düşüncələrinin formalaşmasına mənfi təsir göstərə biləcək hər hansı faktor, həmçinin, ailənin və uşağın böyüdüyü cəmiyyətin duyğu və düşüncəsinə yad məqamların olub-olmadığına əmin olsun. Uşaqlar üçün seçilən ilk kitabların isə əsasən kiçik həcmli, yazıdan çox, şəkilli olmasına üstünlük verilmək lazımdır.

 

- Ümumiyyətlə, "kitab oxuyan ata" anlayışı bizdə o qədər də alışılmış bir hal deyil. Səncə, atalar niyə kitab oxumalıdır?

 

- Təəssüf ki, bizim cəmiyyətdə uşaq tərbiyəsində əsas yük ananın üstünə düşür. Düşünürəm ki, bu işdə valideynlər ortaq olmalı, ata da tərbiyə prosesində böyük rol oynamalıdır. Analar atalara bu baxımdan tez-tez xatırlatma etsələr, yaxşı olar. Mənə də yoldaşım daima xatırlatmalar edir, uşaqla daha çox vaxt keçirməli olduğumu deyir. Uşaq dünyaya gələndə analara məzuniyyət verilir, məktəbdə valideyn iclası olur, daha çox analar iştirak edir. Düşünürəm ki, atalar bu baxımdan uşağın tərbiyəsi prosesində arxa planda qalır. Əgər ata hərbçi deyilsə, çox önəmli orqanlarda işləmirsə, o da valideyn iclaslarında iştirak etməlidir. Yəni uşaq atanı yalnız cəza verən, qadağalar qoyan biri kimi yox, hər zaman onun yanında olan biri kimi görməlidir. Bu baxımdan, kitab oxumaq da uşağa kitab oxutmağın ən gözəl yoludur. Təkcə ananın kitab oxumasıyla uşağı düzgün yetişdirmək olmur. Bir evin içində uşaq atasını da örnək alır. Bu baxımdan ataların da kitab oxuması vacibdir.

 

- Öz övladınla yanaşı, başqa uşaqlara da, cəmiyyətə də faydalı olacaq videomateriallar hazırlayırsan, həm də bu işdən heç bir gəlir əldə etmədən. İş və uşağın tərbiyəsində aktiv iştirak etməklə yanaşı, bir də bu sosial fəaliyyət səni yormurmu?

 

- Biz hamımız bir cəmiyyətdə yaşayırıq və burada tək bir fərd olaraq xoşbəxt olmaq mümkün deyil. Tək bir ailə olaraq insan çox gözəl bir evdə yaşaya, yaxşı qidalana bilər. Amma biz cəmiyyətə qarışırıq, övladlarımız başqa ailələrin uşaqları ilə ünsiyyətdə olur. Bunları düşünəndə istəyirsən ki, bu cür bilgilərdən cəmiyyətdəki bütün insanlar faydalansın. İnsan bildiklərini bölüşməli, bunun paxılı olmamalıdır. Mən də bu baxımdan bildiklərimi başqaları ilə bölüşməyə çalşıram. Yeni öyrəndiyim bir məlumatı da digər valideynlərlə paylaşıram. Nəticə etibarilə bu cəmiyyətdəki insanlardan bəziləri gələcəkdə mənim övladımın müəllimi, dostu, qohumu, bəlkə də, sevgilisi olacaq. Ona görə də mənim gördüyüm iş həm də hansısa formada övladıma kömək etməkdir. Ona görə də mümkün qədər kitablarla bağlı bu cür maarifləndirici videolar hazırlayıram. Onlara lazımlı kitabları tövsiyə edirəm, hətta bəzi kitabları səsləndirməyə çalışıram.

 

- Sən çox kitab oxuyan adamsan və yəqin bilərsən: insana, onun psixologiyasına, dəyərlərinə zərər verəcək kitablar da ola bilərmi?

