İlyas Əfəndiyevin telefon zəngi - Xalq yazıçısı Elçindən "Ədəbi düşüncələr"

 

BİR DAHA "ƏDƏBİ DÜŞÜNCƏLƏR" HAQQINDA

 

"Ədəbi düşüncələr"in Azərbaycan dilindəki ilk nəşrinə yazdığım kiçik ön sözdə həmin kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim.

Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti bir daha vurğulamağı lazım bilirəm ki, kitaba toplanmış ədəbi qeydlərdə - esseciklərdə oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən yanaşmalara, münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu, təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir.

Bədii zövq də, dünyagörüşü və düşüncələr də, aydın məsələdir ki, zamana bağlıdır və hər hansı bir kitab haqqında, yazıçı haqqında 25 yaşında, 45 yaşında, 65 yaşında yazdıqların, bu əsərlərə və müəlliflərə münasibətin - dinamik bir şeydir, dəyişir, başqalaşır.

Ancaq güman edirəm ki, dəyişməyənlər daha çox olur.

Koronavirusla bağlı uzunmüddətli "Evdə qal" kampaniyasından istifadə edərək, mən yenə (neçənci dəfə?!) səliqəsiz, qatmaqarışıq arxivimi səliqə-sahmana salmaq istədim və bu zaman yenidən yadımdan çıxmış cürbəcür yazılar, o cümlədən də, ədəbiyyatla bağlı qeydlər ortaya çıxdı.

Oxuduğum kitablar, əsərlər haqqında qısaca qeydlər yazmaq ilk gənclik çağlarımdan etibarən mənim vərdişim idi (elə indi də davam edir) və bunlar mənim bilavasitə təəssüratlarımdır, özüm üçün qeyd etdiyim fikirlər, qənaətlərdir.

Mən bunların haçansa çap olunacağını düşünməzdim.

Əslində, bunlar yazıçının qeydləri yox, oxucunun qeydləridir.

Bu qeydlərin də bəziləri gənclik illərində, bəziləri aradan keçən onilliklərdə yazılıb və onların başlıqlarını isə mən sonradan - çapa hazırlayanda yazmışam.

Bunu da deyim ki, "Ədəbi düşüncələr" tam şəkildə, yəni bu yeni əlavələrlə birlikdə Azərbaycan Tərcümə Mərkəzində nəşrə hazırlanır.

Birinci nəşrdən isə artıq 18 il keçib və o zaman "Ədəbi düşüncələr" oxucuların, mətbuatın diqqətini cəlb etdi, bir çox məqalələr yazıldı, müzakirələr keçirildi.

Həmin birinci nəşrin tarixçəsi isə belə oldu ki, "Ədəbi düşüncələr"i mətbuatda oxumuş rəhmətlik Vaqif İbrahimoğlu (bizim məşhur teatr xadimimiz və rejissorumuz)  mənimlə söhbət əsnasında: "- Mütləq kitab kimi hazırlamaq lazımdır" - dedi və kitab nəşr olunandan sonra o, özü də bu kitabı mükəmməl bir səriştə ilə rus dilinə tərcümə etdi - Vaqif çox mütaliəli, geniş dünyagörüşlü bir sənətkar idi.

Tərcümə etdiyini isə yalnız tərcümə qurtarandan sonra mənə dedi.

"Ədəbi düşüncələr" Vaqifin tərcüməsində Bakı, eləcə də Moskva mətbuatında (o cümlədən, "Literaturnaya qazeta"da) çap edildi, kitab kimi nəşr olundu və aradan keçən bu illər ərzində isə  başqa dillərə də çevrildi.

... O ki qaldı mənim arxivimə, yenə də eləcə səliqəsiz qaldı.

 

8 iyul 2020

Bilgəh

 

***

 

İLYAS ƏFƏNDİYEVİN TELEFON ZƏNGİ

 

Axşam atam zəng eləmişdi:

- Nə edirsən? - soruşdu.

- Pirandellonu tərcümə edirəm.

