Vətənə aparan "Əsgər marşı"

 

Cavanşir Quliyev-70

 

Laçın alayının keçmiş komandiri Arif Paşanın söylədiklərinə görə, 1992-ci ildə əsgərləri ziyarət etmək üçün bir qrup incəsənət xadimi Laçına gəlmişdi. Əsgərlər bu doğma insanları türk şairi Əli Kaminin sözlərinə bəstələnmiş "Alay marşı" ilə qarşılayırlar. Qonaqlardan biri marşın sözlərini çox bəyənir və həmin sözlərin əsasında müasir hadisələrlə səsləşən yeni marş bəstələmək qərarına gəlir...

Xalqın sevimlisi, istedadlı bəstəkar Cavanşir Quliyevin qəlbləri riqqətə gətirən, ürəklərə yol tapan, böyükdən-kiçiyə qədər hamının sevə-sevə, yorulmadan, böyük həvəslə oxuduğu məşhur "Əsgər marşı" belə yaranıb.

 

Marş irəli, marş irəli,

Azərbaycan əsgəri!

Dönməz geri, dönməz geri

Azərbaycan əsgəri!..

 

Həqiqətən də, düşünürəm ki, Vətən uğrunda canından, qanından keçməyə daim hazır olan, haqq yolunda hər bir əmrə müntəzir ləyaqətli oğlanları və bir də ki... belə bir "Əsgər marşı" olan xalq yenilməz.

Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun sözə sığmayan rəşadəti, təsvirə gəlməyən qəhrəmanlığı, dünyanın heç bir yerində görünməyən böyük əzmi, Vətən sevgisi, qalibiyyət eşqi, yumruq kimi səfərbər olması həm də "Əsgər marşı"nın payına düşür.

Bu marşın hər sətrində, hər ibarəsində, hər notunda çağırış var. Bu marşın hər səsində, hər çalarında Vətən var. Bu marşı dinləyən insan biganə ola bilməz. Bu marşı dinləyən əsgər Vətənsiz qala bilməz.

C.Quliyevin əzəmətli marşı xalqımızın başına bəla gələndə onu öz ardınca apardı, onda torpaq eşqi yaratdı. Marşın sədası altında Vətənə daha çox bağlandıq, böyüdük, müdrikləşdik. Marşın hərəkətverici qüvvəsini biz onda anladıq. Biz onda bildik ki, marş insanların döyüş əzmi üçün nə deməkdir.

Parlaq əsərləri ilə ürəklərə yol tapan, daim öz üzərində yüksək məhsuldarlıqla işləyən, orijinal fikirləri ilə seçilən, yaradıcılığına böyük rəğbətlə yanaşdığı bir sıra bəstəkarlar olduğu halda, özünü kiməsə bənzətməyi ağlına belə gətirməyən, heç kəsi heç bir vaxt təqlid etməyən, həmişə özü olmağa çalışan, həm şəxsiyyət, həm də sənətkar kimi səmimiliyini qoruyub saxlayan sevimli bəstəkarımız Cavanşir Quliyevin hər əsəri xalqımıza böyük töhfədir. Lakin  haqqında danışdığımız "Əsgər marşı" bəstəkarın vizit kartıdır. C.Quliyevin bəlkə də başqa əsərlərindən bixəbər olan hətta qeyri-peşəkar şəxs də bu sevimli marşın ona aid olduğunu, onun qələmindən çıxdığını bilir. Yersiz bər-bəzəkdən, pafosdan uzaq olan və ilk baxışda son dərəcə sadə təsir bağışlayan bu marş o qədər səmimi səslənir ki! Sadə olduğu qədər də dərin və duyğuludur. Sətirləri sanki Vətənə məhəbbətdən yoğrulub.

Daim yaradıcılıq axtarışında olan C.Quliyev əsərlərində heç vaxt dəbdəbəli təqdimata, kənardan dəbli görünməyə can atmır, yenilik etmək xatirinə yenilik etmir, fərqlənmək naminə fərqlənməyə çalışmır, hətta əksər hallarda bunu mənasız hesab edir. Bəstəkar özü bu haqda yazır: "Nə qədər istəyirsən ixtiraçılıqla məşğul ol, eksperimentlər apar, lakin musiqinin fundamental qanunlarını unutma. Axı musiqi müəyyən zaman çərçivəsində cərəyan edən prosesdir. Burada müəyyən dramaturgiya qurulmalıdır, başlanğıc, inkişaf, nəticə. Hər bir əsərdə müəyyən bədii hadisə baş verməlidir. Əks təqdirdə bu əsəri dinləmək maraqsızdır, darıxdırıcıdır". Qələmindən çıxan əsərlərinin hamısında öz yaradıcılıq prinsiplərinə sadiq qalaraq, xalqımıza yaddaşlara həkk olan nümunələr bəxş etmişdir.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə tar, sonra isə bəstəkarlıq ixtisasları üzrə təhsil alan C.Quliyev görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sevimli tələbələrindən olmuşdu.  Milli musiqimizi bəstəkarlıq texnikası ilə sintez etmək cəhdləri hələ tələbəlik illərindən meydana çıxmışdı.

