Vüqar Əli:  "Yaşadığımız bu böyük hadisələr sənətdə də əks olunur"

Azərbaycanın 44 gün davam edən Qarabağ müharibəsi və şanlı zəfəri yaradıcı insanların da fəaliyyətinə təsirsiz ötüşmədi.

Tanınmış rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Vüqar Əlinin də yaradıcılığında Qarabağ, Vətən mövzusu xüsusi yer tutur.

O, bu günlərdə arxa cəbhədə fırçasını əldən yerə qoymadı. Söhbətimizə də elə bu nöqtədən körpü saldıq:

***

- Vüqar müəllim, yaradıcılığınıza Qarabağ mövzusuvaxtdan daxil oldu?

- Qarabağ təkcə bu günün mövzusu deyil. Yaradıcılığıma elə Qarabağ problemi başlayan anlardan daxil oldu. 1988-ci ildə Əzim Əzimzadə adına kollecdə tələbə ikən Qarabağ problemi, meydan hərəkatları başlamışdı. 1990-cı ildə əsgərlikdə idim. 1991-ci ildə təxris olunandan sonra universitet zamanlarında hadisələr qızışırdı. Onda artıq bu mövzunu işləməyə başlamışdım. Hətta əsgərlikdən məzuniyyətə gələndə rəsmlər, kompozisiyalar işləyib hərəkata hədiyyə edirdim. Azərbaycan Sovet məngənəsindən yenicə azad olurdu, müstəqilliklə bərabər, dünya incəsənətinə boylana, lazımlı materialları götürə bilirdik. Təzə-təzə azad nəfəs almağa başlayırdıq ki, mənfur qonşularımızın naxələfliyiylə üzləşdik. Son kursların tələbələri əsgər formasında dərslərə gəlir, təhsillərini bitirməmiş döyüşə gedirdilər. Bu əsnada yavaş-yavaş dost, qohum, tanışlardan şəhidlər verməyə başladıq. Universitetdən ilk şəhidimiz Dəryanur Salayev oldu.

1994-cü ildə ilk dəfə Bakı İncəsənət Mərkəzi UNİCOL neft şirkətilə birlikdə "Azərbaycan bu gün" devizi altında ənənəvi sərgilərə start verdi. Hər il 28 mayda bu deviz altında plakat sərgiləri keçirilirdi. Müəllimlərimiz həmişə bizə yaradıcılıq potensialımızı üzə çıxarmaq üçün azadlıq verirdilər. Biz də müəllimimizlə birgə həmin sərgiyə qatıldıq və ilk addımlarımızdan həvəsləndirici mükafatlar aldıq. Bunlar bir gənc rəssam üçün uğur sayılsa da, içimizdə nisgil, ağrı vardı. Bununla belə, həmin plakatlarda da ümidli idim və "Qələbə bizimlədir" yazırdım. İlk plakatımda iki təyyarə təsvir olunmuşdu. Sanki Azərbaycanın təyyarəsi erməni təyyarəsini yıxır. Diqqətlə baxanda onu indiki PUA-ya da bənzətmək olur. Texnikanın bu cür inkişaf etmədiyi bir zamanda onu təsəvvür etməyim mistik hadisə idi. Yəqin yaradıcılıq da məhz budur.

2002-ci ilə qədər bu ənənə davam etdi. Onunla paralel Sərhəd Qoşunlarının Rəssamlar İttifaqında keçirdiyi bir neçə sərgisinə də qatıldım.

- Plakatın başqa janrlardan fərqi nədir?

- Onun aktuallığı və sosiallığı var. Plakat həmişə ideologiyaya xidmət edib. Məsələn, Böyük Vətən Müharibəsi illərində Əzim Əzimzadədən Səttar Bəhlulzadəyə qədər bütün azərbaycanlı rəssamlar rəngkar olmaqlarına baxmayaraq, Hitlerə, faşist Almaniyasına qarşı o dövrün ideologiyasına uyğun plakatlar işləyiblər. Plakat mesaj ötürməli, estetik olmalı, geniş ictimaiyyətə yayılmalı, cəmiyyətə, tədrisə işləməli, hər yerdə təbliğ olunmalıdır. O, fərdi rəsm əsəri deyil ki, kimsə şəxsi kolleksiyasında saxlasın, divarından assın. Hazırda plakatların yayılması üçün internet, sosial şəbəkələr ən əlverişli məkandır.