- Nə münasibətlə?

- Münasibətsiz.

- Münasibətsizdirsə, yaxşı olacaq.

 

ƏDƏBİYYATIMIZ ÖZÜNÜ AXTARIR

 

Azərbaycan ədəbiyyatı müstəqillik illərində ədəbiyyata gəlmiş ədəbi nəsillərin timsalında özünü axtarışla məşğuldur.

Bu axtarışlar hansı bədii-estetik nəticələrə gətirib çıxacaq - bunu gələcək göstərəcək.

 

OLAR, YA OLMAZ? 

 

Bir çox illər bundan əvvəl gənc bir yazıçı ikən, bir dəfə "Azərbaycan" jurnalının baş redaktoru Gəlal Məmmədov* növbəti hekayəmi çap etməyib, geri qaytaranda belə bir söhbətimiz oldu və oturub yazı-pozu ilə məşğul olanda - indiki kimi - hərdən yadıma düşür.

 

Cəlal müəllim:

- Təzə-təzə yazmağa başlayırsan. İstedadın var. Nə üçün elə ancaq mənfiliklərdən yazırsan?

Mən:

- Gördüklərimi yazıram də.

- Zibil yeşiklərini də görürsən. Onlardan yazmaq olar?

- Olar!

Və redaktor mizinin arxasında oturmuş Cəlal müəllim gözlərini qaldıraraq, eynəyinin üstündən diqqətlə mənə baxıb, bir söz demədi, sonra başını aşağı salıb, hansısa makina yazısını vərəqləməyə başladı, yəni ki, gedə bilərsən.

 

___________________

 

* Rəhmətlik Cəlal Məmmədov tənqidçi, tərcüməçi, həm də savadlı bir adam idi. Onun atası Cabbar Məmmədovu (Mirzə Cabbarı) 1930-cu illərin repressiyası məhv etmişdi və Cəlal Məmmədov sistem qarşısında gözükölgəli idi, olsun ki, patoloji bir qorxu daxilən onu sındırmışdı. Yəqin elə buna görə də, ürəyində nə düşünürdü, necəydi bilmirəm, ancaq ədəbiyyata münasibəti vulqar sosioloqizmə söykənmişdi.

 

FLOBERİN MƏKTUBLARI

 

Flober sevgilisi və ilham pərisi (hər halda, floberşünasların bir qismi belə deyir), şairə Luiza Kolyeyə yazdığı məktublarda (300-cən məktub yazıb!) alovlu eşq-məhəbbət etirafları edir və bu qızğın sevda ilə bərabər, özünün yaradıcılıq planlarından danışır, ədəbiyyat və ümumiyyətlə, sənətlə bağlı fikirlərini söyləyir.

Qəribəsi (yəni mənim özümçün qəribə görünəni) odur ki, onun yaradıcılıq, ədəbiyyat, estetika haqqında fikirləri mənə həmin sevda ilə nəfəs alan eşq-məhəbbət etiraflarından daha artıq maraqlı və sanballı göründü.

Ona görə qəribə ki, söhbət "Xanım Bovari"nin müəllifindən gedir.

 

PARODİYA

 

Məmməd Səid Ordubadinin Molla Pənah Vaqifə parodiyasını ("Vaqifə bənzətmə") oxudum və doğrusu, çox təəssüf etdim.

Parodiya mənim üçün, obrazlı desəm, çovğun deyil, hətta külək də deyil, parodiya - gözəl bir mehdir.

Parodiya - şaqqanaq deyil, qəhqəhə deyil, incə bir gülüşdür, hətta ürək açan bir təbəssümdür.

Parodiya - poetik duzlu məzədir və burada incəlik, zövq o məzəni daha da şuxlandırır, duzunu artırır.

Eyni zamanda, satirik parodiya da var və o, səni güldürməlidir, oradakı istehza yaxşı bir əhval-ruhiyyədən doğan (və o əhval-ruhiyyəni yaradan) şən (!) istehzadır, bir az loru dillə desəm, şövqlə dolamaqdır və heç vəchlə bədii zövqsüzlüyü yaxına buraxmır.

