Mənim üçün dünyada
Şuşadan gözəl yer yoxdur"
VASİF
QULİYEV: "ŞUŞAYA 30-40 İL ƏVVƏL NECƏ
GEDİRDİMSƏ, İNDİ DƏ O CÜR
GEDƏCƏYƏM, ELƏ BİL, BU ŞƏHƏR HEÇ
VAXT İŞĞAL OLUNMAYIB"
Rəşadətli
Azərbaycan Ordusunun təxminən 30 ildən bəri həsrətini
çəkdiyimiz işğal altındakı
torpaqlarımızı bir-birinin ardınca azad etdiyi günlərdə
yəqin ki, hər birimizin dilinin əzbəri olan sözlərdən
biri də "Şuşa" kəlməsi idi.
Uşaqdan-böyüyə hər birimiz Müzəffər
Ordumuzun o müqəddəs şəhəri də
işğaldan azad edəcəyi xəbərini səbirsizliklə,
böyük təşnə ilə gözləyirdik.
Şuşa soraqlı o günlərdən birində -
Şuşadan olan tanınmış jurnalist, Qarabağ
tarixinin, mədəni irsinin yorulmaz tədqiqatçısı
Vasif Quliyevlə görüşüb söhbətləşdik.
Söhbətimizin
mövzusu da təbii ki, arzularımızın şəhəri
olan Şuşa idi. Biz
söhbət eləyəndə noyabrın 6-sı idi,
Şuşanın işğaldan azad olunmasına hələ
iki gün vardı. Nəhayət, noyabrın 8-də
arzularımız gerçəkləşdi - Şuşa
28 il 6 aydan sonra Müzəffər Ordumuz tərəfindən
düşmən torpağından azad olundu.
Vasif
Quliyevlə qələbə günü ərəfəsindəki
Şuşa həsrətli söhbətimizi
oxuculara təqdim edirik.
***
- Vasif
müəllim, bəlkə də, başqasından
soruşsaq, bir qədər şablon görünə bilər,
amma yaradıcılığını Şuşaya,
Şuşanın tarixinin, mədəni irsinin
araşdırılmasına həsr eləmiş bir adam kimi sizdən soruşsaq, yəqin
şablonluğunu itirər: Şuşa sizin üçün
nədir?
- Şuşa mənim üçün hər şeydir -
həm atamdır, həm anamdır, həm bacımdır, həm
qardaşım, həm övladlarım. Mənim
üçün dünyada Şuşadan gözəl ikinci bir
şəhər yoxdur. Mən müəyyən dövrlərdə
dörd şəhərdə yaşamışam və hər
birini də çox sevirəm: birincisi Şuşa,
ikincisi Xankəndi, üçüncüsü Bakı, sonra isə
Moskva. Bu şəhərlərin hamısı mənə əzizdir,
amma Şuşa onların hamısından əzizdir.
1992-ci ildə Şuşa itiriləndən
sonra şuşalıların çoxu elə bilirdilər ki,
mən də Şuşada yaşayıram, məndən
soruşurdular ki, Bakıda yerləşə bilmisinizmi? Deyirdim ki, mən Şuşanın qeydiyyatından
çıxmışam. Bakıda
işim-gücüm, evim olsa da, həmişə bir
ayağım Şuşada idi, ona görə də elə
bilirdilər ki, mən orada yaşayıram. Şuşaya o qədər bağlı idim ki, oraya
gedəndə qayıtmaq istəmirdim, Bakıya gələndə
də darıxırdım. Özü də
Şuşaya gedəndə evdə oturmurdum, səhər evdən
çıxıb, bir də gecə saat 2-3-də
qayıdırdım. Bütün günü
şəhəri gəzirdim. Şuşanın
hər daşı tarixdir, oranın hər
qarışını gəzmişəm və hər evin
yaranma tarixinəcən bilirəm. Mən arxivdə
işləyirəm, orada Şuşa ilə
bağlı nəsə bir fakt tapanda elə bilirəm ki,
Şuşadayam.
- Şübhəsiz, Azərbaycanın hər
qarışı bizim üçün əzizdir. Amma
Şuşanın bir qəribə aurası, mistikası var.
Bu, nədən irəli gəlir?
- Şuşa təkcə indi yox, elə
yarandığı gündən mistik, sirli görünüb.
