Biz - Azərbaycanıq!

 

Bircə ovuc torpağına minlər qurban vermişik,

Vətən - ana qucağıdır, vətən torpağı - beşik.

Arxa cəbhə səfərbərdir, dörd gözlə çəkir keşik,

Qoca-cavan, qadın-uşaq "Vur, əsgərim, vur!" - deyir,

Həmsədrlər utanmadan "atəşi durdur", - deyir.

 

Böyük Vətən savaşıdır, ya varıq, yoxuq ya da!

İçimizdə bir od var ki, əliyalın, piyada

gedər hamı, imkan versən!

O faşistə, o yada

dərsin verək, bir bizim torpağa kəm baxmasın,

Haqq Allahdır! Haqlı bizik! Bizi Allah saxlasın!

 

Yağı, bizə zülm etmisən, səbr etmişik, qorx bundan!

Çox gözlədik, sən qanmadın, sorumlusan qırğından!

Gecələri yatammırsan, sən - Paşinyan, qorxundan,

Qocaları, qadınları göndərirsən döyüsə,

Bizə tuşlanan silahlar, qorx ki, yönün dəyişə!

 

Ey qaniçən, sən - ey azğın, insanlıqdan bixəbər!

Xocalını unutmadıq, unutdurmaz əsrlər!

Gün sayırıq, an sayırıq, yaxınlaşdıqca zəfər,

Sizdə qırğın başlanacaq, bizdə əmin-amanlıq!

Hər millətdən vardır bizdə, birgə - Azərbaycanıq!!!

 

 

Yerevanda hal qalmadı

 

Yerevanda hal qalmadı,

Halı yoxdu Yerevanın.

Məsələ "Ol ya Olma!",

"Ol"u yoxdu Yerevanın!

 

İllərdir, aldadır özün,

İrəvandır əsli - bizim!

Sürünəcək dizin-dizin,

Qolu yoxdu Yerevanın!

 

Bizə meydan oxuyurdu,

Görərik kim kimi yordu!

Yollarını kəsir ordum,

Yolu yoxdu Yerevanın!

 

Günahına ortaq gəzir,

Zəng edəcək - qulaq gəzir,

Tutunacaq budaq gəzir,

Dalı yoxdu Yerevanın!

 

Ordu yığıb - quldur, qaçaq,

Qumardadır sanki alçaq!

Elə bilir, xal tutacaq,

Xalı yoxdu Yerevanın!

 

 

Zəfər intizarında

 

Gecədir, yatmamışıq,

Səhəri gözləyirik!

O böyük, o möhtəşəm,

Xəbəri gözləyirik,

Zəfəri gözləyirik!

 

Vətən qalxıb ayağa,

Alınacaq Qarabağ!

Gedənləri sappasağ,

Dipdiri gözləyirik!

 

Sən ey mərdim, əsgərim,

Ocağım, andım, pirim,

Ər igiddır hər biri,

O əri gözləyirik!

 

Qarabağa yürüş var,

Son, qəti bir vuruş var!

Yurdumun dostlarıyla

Şuşamızda görüş var,

Tədbiri gözləyirik!

 

 

Qələbə marşı yazaram!

 

Sözlə sınanırıq, dəyişirik biz,

"Şah söz"ün uğrunda döyüşürük biz,

Qələmlə, kağızla deyişirik biz,

Onlar çox sevinir, mənsə yazıram!

 

Hərdən işimizdən narazı olluq,

Bəzən yaxşı sözə tamarzı olluq,

An olur, vəhy gəlir,itir biryolluq,

Onlar da arayır, mən gəzirəm.

 

qazanc axtarır, pul güdürük,

Kimsənin şanına olmuruq şərik,

Qələmlə kağıza toxum səpirik,

Hava, su Allahdan, mən yer qazıram.

 

Qələmi özümə vəzir etmişəm,

Yolunu azmasın, nəzir etmişəm,

Bayrağı əlimdə hazır etmişəm,

Gün gələr, Qələbə marşı yazaram!

 

Nübar ELDARQIZI

 

525-ci qəzet.- 2020.- 13 oktyabr.- S.14.