Stress: dostdur, yoxsa düşmən?

 

 

"Loqos" PNİM-in baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru

Yaşadığımız dünyada aqressivlik səviyyəsi yüksəlir. Bu, reallıqdır. Hər gün kütləvi informasiya vasitələri ilə dünyada baş verən qarışıq məlumatlarla yüklənirik. Elə bu səbəbdən də cəmiyyətin müəyyən hissəsi həyatı mürəkkəb və təhlükəli qiyafədə görür.

 

Son zamanlar dünyada tüğyan edən COVİD-19 virusunun insanların həyatına göstərdiyi mənfi təsirlərə nəzər salsaq, görərik ki, bu gözəgörünməz virus normal həyatı az qala alt-üst edib, başqa sözlə, insan bir çox adət və vərdişlərindən məhrum olub. Gələcəyə yönəlik planlar pozulub, ünsiyyət dairəsi daralıb, həyat tərzi dəyişib, sərt karantin qaydaları, təcrid olunma  məcburiyyəti istər-istəməz daxili gərginliyi artırır, stress yaradır.

 

Xain, işğalçı Ermənistan ordusunu dədə-baba torpaqlarımızdan, Qarabağdan qovmaq üçün apardığımız Vətən müharibəsinin məhz bizim ölkəmizdə uşaqdan böyüyə hər kəsin həyatına təsiri isə daha  dərin və geniş- miqyaslı olmaqla, yəqin ki, hərtərəfli müzakirələrdən keçəcək.

 

Unutmaq olmaz ki, kədər, qorxu, həyəcan, nigarançılıq, qeyri-müəyyənlik qədər ifrat sevinc də insanda psixoloji narahatlıqlar yarada bilər. Yaşadığımız dövr bizdən mümkün olduğu qədər psixoloji dayanıqlılıq tələb edir. Biz yeni dünyanın diktə etdiyi qaydalarla yaşamağı öyrənməliyik. Və bu dünyada stress bir nəfəs qədər yaxınımızdadır.

 

Stress, onu yaradan səbəblər nədir və özümüzü bundan  necə qorumalıyıq? Hesab edirəm ki, bunları hər kəs bilməli və psixoloji sağlamlığını qorumaq üçün mümkün olduğu qədər stresdən qorunma qaydalarına əməl etməlidir.                                                                                                                                       

 

Hər bir insan həyatda ədalətsizlik, inciklik, təhqir və bəzən də qorxunc təhlükə ilə qarşılaşır, bəzən yaxın və doğmalarının itkisini yaşayır. Həyatımızda baş verən bütün olaylar sonda az və ya çox dərəcədə  psixoloji stressə və depressiyaya gətirib çıxarır.

 

Stress nədir? Stress insanın həyatında və ətrafında baş verən hadisələrə psixoloji cavab reaksiyasıdır. Stress ekstremal şəraitdə insanın keçirdiyi emosional haldır. Stressə məruz qalmaq baş verən hadisənin xarakterindən deyil, insanın hadisəyə münasibətindən, cavab reaksiyasından asılıdır. İnsanın daxilindəki qüvvə stressə qarşı mübarizəni, cavab reaksiyasını təmin edir.

 

Müasir dövrdə insan həyatını stressiz təsəvvür etmək mümkün deyil   həddindən artıq stress faktorlarına məruz qalması orqanizm üçün böyük təhlükədir.

 

Stressin 2 növü var:

 

Eustress (konstruktiv) - orqanizmin qüvvəsini səfərbər edən, həyat tonusunu yüksəldən, insanın özünürealizə imkanını yaradan stress. Yəni faydalı stress. Lakin əgər stress faktoru çox güclüdürsə, uzun zaman davam edirsə və onu dəf etmək üçün orqanizmin resursları çatmırsa, bu halda Distress (destruktiv) - ziyanlı stress yaranır. Bu hal orqanizmdə mənfi narahatlıqlarla əlaqədar olan psixosomatik dəyişikliklərin inkişafına gətirir. Distress insan orqanizminə və yaradıcılığına mənfi təsir edir.

 

Stressi yaradan səbəblər

 

Xarici səbəblər: maliyyə durumu, maddi problemlər, insanın həyatında baş verən kəskin dəyişikliklər, ürəyincə olmayan iş və ya işsizlik, həddindən artıq iş yükü altında olmaq, doğma və ya yaxın adamın ölümü, təbii fəlakət, istehsalat qəzaları, bədbəxt hadisələr nəticəsində alınan ağır xəsarətlər (zədələnmə, yanma), ailədə və yaxud ətrafda münaqişə, zorakılıq, təcavüz, insan haqlarının pozulması və s.

