Ümid, sevgi və işıq bəxş edən misralar

 

Kürdəmir rayonunun Yenikənd kəndində doğulub Yadigar Təvəkgül. Çox gənc yaşında həyatdan köç edən atası Təvəkgülün tək nişanəsi olduğu üçün adını Yadigar qoyublar.

Atası Təvəkgülün adını isə sinəsi ilhamlı, əli qələmli Yadigar özünə təxəllüs götürüb. Kürdəmirin 140 yaşlı, şan-şöhrətli Köhnəbazar kənd məktəbində müəllim işləyən Yadigarın ilk şeirlər kitabı 2017-ci ildə "Elm təhsil" nəşriyyatında çapdan çıxıb. "Mən sənin ömründə payız fəsliyəm" onun oxucuları ilə ilk görüşü olub. Haqqında söhbət açmaq istədiyim "Sən öyrətdin" isə "Təknur" nəşriyyatı tərəfindən çap olunan ikinci şeirlər kitabıdır.

Şeirləri tez-tez dövri mətbuatda, bir sıra almanaxlarda dərc olunan, radioda səslənən, sözlərinə musiqi bəstələnən Yadigar Təvəkgülün əsərlərində həyat eşqi, mənəvi saflıq duyğuları, dünya, həyat haqqında düşüncələr, insan ömrünün acılı-şirinli günlərindən söhbət açılır. İlhamının mayasını eldən, obadan alan xanım şairin "Sən öyrətdin" kitabında son illərin yaradıcılıq nümunələri toplanıb.

Yadigar Təvəkgülün poetik yaradıcılığını izləyərkən görürük ki, şeirdən şeirə, kitabdan kitaba keçidi yeni bir pillə, yeni bir mərhələ təsiri bağışlayır. Şairənin yaradıcılıq yolunun narahatlıqları yeni-yeni axtarışlarla, tapıntılarla hamarlanır. Onun yaradıcılıq coğrafiyası olduqca geniş olsa da, tükənməz ilhamı üçün dayaq nöqtəsi Vətəni, doğma yurdu, kəndi-kəsəyidir. Xalqı, Vətəni, torpağı ilə nəfəs alan Yadigar fəxr, qürur yeri olan Azərbaycanı, qoynunda yaşayıb-yaratdığı rayonunu, doğulub, böyüdüyü doğma kəndini şövqlə tərənnüm edir.

 

Dağ dağla birləşir, yollar cığırla,

Körpülər salınır min bir uğurla.

Ucalırsan iftixarla, qürurla,

Ana Vətən, mənim fəxrim, vüqarım,

Azərbaycan - Oğuz elim, Turanım.

 

("Turanım")

 

***

 

... Qurban torpağına, qurban daşına,

Qurban payızına, qurban qışına.

Doymaram, dolansam hər gün başına,

Ən şirin söhbətim, sözüm, Kürdəmir,

Sənə qurban olum özüm, Kürdəmir!..

 

("Kürdəmir")

 

***

 

Yaz gəlir yurduma, şad olur ürək,

Ürəkdə dillənir min arzu, dilək.

Arzular yenə açıb gül-çiçək,

Yazın gəlişinə bənd olmuşam, bənd,

Ruhuma can gəlir, canım Yenikənd!..

 

("Yenikənd")

 

Yadigarın şeirlərində mərdlik, qəhrəmanlıq, sədaqət, vəfa, səxavət, mənəvi bütövlük kimi keyfiyyətlər, qorxaqlıq, xəyanət, vəfasızlıq kimi neqativ mənəvi təzahürlərə qarşı qoyulur. Bu şeirlərdə estetik düşüncələr, əxlaqi hikmət bu günün mənəvi tələbləri baxımından mənalı səslənir. İnsanlara sağlam bədii zövq, nəciblik, xeyirxahlıq, Vətən, millət sevgisi, vətəndaşlıq məsuliyyəti aşılayır. Bu, xüsusilə onun vətənpərvərlik ruhunda yazdığı çoxsaylı şeirlərində daha qabarıq görünür:

 

Utandırma bizləri,

Yarıb, yol göstər, gedək!

