Əziz Mirəhmədovun
kitabşünaslıq görüşlərinə bir
nəzər -
Görkəmli ədəbiyyatşünas, fədakar alim Əziz Mirəhmədovun elm, mədəniyyət, mətbuat aləmində daha geniş tanınmasında onun kitab və kitabçılıq işi, ümumiyyətlə, kitabşünaslıq sahəsindəki tədqiqatları da xüsusi rol oynayıb.
Ə.Mirəhmədov elmi fəaliyyətində kitab və kitabçılıq işinin öyrənilməsinə böyük əhəmiyyət verərək elə kitabşünaslığa dair öz nəzəri, elmi fikirlərini bu istiqamətdə başlamışdı. Belə ki, o, öz elmi əsərlərini əlyazma
kitablarının meydana gəlməsi, istehsalı və yayılmasına
yönəltmişdi. Onun kitab və
kitabçılıq işinin bir çox aspektlərinə
dair qiymətli fikirləri ilk böyük elmi
məqaləsində öz əksini tapıb. Ə.Mirəhmədovun
bu məqaləsi "Azərbaycan kitabı" adlı
biblioqrafiyanın I cildində dərc edilmiş
"Müqəddimə"dir. Giriş məqaləsi kimi
yazılmış bu elmi əsər 34 səhifə
həcmindədir. O, bu
yazısında kitabın bəzi funksiyalarına öz
münasibətini müəyyən dərəcədə
bildirib. Məsələn, Ə.Mirəhmədov yazır:
"Kitab mədəni irsin, xalqın mənəvi
sərvətinin qiymətli bir hissəsi, siyasi-ideoloji
mübarizənin qüdrətli vasitəsidir. Kitablar bizim
müdrik babalarımızın yadigarı, tarixin canlı
şahidləridir".
Əziz Mirəhmədov
həmçinin, "Müqəddimə"də yazı
və yazı materialları, əlifba, kitab istehsalı,
əlyazma və çap kitabının yaranma tarixi, ümumdünya
konktekstində Azərbaycan kitabının yaranma və
inkişaf tarixini əhatəli şəkildə
araşdırır və maraqlı elmi mülahizələr
irəli sürür.
Əziz Mirəhmədovun
kitabşünaslıq sahəsindəki böyük rolunu
professor B.V.Allahverdiyev belə dəyərləndirir:
"Oktyabr çevrilişinə qədərki dövrdə Azərbaycan
əlyazma və çap kitablarının yaranması və
inkişafı, Azərbaycan Sovet kitab mədəniyyətinin
aktual problemləri, milli mətbuatın inkişafında
C.Məmmədquluzadənin rolu, klassik yazıçı
və şairlərimizin əsərlərinin toplanması,
öyrənilməsi və nəşri, habelə bir sıra
digər kitabşünaslıq problemləri görkəmli
ədəbiyyatşünas və kitabşünas Azərbaycan
EA-nın müxbir üzvü, filologiya elmləri doktoru
Ə.Mirəhmədovun elmi yaradıcılığında
xüsusi yer tutur. Onun Azərbaycan kitab mədəniyyəti ilə
əlaqədar olan elmi tədqiqatları müasir
kitabşünaslığın inkişafına güclü
təkan və elmi istiqamət vermişdir".
Azərbaycanda yazı, yazılı
abidələr, əlyazma kitabının yaranması,
inkişafı, istehsalı, tərtibatı və
yayılması sahəsindəki fəaliyyətini genişləndirən
Ə.Mirəhmədov "İz istorii Azerbaydjanskoy
dorevolyutsionnoy kniqi" adlı irihəcmli elmi
məqaləsində kitab tarixi, kitab nəşri, kitabın
istehsalı və yayılması, kitabın seriyalı
nəşrləri, kitab və oxucu, kitab və
mütaliə, kitabın tərtibatı kimi
kitabşünaslıq problemləri araşdıraraq
nüfuzlu elmi məcmuədə - "Kniqa:
issledovaniya i materialı"da dərc etdirmişdi.
Görkəmli Azərbaycan
kitabşünas alimi Ə.Mirəhmədov ilk dəfə
keçmiş Ümumittifaq, başqa sözlə
(keçmiş) Sovet oxucusunu Azərbaycan kitab və
kitabçılıq işinin mühüm inkişaf
nailiyyəti ilə tanış etmiş, beynəlxalq
aləmdə Azərbaycan yazı, əlyazma kitabı,
onların inkişaf xüsusiyyətləri, yayılması,
kitab çapının meydana gəlməsi, mətbəə
və nəşriyyatların yaranması və
fəaliyyəti, görkəmli Azərbaycan
kitabşünaslarının elmi
yaradıcılıqlarını təhlil və şərh
etməklə böyük kitabşünas alim kimi nüfuz
qazanmışdı.
