Bayrağıma qurban olum

 

Göy rəngi - göylərin ənginliyidir,

Qırmızı - tarixin zənginliyidir.

Yaşılı - sabahın ümid rəngidir,

Bayrağıma qurban olum!

 

Ər yurdudur, ər kəndidir,

Şuşa, Laçın, Xankəndidir.

Qürur yeri, and yeridir,

Bayrağıma qurban olum!

 

O, gücümdür, qüvvətimdir,

İstiqlalım, qüdrətimdir.

Allaha əmanətimdir,

Bayrağıma qurban olum!

 

Cəngi kimi havalansın,

Başım üstə dalğalansın.

Yüz yaşına yüz calansın,

Bayrağıma qurban olum!

 

Vətənçün yaşamaq istəyirəm mən

 

Mənim dualarım Vətənlə dolu,

"Vətən"lə başlayır arzularım da.

Elə yaşayım ki, ömür sürüm ki,

Vətənim göyərsin arzularımda.

 

Adını ucaldıb əməllərimlə,

Zirvəyə daşımaq istəyirəm mən.

Vətənçün ölmək gözəldir, amma

Vətənçün yaşamaq istəyirəm mən!

 

Azərbaycan əsgəri

 

Vətən sənə oğul dedi, -

Hər əmrinə hazırsan.

Bu gün cəsarətinlə

Yeni tarix yazırsan,

Azərbaycan əsgəri!

 

Keçmişin ləkəsinə,

"Alın yazım" demədin.

Dünya durdu qarşında,

Kimsəyə baş əymədin,

Azərbaycan əsgəri!

 

Sən türkün tarixinə

Yeni İMZA atırsan.

Üçrəngli bayrağımı

Qarabağdan asırsan,

Azərbaycan əsgəri!

 

Vətən sənə oğul dedi...

Oğul - Vətən sipəri,

Oğul - düşmən çəpəri...

İlham ilə irəli,

Azərbaycan əsgəri!

 

Zəhra ƏLİYEVA

Binəqədi rayon 276 saylı tam orta məktəbin 8-ci sinif şagirdi

525-ci qəzet.- 2020.- 17 noyabr. - S.15.