Qələmsiz yazılanlar

 

Mənim Balaxanım nənəm bəy qızı idi. Yaşı 100-ə yaxınlaşırdı. Son bir ayacan özündəydi, yaddaşı yerindəydi. Keçmişdən danışmağı çox sevərdi. Acılar çəksə , ailə üzvləri, qardaşı "kulak" adıyla güllələnsə , çox vaxt Sovetin namını verməzdi, "Qayda-qanun gətirmişdilər" - deyərdi.

Bir dəfə nəslin bir qolunun tarixini yarım saatın içində elə dolğun, o qədər zəngin bilgilərlə danışdı ki, heyrətə gəldim. Dedim, nənə, bunu heç Markes belə danışa bilməzdi. Adı 80 il öncənin hadisəsində epizodik keçən bir qadının sonrakı taleyinin necə olduğu beynimdə ilişib qaldı. Soruşdum, nənə, bəs, o Alxaslıdakı qız necə oldu? Bəlkə , sualımda nənəmi bir az sınamaq, hadisələr düyünü içində onu çaşdırmaq, yaddaşına hardasa şübhə ilə yanaşmaq mərəzi var idi. Amma cavab məni yenə heyrətləndirdi. Anındaca reaksiya verdi, "Sonralar o, Sumqayıta köçdü. O oxuyan məşhur qızlar var ha, bax, onun törəmələridir" - dedi. Balaxanım nənə yaddaşı zəngin bilgisi ilə məni mat qoymuşdu.

Üç gün öncə itirdik onu. Ruhu şad olsun!

İndi-indi hiss edirəm ki, mənim hələ ona verilməmiş qədər suallarım qaldı...

... Hərdən "google-map"da Laçının Ağoğlan kəndində hər daşına can qoyub ucaltdığı, mənim doğulduğum, uşaqlıq xatirələrimi yaşadan evini tapırdım, uçurulmuş damına, sökülmüş divarlarına baxıb kədərlənirdim. Xalalarım, "Nənəyə göstərmə, pis olar, evini elə görməsin"- deyirdilər. İndi ruhu yəqin o doğma yerlərdə dolaşır. Allah bilir, nələr çəkdiyini...

 

***

 

Şuşa şəhər 1 saylı tam orta məktəb indi Yasamalda, müasir, geniş binada yerləşir. Məktəbin əsası 1830-cu ildə qoyulub. Burada məktəbin məzunu, böyük fikir adamı Əhməd bəy Ağaoğlunun 150 illik yubiley tədbirinə qatılmışdıq. Əhməd bəydən, Şuşadan danışırdıq. Boğazımda düyünlənən qəhər, gözümdə topalanan yaş, hüzn acı tədbir boyu çəkilmədi...

 

***

 

Novruzəlini niyə qınayırıq ki?! İnformasiya texnologiyalarının sürətli inkişafı hamımızı Novruzəliyə çevirir. Məsələn, "myGov" (www.my.gov.az) portalında kabinet aça bilməyən vətəndaş da müasir Novruzəli olacaq! :)

 

***

 

Mənəm-mənəmlik, özünəvurğunluq ətrafdakılarda qıcıq yaradır. Amma əgər doğurdan da, " mən"dirsə, üstəlik, dilçəyi varsa, sakit, təmkinlə qarşılamağa alışmalıyıq...

 

***

 

Yaddaşlarda qalmağa çalışırsan. O da bir nəsildən sonra itir...

 

***

 

Süfrədə başda oturanın əli hər yerə çatmır...

 

***

 

Siz o bulaqlardan su içdinizmi?!

 

***

 

Görək kim qabağa düşəcək?! :)

 

***

 

Səviyyəli tərif hamıya xoş gəlir.

 

**

 

Suyun şırıltısı titrəyişi gözəldir. Amma xlor iyi olmasaydı...

 

***

 

Deyir, hər kəs yanındakı qədərdir. Həm yadındakı...

 

***

 

Hamı nankor deyil ki!

 

***

 

Heç nəyin dadı-duzu qalmayıb.

 

***

 

Getmək həmişə mümkün olmur. Qaçmaq isə hər an mümkündür!

 

***

 

Sosial şəbəkə istifadəçiləri bir növü şəkər xəstələri kimidir. Gündə azı iki dəfə insulinə - təzə xəbərə ehtiyac yaranır. Olmayanda şəkər qalxır. Hələ şoka düşmək ehtimalı da var.

 

Xəbər xəstələri... :)

 

***

 

Qılıq sınanmış siyasətdir!

 

***

 

Heç bir dəyər gözümdən qaça bilməz. Qaçıbsa, dəyər deyil!..

 

***

 

Həyat qəribəliklərlə doludur...

 

***

 

21-ci əsrdə qafiyəpərdazlığa aludə olanlara mərhəmət hissiylə baxmaq lazımdır...

 

***

 

Məmləkət kənddən bilinir...