M.S.Ordubadinin isə həmin parodiyasında elə bu bəndi oxumaq kifayətdir ki, mənfi emosiya alasan, çünki bu parodiya məzəyə yaddır, hətta ikrah doğurur:

 

Təmizliyə ola bir az həvəsi,

Olmaya aşiqə nazü-qəmzəsi,

Soğan qoxa danışanda nəfəsi,

Amma sarımsağı az yeyən gərək.

 

Söhbət Vaqifin vəsf etdiyi Gözəldən gedir!

Belə bir parodiyadan soğan-sarımsaq qoxusu gəlir və əhvalın pozulmasın deyə, onu unutmağa çalışırsan.

 

ALEN RENE VƏ ANTON ÇEXOV

 

Dünən bütün günü Tənqid Şurasının plenumunda idim, Ozerov* məruzə etdi, sonra da çıxışlar (mən də çıxış etdim), axşam Rafiqlə** görüşdüm, təzə tərcümələrini verdi, sonra da onunla "Bakı"ya*** getdik.

Rafiq əlbəttə, çox maraqlı, ağıllı və təmiz bir insandır, deyir ki, fizikanın dərinlərinə getdikcə adamı dəhşət basır, çünki elə izah olunmayan problemlər çıxır və elə suallar yaranır ki, elə bil, fizika özü deyir "mən acizəm, bütün cavablar Yaradandadır".

Bu gün şənbədir və səhər  "Kitab köşkü"nə****getdim. Xeylaq adam var idi, Mitin***** də orda idi və məlum oldu ki, satışa Alen Rene haqqında kitab gəlib.

Bir azdan Tofiqgilə****** gedəcəyəm, məni şama çağırıb.

Səhərdən isə oteldə "Alen Rene"ni oxuyuram.

Onun iki filmi ("Hirosima - mənim məhəbbətim" və "Myuriel") indiyəcən baxdığım filmlərin arasında ən sanballı filmlərdəndir.

Bu kitab da çox səriştə ilə hazırlanıb: onun müsahibələrindən, haqqında yazılmış məqalələrdən, özünün yazdıqlarından, filmlərinin ssenarilərindən parçalar və s.

Mənim üçün əlamətdar bir cəhət o oldu ki, ondan soruşurlar: kinoya, rejissorluğa onu hansı stimul gətirib? Rene 1937-ci ildə, yəni on beş yaşında teatrda Çexovun "Qağayı"sına baxdığını və bu təsirlə sənətə gəldiyini deyir.

Bu gün bütün dünya fransız kinosundakı "yeni dalğa"dan danışır və Renenin bu cavabı mənim üçün ona görə əlamətdardır ki, səksən-doxsan il əvvəl yazıb-yaratmış rus dramaturqunun yaradıcılığı həmin "yeni dalğa"nın ən istedadlı nümayəndəsinin sənətə gəlməsində stimul olub.

Renenin bir cavabı da xoşuma gəldi ki, deyir, filmləri mən tək çəkmirəm, onlar başqaları ilə əməkdaşlıq nəticəsində yaranır, ancaq yalnız mənim adımı çəkirlər və bu, düz deyil.

Yəni "filankəs, filankəs, filankəs və başqaları" söhbəti.

Bizim ədəbi prosesdə yaş xronologiyası ilə "Əkrəm Əylisli, Anar, Elçin və başqaları" siyahısı yadıma düşür.

"Və başqaları" - yəni kim? Bunların əsərlərinə qiymət - ya müsbət, ya da mənfi - vermək lazım deyil?

 

____________________________

 

* Vitali Ozerov məşhur rus-sovet tənqidçisi, SSRİ Yazıçılar İttifaqının katibi, Tənqid Şurasının sədri idi. Mən də o şuranın üzvü idim.

