Eyni gündə doğulub, eyni gündə şəhid olan qardaşlar

 

 

İyirmi il əvvəl Ağdam rayonunun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn Nazir və Tacir qardaşlarının taleləri, həyat yolları da qoşa oldu. Heç vaxt bir-birlərindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüdülər, orta məktəbi bir oxudular, hərbi xidmətə bir yollandılar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bir yerdə döyüşdülər. Bu müqəddəs yolda eyni gündə şəhid olaraq doğulduqları Çullu kəndində torpağa tapşırıldılar.

 

AZƏRTAC-ın bölgə müxbiri Çullu kəndinə gedərək Nazir Tacir qardaşlarının məzarlarını ziyarət edib, evlərinə baş çəkərək, ailəsi ilə həmsöhbət olub.

 

Bir gündə iki övladını torpağa tapşıran Mailə Allahverdiyeva acısı qədər böyük olsa da məğrur dayanıb. Sevinir ki, torpaqlarımız işğaldan azad edilib. Düşməndən oğullarının qisası alınıb: "Vətən yolunda, torpaq yolunda şəhid oldular. Şükür Allaha ki, torpaqlarımız işğaldan azad olundu. Balalarımın qanı yerdə qalmadı".

 

Əkiz qardaşların heç vaxt bir-birlərindən ayrılmadıqlarını deyən Mailə ana oğlanlarının toylarını da bir yerdə etməyi arzulamışdı. "Bir yatıb, bir dururdular. Həmişə bir yerdə olurdular. Hərbi xidmətə qoşa getdilər. Gözləyirdim ki, gəlsinlər evləndirim. Eyni gündə evləndirəcəkdim onları. Gözaltıları da var idi. İki bacı istəyirdilər", - deyən şəhid anası göz yaşlarını saxlaya bilmir...

 

Nazir Tacir ailənin sonbeşikləri idilər. Bacıları Sahilə xanım deyir ki, qardaşları evin nuru, işığı, hamının sevimlisi olublar: "Ailədə 10 uşaq olmuşuq. Nazir Tacir sonbeşik idilər. Anam işdə olduğu üçün qardaşlarımı mən böyütmüşəm. Odur ki, elə bilirəm təkcə qardaşlarım deyil, həm balalarım şəhid olub. Onlarla fəxr edirəm".

 

Qüdrət Allahverdiyev əkiz qardaşlarının vətənpərvər olduqlarını deyib: "Tacir Nazir topçu kimi düşmən qüvvələrinin darmadağın edilməsində iştirak edib. Telefonla danışanda deyirdilər ki, Vətən uğrunda döyüşürlər. Qələbə qazanacağımıza əmin idilər. Ailədə yaşca ən kiçik olsalar da, daha yüksək mərtəbəyə - şəhidlik zirvəsinə ucaldılar. Qardaşlarımla fəxr edirəm".

 

Nazir Tacir qardaşlarının timsalında bütün şəhidlərimizə borcluyuq. Çünki ən yeni tariximizi onlar yazdılar, öz qanları ilə. Torpaq uğrunda ölən varsa Vətəndir.

 

525-ci qəzet.- 2020.- 18 noyabr.-S.24.