Azərbaycan əsgəri

 

 

Yenə tarix yaradır, yeni tarix yazırsan,

Düşmənin məzarını əllərinlə qazırsan.

Vətən qurtulsun deyə, son savaşa hazırsan.

Sən Şuşa qalasında çalacaqsan zəfəri,

Azərbaycan əsgəri.

 

Keçdiyin zəfər yolu şanlı soyundan gəlir,

Yurdu azad etdikcə qalib səsin yüksəlir.

Bayrağım əllərinlə zirvələrə dikəlir

Son baharda yurdumun ilk bahar müjdələri,

Azərbaycan əsgəri.

 

Ayağın toxunduğu torpaqlarım gül açır,

Başı ucalan Vətən günəş tək şəfəq saçır.

Qarşında tab gətirmir düşmən səngərdən qaçır,

Səndən güc alır ellər, uca dağ zirvələri,

Azərbaycan əsgəri.

 

Sən tarix səhnəsində hər vaxt qalib olmusan,

Torpağına göz dikən yağıdan bac almısan,

Neçə zəfərlər çalıb, qüdrətlə ucalmısan.

Yenə sənin olacaq Qələbə çələngləri,

Azərbaycan əsgəri.

 

Dağları arxa bildin, sənə dayaq oldular,

Vətənin xilas günü mərd ərlər doğuldular,

Quşqonmaz qayalarda şahintək şığıdılar.

Uğuruna sökülür yenə dan şəfəqləri,

Azərbaycan əsgəri.

 

Al Gəncəmin, Bərdəmin, Tərtərimin qisasın,

Uşaq qatillərini susdur, səsi çıxmasın.

Elə qov ki düşməni bir geri baxmasın,

Təmizlə torpağımı, aydınlat üfüqləri,

Azərbaycan əsgəri.

 

Cənubdan gələn yolun, Xudafərin dualı,

Qaytar dağ vüqarını, qıy vuran qartalımı,

Bir qarış da vermə sən yağıya torpağımı,

Vətən sənə əmanət, xalqımın cəngavəri,

Azərbaycan əsgəri.

 

O qabaran köksündə şir ürəyi döyünür,

Vətən bir nəfər kimi bu gün sənlə öyünür,

Hərbdə aslan tək coşur, sülhə məcbur eləyir,

Qədəminə gül səpir bu gün Vətən göyləri,

Azərbaycan əsgəri.

 

Əz düşmənin başını, dirçəlməsin bir qoy!

Sıranda birləşibdir neçə millət, neçə soy.

Qoy deməsin analar "Torpağım oy, Vətən oy!",

Sapla düşmən köksünə o qan daman xəncəri,

Azərbaycan əsgəri.

 

 

Lətif Şüküroğlu

525-ci qəzet.- 2020.- 12 noyabr.- S.15