 

** Söhbət Osman Sarıvəllinin oğlu, Moskvada yaşayan məşhur fizik, professor, rəhmətlik Rafiq Qurbanovdan gedir. O, eyni zamanda, ingilis dilindən hekayələr tərcümə edirdi.

 

*** O zaman Moskvada açılmış məşhur restoran.

 

**** Moskvada "Kuznetskiy most" deyilən meydanda SSRİ Yazıçılar İttifaqının kitab mağazası idi.

 

***** Henrih Mitin - rus tənqidçisi və ədəbiyyatşünası. Mənim "Bir görüşün tarixçəsi" povestim onun tərcüməsində "Yunost" jurnalında çap olunmuşdu.

 

****** Tofiq Məlikli - bizim görkəmli türkoloqumuz. O zaman Moskvada yaşayırdı.

 

HAMLET HAQQINDA

                                

Mənə elə gəlir ki, küçədə ora-bura tələsən adamların arasında zahirən heç nə ilə o adamlardan seçilməyən Hamleti görsəm -  tanıyaram.

 

TOLSTOY BƏŞƏRİLİYİ

 

Lev Tolstoy dahi rus yazıçısıdır və mənimçün o, nə qədər rus yazıçısıdırsa, bir o qədər də bəşəri yazıçıdır.

Tolstoyun qəhrəmanı yaşından və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq rus insanıdır, ancaq Tolstoy təfəkkürü nə qədər millidirsə, bir o qədər də beynəlmiləldir.

O, "Yəhudi nədir?" adlı kiçik essesində (əslində, bu, elə bil, düşüncə stenoqramasıdır) deyir: "Yəhudi - əbədiliyin rəmzidir".

Elə buna görə də Tolstoy yəhudiliyin tarixinə, keçib gəldiyi yola, məruz qaldığı qırğın və sürgünlərə, elə bil, yüksəklikdən (fəzadan!) baxaraq, həmin tarixi, həmin yolu səciyyələndirir, fərddən (yəhudidən) dini-fəlsəfi-ideoloji ümumiləşdirməyə (yəhudiliyə) keçir və "yəhudi kimdir?" yox, "yəhudi nədir?" yazır.

Tolstoy düşüncələrinə daha bir qüvvət - Xolokost isə hələ irəlidə idi.

 

BERİYA KİMDİR?

 

Lavrenti Beriya - Sovet İttifaqı rəhbərliyinin ən müəmmalı şəxslərindən biri, məncə, hətta birincisidir və bilmirəm, Sovet tarixi ilə məşğul olan tarixçilər bu müəmmanı haçansa tam aydınlaşdıra biləcək, ya yox?

Onun yalnız həyatı yox, ölümü də müəmmalar içindədir - bir sıra müəlliflər (və şahidlər!) 1953-cü il iyunun 26-da Beriyanın öz evində gülləbarana tutularaq, qətlə yetirildiyini, başqa bir sıra müəlliflər (və şahidlər!) isə məhkəmə hökmü ilə 23 dekabr 1953-cü ildə güllələndiyini yazırlar - rəsmi məlumat da elə budur. Bunu da deyirlər ki, marşal G.Jukov başda olmaqla Beriyanı həbs edən generalların arasında Leonid Brejnev də olub.

 

İyunun elə həmin 26-da onun oğlu Serqonu hamilə arvadı Marfa Peşkova (Maksim Qorkinin nəvəsi idi) ilə birlikdə, sonra arvadı Nino Qeqeçkorini həbs edirlər və daha sonra Sov.İKP MK Rəyasət Heyətinin qərarı ilə Beriyanın bütün qohum-əqrabasını, o cümlədən, 85 yaşlı anasını və qayınanasını Gürcüstandan sürgün edirlər.

