Vətənə sevgi dərsi
Sentyabr ayının 27-dən ölkəmiz son onilliklər
tariximizdə görünməmiş həyəcanlı, eyni
zamanda, şərəfli bir həyat yaşamaqdadır. Ətraflı
açıqlamaya ehtiyac yoxdur, məncə, söhbətin nədən
getdiyini nəinki hər bir azərbaycanlı, bütün
türk aləmi,
bütün dünya bilir.
İyul ayında Tovuz bölgəsində erməni
silahlı qüvvələrinin təxribatının və bu
təxribata Azərbaycan dövlətinin adekvat, qətiyyətli
cavabının ardınca düşmən sentyabrın sonunda
ölkəmizin üzərinə yenidən xaincəsinə
basqın etmişdir. Bu xəyanət Azərbaycan xalqının,
dövlətimizin səbr kasasını
daşırmışdır. Əlbəttə,
belə bir təxribatla üzləşən, öz milli
varlığına, ərazilərinin bütövlüyünə
və təhlükəsizliyinə laqeyd olmayan hər bir ləyaqətli
xalq düşmənə törətdiyi qeyri-insani,
qeyri-hüquqi hərəkət müqabilində cavab verməli,
ona öz yerini göstərməli idi.
Elə bu səbəbdən də Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin tapşırığı və rəhbərliyi
ilə haqq-ədaləti bərpa etməyin son
çıxış yolu kimi Azərbaycan ordusu ayağa
qalxdı. Müharibə əməliyyatları,
döyüş statistikası göz önündədir.
Milli ordumuzun xilaskar yürüşləri nəticəsində
Cəbrayıl, Hadrut kimi iri və strateji əhəmiyyətli
yaşayış
məntəqələrimizin, Füzuli rayonunun
onlarla kəndinin, Murovun timsalında həyati əhəmiyyətli
yüksəkliklərin geri qaytarılması ən yaxın
zamanda bütün Qarabağın azğın düşməndən
azad olunacağına
xalqımızda sarsılmaz inam yaratmışdır.
Bu gün hər birimiz bütün
varlığımız, daxili dünyamızla ordumuzun
yanındayıq, müzəffər əskərimizin zəfərləri
ilə nəfəs alırıq. Milyonlarla azərbaycanlı hər an hazırdır ki, vətənin
çağırışına hay verərək
döyüşə atılsın. Bu ruh, bu amal
olduqca əhəmiyyətli bir stimul, həlledici istinad nöqtəsidir.
Lakin Azərbaycan ordusunun nə xarici hərbi
yardımlara, nə də kütləvi ümumxalq səfərbərliyinə
ehtiyacı var. Azərbaycan ordusu xalqımızın tarixində
bəlkə ilk dəfə nümayiş etdirir ki, müharibə,
hərbi döyüş - sənətdir, elmdir. Azərbaycan
ordusu müasir hərbi texnikanın idarə olunmasına
mükəmməl yiyələnərək vətən
sevgisinə, cəsarətə, mərdliyə sarılaraq düşmənin
otuz ildən bəri hörümçək toru kimi
bütün Qarabağı əhatələyən
ağır döyüş vasitələrini, guya keçilməz,
dağıdılmaz olan olan istehkamlarını yerlə yeksan
edir. Bəs bu ədalət zərbələrinin
qarşısına hansı davranışlarla
çıxır Ermənistan?
Ermənistan
yenə də 150 ildən bəri "məharətlə"
tətbiq etdiyi terror yolunu tutur, cəbhə bölgəsindən
yüz kilometrlərlə uzaqlarda yerləşən, əhalinin
sıx yaşadığı kəndləri, evləri, tarlada
çalışan, mal-heyvan saxlayan, gündəlik
iş-gücə yollanan dinc insanları top, mərmi, ballestik
raket atəşinə tutur. Bir qədər əvvəl Tovuz,
Şəmkir bölgəsinə Ermənistan ordusu tərəfindən
yağdırılan mərmilər, Gəncənin, Mingəçevirin,
Yevlaxın, Tərtərin, Goranboyun, Ağcabədinin, Beyləqanın,
Ağdam və Füzuli rayonları ərazilərinin, Cocuq Mərcanlının
ağır atəşlərə məruz qalması onu
göstərir ki, ermənilər tarixin gedişatını,
Azərbaycanın 30 il bundan əvvəlki çaşqın
bir ölkə olmadığını nəzərə almadan
yenə də köhnə metodlarla insanların
gözünü qorxutmaq, xaos yaratmaqla çirkin məqsədlərinə
çatmaq yolunu tutublar. Bəli, bu, klassik, mənfur erməni xislətidir. Paradoks
bundadır ki, dünyanın ən qorxaq insan toplumu tarixdə
saysız-hesabsız qəhrəmanlıq səhifələri
yaradan bir xalqı qorxutmaq istəyir!