Pənahəli xan Cavanşir Şuşa
şəhərinin bünövrəsini qoyandan sonra Ərdəbildən,
Təbrizdən, Gəncədən, İrəvandan, eləcə
də Şərqin müxtəlif şəhərlərindən
mütəfəkkirlərin,
şair-yazıçıların, sənətkarların
hamısını Şuşa şəhərinə gətizdirmişdi.
Şuşa dahilər şəhəri idi.
Üzeyir bəy Hacıbəyov, Niyazi, Rəşid
Behbudov, Fikrət Əmirov musiqimizin dahiləri idi,
Bülbül səsin dahisi idi və sair və ilaxır.
1920-ci ilə qədər Şərqin, Rusiyanın,
Avropanın müxtəlif ali təhsil
müəssisələrində təhsil almış 900 nəfərə
yaxın azərbaycanlının təxminən 200 nəfəri
şuşalı olub. Başqa bir faktı da
deyim, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin xaricə
təhsil almağa göndərdiyi 100 nəfərdən 25-i də
şuşalıdır. Onlar haqqında
müxtəlif vaxtlarda oçerklər yazmışam.
- Bir də
Şuşanın simvolu olan Xarı bülbül var...
- 1978-ci il idi. Xalq şairi Məmməd Arazın
redaktorluğu ilə çıxan "Azərbaycan təbiəti"
jurnalında Azərbaycanın ilk akademik qadını, əslən
şuşalı olan Validə xanım Tutayuqun Xarı
bülbül haqqında bir yazısı çap olunmuşdu. Yazıda xarı bülbüllə bağlı
yazılanların dəqiqliyini yoxlamaq üçün
Şuşaya getdim. Cıdır
düzündə bir xarı bülbül gülünü
nişanlayıb hər gün müşahidə etməyə
başladım. Xarı bülbülün
70-80 santimert boyu, hər budağında aşağıdan
yuxarı sıralanan 5-7 çiçəyi olur. Birinci gün gedəndə gördüm ki, ən
aşağıdakı çiçək açıb.
Səhərisi gün ondan yuxarıdakı, o
biri gün ondan da yuxarıdakı. Beləcə,
hər gün sıra ilə aşağıdan yuxarı o
çiçəklərin biri açırdı. Tam açılandan sonra isə Xarı bülbül
yenə eyni sıra ilə solmağa başlayır. Xarı bülbülün ətri olmur, may-iyun
aylarında açır, kökü kartof bitkisinin
kökünə bənzəyir.
- Şuşa ilə bağlı xatirələriniz
çox olar yəqin.
- Bəli,
xatirələrim çoxdan da çoxdur, lap çoxdur. İndi sizinlə müğənni Bülbül ilə
bağlı maraqlı bir xatirəmi bölüşüm.
Mən Şuşada Bülbülün konsertində
bəlkə də, 10 dəfə olmuşam. Bülbül haqqında xatirə də
yazmışam. Bir dəfə
Bülbül Şuşada şəhərin rəhbər vəzifəli
adamları ilə Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarətə
getmişdi. Uşaqlarla onların
dalınca düşüb biz də getdik. O vaxt uşaq
olduğumuza görə bizi konsertlərə
buraxmırdılar. Muzeydən çıxanda dedim ki,
Bülbül əmi, bizi sizin konsertinizə buraxmırlar. Bülbül elə oradaca onu müşayiət edən
Şuşanın birinci katibinə konsertə uşaqları
da buraxılmasını xahiş etdi. Həmin
gün getdik, bizi Bülbülün konsertinə buraxdılar.
Dediyim kimi, Şuşa ilə bağlı
xatirələrim çoxdur. Yəqin o xatirələrim
yaxınlarda işıq üzü görəcək. Məsələn,
1967-ci il hadisələri indi də
gözümün önündədir. Ermənilər
90-cı illərdə Azərbaycanda başlatdığı
qırğınları 67-ci ildə də etmək istəyirdilər.
Mən 1990-cı illərin hadisələri
dövründə dəfələrlə ölümdən
qurtarmışam. Birini deyim. Bir dəfə
avtobusla Şuşadan Ağdama gəlirdik. Bir maşın yaxınlığımızdan
ötüb keçdi, düz bizim qarşımızda həmin
maşın minaya düşdü. Erməni
uşaqları təpələrin başına
çıxıb bizim maşınları
daşlayırdılar. Bir dəfə yenə
Şuşadan qayıdanda gördüm ki, ermənilər
yığışıblar, maşınları gözləyirlər
ki, daşlasınlar. Bizim avtobusu
daşlamağa başlayanda avtobusdan düşüb ermənilərin
üstünə yüyürdüm. Məqsədim
bu uşaqlardan birini tutub Ağdama aparmaq idi. Amma onlara çatanda məni mühasirəyə
aldılar. Əlbəyaxa olduq, köynəyim
cırıldı. Təkləmişdilər
məni. Birtəhər əllərindən
çıxıb avtobusa tərəf getdim. Yenə daşlamağa başladılar. İri daşın biri qabırğama dəydi.