Beriyanın gündəliklərini, onunla bağlı sənədləri, oğlu Serqo Beriyanın (oğlunun adını Serqo Ordjonikidzenin şərəfinə qoymuşdu) xatirələrini, son vaxtlar nəşr olunmuş kitabları (S.Beriə. Moy oteü - Lavrentiy Beriya, Moskva, 1994; A.Antonov-Ovseenko. Beriə, M,, 1999; Ö.Muxin. Neizvestnıy Beriə, M., 2010; A.Toptıqin. Zaprehennıy Beriə, M., 2011; L.Beriə. "Pojitğ bı ehe let 20", M., 2012; D.Vinter. Voennıe prestupniki Stalin i Beriə, M., 2012; Z.Ükvitariə. Beriə bez lji, M., 2013 və s.) oxudum, daha əvvəllər isə N.Xruşşovun, V.Molotovun (Feliks Çuyevin təqdimində), L.Kaqanoviçin, A.Mikoyanın, K.Jukovun, Svetlana Alliluyevanın və b. xatirələrini oxumuşdum və onlar da Beriya haqqında xeylaq yazıblar (Xuruşşov və Mikoyan aşkar bir qərəz və kin-küdurətlə).

Bir qism müəlliflər onu az qala mələkləşdirir, bir qism isə şeytanlaşdırır.

Əlbəttə, Beriya nə mələk idi (ümumiyyətlə, siyasətdə mələk olmur), nə də şeytan və onun gündəliklərini oxuyanda görürsən ki, söhbət cani-dildən Sovet İttifaqına xidmət edən və bu ölkənin təəssübünü çəkən, gələcəyini düşünən, bacarıqlı və ağıllı, fanatik stalinçi bolşevikdən gedir. Bu adam ömrü boyu var qüvvəsi ilə SSRİ və o dövrün təbiri ilə desəm, "sovet xalqı" naminə çalışıb, son dərəcə zəhmətkeş və işgüzar olub.

O başqa məsələ ki, bu xidmətin ideoloji-inzibati məğzində nə dayanıb, Xeyir ilə Şərin daimi mübarizəsində əldə edilən nə olub və necə olub? Və nə əldə edilibsə də, məncə, bu - ikiüzlülüyün, riyakarlığın yox, məhz inqilabi-ideoloji fanatizmin nəticəsi olub (Stalinin özündə olduğu kimi!). Beriyanın da əli Stalinin və Stalinin ətrafındakı "kiçik rəhbərlərin" - Xuruşşovun, Molotovun, Malenkovun, Voraşilovun, Mikoyanın və başqalarının əli kimi qanlı olub.

Bağırov Azərbaycanda şair Mikayıl Müşfiqi, yaxud artist Abbas Mirzəni güllələtdirəndə Beriya da Gürcüstanda şair Tisian Tabidzeni və artist Sandro Axmetelini güllələdirdi və bu güllələmələr, ifşalar, sürgünlər, işgəncələr 37-38-ci illərdə bütün Sovet İttifaqını bürüyərək, artıq "sovet xalqı"nın (xalqın dili olar, "sovet xalqı" dili dilsiz "xalq" idi!) həyat tərzinə çevrilmişdi.

Yeri düşmüşkən, belə bir maraqlı fakta da rast gəldim ki, 1923-cü ildə Beriyaya ilk rəsmi xasiyyətnamə yazan və imzalayan partiya xadimi - Ruxulla Axundov olub və həmin xasiyyətnamədə bildirilir ki, Beriya "partiyanın tapşırıqlarını ona xas olan enerji və qətiyyətlə yerinə yetirir", "onun hərtərəfli fəaliyyəti parlaq nəticələr verir", "o, hazırkı dövr sovet quruculuğu üçün vacib olan ən yaxşı cəhətlərə malik, qiymətli, yorulmaz bir işçidir".

Söhbət 24 yaşlı bir gəncdən gedir və Ruhullanın özünün də o zaman cəmi 26 yaşı var idi və on dörd ildən sonra bu "sovet quruculuğu" Ruxulla Axundovu güllələdi, daha on altı ildən sonra isə həmin quruculuqda "parlaq nəticələr" əldə edən Lavrenti Beriyanın özünü güllələdi.