Bəzən siyasi mesajlar ötürən plakat hansısa sazişlərdən sonra aktuallığını itirə, hətta müəllifinə aid olduğu ölkəyə əlavə problemlər yarada bilər. Bu, elə çətin janrdır ki, kiçik siyasi səhv ölkələrarası diplomatik münaqişəyə səbəb ola bilər. Ona görə müəllif çox ehtiyatlı olmalıdır. Bu mənada plakat ciddi sənətdir. Rəngkarlığın ciddi qanunları olmağına baxmayaraq, hansısa fikrə min cür don geyindirə, bədiiliklə üzərini örtə bilərsən. Plakatda isə bu, mümkün deyil.

- Hazırkı Qarabağ müharibəsi yaradıcılığınıza necə təsir göstərdi? Hansı işlər gördünüz?

- Bu, birbaşa sentyabrın 27-si başlamadı. Müharibəyə qədər artıq bu hisslər vardı. Neçə illərdir ki, cəmiyyət bezmişdi, xüsusən 2016-cı il aprel döyüşlərindən sonra ruhən ciddi hazırlıq gedirdi. Erməninin iddiası böyüyürdü. O, artıq Tovuza, Gəncəyə göz dikmişdi. Bu ilin iyul hadisələri buna sübutdur. Təbii ki, Azərbaycan xalqının, dövlətinin səbri bir yerə qədərdir.

Keçən ildən etibarən cəngavərlik, Tomiris, Türk sərkərdələriylə maraqlanmağa başladım. Lirika işləyən adam birdən-birə elə bil daxilimdə ehtiyac hiss edirdim ki, döyüş səhnələriylə, simvollarla maraqlanım. Simvolların gözəlliklərindən əlavə, mistik, magik təsirləri var. Müharibədən əvvəl türk sərkərdələrini əks etdirən "Üçlük" əsərimi işlədim. Sentyabrın 27-də hamımızın arzusu gerçək olmağa başladı. Müharibə başlayandan az sonra atın üzərində əsgəri əks etdirən "Zəfər" rəsmimi çəkdim. Əsgərlər ön cəbhədə vuruşduqca mən bir rəssam kimi gecə-gündüz yatmadan fırçamı silaha çevirib işləyirdim. Bununla sanki onlara güc-qüvvət ötürürdüm ki, biz sənin zəfərinə inanırıq, sən qalib gələcəksən. "Babək" filmindən döyüş musiqiləri, köhnə türk musiqilərilə emalatxanamda "Zəfər" əsərini işlədikcə rituallar qururdum. Elə bilirdim, onları etdikcə döyüşürəm. Əlimdən sadəcə bu gəlirdi. İş prosesimi videoya çəkmişəm. Ümid edirəm əsgərlərimiz sağ-salamat qayıdandan sonra onlara həsr etdiyim bu əsəri görəcəklər.

Bununla paralel plakatlar da hazırlayırdım. Gəncə, Bərdə terrorlarını, haqsızlıqları plakatlarda göstərdim. 2002-ci ildə Şuşaya "Üçlük" plakatı həsr etmişdim. Orda tamamlanmamış fikri Şuşa azad olunandan üç gün qabaq tamamladım. Daxilən hiss edirdim ki, Şuşaya az qalıb, əsgərimiz oranı da mundarlardan təmizləyir. Bu yaxınlarda Azərbaycan Tarix muzeyi plakatlarımla maraqlandı üç əsərimi ora hədiyyə etdim, şəxsi eksponatına çevrildi. Fəxr edirəm ki, gələcək nəsillər o işləri muzeydə görə biləcəklər. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində pandemiya olduğu üçün məhdud şəraitdə Qarabağ mövzusunda rəssam müəllim tələbələrin işlərindən ibarət maraqlı bir sərgi açdıq. Çox istərdim ki, gələcəkdə bu sərgi müxtəlif bölgələrdə, xüsusən Qarabağda da keçirilsin. Bu vətən uğrunda canından keçən bütün şəhidlərimizin, Qarabağ həsrətiylə dünyadan köçən bütün nakamlarımızın ruhu şad olsun. Biz böyük tarixi hadisələr yaşayırıq bu, sənətdə əks olunur.