"İz
istorii Azerbaydjanskoy dorevolyutsionnoy kniqi" adlı iri həcmli
elmi məqaləsində alim qeyd edir ki, bütün bu
çətinliklərə baxmayaraq, Azərbaycan xalqı
öz yazısını, kitab mədəniyyətini
inkişaf etdirmişdi. O,
göstərir ki, hələ XI əsrdə "Kitabi
Dədə Qorqud"la bərabər Xətib Təbrizinin,
Bəhməniyar İbn Mərzbanın
"Məraitül-möcudat", "Məbədüt-təbiət",
"Əlbehcət vəs-səadət"
əsərləri və onların əlyazmaları, Xaqaninin
"Töhfətül-İraqeyin", Nizaminin "Xəmsə"si
və əlyazmaları, yüzlərlə digər
sahələrə dair Azərbaycan kitabının
əlyazmaları olub və bu kitablar dünyanın bir
çox ölkələrinin qədim muzey və
kitabxanalarına gedib çıxmış və indi də
həmin kitab xəzinələrini bəzəyir. Öz dərin
məzmunu, elmi, bədii əhəmiyyəti ilə dünya
oxucularını heyran edir.
Görkəmli filoloq Əziz
Mirəhmədovun doğum günüdür
Əziz Mirəhmədov "Kitab
mədəniyyətimiz yeni mərhələdə"
adlı məqaləsində Azərbaycan Böyük Oktyabr
sosialist inqilabına qədərki dövrdə mətbəələrin
yaranması, naşirlərin kitabın nəşri və
yayılması sahəsindəki fəaliyyətlərini
təhlil edir, Azərbaycanın görkəmli
yazıçı və şairlərinin - A.Bakıxanov,
M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabinin və digərlərinin
kitab nəşr etmək, mətbuat, nəşriyyat
açmaq, kitab tərtib etmək kimi kitab və kitabçılıq
işi sahəsindəki xidmətlərini ilk dəfə
geniş şəkildə öyrənmiş,
ümumiləşdirmiş və çox böyük elmi
əhəmiyyəti olan mülahizələr irəli
sürmüşdü. Həmçinin, o, nəşriyyat sahəsində
fəallıq göstərən Orucov qardaşları,
N.Vəzirov, İ.Aşurbəyli, Ə.Müznib, M.Mikayılov,
M.Mirbağırov və başqa kitab və
kitabçılıq işi sahəsindəki
fəaliyyətlərini də ümumiləşdirib,
maraqlı, yeni və əhəmiyyətli fikirlər
söyləyib.
Beləliklə
də, Ə.Mirəhmədov Azərbaycan kitab
mədəniyyəti və nəşriyyatlarının
fəaliyyətinə dair qiymətli əsərlər
yazmış, Azərbaycan
kitabşünaslığını əhəmiyyətli
dərəcədə inkişaf etdirib.
Ümumiyyətlə,
Ə.Mirəhmədov sırf filoloji problemlərlə
bərabər, Azərbaycan mənəvi mədəniyyəti
ilə - incəsənət, dövri mətbuat, məxəzşünaslıq,
kitab tarixi, bədii-estetik fikirdə sosioloji fikrin
münasibətləri ilə də yaxından maraqlanan,
çox vaxt bu iki predmeti sintez halında öyrənən
görkəmli ədəbiyyatşünasdır.
Əziz
Mirəhmədovun xidmətlərindən söhbət
açarkən onun kitabın tipologiyası, yəni kitabın
növlərə, tiplərə və nəşr
tiplərinə bölünməsi probleminə
münasibəti də şərh etməyi zəruri
sayıram. Alim ilk dəfə Azərbaycanda kitabın
növlərə və tiplərə bölünməsi
haqqında elmi mülahizə irəli sürmüşdü. O, "Azərbaycan kitabı" adlı biblioqrafik
göstəricinin müqəddimə hissəsində
"Əlyazma kitabının ən çox
yayılmış növləri divan, külliyyat,
şərh, təzkirə, cüng, risalə, tarix, dərslik,
zeyc və s. idi" elmi fikrini burada qeyd etmişdi. Bu tipoloji
məlumatın bəsit formada olmasına baxmayaraq,
ölkəmizdə ilk dəfə Ə.Mirəhmədov
tərəfindən bu bölgünün verildiyi elm
aləminə məlum olmuş, sonralar isə bir çox
tədqiqatçılar tərəfindən bu tipoloji problem
geniş şəkildə öyrənilmiş, nəşr
növləri, tipləri, tipoloji əlamətlər
müəyyənləşdirilmişdi.
Tədqiqatlar
nəticəsində məlum olur ki, kitab, mütaliə, oxucu
problemi də Ə.Mirəhmədovun
yaradıcılığında xüsusi yer tutur. Onun bu
mühüm kitabşünaslıq problemlərində də
fikir və mülahizələri tutarlı və elmidir.