 

 

 

- Əslində, bayaq da vurğuladığım kimi, o qədər də çox kitab oxuyan adam olduğumu düşünmürəm. Evə qonaq gələndə kitab rəfindəki çoxlu kitabları görüb soruşur ki, bunların hamısını oxumusan? Mən özüm də kiminsə evində bir rəf dolusu kitab görəndə qeyri-ixtiyari bu sualı verirəm. Əlbəttə, o qədər kitabın hamısını oxumağa insan ömrü çatmaz. Sadəcə olaraq, onların hamısı gözünün önündə olur. Bu qədər oxunası gözəl kitabların daima göz önündə olması da insanı oxumağa təşviq edir. Düşünürəm ki, insana zərər verən kitablar onun oxumadığı kitablardır. Amma təbii ki, elə kitablar da var ki, vaxt itkisidir. Zaman çox dəyərlidir və bir kitab insana lazımlı bilgi qazandırmırsa, ona vaxt ayırmağa dəymir. Bu baxımdan, kitab seçəndə zərgər dəqiqliyi ilə davranmaq lazımdır. Sənə nəsə verəcək, yeni bilgilər öyrənə biləcəyin kitabları seçib oxumaq daha məqsədəuyğundur. Yəqin ki, orta və yuxarı nəsilə mənsub insanlar artıq öz zövqlərini formalaşdırıblar. Mən bu söhbətimizi oxuyan gənclərə məsləhət bilərdim ki, öz ixtisaslarına uyğun, yaxın mövzularda kitablar oxumağa çalışsınlar. Təbii ki, bədii ədəbiyyat da oxumaq lazımdır. Bununla yanaşı, gənclər öz ixtisaslarına uyğun, həmin sahədə çalışmaları olan alimlərin, yazıçıların əsərlərini, avtobioqrafik əsərləri oxusunlar, həm də həmin tanınmış, mentor sayıla biləcək insanların tövsiyə etdiyi kitabları və onların oxuduqları kitabları əldə edib oxumağa çalışsınlar.

 

- Bu gün qloballaşan dünyada xalqların öz varlıqlarını qoruyub saxlaya bilməsi üçün gənc nəsillərdə milli mənlik şüurunun düzgün formalaşdırılması vacib məsələlərdən biridir. Bu baxımdan, millilik deyəndə səndə hansı fikir yaranır? Millilik adı altında uşaqlara, gənclərə təbliğ olunmalı və olunması yanlış olan şeylər nələrdir?

 

- Çox sevdiyim bir deyim var: "İnsan öz tarixini bilməzsə, onun coğrafiyasının sərhədlərini başqaları müəyyənləşdirər".  İnsan öz doğulduğu vətənin, torpağın tarixini bilməyəndə onu qoruya da bilmir, torpağının sərhədlərini də başqaları müəyyənləşdirir. Çox təəssüf ki, biz müəyyən qədər bağışlayan və keçmişi unudan xalq olduğumuz üçün tarix boyu bundan əziyyət çəkmişik, torpaqlarımız başqa dövlətlər tərəfindən zəbt edilib. Şükürlər olsun ki, son bir aydan çoxdur Azərbaycan xalqı artıq öz ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparır.

 

İnsanın milli mənlik şüurunun düzgün formalaşması, öz xalqına, torpağına bağlı olması üçün onun daxilən vicdanlı olması, ədalət hissinə sahib olması vacibdir. Məhz bu xüsusiyyətlərin uşaq yaşlarından formalaşmasında xüsusilə valideynlərin rolu böyükdür. Burda da mütaliənin önəmli olduğunu görürük. Çünki bədii ədəbiyyatın, mütaliənin bizə qazandırdığı ən dəyərli şey empatiya hissi, ədalət, vicdan, mərhəmət kimi duyğulardır. Bu hissləri olan insan həm öz torpağını, xalqını sevəcək, həm də qonşu ölkələrin torpağına hörmət edəcək. Öz vətəninə, vətəndaşlarına hörmət edən insan tutduğu vəzifədə rüşvət almayacaq, başqalarına haqsızlıq etməyəcək. Milli mənlik deyəndə mən bir insanın başqalarına, vətəninə qarşı vicdanlı, mərhəmətli, ədalətli olmasını nəzərdə tuturam. Əgər insanda bu müsbət xarakterlər varsa, onda millilik də, vətənpərvərlik də olacaq.

 

Təbliğ olunması yanlış olan cəhətləri isə mütəxəssislər müəyyənləşdirməlidir. Çünki valideyn uşağı vətənpərvər tərbiyə etmək istəyərkən onun psixologiyasını poza, ziyan verə də bilər. Bu məsələlərdə uşaq psixoloqundan məsləhət almaq daha məqsədəuyğundur. Çünki uşaqların yaş dövrü elədir ki, onlara müəyyən yaş həddinə qədər öldürməkdən, nifrətdən bəhs etmək olmaz. Bəzi şeylər var ki, onları uşağa daha uyğun formada anlatmağın yollarını tapmaq lazımdır.

 

Natəvan ABDULLAYEVA

 

525-ci qəzet.- 2020.- 5 noyabr.- S.-13