Azərbaycan xalqı ona qarşı yönələn
bütün təxribatlardan üstün durmağı, öz
doğal təbiətinə sadiq bir şəkildə humanist
duyğularla yaşamağı bacaran bir xalqdır. Bütün
arsenalı ilə tüğyan edən erməni vandalizminə
baxmayaraq Ali Baş Komandanımızın düşmənə
sonuncu şans verməsi, humanitar məqsədlə müvəqqəti
atəşkəsin Rusiya, Azərbaycanın xarici işlər
nazirləri səviyyəsində razılaşması da bunu
bir daha sübut edir. Ermənilər isə
atəşkəsdən heç bir sutka keçməmiş,
gecənin yarısı, günahsız insanların, məsum
körpələrin yuxuda olduğu vaxt Gəncə əhalisinin
başına raket yağdırır, Mingəçeviri hədəfə
alıb Azərbaycanın işığını
söndürmək istəyir.
Budurmu sülh davranışı? Budurmu atəşkəs?
Xəyanət erməninin xislətindədir. Biz bunu uzun illərin
ibrət dərslərində görmüşük. Erməninin davranışı azərbaycanlı,
türk insanının meyarlarına görə əxlaqdan kənardır,
anlaşılmazdır. Çünki bizim hətta şifahi
sözümüz, Ali Baş Komandanın söylədiyi kimi,
imzamız qədər etibarlıdır.
Bəli, biz bu gün elə məsuliyyətli bir
dövrdə yaşayırıq ki, peşəsindən
asılı olmayaraq hər kəs baş verən hadisələrə
laqeyd qala bilmir, istər-istəməz öz münasibətini
bildirir. O
sıradan biz psixoloqlar da...
Məhz
bu hadisələrin fonunda düşünürəm ki, bizim
27 il ərzində hətta
azğınlığına tam əmin olduğumuz
düşmənin hərəkətlərinə dözüm,
səbr nümayiş etdirməyimiz təsadüfi deyil. Bunu ən müxtəlif aspektlərdən yozmağa
cəhd göstərənlər olmuşdur, indi də var.
Azərbaycanlı psixologiyasında səbr allahın
isimlərindən biridir. Biz ən çətin məqamlarda səbr
nümayiş etdirməyimiz səbəbindən ən mürəkkəb
münaqişələri qansız, savaşsız,
danışıq yolu ilə həll edən bir millət
olmuşuq.
Amma səbrin
də bir həddi var. O zaman ki, bıçaq sümüyə
dirənir, o zaman ki, Hüseyn Cavid demişkən,
"alçaqlar əzəmət
düşkünüdür", o zaman ki, "rəqsi
axsaqlar təlim edir", o zaman ki, mənşəyi bilinməyən
həyasız bir toplum sənin ləyaqətini, milli hisslərini
təhqir etmək xülyasına düşür, bax onda
türkün silahı danışmağa başlayır! Bu,
bizim üçün sınanmış bir dərsdir...
Ali
Baş Komandan İlham Əliyev bu gərgin günlərdə
bir neçə beynəlxalq informasiya vasitələrinə
sözün həqiqi mənasında tarixi əhəmiyyətli,
xüsusən, Azərbaycan üçün taleyüklü
mahiyyət daşıyan müsahibələr verdi.
O, dönə-dönə təkrar etdi ki, bizim ordumuz
düşmənə dərs verdi. Bu, həqiqətdir!
Ermənilərin məğlubedilməz mifi
döyüşlərin iki-üç günü ərzində
darmadağın edildi. Prezidentimiz haqlı və ədalətli
olaraq söylədi ki, əgər ermənilər son tədbirlərimizdən
dərs almasalar, onların aqibəri daha rəzil olacaqdır!
Mən isə,
bax elə sözün bu yerində məsələnin
psixoloji-mənəvi tərəfindən yanaşıb deyirəm ki, son vətən
müharibəsinin xalqımız üçün də dərsləri
var.
Əvvələn
onu deyim ki, məhz bu günlərdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 17 il ərzində
apardığı düzgün, uğurlu dövlət siyasəti bütün panoramı,
parametrləri ilə xalqımızın gözləri önündə bir daha canlandı.
Əslində, rəhbərimiz son on-on beş
il ərzində çox sadə sözlər deyirdi. O, deyirdi
ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli
olmalıdır, o deyirdi ki, Azərbaycanın güclü
ordusu olmalıdır. O deyirdi ki, Azərbaycanda xalqla dövlətin
monolit birliyi olmalıdır. O deyirdi ki, Azərbaycanın ən
dəyərli sərvəti insan kapitalıdır. Bəlkə də dinc günlərdə
bütün bu ifadələr birmənalı olaraq ölkəmizin
hərtərəfli və uğurlu idarə olunmasına dair
çağırışlar kimi səslənə və
anlaşıla bilərdi. Amma indi
xalqımızın, ordumuzun qeyrət meydanına
atıldığı bir vaxtda Prezidentin bu
çağırışları təməl xarakter
daşıyır. Biz məhz indi bütün qatları
ilə anlayırıq ki, cənab Prezident güclü
iqtisadiyyat, düzgün xarici siyasət, güclü ordu,
xalqla dövlətin vəhdəti, insana ən
yüksək dəyər verilməsi
çağırışlarını edərkən və
bunu yerinə yetirərkən nə qədər dəqiq,
doğru, xalqın mənafeyinə uyğun addımlar
atırmış...