Soyunu, kökünü bütün daxili ilə hiss edən bəstəkar xoşbəxtlikdən öz türklüyünü çox erkən yaşlarında anlaya bilmiş, məhz bu səbəbdən millilik və xalqa yaxınlıq onun yaradıcılığının əsas qayəsinə çevrilmişdi.

Bəstəkarın bir çox əsərlərində onun saza olan sevgisinin şahidi oluruq. O, saz üçün ilk sonatanın müəllifi olmuş, sazı kamera musiqisində fleyta, skripka və violonçellə birgə istifadə edərək, olduqca koloritli səslənmə yaratmış, həmçinin, sazı və zurnanı solo alət kimi simfonik orkestrə daxil etmişdir. Bəstəkarın saz və violin üçün sonatası Qərb və Şərq aləmini üzvi surətdə birləşdirmək, iki fərqli dünyagörüşlərin sintezindən doğan vahid bir tam dünya yaratmaq cəhdlərinin gözəl nümunəsi kimi qəbul edilə bilər. Sonatanın hissələrinin "gəzişmə" və "deyişmə" başlıqları ilə adlandırılması bəstəkarın saza daha çox üstünlük verərək hissələri əsl aşıq havalarına uyğun şəkildə təqdim etməsindən irəli gəlir. Əslində, fərqli dünyagörüşlərin sintezindən yaranan belə bir dəyərli əsəri ərsəyə gətirmək xalq musiqisini dərindən bilən C.Quliyevin, həmçinin, qərb bəstəkarlıq texnikasının sirlərinə yaxşı bələd olmasının nəticəsidir. Saz və violin üçün sonata dünyanın bir çox mötəbər konsert salonlarında səslənərək öz orijinallığı ilə dinləyicilərin heyrətinə səbəb olmuşdur.

Bundan başqa, istedadlı bəstəkar "Oğuznamə", "Tufan", "Kitabi Dədə-Qorqud" baletlərinin, "Məhəbbət oyunu" operettasının, zurna və orkestr üçün uvertüra, fleyta, saz və violonçel üçün "Karvan", simli orkestr üçün "Dastan", "Müşfiq ağıları" və "Rəqs" kimi yaddaqalan əsərlərin müəllifidir.

C.Quliyev, həmçinin, bir çox kinofilmlərə və dram tamaşalarına musiqi bəstələyib. O, "Aşıq Qərib", "Bəxtiyar Vahabzadə", "Cavid ömrü", "Fəryad", "Güzgü", "Haray", "Xeyir və Şər", "İtkin gəlin", "Qayıdış", "Lətifə", "Şirbalanın məhəbbəti" və digər filmlərin bəstəkarı olub. Kinofilmlərlə yanaşı, C.Quliyev "Topal Teymur", "Yaşıl eynəkli adam", "Sevgililərin cəhənnəmdə vüsalı", "Xırs Quldurbasan", "İydə ağacı", "Evlərin axşamları", "Özümüzü kəsən qılınc", "Dar ağacı" kimi tamaşaların da musiqi tərtibatçısı kimi yaddaşlarda qalıb. Özü də qeyd etmək lazımdır ki, bütün bu film və tamaşalarda musiqi sadəcə olaraq fon təsəvvürü yaratmır, əsərin dramaturgiyasının açılmasında, əsas ideyasının verilməsində aparıcı rol oynayan başlıca amil kimi təqdim edilib. Bu baxımdan, xüsusilə, "Fəryad" filminin insanı dərhal öz təsiri altına salan musiqi tərtibatı inandırıcılığı və maraqlı melodiyası ilə dinləyicilərin xatirəsində dərin iz buraxıb.