Göründüyü
kimi, Ə.Mirəhmədovun elmi-filoloji fəaliyyətinin
mühüm bir hissəsini kitabşünaslıq
təşkil edir. Alim kitabşünaslıq
fəaliyyətini 70-ci illərdə daha da
genişləndirmiş, kitabşünaslığın
mühüm sahələrindən biri olan kitab tarixi, kitab
nəşri tarixi, ümumiyyətlə, kitab
mədəniyyəti və mətbuat tarixi üzrə
qiymətli əsərlər yazmışdır. Bu
mənada alimin "Azərbaycan kitabı" adlı
çoxcildli biblioqrafiyanın II cildində
müqəddimə əvəzi yazdığı
"Azərbaycan Sovet kitab mədəniyyəti 1920-1940-cı
illərdə" adlı elmi məqaləsi və Hacı
Həsənovla birlikdə yazdığı "Sovet
Azərbaycanının kitab mədəniyyəti" (1975)
Azərbaycan və rus dillərindəki monoqrafik oçerki
xüsusi əhəmiyyətə malikdir.
Bu
əsaslı elmi əsərlərindən aydın olur ki,
artıq Ə.Mirəhmədovun yaradıcılığı
kitabşünaslıq sahəsində geniş diapazona malikdir
və görkəmli Azərbaycan kitabşünas-alim kimi tanınmışdır. Bunu alimin "Böyük Sovet Ensiklopediyası"nda
və "Kitabşünaslıq: ensiklopedik
lüğət"də, habelə "Kniqa" adlı
ensiklopediyada nəşr etdirdiyi iri həcmli elmi
məqalələri (kitab tarixi, kitab nəşri, kitab
mədəniyyəti və kitabşünaslıq,
biblioqrafiyaşünaslıq, habelə kitab ticarətinə
aid) təsdiq edir.
Ə.Mirəhmədovun 1983-cü ildə "Maarif" nəşriyyatında çap edilmiş "Azərbaycan ədəbiyyatına dair tədqiqlər (XIX - XX əsrlər)" adlı irihəcmli kitabında kitab və kitabçılıq işinə dair bir sıra qiymətli əsərləri də: "Kitab mədəniyyətimiz yeni mərhələdə", "İstedad və mədəniyyət", "N.A.Nekrasov irsinin Azərbaycanda yayılması tarixindən", "Cəlil Məmmədquluzadə irsinin nəşri məsələləri" və sair toplanmışdır.
Ə.Mirəhmədov tərəfindən ilk dəfə olaraq Avropa ölkələrində
Şərq ölkələri
üçün birinci növbədə dini ədəbiyyatın çap edilməsi elm aləminə aşkardır. Şərq üçün kitab
nəşrinə əsas etibarilə xristian dini
missionerlərinin başçılıq etmələri,
xüsusilə ən çox "İncil" tərcüməsinin
çap olunması da təsadüfi deyildir. O, "Azərbaycan ədəbiyyatına dair
tədqiqlər (XIX - XX əsrlər)" adlı
monoqrafiyasında yazır: Vatikan, Vena
("Əncüməni-kütübi-müqəddəs")
və Londonda ("Kitabi-müqəddəsə
şirkəti") Şərq üçün
"kütübi səmavi" çap edən
cəmiyyətlər təşkil olunmuşdu ki, bunların
uzun zaman davam edən fəaliyyəti nəticəsində
müsəlman Şərqi üçün milyon
nüsxələr, müxtəlif formatlarda, hətta
zərrəbinlə oxunan normativ Quran və başqa dini
kitablar çap edilmişdi. Bununla bərabər, o, belə hesab
edir ki, Şərq dillərində ərəb, latın və
sair kitabların nəşrinin başlanması, bir
tərəfdən obyektiv surətdə, Şərqdə
mətbuatın inkişafı üçün bir
hazırlıq olmuş, digər tərəfdən
Şərq ədəbiyyatının Qərbdə
yayılması və öyrənilməsinə kömək
etmişdir.
Nəticə
olaraq qeyd etmək istəyirəm ki, Ə.Mirəhmədovun
ədəbiyyatşünaslıq mövqeyi elm aləminə
tanıdılıb, lakin onun kitabşünaslıq və
mətnşünaslıq sahəsindəki xidmətləri
demək olar ki, öyrənilməyib, Azərbaycan və
dünya kitabşünaslığında onun rolu və yeri
müəyyən edilməyib. Əlbəttə, bu görkəmli alimin
kitabşünaslıq sahəsindəki elmi fəaliyyəti
tədqiqatlara cəlb edilməli, elmi əsərlər,
monoqrafiyalar yazılmalıdır.
Leyla ABASOVA
Tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 27 noyabr. S. 13.