Əgər bunlar olmasaydı, biz müqəddəs
Qarabağ torpaqlarını belə sürətlə azad edə
bilərdikmi?
Əgər bunlar olmasaydı, mənfur erməniyə
sarsıdıcı zərbələr vurub onları diz
çökdürə bilərdikmi?
İndi hər kəsin gözü ekranlarda,
qulağı radio dalğalarındadır. Həyəcanla
böyük qələbə xəbərini gözləyirik.
Tez-tez qəlbi vətən sevgisi ilə
çırpınan jurnalistlər birbaşa verilişlərində
atəş altında olan insanlardan əhval-ruhiyyələri barədə
soruşurlar. Yeri gəlmişkən, əhval-ruhiyyə
də, ruh yüksəkliyi də psixoloji durumu ifadə edən
terminlərdir. Biz əhalinin cavablarından dərhal hiss
edirik ki, xalqın ruhu diridir, qorxmazdır. Onların evini bomba
dağıdır, söyləyirlər ki, təki vətən
sağ olsun, ordumuz sağ olsun, evin yenisini tikərik...
Bu tərzli mərd cavablar səbəbsiz deyil. Mən həmişə
xalqımız haqqında nikbin düşüncədə
olmuşam. Və bilirəm ki, adamların əhvalındakı
ruh yüksəkliyi indinin işi deyil, bu, qan
yaddaşıdır, psixoloji gücdür. Məhz xalqın bu gücüdür ki, qəhrəman
əsgərlərimiz də döyüş meydanında
hünər göstərir. Deməli, gözəgörünməz
tellərlə ən qədim tarixə bağlanan zaman boş
keçməyib, xalqımız yeni tarixə yetkin bir halda gəlməyi
bacarıb!
Qarabağ uğrunda döyüşlər,
qazandığımız qələbələr, məncə,
bizim üzərimizə yeni vəzifələr qoyur. Çünki
böyük qələbədən sonra dünya yeni bir Azərbaycanla,
yeni bir türk insanıyla qarşılaşacaq və ona
qarşı bəzən ədalətsiz mövqedə
dayandığını anlayacaq. Məhz
buna görə də bizim hər birimiz həm tarixin, həm də
bu şərəfli günlərin diktə etdiyi dərsləri
yenidən dəyərləndirməli olacağıq.
Nədir bu dərslər?
Bu dərslər bizə deyir ki, yeni nəslin vətənə
sevgi, milli köklərə bağlılıq ruhunda
yetişdirilməsi ən vacib məsələdir. Bəlkə də bu məsələ yox, bir nömrəli
vəzifədir. Əgər biz vətənimizin əbədi
olaraq sülh içində yaşamasını, hər an, hər
zaman düşməni bu günlərdə olduğu kimi diz
çökdürmək, sülhə məcbur etmək istəyiriksə,
hər evdə oğul, qız adına əsgər
böyütməliyik. Süfrələrimizin ən ləziz,
müqəddəs tikəsi Vətən sevgisi
olmalıdır!
Ordumuzun zəfərləri göstərir ki, Ali Baş Komandanımızın bizə verdiyi dərs və uzun illərdən bəri böyük zəkası ilə çalışıb nail olduğu həqiqət budur! O, bizdən umur, bizdən gözləyir ki, valideyn də, müəllim də, ümumən cəmiyyət də anlasın ki, yeni Azərbaycanın gələcəyi daha mərd, daha vətənsevər, daha intellektual nəslin yetişməyindən asılıdır.
İndiki
həyəcanlı və şərəfli günlərimiz
tam həqiqəti bir daha təsdiqləyir. Otuz il bundan öncə başına gələn
müsibəti dünya ictimaiyyətinə çatdırmaq
üçün primitiv, ən adi imkanlardan məhrum olan Azərbaycanda
bu gün elə oğullar, qızlar yetişib, elə kadr
korpusu irəli çəkilib ki, onlar məntiq və arqumentləri,
intellektual potensialı, dil bilmək bacarıqları, psixoloji
dayanıqlılıq səviyyəsi ilə
xalqın sözünü, istək və
arzularımızı bütün təfsilatı ilə
dünyaya çatdıra bilirlər. Çünki bizim Ali
Baş Komandanımız yeri gələndə silahdan, sursatdan
daha kəsərli zəka arsenalı ilə bir əsgər
kimi döyüşür!
Psixoloqların
düşüncəsinə görə uğur qazanmaq
üçün parlaq nümunə qədər etibarlı
vasitə yoxdur. Mən də bu düşüncənin tərəfindəyəm!
Və
nə yaxşı ki, bu, belədir!
Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 14 oktyabr.- S.8.