Çağırış

 

Zamanları çadır-çadır hörülən,

Ocaqları ulduz-ulduz görünən,

Səmaları bayraq-bayraq bölünən,

Ana yurdum, canımda can, irəli,

Azərbaycan, Azərbaycan, irəli!

 

Şər istəmir - ruzigarlar səngisin,

Dərd qol çəkmir, buludarı ləngisin.

Coşsun nifrət, qoy, nəfəslər təngisin,

Ürəklərə sal həyəcan, irəli,

Azərbaycan, Azərbaycan, irəli!

 

Bu döngənin sağı var, solu var

Hər addımda qar, yağış var, dolu var.

Araz üstdən bir Qarabağ yolu var,

Bakı, Gəncə, Təbriz, Zəncan, irəli,

Azərbaycan, Azərbaycan, irəli!

 

Keçmişini indi sərhədin danır,

Bugününə xəyanətlər saplanır.

Torpaqların ayaqlarda tapdanır,

Vaxt qalmayıb sabahacan, irəli,

Azərbaycan, Azərbaycan, irəli!

 

Qalx, siyasət oyun qura bilməsin,

Azadlığa zəncir vura bilməsin.

Qalx, qarşında düşmən dura bilməsin,

Haqdan gəlir son sərəncam, irəli,

Azərbaycan, Azərbaycan, irəli!

 

Ayrılığın bəbəkləri dolmayır,

Qaranlığın rəngi hələ solmayır,

Türkün ruhu bir an rahat olmayır,

Damarlarda kükrəyir qan, irəli,

Azərbaycan, Azərbaycan, irəli!

 

 

Laylalar unudulub

 

Əfsus, hər addımda ömürlər bitir,

Neçə bəxt sökülür, laylanır, vətən!

Analar unudub layla çalmağı,

Sənin kim çalacaq laylanı, vətən?!

 

Bəlalar başının üstə hazırdır,

İzi hər biçimdən, bölümdən keçir.

Səni çox salıblar bəxtəvərliyə,

Səadət yolun da ölümdən keçir...

 

Dünyanın dövranı dönübsə haçan,

Dərdlərin ucları calanıb sənə,

Tərifin vurulub, fəqət hər dəfə

Siyasət odları qalanıb sənə...

 

Hər yetən adına kitab bağlayıb,

Yalan ünvanlarla gedib, azmışam,

Sənin tarixinin sətirlərini

Qəlbimə qanımla özüm yazmışam.

 

Yadlar zaman-zaman bəd niyyətlərin

Qara rənglərini çəkibdilər.

Torpağın talanıb, yurdun talanıb,

Sinənə illərlə dağ çəkibdilər.

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.23.