Səni unutmağa başladım bir gün.

 

1981-ci ildə Ziyavın Aluç kəndində dünyaya göz açıb. Universitetdə fars dili ədəbiyyatı üzrə təhsil alıb. Çoxlu şeir hekayə müəllifidir. Ərdəbil şəhərində yaşayır.

 

O öz yaradıcılığı haqda belə deyir:

 

"Yadıma gələndən, yaşamın dərdini, kədərini, sevincini, sevgisini düşünəndən əlimə qələm alandan içimdə baş verən olayların təsiri altında, həm duyğulandığım vaxtlarda yazmışam bu gün yazıram. Arada yaşamımda durğunluqlar da olub mən istər-istəməz yazıb-yaratmaqdan uzaq qalmışam. Ancaq yenə çəkilib ədəbiyyat aləminə sığınmışam. Üsyançı ruhlar gördüyümüz dünyaya sığmayanda ədəbiyyat evində bir xəyal adlı künc var, mənim hər özündən köçən şair kimi, əski yeni ünvanımı axtarsanız, oradayam".

 

Səni unutmağa başladım bir gün, 

Unutdum hər nəyi, səni yox amma.

Özlüyümdən keçdim unutmaq üçün,

Unutdum hər nəyi, səni yox amma.

 

Unut deyirdim mən, unut özümə,

Ağlayıb gülürdüm yalan sözümə,

Hara döndüm baxdı gözün gözümə,

Unutdum hər nəyi, səni yox amma.

 

Ruhum nəşimdə yad olmuşa döndü,

Dalda qoyduğum yol getdiyim öndü,

Hər səs qulağımda səsinə çöndü,

Unutdum hər nəyi, səni yox amma.

 

Əlləşdım, vuruşdum, ayrılmadı can,

Birləşdirdi bizi, güzgü tək yan,

Əl-ələ verdilər, ürəklə zaman,

Unutdum hər nəyi, səni yox amma.

 

Yaxamı çəkərkən yaxam cırıldı,

Yardım əllərindən əlim qırıldı,

Kölgən kölgəm olub mənə sarıldı,

Unutdum hər nəyi, səni yox amma.

 

***

 

Ürəyim quş kimi həsrətdə ölür,

Səntək gülü hər an bağlarda görür,

Həsrətlə gün çıxır həsrətlə dönür,

Güdürəm, bir xəbər yetişmir mənə.

 

Döndü qışa sənsiz ömür baharı,

Solub çiçəkləri, əridi qarı,

Yıxaydı fələk kaş belə hasarı,

Güdürəm, bir xəbər yetişmir mənə.

 

Qürbətdi vətənim, sənsiz vətən yox,

İntizar yoruldu qəmlərlə mən yox,

Yollarda külək yox, dağlarda çən yox,

Güdürəm, bir xəbər yetişmir mənə.

 

Göynəyir ürəyim, sancır ürəyim,

Zəhərləndi sənsiz duzum, çörəyim,

Döndü həsrətlərə bir-bir diləyim,

Güdürəm, bir xəbər yetişmir mənə.

 

Qayıt! Sənsiz yatır, ələmim yatır,

Solur gülüş gülü, tikanlar batır,

Bu qəmli intizar məndə kök atır,

Güdürəm, bir xəbər yetişmir mənə.

 

***

 

Ovcumu açmağa əlləşmə ürəyim!

Soyuq dəyər sənə qış baxışlardan,

şəpə bağlar gözümüzdən keçən yollar.

Ovcumu açmağa əlləşmə,

dilə, dişə gələr

sirrimizin ağbirçəkliyi,

açılar, tökülər

ürəyimizin bağlı buxçası

köhnə palanlar kimi.

Söz seçilər söz içindən

ayrılığımıza höküm sözü.

Sus sözlərini,

sus ürəyim,

sus gözüm,

susmaq haqqınıza verəcəyəm ömrümü...

 

***

 

Yaraların köhnə yeri,

Öncə-öncə, geri-geri,

Zolaq-zolaq qan verəcək.

Araz boyda cızıqlarım

Vətən deyib can alacaq,

Vətən deyib can verəcək...

Anam saçı, bacım saçı

Hörük-hörük qayçılanıb.

Dönərgənin namərd əli

İp toxuyub dar boyuna.

Göydən asıb anasının

döşdən ayrılmaz balasın.

Kimdi indi kitman edə?!

Dar ağacından yenə

Tifil yara süd əməcək

Köhnə yara qan verəcək!!!

 

***

 

Dünya bezarıdı bizdən, İlahi,

Dünyanı insana tapşırma daha.

Viran qoyub getmir üzdən, İlahi,

Dünyanı insana tapşırma daha.

 

Hərkəs öz könlünə saz çala-çala,

Əzrayıla dönüb can ala-ala,

Dünyada dünyalıq qoymadı qala,

Dünyanı insana tapşırma daha.

 

Özü öz felinə uyur bu insan,

Özünü bir Tanrı duyur bu insan,

Cəllad olub dəri soyur bu insan,

Dünyanı insana tapşırma daha.

 

Gələcəyin bilir, gedəcəyində,

Bilmir qulluq edir ancaq dində,

Buna məətəldi şeytan da, cin ,

Dünyanı insana tapşırma daha.

 

İnsan kimdi, buna göz yumur insan,

İnsanlıq adıyla insan edir qan,

Nağıla dönübdür qeyrətlə vicdan,

Dünyanı insana tapşırma daha.

 

Yolu uzun zatən gözəldi dünya,

Qəribə saraydı, özəldi dünya,

Təzədən qur bəlkə düzəldi dünya,

Dünyanı insana tapşırma daha.

 

Həkimə BABAKİŞİZADƏ NƏĞMƏ

 

 

525-ci qəzet.- 2020.- 6 noyabr.- S.15.