 

Daxili səbəblər: Pessimistlik, perfektsionistlik, realizə olunmayan arzular, cəsarət, səy göstərmə və əzmkarlığın olmaması, ölüm haqda düşüncələr, insan həyatı üçün təhlükəli xəstəliklər və s.

 

Stressin simptomları:

 

İntelektual: Yaddaşın pozulması (unutqanlıq və boşluqların yaranması), diqqətin zəifliyi, nitq problemləri, qərar qəbul etmə çətinlikləri, neqativ fikirlər

 

Emosional: Yüksək həyəcan, qəzəb, impulsiv hərəkətlər, başqalarına qarşı qərəzli mövqe tutmaq, günahkarlıq hissi, həyata marağın, stimulun və məqsədlərin olmaması, pessimistlik, ətrafda baş verənlərin reallığını qəbul etməmək, tənhalıq, çarəsizlik, qəhərlənmə, küskünlük, intihar fikirləri, yuxu rejiminin pozulması (yuxusuzluq və ya çox yatmaq), həvəssizlik, panik atak, aqressivlik və s.

 

Sosial davranış simptomları

 

Xarici görünüşə olan marağın itməsi, diqqətsizlik, əsəbi gülüş, maraqların itməsi (ailə, iş, hobbi), içkiyə, narkotik maddələrə aludəlik, tənhalığa meyllilik, zaman çatışmazlığı (öhdəlikləri vaxtında yerinə yetirə bilməmək), evdə və işdə həddindən artıq çox işləmək (dərddən qaçmaq məqsədi ilə), münaqişə yaratmaq, gördüyü işlərdə çoxlu səhvlər buraxmaq.

 

Fizioloji simptomlar

 

Arterial təzyiqin qeyri-sabitliyi, ürək-bulanma və qusma, sinə ağrıları, ağızda quruluq, kəkələmə, qulaqda səslər, əllərin soyuq olması və əsməsi, periodik əzələ spazmları, istibasma, qida rejiminin pozulması (yeməkdən imtina və ya həddindən artıq çox yemək), çəkinin artması və ya azalması, baş və kürək ağrıları, bədən hərarətinin artması, yersiz hərəkətlər, dəridə səpkilər və s.

 

Qadınlarda müşahidə edilən simptomlar

 

Qadınlar stressə daha həssas olduqlarından onlarda simptomlar ginekoloji, endokrin və ürək-damar xəstəlikləri, piylənmə fonunda müşahidə edilə bilər. Bu isə daha çox ideal həyat yoldaşı, ideal ana olmaq istəyi ilə bağlı ətrafda baş verən hadisələrə münasibətlərini kimsəylə bölüşməmək, özlərində saxlamaq istəyindən irəli gəlir. Qeyd edilən əlamətlərə əsasən, qadınların stress vəziyyətində olmasını tam müəyyənləşdirmək bir qədər çətin olsa da, bəzi simptomları nəzərinizə çatdırırıq: Baş ağrıları (adətən ağrılar başın bir hissəsində müşahidə edilir), oynaq ağrıları, əhvalın tez-tez dəyişməsi, gözün atması, mədə ağrıları, panik tutmalar, hərəkət koordinasiyasının pozulması, müəyyən qida növlərinə yüksək meyllilik (şirniyyat, turşular, süd məhsulları), saç tökülməsi, səslərin eşidilməsi, iş qabiliyyətinin azalması, intihar haqda fikirlər və cəhdlər, özünü qoruma instinktinin azalması, əsəbilik, özünə və ətrafdakılara qarşı münasibətin dəyişməsi (emosional soyuqluq və günahkarlıq hissi)

 

Stress vəziyyətində olan insana necə kömək etməli?

 

Stress vəziyyətində olan insanla danışmaq və ona təsəlli vermək səmərəsizdir. O, kimsəni "eşitmir", sizin təsəlli vermək cəhdinizə təəccüblə "Hər şey yolundadır", - deyə cavab verir. Bu zaman doğru yol onu daim diqqət altında saxlamaq, ona nəzarət etmək, gərgin anda tək qoymamaqdır.

 

İztirab çəkənlə təmasda olmaq, tez- tez əllə toxunmaq, qucaqlamaq böyük səmərə verir.

 

Stress keçirən insana necə yanaşmalı?

 

Ürəyini boşaltmaq imkanı yaratmaq, mülayim rəftar etmək, çox şeyi (lakin hər şeyi yox) bağışlamaq,  ağlamasına imkan verməklə emosional gərginliyi azaltmaq, yavaş-yavaş səmərəli, ictimai işlərə cəlb etmək, normal münasibət bəsləməklə (halına acımamaq) nikbin əhval yaratmaq, dərdini anlamaq, şərik olmaq.  Stress vəziyyətində olan insanın depressiyaya düşməməsi üçün psixoloqa müraciət etməsi məqsədəuyğundur.