Bu günə qədər də əl vuranda onun
ağrısını hiss edirəm. Bəzən
televiziyada görürəm, belə şeyləri
ağlaşma kimi verirlər. Amma bu,
doğru deyil. Xüsusilə də şəhidə
ağlamaq olmaz. İndi mən buna
ağlayım? Xeyr. Onlar
vətən uğrunda şəhid olublar və bundan uca
heç nə yoxdur. Düzdür, bir insan
kimi mən də ağlamışam, amma yas saxlamaq olmaz.
-
Yaradıcılığınızın, bəlkə də,
99 faizi Şuşadır...
- Bəli, Şuşaya aid 20-dən çox
kitabım var. 1971-ci ildən bəri, düz 49 ildir
Şuşa ensiklopediyası üzərində işləyirəm,
1-2 ilə hazır olar yəqin. Bayaq
danışdığım Xarı bülbül haqda bir kitab
da çap etdirmişəm, o kitabda Xarı bülbülə
yazılmış şeirlər və müxtəlif
yazılar toplanıb. Bu yaxınlarda o kitabı yenidən
çap etdirmək fikrindəyəm. Son kitabım isə
"Mehmandarovlar" adlanır. Şuşanın məşhur
Mehmandarovlar nəsli haqdadır.
- Ermənilər Şuşanı işğal
etdikləri əməliyyata "Dağlarda toy" adı
vermişdilər. Sizcə, Şuşanın işğaldan
azad olunması əməliyyatı necə adlandırmaq olar?
- Mən "işğal" sözünü
qəbul etmirəm. Şuşa satılıb. Rəhim
Qazıyev kimi adamlar tərəfindən. O, bir söz demişdi,
"Şuşa getsə, başıma bir güllə
çaxacağam". Həmin sözü Rəhim Qazıyev
birinci dəfə şəxsən mənə deyib. 1992-ci ilin
fevralında Şuşada idim. Gördüm ki, səs-küy gəlir.
Tanklar, BTR-lər şəhərə girdi. Əsgərlər
əllərində avtomatla havaya atəş aça-aça
gəlirdilər. Bunlar Rəhim Qazıyevin dəstəsi idi,
hamısı da içmişdi. Səhərisi gün dedilər
ki, Rəhim Qazıyevi öldürmək istəyiblər, amma
yaralanıb. Onun yanına getdim. Qaldığı yerdə əsgərlərdən
ibarət üçqat mühafizə dəstəsi var idi.
Heç Hitleri belə qorumurdular. Həmin il Şuşada elə
bir şaxta var idi ki, camaat donurdu, nə qaz var idi, nə də
işıq. Rəhim Qazıyevin otağı isə hamam kimi
isti idi. Yarası-zadı yox idi, çox yaxşı
görünürdü. Onda mən dedim ki, ermənilər hər
yeri yavaş-yavaş işğal edirlər, belə getsə,
Şuşanı da alacaqlar. Onda o dedi ki, Şuşa getsə,
başıma bir güllə çaxacağam. Niyə
çaxmadı? Çünki Şuşanı özü
satdı. Qaldı ki, Şuşanın işğaldan azad edilməsi
əməliyyatına, mən ona heç bir ad verə bilmərəm.
- İşğaldan azad olunandan sonra
Şuşaya ilk gedişinizdə nə edəcəksiniz?
- Bəziləri deyir ki, mən
sürünə-sürünə gedəcəyəm, bəziləri
deyir ki, torpağı öpəcəyəm, ağlayacağam
və sairə. Mən Şuşaya 30-40 il əvvəl necə
gedirdimsə, indi də o cür gedəcəyəm, gülə-gülə.
Şəhərə girən kimi birinci Natəvanın
evidir. Natəvanın evinin o biri tərəfində Üzeyir
Hacıbəyovun, Rəşid Behbudovun, Süleyman Ələsgərovun
evləridir. Birinci o evlərə gedəcəyəm. Yeganə
istəyim o evləri salamat görməkdir...
Rəhman
MİRZƏLİZADƏ
525.- 2020.- 13 noyabr.- S.11.