Mənə elə gəlir ki, sovet rəhbərliyinin Beriya müəmması və bu kimi başqa müəmmalar (Leninin, Djerzinskinin, Frunzenin, Kirovun və b., ölümü, Kommunist partiyasında Xuruşşov hadisəsi, Qorbaçov hadisəsi və s.) çətin ki, haçansa aydınlaşacaq, çünki adlarını çəkdiyim və çəkmədiyim bu adamlar ixtiyar və imkan sahibləri idi, buna görə də, belə başa düşürəm ki, arxivlərə mükəmməlcəsinə əl gəzdirilib - hərə özü ilə bağlı təmizləmə aparıb.

Görünür, bu müəmmalar - əbədi bir sirrə çevrilib.

Beriyanın oğlu Serqo Beriya atası haqqındakı kitabında yazır ki, "Stalin ilə mənim atamın münasibətlərindəki sirr - sirr olaraq da qalır".

Stalinin anası Yekaterina (Keke) Cuqaşvilinin xatirələrində (onun söylədiklərini qələmə alıb, çap ediblər) oxudum ki, Beriyanı "bizim Lavrentiy" adlandırır, o biri tərəfdən isə Stalinin Moskva ətrafı bağının komendatı deyir ki (İ.Obolenskinin kitabında), adətən asta və təmkinlə danışan Stalinin qışqırığını eşidərək, tələsik gəlib, görüb ki, Beriya stulda əyləşib, Stalin də ayaq üstə yumruğunu onun ağzına dirəyərək qışqırır: "Rədd ol burdan, səni toza çevirərəm!" Bir həftədən də sonra Stalin vəfat edir.

N.Xuruşşov xatirələrində Beriyaya qarşı yalnız ağla sığan və sığmayan ittihamlar yağdırır, ciddi bir fakt isə göstərmir və deyir ki, "Beriyanı Stalin yaratmışdı", Stalini isə "cinayətkar və qatil" adlandırır.

Bəs həmin 37-38-ci illərdə Nikita Xuruşşov özü kim idi?

Deyəsən, qələm məni yenə uzaqlara aparır.

Hərdən fikirləşirəm ki, mən niyə bu kitabları, stenoqramları, məqalələri, sənədləri oxuyuram və bunların əvəzində klassikada, elə müasir ədəbiyyatda o qədər oxunmamış əsərlər var ki...

Yəqin ona görə ki, mən yalnız oxucu kimi yox, bir yazıçı kimi üzdən yox, daha dərindən, daha dəqiq bilmək istəyirəm ki, ömrümün böyük hissəsini hansı ölkədə yaşamışam və bu ölkəyə kimlər rəhbərlik edib, yəni söhbət yalnız şəxsi təəssüratdan, şəxsi təcrübədən yox (bunlar öz yerində!), siyasi-inzibati və ictimai faktalogiyadan gedir.

... 10 yaşım yenicə tamam olmuşdu, ancaq o isti yay günü təfərrüatı ilə yadımdadır. Əmim Mustafa Əfəndiyev Lomonosov adına universitetin jurnalistika fakültəsində oxuyurdu və yay tətilinə gəlmişdi. Atam onunla birlikdə Mirzə Fətəli küçəsindəki evimizdə, radionun qarşısında oturub, diqqət və həyəcanla deyilənlərə qulaq asırdılar - xalq düşməni Lavrenti Beriyanın ifşa və həbs olunduğu barədə rəsmi məlumat oxunurdu. Mən də bir tərəfdə dayanaraq, gah atama və Mustafaya, gah da radioya baxırdım və vəziyyətin siyasi dramatizmini anlamasam da, nəsə çox ciddi bir hadisə baş verdiyini başa düşürdüm.

O da yaxşı yadımdıdır ki, rəsmi məlumat bitdikdən sonra atam:

- Görək, bu işlərin axarı necə olacaq? - dedi. - Hər halda, dördgözün arxası getdi!..