Bir çox janrlarda qiymətli nümunələr yaratmış C.Quliyev sanki mahnı janrına daha çox üstünlük verib. Gözəl melodiya, ürəyəyatımlı mahnı yaratmaq, çox qısa bir zaman çərçivəsində, cəmi 3-4 dəqiqə ərzində dinləyicini öz təsiri altına salmağı bacarmaq, insan qəlbinin dərinliyindəki ən incə tellərə toxuna bilmək  hər bəstəkara nəsib olmur. Bunun üçün mahnını ürəkdən sevmək, ona hörmət etmək, mahnıya daxilən qırılmaz tellərlə bağlanmaq əsas şərtdir.

C.Quliyev məhz, bu cür xoşbəxt bəstəkarlardandır. Mahnıya böyük həssaslıqla yanaşan bəstəkar qəlbindəki təlatümləri, içindəki həyəcanları bu həcmcə kiçik, amma son dərəcə səmimi janr vasitəsilə musiqi dilinə gətirib, dinləyicilərin ürəyinə yol tapa bilib. Bəstəkar çox sayda çox müxtəlif səpkili gözəl mahnı nümunələrini  xalqımıza ərməğan edib. Bunlardan "Novruz gəldi", "Bura vətəndir", "Ay adaş", "Yarımgilə", "Yaşıl ağac", "Mən gözlədim", "Tənha qadın", "Hər şey gözəldir həyatda" və sair şedevrlər illər keçsə də, dəbdən düşmür, sevilir, müğənnilərin repertuarında daim səslənərək konsert proqramlarımızı zənginləşdirir.

C.Quliyev zəhmətkeşliyilə də seçilib, bir çox məsul vəzifələrdə çalışıb, Azərbaycan Milli Konservatoriyasının professoru olub. 2005-ci ildən etibarən isə Şimali Kipr Türk Respublikasının, Yaxın Şərq Universitetinin Səhnə Sənətləri fakültəsinin professoru vəzifəsində çalışır.

Daim vicdanla çalışan və işində məhsuldarlıq nümayiş etdirən C.Quliyev bir çox mükafatlarla, o cümlədən, Azərbaycan Kinematoqrafçılar İttifaqının "Milli kinostudiya qarşısında xidmətlərinə görə", həmçinin, "Humay" və "Qızıl dərviş" mükafatları ilə təltif olunub, 2015-ci ildə isə "Sübhün səfiri" filminə görə "Ən yaxşı orijinal musiqi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb.

Yaradıcılığının ən gözəl çağlarından birini yaşayan Cavanşir Quliyevin bugünlərdə - noyabrın 22-də 70 yaşı tamam oldu.

Cavanşir müəllim, ad gününüzü təbrik edirik! Yubileyiniz mübarək olsun! Biz Sizə nə arzu edərdik? Ecazkar musiqisi ilə milyonların ürəyinə yol tapan gözəl bəstəkara nəsə diləməyə hüququmuz çatır. Biz Sizə ən azı 100 il ömür arzulayırıq. Siz hələ bizi dərin məzmunlu yeni əsərlərinizlə bundan sonra da hələ uzun illər sevindirməlisiniz.

Və... onu da bilin ki, Siz dünyanın harasında olsanız da, başqa şəhərdə, başqa qitədə, hətta başqa planetdə yaşasanız belə, nəbzimiz bir vurur. Sizin qələminizdən çıxan bütün əsərlərdə Vətənə sonsuz məhəbbət, tükənməz sevgi, ən əsası isə, Azərbaycan xalqının ləyaqətli oğluna xas olan milli mənlik və qürur var.

Siz çox xoşbəxt insansınız... Xoşbəxtsiniz ki, illərinizi hədər yerə sərf etməmisiniz, xoşbəxtsiniz ki, saysız-hesabsız dinləyici məhəbbətini, insan sevgisini qazana bilmisiniz və bir də ona görə xoşbəxtsiniz ki, ad gününüz xalqımızın əlamətdar günlərinə, 30 il həsrətini çəkdiyimiz Qarabağlı günlərimizə təsadüf edir, 70-ci baharınızı Allah Sizə başınızı dik tutaraq, qamətinizi əyməyərək, alnıaçıq, üzüağ keçirməyi nəsib etdi...

Siz bizim üçün dəyərlisiniz, çox yaşayın, sağlam yaşayın, xoşbəxt yaşayın!

İnanırıq ki, Şuşadakı hərbi keçiddə, Cıdır düzündə səslənən marşınızın əzəmətli notları Topxana qayalarından əks-səda verəcək!

 

Gülnar VERDİYEVA

525-ci qəzet.- 2020.- 26 noyabr.S. 10.