Güldür qəmli gözləri,

Vətəni azad edək!

                    

("Vətəni azad edək")

 

Başqa bir şeirində:

 

... Vətən vicdan, Vətən, namus,

Əsir qalan hər oğul, qız.

Kaş çin olsun bu arzumuz,

Xülyalardan yorulmuşuq...

 

Xalqımızın həyatında, mübarizə tarixində elə bir əhəmiyyətli, təsirli hadisə tapılmaz ki, Yadigar ona öz münasibətini bildirməsin. Xalqın azadlıq mübarizəsi, həyat məişəti, istək arzuları, gələcəyə inamı onun şeirlərində öz bədii əksini tapıb:

 

... İllərlə Araza çatmadı əlim,

Zəngəzur, Borçalın yetimə döndü.

İçində elə bir oyun qurdular,

Qarabağ sağalmaz yaraya çöndü.

 

Xocalın qəddini qırdı, əyildin,

Kəlbəcər gözünün nurunu aldı.

Şuşa - el gözəlin, o nazlı gəlin,

İllərdi boyunu burulu qaldı.

 

("Fəryad")

 

Müxtəlif vaxtlarda yazılmış şeirlər onu düşünməyə əsas verir ki, Yadigar yaşadığı dövrün ağrılı-acılı, dərdli, nisgilli, itgili problemlərə biganə deyil:

 

Sinəmə dağ çəkib ağlama ana,

Dikmə gözlərini yenə yollara.

O cığırın baş ucunda ölüm var,

Laçının yolları bağlıdı, ana...

 

yaxud:

 

... Düşmən at oynatdı, qəhqəhə çəkdi,

qədər oğullar keçdi canından.

Bu gün Şuşamızı paytaxt etdi yad,

Heyif şəhidimin qızıl qanından...

 

Yadigar Azərbaycan bayrağına aid səmimi pafosla yazdığı şeirlərində üçrəngli bayrağımızın tezliklə işğal olunan torpaqlarımızda dalğalanacağına inanır bayrağımızın şan-şöhrətini, şərəfini tərənnüm edir:

 

Sən mənim vüqarım, sən mənim andım,

Mən səni namusum, şərəfim sandım.

Mən sənin adınla hey qürrələndim,

Döyünən ürəyim, canım, bayrağım!

 

("Bayrağım")

 

Yadigarın birinci kitabından fərqli olaraq "Sən öyrətdin" kitabında saf, səmimi məhəbbətdən bəhs edən şeirlər üstünlük təşkil edir. Onun sevgi şeirləri yaşanılan hisslərin duyğuların əslidir. Bu şeirlərdə yalan, riya, sünilik yoxdur. O deyəndə ki:

 

Mənim ürəyimə qonaq gəl bir gün,

Gəl gör ürəyimdə yerin necədir.

İllərdir həsrətin kirayə qalan,

Mənim ürəyimdir, vecinədir...

 

("Yerin necədir")

 

- mən onun səmimiyyətinə inanıram.

Yadigarın sevgi şeirlərində sevgidən usanmayan, hicrandan qorxmayan, kədərdən bezməyən bir aşiqin nikbinliyi, dözümü, iradəsi canlanır. Bu şeirlər ənənəvi hicran, həsrət şeirləri deyil. Bunlar sevgidən bu sevginin hicranından da, vüsalından da, zəhərindən , şərbətindən doymaq bilməyən bir aşiqin qəlb çırpıntılarıdır:

 

olsun ki, üzülür hey ürəyim,

Bax, qovuşur həsrətindən kürəyim,

Dözəcəyəm hicranına, neyləyim,

Səndən ötrü darıxmaq da gözəldi.

