Gənclər Kitabxanası Şuşa haqqında videomateriallar hazırlayıb

 

 

Azərbaycanın qədim şəhəri Şuşanın 28 ildən sonra düşmən işğalından qurtulması münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası "Qarabağı qarış-qarış tanıyaq" layihəsi çərçivəsində Şuşa şəhəri haqqında silsilə xarakterli videomateriallar hazırlayaraq geniş istifadəçi auditoriyasına təqdim edib.

 

525.az xəbər verir ki, "Qarabağımızın incisi Şuşa" adlı videoçarxda füsunkar Şuşanın tarixi, təbiətinin nadir gözəllikləri, incəsənət nümunələri, qədim adət-ənənələri, milli-mənəvi dəyərləri olan, xalçaçılıq, atçılıq, ipəkçilik, zərgərlik sənətləri haqqında geniş məlumat verilib. Videoçarxda Şuşanın qədim mədəniyyət abidələri, incəsənət nümayəndələri haqqında fikirlər yer alıb.

 

Təqdim olunan materiallarda Şuşanın Mir Möhsün Nəvvabın, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovun başqa nadir istedada malik insanların vətəni olduğu vurğulanır.

 

Bundan əlavə, kitabxana əməkdaşları Səməd Vurğunun "Şuşa" şerinə videoçarx hazırlayıb. Şeir bir zamanlar "Zaqafqaziyanın konservatoriyası" adını qazanmış Şuşanın görüntüləri ilə müşayiət edilir.

 

525-ci qəzet.- 2020.- 12 noyabr.- S.9.