Acı taleli qız

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Qızlara mehribancasına deyirdi ki, mən sizə heç də qəribə görünən bir şey danışmıram. Hamınıza məlumdur ki, bir dəfə günah işlədən qız yenidən onu təkrar etməyə girişir. Yalançı, saxta romantika yenidən gur çiçək açmağa başlayır. Kiməsə vurulan qız istəyir ki, ondakı odu şəhvət küləyi daha da alovlandırsın, bu alov onu bütünlüklə yandırsın. Beləliklə, şirin sayılan, əslində isə acı sərxoşluğu andıran bir zolaq başlayır. Yəqin ki, siz "Stokholm sindromu" ifadəsini eşitmisiniz. Zorlanmağa məruz qalan qız sonradan onu zorlayana vurulur və əslində, onun biabırçı cinayətinə haqq qazandırır.

Ağıllı qız şəhvətə boyun əyməməlidir, belə qızğın hiss yarandıqda da iradənin gücü ilə onu söndürməyi bacarmalıdır. Çünki intim yaxınlıq ani həzz mənbəyi olsa da, uzun müddətdə adamın taleyinə yara vurmuş olur. Böyük filosof Mark Avreli intim yaxınlıq anını istehza qaydasında "iki bir-birinə sürtüşən qarın" adlandırmışdı. Yəqin ki, ən saf məhəbbət platonik məhəbbətdir, lakin təbiət nəsli artırmaq qayğısına qalaraq, məhz hissiyyatlı məhəbbətə üstünlük vermişdir.

Şekspir qadınları dalğaya bənzədirdi. Bu dalğa özünü qayalara çırpmamalı, fəlakətə aparmamalıdır. Qız, qadın şəhvətin əsiri olmamalıdır, bu, pis nəticələr verir. Pasifaya çar Minosun arvadı olsa da, öküzə vurulmuş və ondan yarıöküz, yarıinsan olan Minotavrı doğmuşdu. Rus imperatriçası II Yekaterinanın atla cinsi əlaqədə olması barədə Qərbdə şayiələr geniş yayılmışdır. Kişilərdə isə zoofiliya hədd tanımır. Çinlilər ördəklə, ərəblər dəvə ilə, şərq ölkələrində kənd cavanları isə qoşqu heyvanları ilə cinsi əlaqəyə meyl edirlər. İtaliyadakı Pompeidə keçi ilə yaxınlıq edən kişini təsvir edən freska tapılmışdır, şəhər isə az qala 2 min il bundan əvvəl Vezuvi vulkanının külü altında məhv olmuşdu. Kişilərin iyrənc cinsi əlaqələri çox hallarda diqqətdən yayındığı halda, qadınların qaydasız intim yaxınlığı, şəhvət nümayişi lənətlənir, təhqir obyektinə çevrilir.

Ağıllı qız çalışır ki, nəcib adamın məhəbbətini qazansın və ya ona cavab versin. Heyf ki, cavanların arasında nəciblər o qədər də böyük zümrəni təşkil etmirlər. Vurulan yara ya çox gec sağalır, ya da heç sağalmır. Axı könül yaraları gözə görünmür, əzab verir və daim onlardan qara qan axır. İnsan könlünün dərinliyində bu yara qaysaq bağlamır, həmişə açıq qalır.

Mən nikahın, ailə qurmanın hər bir qız qarşısında ali məqsəd olduğu barədə çox danışmaq istəmirəm, bu həqiqət ağlını itirməmiş, hissin əsarəti altına düşməmiş qızların hamısına ana südü kimi məlumdur. Ailə qurandan sonra qız öz ərinə olan sədaqəti qoruyub saxlamalıdır. Ərə xəyanət ailənin dağılmasına gətirib çıxarır. Mən demirəm ki, ərli qadınlar uzun müddət ərindən ayrı düşəndə uşaq əmələ gətirən orqanlarını qıfılla qorusunlar. Bəzi səlibçilər Yerüsəlimə, Müqəddəs qəbri azad etməyə yola düşərkən arvadlarının xəyanətə yol verməməsi üçün onların həmin nayihəsinə qıfıl bağlayırdılar.  Mən heç nikah nəğmələri, epitalamiyalar da qoşub, sizin könlünüzü almaq istəmirəm. Onun məşhur yaradıcısı qədim yunan şairəsi, Lesbos adasında yaşamış və qızlara dərs vermiş Sapfo idi. Sapfo məhəbbəti də tərənnüm edirdi, onu çox güclü bir hiss hesab edirdi və məhəbbəti "ondan qorunmaq üçün heç bir vasitənin olmadığı şirin-acı əjdaha"ya bənzədirdi. Özünü bu əjdahanın ağzına atan hər bir qız sayıqlığını, gələcəyini unutmamalı, həmin məhəbbəti özünün gələcək xoşbəxtliyinin bünövrə daşına çevirməlidir.