 

("Gözəldir")

 

Yadigarın poeziyasını fərqləndirən başlıca keyfiyyətlərdən biri onun öz bədii pafosu etibarı ilə poetik forma sadəliyi məzmun zənginliyinin vəhdətidir. Onun şeirləri dil, üslub baxımından sadədir poetik şəffaflıq təsiri bağışlayır:

 

... Bənövşə vaxtıdı bu eşqin indi,

Gülüşün eşqimi ilk bahar edər.

vaxtsa sən mənim qəlbimi qırsan,

Bütün bənövşələr intihar edər.

 

("Bənövşə vaxtı")

 

Misal göstərdiyim nümunədə zəngin bədii təsvir ifadə vasitələri şairənin istedadından irəli gələn sənətkarlığıdır.

"Sən öyrətdin" kitabını vərəqləyərkən düşünürəm ki, o, İlahinin səsini eşidir bu səsi oxucusuna duyub düşündüyü kimi çatdırmağı özünün mənəvi borcu bilir. Eyni zamanda, Allaha sığınır, Allahın ətəyindən tutur, ondan nicat umur:

 

Haqqın qapısını aça bilsəydim,

Allahın əlindən bərk-bərk tutardım...

 

Yadigarın yaradıcılığında maraq doğuran bir cəhət onun uğurlu forma axtarışıdır. Uğurlu ona görə deyirəm ki, şeirlərində yeni fikir köhnə ya təzə bir formada deyilməsindən asılı olmayaraq diqqəti çəkir.

Yadigarın şeirlərini oxuyarkən qəlb göynədən, nisgilli misralarla da qarşılaşırıq. Doğulandan ata üz görməyən, ata həsrəti ilə yaşayan şairə indi yetkin qadın, üç uşaq anası, ailə başçısıdır. Ancaq misralarından hiss olunduğu kimi, hələ bu yoxluqla - atasızlıqla barışa bilmir, bu əzabı, ağrını ürəyində daşıyır:

 

Sığınıb qoynunda uşaq olasan,

Nağıllar söyləyə, qulaq asasan.

Qoyalar atanla birgə qalasan,

Yuxunda görəsən atanı hər gün.

("Hər gün")

 

yaxud:

 

Ağrılarım sipər oldu sinəmdə,

Daş adamdan nələr umdum, istədim.

Ata qayğısıyla böyüyər körpə,

Mənsə xəyalımda ata bəslədim.

("Həsrət")

 

Yadigar Təvəkgül bütün niskillərinə, ağrı-acılarına baxmayaraq, nikbin, həyata, təbiətə bağlı, gələcəyə inamlı adamdı. Həyatın əlvan rənginə, çəməninə, çiçəyinə vurğundu, bahara, yaza aşiqdi. Qəlbində, ruhunda bahar ovqatı, qələmində yaz çiçəyinin ətri var. Onun baharın gəlişini tərənnüm edən şeirləri ən bədbin insanda belə bahar duyğuları oyada bilir:

 

Çiçəklər açılır çəməndə, bağda,

Yurduma, yuvama yenə yaz gəlir.

Səs-səsə veribdi sevdalı quşlar,

Elimə, obama xoş avaz gəlir.

 

Aparır könlümdən qəmi, kədəri,

Ruhumu bəzəyir bu yaz səhəri,

Həzin meh oxşayır şehli gülləri,

Billur bulaqlara işvə, naz gəlir.

                              ("Xoş avaz gəlir")

 

Əziz poeziya həvəskarları, "Sən öyrətdin" kitabını oxuduqca saf, təmənnasız məhəbbət, dəli sevda, Yurd, Vətən istəyi, insanın içindən gələn mübhəm hisslər zəmanəmizin bəzi problemlərinə toxunan bir çox şeirlərlə rastlaşacaqsınız.

Odur ki, dünyanın bu qədər qarışıq, qovğalı, toplu-tüfəngli, zəhərli, kədərli səmasının altında bir ümid, bir sevgi, bir işıq görmək, bir çiçək dərmək istəyirsinizsə, bu kitabı da oxuyun!

 

Yaqut BAHADURQIZI

AMEA Nizami Gəncəvi adına Milli

Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci  qəzet.- 2020.- 10 oktyabr.- S.20.