Məhrəm söhbətlərdə Bağırova "dördgöz" deyirdilər. (Stalinə isə İlyas Əfəndiyevin anası, nənəm Bilqeyis xanım "Bığı bəy" deyirdi).

Stalinin vəfatından sonrakı mart plenumunda Mir Cəfər Bağırov Sov. İKP Mərkəzi Komitəsinin Rəyasət heyəti (Siyasi Büro belə adlanırdı) üzvlüyünə namizəd seçildi (müqayisə üçün deyim ki, Nəriman Nərimanov ancaq Mərkəzi Komitənin üzvlüyünə namizəd idi) və bu, Bağırovun siyasi karyerasının ən uca nöqtəsi idi, ancaq bu ucalığın ömrü cəmi üç ay çəkdi.

Beriya iyunun 26-da həbs olunur (yaxud öldürülür), bu məsələ ilə bağlı rəsmi açıqlama isə iyulun 2-də Moskvada keçirilən plenumda verilir və mənim üçün heyrətamiz cəhət odur ki, aradan keçən bu altı gün ərzində təcrübəli və ayıq çekist Mir Cəfər Bağırov heç nədən xəbər tutmayıb, halbuki Rey Medvedyevin yazdığına görə, Moskvada hətta sadə camaat arasında da artıq bu söz-söhbət gəzirmiş. Bağırov isə plenumda iştirak etmək üçün iyulun 1-də Mokvaya gələn kimi ora-bura, o cümlədən də, Mikoyana zəng edərək, "mənim əziz Beriyam hardadır?" - deyə onu axtarır.

Xuruşşov yazır ki, iyunun 25-də general Moskalenkonu çağıraraq, ona 27-də “Bolşoy Teatr”da "Dekabristlər" operasının göstəriləcəyini, Rəyasət Heyətinin üzvlərinin də orada olacağını deyir və Beriyanın teatrda bütün rəhbərliyi həbs edib, hakimiyyətə ələ alacağını bildirir. Doğrudan da, 27-də Rəyasət Heyətinin üzvləri “Bolşoy Teatr”a gediblər və rəsmi məlumatda "rəhbərlərin" arasında Beriyanın adı olmayıb və Rəyasət Heyəti üzvlüyünə namizəd Bağırov buna da əhəmiyyət verməyib.

Güman edirəm ki, bu - tam bir siyasi arxayınçılığın ifadəsi olub.

Siyasətdə dostluq nisbi anlayışdır.

Moskvada Beriyanın qəfil ifşasına və həbsinə həsr olunmuş həmin iyun plenumunda çıxış edən Bağırov bir gün əvvələcən "mənim əziz Beriyam" olan köhnə dostunu "beynəlxalq təxribatçı, böyük miqyaslı avantürist, buqələmun, partiyamızın və xalqımızın qəddar düşməni" adlandırdı, hətta öz "kommunist sayıqlığının kütləşdiyini" etiraf etdi və dedi ki, "görünür, Beriya beynəlxalq imperializm tərəfindən bizim partiyaya yeridilmiş agentdir".

Ancaq belə bir çıxışın da xeyri olmadı və Beriyanın ifşasından və həbsindən (yaxud da qətlə yetirilməsindən) bir neçə gün keçmiş, iyulun 12-də Bağırov bütün vəzifələrindən azad edildi, Kuybışev şəhərinə neft tresti müdirinin müavini vəzifəsinə göndərildi, çox çəkmədi ki, həbs edildi və 1956-cı il mayın 7-də  güllələndi.

Mənim xatirəmdə qalan ən maraqlı və tragikomik cəhət isə o idi ki, "xalq düşməni" Beriya ilə bağlı oxunan o rəsmi məlumatdan bir az əvvəl bizim radiomuzda (xəbərsiz radiomuzda!) təntənə ilə rəhmətlik İbrahim Kəbirlinin "mətin kommunist" Lavrenti Beriyanın tərifini göylərə qaldıran poeması oxunurdu...

 

ELÇİN

 

525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.14-15.