Bilirsiniz, insanın iki baxışı vardır, biri bədən baxışı, digəri isə könül baxışı. Adi gözlə sezə bilmədiyini ağıl süzgəcindən keçirməlisən, araşdırmalısan, götür-qoy edib qərara gəlməlisən. Burada da ifrata varmaq ağılsızlıqdır. Bizans imperatorunun vurub gözünü tökmüşdülər, kor olmaq onun üçün faciə idi. Bir yepiskop isə ona gülüş doğuran təskinlik vermişdi və demişdi ki, bu, imperatorun xeyrinədir, onun zəka gözləri açıldı. Bu da yepiskopun irəli sürdüyü və olduqca qəribə bir təsəlli idi.

Professor əlavə edirdi ki, qızları bədbəxtliyə sürükləyən oğlanları və yaşlı kişiləri mən həşərata bənzədirəm. Bitki həşəratları ağaclar hesabına yaşayırlar, özgə şirələri ilə qidalanırlar. Qızları bədbəxtliyə sürükləyənlər də ani həzz hesabına öz əclaf hərəkətləri ilə məhz parazitləri yada salırlar.

Vicdan hamı üçün vacibdir, qızlar üçün isə daha böyük əhəmiyyət kəsb edir. Qədim romalılar demişkən, yalnız təmiz vicdan nə yalanlardan qorxur, nə də şər və böhtandan. Siz vicdanınızın təmizliyini qoruyun, onda şər və böhtan sizə ünvanladığı zərbəni vura bilməyəcəkdir. Yaddan çıxarmayın ki, hər bir səhvin eybəcər izi qalır. Zamanın qumları bu izlərin silinməsinə imkan vermir, onları qoruyub saxlayır. Ərdə olanlar nikahlarına sədaqətli qalmalıdır, xəyanətə yol verməməlidir, baxmayaraq ki, hətta yunan ilahəsi Afrodita da öz çolaq əri Hefestə sadiq qalmamış, məşuqa malik olmuşdu.

Südabə xanım qızlara, istedadlı tələbələrə nə qədər qayğı ilə yanaşırdısa, savadsız kolleqalarını, küt tələbələri müvafiq qaydada sevmirdi, hətta onlardan zəhləsi getdiyini də gizlədə bilmirdi. Tələbələrə bilik vermək əvəzinə, mühazirələrini lağlağıya, primitiv klounadaya çevirən müəllimləri heç cür bəyənmirdi, tələbələrdə biliyə allergiyanın yaranmasında onları da günahkar hesab edirdi. Bu müəllimləri dövlətdən əməkhaqqı deyil, əsl sinekura almaqda ittiham edirdi. Savadsız müəllimlər də onu rahat buraxmırdılar, addımbaşı ona söz atır, qıcıqlandırır, haqqında təhqiramiz ləqəblər uydururdular və bu atmacalar çox geniş yayılırdı. Pis oxuyan tələbələr şayiə yaymaqda müsəlləh əsgərlərə çevrilirdilər.

Bir dəfə elmi konfransda çıxış edən bir professor Südabə Səfərlini aşıq Ələsgəri də Şekspirdən dərs alan şagird kimi qələmə verməkdə ittiham etdi. Südabə xanım cavab verdi ki, hətta tələbəlikdən də aşıq poeziyası ilə məşğul olmamış, aşıq Ələsgərin maraqlı təşbehlərinə və poetik dilinə heyran olsa da, onun yaradıcılığı barədə bir sətir belə yazmamışdır. Bunu da mənə günah hesab etmək olar. Bir rəfiqəm daim şikayətlənir ki, ərim ayaqlarındakı padaqradan əziyyət çəkir. Mən ona təskinlik verirəm ki, yaxşı ki, xəstəlik ayaqlarındadır, adamlar var ki, başdan padaqradır, vay onların halına.

Professor heç nə başa düşmədi, onu daha da qıcıqlandırmaq üçün dedi:

- Şekspirdən başın açılır ki, folklorumuzla da maraqlanasan?

Südabə xanım yenə cavab verməli oldu:

- Mən Şekspiri özümə kumir hesab etdiyimi gizlətmirəm, inkar etmirəm. Şekspir məşhur dramaturgiyası ilə yanaşı, Çoserdən sonra ingilis ədəbi dilini xeyli inkişaf etdirmiş və zənginləşdirmişdir. Dante Aligyeri XIII əsrdə ədəbi italyan dilini yaratmışdısa, bu iki ingilis öz ədəbi dillərinin təşəkkül tapmasına böyük töhfə vermişdir. İndi dindar müəllimlər də Dantenin adını çəkdiyimə görə məndən narazı qalacaqlar. Çünki o, öz məşhur əsərində islam müqəddəslərini xoşa gəlməyən tərzdə və yerdə təsvir etmişdir. Lakin o, qədim yunan filosoflarını da cəhənnəmdə yerləşdirmişdir və heç kəs bunu da ona ciddi irad tutmur. Əksinə, Dantenin "İlahi komediya"sını Qərb alimləri çox vaxt Homerin ölməz əsərləri il müqayisə edirlər.