- 2020-ci il, bu qədər inkişaf edən texnologiyalar zamanında "Zəfər"də əsgər niyə atın üzərindədir?

- Əslində, tank da, təyyarə çəkə bilərdim. Amma at muraddır. Bu, atdır, yəni zəfər atı. Nağıllarımızda atlı oğlan da var. Tarixən süvari dəstə, at üzərində əsgər igidlik, əzəmət rəmzi olub. Ola bilər gələcəkdə texnikayla da çəkərəm.

Burda ən zəhmətli yer əsgərin siması oldu. Əvvəl işləyəndə istədim Polad Həşimovu çəkim. Sonra fikrimi dəyişdim. Simanı dörd dəfə silib çəkmişəm. İndi ona baxan həm Polada, həm Mübarizə, həm Hulusi Akara, həm Mais Bərxudarova, həm bir sıra igidlərimizə bənzədir. Bəli, hamısı var orda. Çünki ümumiləşmiş obrazdır.

- Hər iki Qarabağ savaşındakı yaradıcılığınızda kimi fərqlər var?

- Çox böyük fərqlər var. Biz heç zaman ümidsiz olmamışıq, qələbəyə inanmışıq. Amma əvvəlki işlərimdə ağrı, acı var. Tarixi, fotoxronikanı bilmədən, sənədlərlə tanış olmadan plakatlar hazırlamaq olmaz. Xocalıya aid sənədli fotoları görəndə günlərlə özümə gələ bilməmişdim. Bu dəhşətləri gətirmişdilər başımıza. Sonralar isə Azərbaycan işıq sürətiylə inkişaf etməyə başladı. Vahid ordu yaradıldı, müzəffər başçılıqla idarə olunmağa başladı. İndi qələbə, zəfər, sevinc var daxilimizdə işlərimizdə. Bizim oğullarımız əvvəl mərd, cəsur idi, indi . Onlarda həmişə vətən sevgisi üstün olub. Birinci Qarabağ savaşında şir ürəkli oğullarımız adi avtomatla düşmən üzərinə gedirdilər. Təəssüf ki, müxtəlif səbəblərə görə torpaqlarımızı itirdik. İndi onların da ruhu şaddır, inanıram. Bugünkü oğullarımız onların da qisasını aldı. Artıq başımız dikdir. Türk ölər, amma əyilməz. Biz əyilmədik, sınmadıq. Çünki namus torpaqdan başlayır. Biz namusumuz uğrunda vuruşduq. Bütün dünya əsgərlərimizin, dövlətimizin şücaəti qarşısında mat qalıb.

- Siz həm müəllimsiniz. Bu dövrdə tələbələrinizin fəaliyyəti maraqlıdır.

- Onu qeyd edim ki, dünya bir, Azərbaycan iki problemlə çarpışır. Aylardan bəri pandemiya dünyanın ən aktual məsələsidir. Mart ayından tələbələrin üzünə həsrət qalmışıq. Distant dərslər davam edir. 3-4-cü kurslarla plakat janrını öyrənməyə başlayanda mütləq vətənpərvərlik mövzulu tapşırıqlarım olur. Kitabda yazılmayan, özümün şahidi olduqlarımı tələbələrimə danışıram. İstəyirəm ki, hər şeyi bilsinlər. Yaydan etibarən vətənpərvərlik Qarabağ mövzusunu işləyirik. Çalışıram onlar da öz yaradıcılıqlarında bunu aktual saxlasınlar. Hərb ilkin addımdır. Sonra mədəniyyətlərin, elmin savaşı başlayır. Bu mənada üzərimizə çox düşür. Düşmən illərlə tariximizə, mədəniyyətimizə sahib çıxmağa çalışıb. Buna imkan verməməliyik.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2020.- 14 noyabr.- S.24.