QƏZAN MÜBARƏKDİR, VƏTƏN!

 

Əsgərəm, qaziyəm Vətən yolunda,

Təpər var canımda, qüvvət qolumda,

Qarabağ taxtından asılan, Vətən!

Cana can deyirəm,

Qana qan, Vətən!

 

Bir yanda bayatı, layla hıçqırır,

Bir yanda içimdə qəzəb qışqırır.

Atəşdir, alovdur, bu vulkan, Vətən!

Cana can deyirəm,

Qana qan, Vətən!

 

Bir vədə Arazda boğdular səni,

Sonra yeni adla doğdular səni.

O vaxtdan xəstəhal, yarıcan Vətən,

Cana can deyirəm,

Qana qan, Vətən!

 

Ağrıyır, sızlayır yaraların da,

Salamat yer varmı əzalarında?!

Dərdinə, yarana can qurban, Vətən,

Cana can deyirəm,

Qana qan, Vətən!

 

Bədəndən ayırıb qolu kəsirlər,

Sağın kəsilibdi, solu kəsirlər.

Necə yaşayasan bu adnan, Vətən!

Cana can deyirəm,

Qana qan, Vətən!

Təbrizli, Kərküklü, Göycə, Şuşalı,

Ey qəlbi yaralı, dərdə düşəli,

Ruhları didərgin, sərgərdan Vətən,

Cana can deyirəm,

Qana qan, Vətən!

 

Qaldır qılıncını,  kəs bu kəndiri,

Çevir cəhənnəmə yanan təndiri,

Düşmənə görk olsun bu cəzan, Vətən!

Cana can deyirəm,

Qana qan, Vətən!

Vallah, mübarəkdi bu qəzan, Vətən!

Qarabağ Vətəndir.

 

ƏRƏNLƏR, İRƏLİ, ƏRLƏR, İRƏLİ!

 

Şərəfli ordumuz, şanlı ordumuz,

Zəfərlər gözləyir sizdən yurdumuz.

 

Aldıqca kəndləri, yüksəklikləri,

Ərənlər, irəli, ərlər, irəli!

 

Vurun düşmənləri olsun dərbədər,

İşğaldan qurtarsın Laçın, Kəlbəcər.

 

Siz xilas etdikcə yerləri bir-bir,

Biz quraq, yaradaq evləri bir-bir.

 

Yolumuz müqəddəs Qurandan keçir,

Türk yurdu Qarabağ, Turandan keçir.

 

Azad olunduqca torpaqlarımız,

Şuşada ucalar bayraqlarımız.

 

Qarabağ Vətəndir, müqəddəs məkan,

Ayrılarmı candan can, Azərbaycan!

 

 

QARABAĞIM - ANA YURDUM ULUDUR

 

Ətəyində armud, badam, dağdağan,

Səhər-səhər açılanda dağda dan.

Nərəsindən qaya ürkən, dağ doğan

İgidlərin qüvvətidir bu qüvvət.

Beşiyində Nigarının dərdi var,

Layla çalar, dərd ağlayar dər-divar.

İndi bizə Qarabağdır namus-ar,

Qeyrət, şərəf söhbətidir bu söhbət.

Bu gen dünya Koroğluya dardısa,

Mübarizlər-ölümsüzlər vardısa.

Üstümüzə yağan yağış, qardısa,

Zərrə nurun xiffətidir bu xiffət.

Dur ayağa, Vətən oğlu, bərk dayan,

Ya sən yandır, ya oduna bərkdə yan.

Baxılırmı papağa yan, börkə yan?-

Babaların qeyrətidir bu qeyrət.

Getdiyimiz bu yol Haqqın yoludur,

Nankor olan məxluqlar var unudur.

Qarabağım - ana yurdum uludur,

Dünyanın ər millətidir bu millət.

 

 

SALAM, XOCALI!

 

Salam, Xocalıda əsir ağacım!

Ey qazi qardaşım, ey şəhid bacım!

Gözü yolda qalan dağım, yamacım!

Allaha əmanət, əmanət qalın!

Salamat qalın!

 

Salam, əsir meşə, yazın qalmayıb,

Qırılıb dalların nazın qalmayıb.

Daha bu hicrana dözüm qalmayıb!

Allaha əmanət, əmanət qalın!

Salamat qalın!

 

Salam, əsir daşlar, əsir qayalar!

Düşmən tapdağında yesir qayalar!

Bir acı ruzgar var - əsir, qayalar!

Allaha əmanət, əmanət qalın!

Salamat qalın!

 

Haray, yurd yerlərim, ellərim, haray!

Solğun çiçəklərim, güllərim, haray!

Yetər əlinizə əllərim, haray!

Allaha əmanət, əmanət qalın!

Salamat qalın!

 

Salam, köç eləyən yurdlar, obalar!

Şəhid məzarlarda şəhid babalar!

Kimi arayalar, kimi tapalar...

Allaha əmanət, əmanət qalın!

Salamat qalın!

 

Laçında tək qalan qurdum ulayır!

Erməni Şuşada quyruq bulayır,

Kimi harda, nəyi necə yalayır-

Sən bilirsən, mən bilirəm, bilən hey!

Bu dünyanın gərdişinə gülən hey!

Salam, Xoca yurdum, - dərdim Xocalı!

Şəhidim, igidim, mərdim Xocalı!

Dərdimi dağına sərdim, Xocalı!

Hələ ki, qoynunda yağılar yatır,

Əlim sənə çatmır!

Allaha çatır!

Allaha əmanət, əmanət qalın!

Salamat qalın!

Çiçəyim, yolumu gözlə gəlirəm!

Açıq alın ilə, üzlə gəlirəm!

Zəfər küləkləri əsir, Xocalım!

Qoymaram qalasan əsir Xocalım!

 

Nizami MURADOĞLU

 

525-ci qəzet.- 2020.- 13 oktyabr.- S.14.