Din prizmasından yanaşıldıqda, onda çox sayda dahilərin üstündən xətt çəkilməlidir, ateizminə görə Volter, dini xalq üçün nəşə hesab etdiyinə görə Marks mütəfəkkirlər sırasından silinməlidir. Ümumiyyətlə, dahilərə öz zəka ölçülərimizlə yanaşmamalıyıq, onların uca dağlara bənzəyən əlçatmaz miqyaslarını hökmən nəzərə almalıyıq. Onlar heç də adi, öləri insanlar deyillər, öz dühaları ilə ölməzliyə qovuşmuşlar. Onlar heç də III Daranın Makedoniyalı Aleksandrla döyüşdə öz adını doğrultmayan on minlik "ölməzlər" qoşununun da əsgərləri deyillər, zamanın sərhədlərindən kənara çıxmağı bacarmaqla, zəkanın göy qübbəsini işıqlandıran ulduzlara bənzəyirlər, axı ulduzları dərk etməsək də, heyranlıqla seyr edirik, onların sehri bizi əsir edir.

Dinə gəldikdə, insanlar qədim dövrlərdən indiyədək tanrıya, kömək umduqları ilahi qüvvələrə sitayiş etmişlər. Yaponlar təbiətə, onun adi nümunələrinə da sitayiş qaydasında yanaşır, ağacın, daşın da ruhu olduğunu güman edirlər. Din lap əvvəldən insanları birləşdirmək vasitəsi olmuşdur və ilahi qüvvələrə həsr olunmuş məbədlər öz görünüşü ilə dövlətin qüdrətindən xəbər verirdi. Lakin ingilis ərəbşünası T.E.Lourensin bir sözünü də nəzərə almalıyıq, o yazırdı ki, bütün semit inanclarına aid olan dinlərin ümumi əsası, insan həyatının məqsədə malik olmaması barədəki dəyişilməyən bir ideyadır. Dindarlar bunu süngü ilə qarşılasalar da, bu sözlərdə bir hikmətin olduğunu da inkar etmək çətindir..

Dini cəhalət alətinə, silahına çevirənlər isə dinə xidmət göstərmək pərdəsi altında gizlənsələr də, səhv mövqeləri ilə adamların şüuruna zərbə vurmaq kimi xoşagəlməz bir iş görürlər. Din xadimlərindən kimsə saatın əqrəbini geri çəkmək və saatı dayandırmaq istəyirsə, bununla, əslində, dinin ali məqsədlərinə də xələl gətirirlər. Bütün ideoloji vasitələr xalqın ruhuna oxşar olmalıdır, yeniliyi təbliğ etməlidir, ehkamların daşa çevrilməsi heç də uğur hesab edilməməlidir. Təəssüf ki, bəzi dəyişiklik fermentləri də güclü qıcqırma əmələ gətirir və adamlar da bu təsiri hiss edirlər.

Şekspirə gəldikdə, əgər Makedoniyalı Aleksandr Şərqin bir neçə ölkəsini tutmuşdusa, Yuli Sezar Qalliyanı işğal edib, ilk dəfə Britaniyaya ayaq basmışdısa, Xristofor Kolumb Amerikanı kəşf etməklə, əslində isə vikinqlər ondan beş əsr əvvəl Şimali Amerikaya gəlib çıxmışdılar, dünyanın xəritəsini xeyli genişləndirib, bütövləşdirmişdisə, Şekspir ilk populyarlığını öz vətənində qazansa da, XIX-XX əsrlərdə bütün dünyanı fəth edə bilmişdi. Şekspir dünyası Böyük Aleksandrın, Sezarın işğal etdikləri, Kolumbun tapdığı qitənin ərazilərindən daha böyükdür. Normandiyalı Uilyam 1066-cı ildə İngiltərəni işğal etdiyinə, Osmanlı sultanı II Mehmet 1453-cü ildə Konstantinopolu tutduğuna görə "Fateh" adlandırılırdılarsa, Makedoniyalı III Aleksandrdan başlayaraq sonrakı cəsur sərkərdələr və uğurlu dövlət başçıları - Roma sərkərdəsi Pompey, Qərbin impertoru Karl, İran şahı Abbas, Rusiya çarı Pyotr, Prussiya kralı II Fridrix, Russiya imperatiçəsi II Yekaterina "Böyük" tituluna sahib olmuşdularsa, Şekspir dünya mədəniyyətinə verdiyi töhfələrə görə bu iki fəxri titulu birgə daşımağa daha çox layiqdir.

 

(Ardı var)

525-ci qəzet  2020.- 14 noyabr.- S.22.