 

***

 

Görəsən, 75 yaşında oruc tutmağa başlamaq hansı mənəvi-psixoloji-dini ehtiyacdan doğur? - Haqqa qayıtmaq, ölüm qorxusu, dəbə uymaq?..

 

***

 

Bu qalınlıqda da kitab olar?!

 

***

 

Gün qızmamış soyunanlar gözə gələr. :)

 

***

 

Sosial şəbəkədə o qədər fərqli - səy, düşük sarsaq fikirlərə rast gəlirsən ki, "fərqli fikir" anlayışı da gözdən düşür...

 

***

 

Bu uzunluqda tədbir olmaz ki. Adamlar bezir...

 

***

 

Səhər hamıya açılır...

 

***

 

Mən Sizi görməliyəmmi?! Niyə?!

 

***

 

Bəs qalanları neyləsin?..

 

***

 

Hamısı eyni cür havalanır...

 

***

 

Elə adamlardan elə hərəkət görürsən ki, doğurdan da, əlin üzündə qalır.

 

***

 

Minnətdarlıq duyğusu olmayan adamdan heç gözləməyə dəyməz.

 

***

 

Özünün özünə gözü dəydi.

 

***

 

Təzə Ayı görən oldumu?!

 

***

 

Pul düşgünlüyünə, hərisliyinə mənəviyyatsızlıq demək olarmı?

 

Yoxsa indi adı başqadır?..

 

***

 

Beynim aydınlanır bəzi sözlərinin mənasını indi-indi anlayıram...

 

***

 

Mərhəmət rəhm duyğusu yoxa çıxıb. Qəddar olmaq üstünlüyə çevrilib. Laqeydlik etinasızlıq isə daimi bədbinliyə rəvac verir.

 

***

 

Diqqəti cəlb eləmək asan deyil. Bir az istedad, bir az zəhmət gərəkdir. Bir az özün, bir az da fərqli olmalısan...

 

***

 

Gözləyirsənsə, arzulayırsan. Arzulayırsansa, gəncsən.

 

***

 

Gözəl ağıllı Qadın həmişə Allahlıq iddiasında olur! Bəzən gizlətsə ...

 

***

 

Tut da gözümdən düşdü.

 

***

 

Onunla işin olmasın. O, bu dəqiqə göylə gedir...

 

***

 

Daima uğursuzluq barədə düşündünsə, ondan yaxa qurtara bilməyəcəksən.

 

***

 

Hələ yetişməmişik, kalıq. yeriyə bilirik, yeyə, ...

 

***

 

Biz irəli getmədik ki... Biz geri getdik...

 

***

 

Kədərin, dərdin böyüklüyü ilə indi kimi təəccübləndirmək olar ki?!

 

***

 

Səndə sirlər yatır!

 

***

 

40-cı fənd yadına düşmədi...

 

***

 

Zahir müvəqqətidir.

 

***

 

Qadınlar xəfif müqavimət göstərir, kişilər isə elliklə bəyənir, alqışlayırdılar...

 

***

 

Adam acizliyinə ağlayır...

 

***

 

Birləşdirici adam gedir, soyuqluq ayrılıq başlayır.

 

***

 

Zaman şahidləri seyrəltdikcə, günahkarın mələk donu parlaqlaşırdı...

 

***

 

Telefon çox ağıllıdır. Üstündə olmayanda da qədər hərəkət elədiyini qeydə alır.

 

***

 

Zaman hiss olunmur.

 

***

 

Səhər bir təklifə "ok" deyib, axşam "heç vaxt" deməyə bir səbəb olmalıdır.

 

***

 

Heç kimi günahlandırmayın. Günah hamıdadır!

 

***

 

Bəlkə, ora daha maraqlıdır? Niyə qorxursan?

 

***

 

Hara tələsirsən ki?!

 

***

 

Dəyərlərin alt-üst edilməsi ümidsizlik və məyusluq yaradır. "Sən heç kimsən" ovqatında isə əlin heç nəyə yatmır.

 

***

 

Hamı məşğuldur. Darıxan yoxdur.

 

***

 

Ağciyəri rentgen edən həkim dedi ki, siqareti atmalısan. Dedim, çalışıb azaldaram. Dedi, azaltmaq yox, atmaq lazımdır. Heç üstündən 2 saat keçməmişdi, köşkdən 3 qutu siqaret aldım -  həm də həkimin sözlərini satıcıya deyə-deyə...

 

***

 

Məndən narazılığınız yoxdur ki?!

 

***

 

Şair srağagün 500-dən çox kitab imzalayıb!..

 

***

 

Səhər 7-də qadın həbsxanasında zəng çalınır...

 

***

 

Guya siqaret çəkməyəndə nə olacaq ki?!

 

***

 

Aran rayonlarının da yay ayları üçün öz xatirəsi var - gün əyilən kimi ağcaqanadlar daraşır adama... :)

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə

üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2020.- 14 oktyabr.- S.17.