 

Stressi dəf etməyə kömək edən amillər

 

Hadisəyə şüurlu münasibət bəsləmək, pozitiv düşünmək (stressi yaradan səbəblərin təhlili, dəf etmə üsullarının axtarışı və resuslarının qiymətləndirilməsi), hiss və emosiyaların tənzimlənməsi, qəbul edilməsi, həyəcan dinamikasına nəzarət (qorxu, qəm-qüssə, həyəcan, köməksizlik və ya qəzəb emosional stress reaksiyalarıdır), davranışla dəf etmə, strategiya və planların korreksiyası, davranış və yaradıcılığın dəyişməsi (aqressivlik, qaçma, nizamsızlıq), sosial-psixoloji dəf etmə, həyat dəyərlərinin korreksiyası, rol davranışlarının və şəxsiyyətlərarası münasibətlərin dəyişməsi.

 

Stresdən necə çıxmaq olar?

 

Qarşıya real məqsədlər qoymaq, ibadət etmək, etibarlı insanla söhbətləşmək, ünsiyyət vərdişlərini inkişaf etdirmək, işləri sonraya saxlamamaq (xüsusən də sevmədiyiniz işləri), kontrast duş qəbul etmək, idmana vaxt ayırmaq, təbiətlə təmas, işləri planlaşdırmaq, resusları rasional bölmək, hər işi öz üzərinə götürməmək, konfliktləri idarə etmək, müsbət vərdişlərə yiyələnmək, günəş saatından nümunə götürülməsi və ancaq xoşbəxt günlərin hesabının aparılması, özgüvənin inkişafı, musiqi və relaks məşğələlərinə qatılmaq, art terapiya, özünütəlqin metodu, autogen məşqlə, meditasiya və ən əsası nəfəsalma metodlarından düzgün istifadə - bütün bunların cəmi stressi "cilovlamaq" prosesində müstəsna rol oynaya bilər.

 

Nəfəsalma üzərində şüurlu nəzarət, gərginliklə mübarizədə ən qədim metodlardan biridir. Sağlamlıq və harmoniya haqqında qədim elm olan Ayuverda hesab edir ki, düzgün nəfəsalma sağlamlığın təməl daşıdır, çünki biz gün ərzində nəfəs aldığımız zaman 10000-12000 litr hava qəbul edirik. 3000 il öncə Ayuverda loğmanları bir çox xəstəliklər zamanı düzgün nəfəsalmanı dərman əvəzi tövsiyə etmişlər. Stress vəziyyətində olan insanın: Mən necə nəfəs alıram? Mən indi nə edirəm? Mən nə hiss edirəm? - sualları ətrafında düşünməyi ona bu vəziyyətdə kömək edər.

 

Bu gün biz nə etməliyik?

 

Hər birimiz vətəndaş mövqeyində dayanaraq şəxsi məsuliyyət daşımalı, yeni həyatın reallığını dərk edərək həyat tərzimizi dəyişməli, həyata, özümüzə və başqalarına münasibətlərimizə daha ciddi yanaşmalıyıq.  Şəxsi resurslarımızdan istifadə edərək həyata fəal, pozitiv, optimist, real münasibət bəsləməliyik.  İnformasiya ilə konstruktiv işləməli, yəni aldığımız informasiyanı rəsmi mənbələrdən alıb, yoxlayıb bölüşməliyik. Neqativ informasiyaların qəbulunu minimuma endirməli, fəal diskussiyalara girməməli (xüsusən də düşmənlərin Feysbuk yazılarına reaksiya verməmək), ətrafdakılarla sözləşməməli, sosial şəbəkələrdə yoxlanılmamış məlumatları göndərməməliyik.  Öz üzərimizdə işləməli, ətrafda baş verən hadisə və təhlükələrə ciddi yanaşmalı, baş verə biləcək çətinlikləri real və rasional qiymətləndirməli, təmkinli olmalı, həyatın xoş tərəflərini düşünməli, ev-ailə qayğısı çəkməli, yaradıcıllıqla məşğul olmalı, yaxınlarla  ünsiyyəti yaxşılaşdırmalıyıq. Yaxın çevrəmizin qayğısını çəkməli, dərdlərinə şərik olmalıyıq. Hazırda xalqımızın buna daha çox ehtiyacı var. Xüsusən də qazi, şəhid və itkin ailələrinə diqqəti artırmalyıq. Uşaqlarımızı vətənpərvər böyütməli və onlarda qan yaddaşının formalaşmasına diqqət yetirməliyik.

 

 

Elmira MİRZƏYEVA

525-ci qəzet.- 2020.-13 noyabr.- S.16