Müharibə: Qürur və kədər

 

Teatrın simvolu olan maskada bir göz gülür, digəri ağlayır. Bu, həm də həyatın rəmzidir. İnsanın iki gözü var - biri ilə gülür, biri ilə ağlayır. Ağlayan göz gülən gözdən zəif olur.

Allahın yaratdığı cahan da belədir: gecə və gündüz! Mifdən təfəkkür abidəmiz olan Avestadan başlanan dual fəlsəfə də əslində, buna əsaslanır: işıqlı dünya, qoç və qara qoç (Məlikməmməd nağılı). Müharibə xalqın tarixindən və taleyindən keçən qara zolaqdır: qələbədən doğan qürur, şəhidlikdən yaranan kədərlə birləşir. Həyatın mənası, ömrün məsafəsi bu iki qütb arasındadır.

Azərbaycan xalqı və dövləti öz tarixinin öz şərəfli dövrünü yaşayır. 27 sentyabr 2020-ci il! - Azərbaycanın ən yeni tarixinin başlanılması günü hesab edilməlidir. Xalqımız XX əsrin 91-ci ilində böyük mücadilələr apararaq ağır itkilər, qanlar axıdıb, şəhidlər verərək, yenidən öz istiqbalına qovuşdu. Lakin bu qədim, ulu xalqın, böyük millətin qüdrətli dövlətin düşmənləri onun gözəlliyinə və sərvətinə göz dikənlər Azərbaycanın dövlət müstəqilliyi ilə barışmaq istəmirdilər. Onlar xalqımızın və millətimizin - türkün əbədi düşməni terrorçu erməni toplumuna tarixdə həmişə olduğu kimi bu dəfə də istifadə etdilər. Azərbaycanda olan hakimiyyət boşluğundan yararlanıb fürsəti fövtə verməyən ermənilər, özlərinin "dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yeni torpaqlar ələ keçirmək üçün rus ordusunun köməyi ilə Qarabağı - Azərbaycanın ətraf rayonlarını işğal etdilər. Otuz ilə yaxındır ki, Azərbaycan xalqı və dövləti dünya dövlətlərinə hörmət və ümid edərək, səbirlə dözməli oldu. Lakin heç bir qanun Beynəlxalq Hüquq azğın-terroru özünün mövcudluq tərzi seçən Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağa məcbur edə bilmədi. Ermənistan sülh danışıqlarına məhəl qoymadı status-kvonu saxlamağa çalışdı. Cəzasız qaldığı üçün azğınlığı son həddə çatdı, Azərbaycanla hədə ilə danışmağa başladı. Azərbaycan xalqının müdrik bir məsəli var: "Yasin oxumaqla donuz darıdan çıxmaz". Bu gün bütün dünya təhlükəli bir virusla - koronavirusla, Azərbaycan isə iki virusla həm koronavirusla, həm də ondan heç də az təhlükəli olmayan armiyan virusla mübarizə aparır. Dünya birincinin dərmanını tapmayıb. İkincinin dərmanı isə biz tapmışıq. Onun adı yaylım atəşidir.

Dünya siyasətində beynəlxalq münasibətlərdə və konfliktlərdə, baş arbitor rolunu oynamaq səlahətlərinə malik BMT artıq öz vəzifələrini kifayət qədər yerinə yetirə bilmir. Müharibə ocaqlarını söndürə bilmir. XXI əsrin cəsarətli siyasətçisi, dəmir iradəli dövlət xadimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasının yüksək kürsüsündən çıxış edərkən söylədi ki: "BMT-də islahatlar aparmaq lazımdır". Bir ali təşkilat ki, özünün yekdilliklə qəbul edilmiş dörd qətnaməsini 26 ildir ki, Ermənistan kimi cırtdan bir dövlətə icra etdirə bilmir, onda bu təşkilat nəyə lazımdır?

Azərbaycan Prezidenti BMT-nin Təhlükəsizlik Şurasının kürsüsündən bəyan etdi ki, Ermənistan müharibəyə hazırlaşır. Bu dövrdə münaqişənin sülh və danışıqlar yolu ilə həll etməli olan Minsk qrupu Azərbaycana turist kimi gəlib-getməkdən başqa bir iş görmür.

Ermənistan Qarabağdan uzaq regionlara - təxribatlara əl ataraq, üçüncü dövləti müharibəyə cəlb etmək üçün Tovuz, Daşkəsən, Gəncə, Mingəçevir şəhərlərinə öz ərazisindən ağır artirlerliyadan və qadağan olunmuş silahlardan hücumlar edir. Hərbi qulluqçular və dinc əhali arasında ölənlər və yaralananlar var.  Dünya buna laqeyd qaldı, susdu. Və Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin sülhə əngəl olan ağılsız bəyanatlarına "Qarabağ Ermənistandır" iddiasına, digər təhlükəli və təhrikedici fikirlərinə cavab olaraq, öz dinc əhalisini qorumaq, işğal olunmuş torpaqlarımızı otuz illik  əsirlikdən azad etmək, bununla da, Azərbaycan xalqının iradəsini yerinə yetirmək üçün arsenalında olan bütün növ silahlarla genişmiqyaslı hərbi əməliyyatlara rəvac verməli olacaq.

Siyasətin bitdiyi, sözün tükəndiyi yerdə konstruktiv təkliflərin həyata keçmədiyi anda Ermənistanın hərbi-siyasi rəhbərinin yeni torpaqlar işğal etmək istəyinə cavab olaraq müharibə aparmalı oldu. Azərbaycan Prezidenti müharibə diplomatiyasını hazırladı cəsarət, qətiyyət və soyuq intellektual ağılla bir həftə ərzində Ermənistan və xarici havadarlarının otuz ildə yaratdığı xofu, mifi, istehkamları ağır və qiymətli silahları, komanda məntəqələrini rəşadətli Azərbaycan ordusunun şücaəti və qəhrəmanlığı sayəsində yerlə-yeksan etdi, düşməni diz çökdrdü. Azərbaycan bu həlledici tarixi məqamda öz dostlarını və düşmənlərini tanıdı.

Böyük türk yazıçısı Çingiz Aytmatovun vaxtilə dediyi "İlham Əliyev XXI əsrin lider etalonudur!" həqiqəti tarixdə öz yerini tutdu. Azərbaycan Prezidentinin BMT-nin Təhlükəsizlik Şurasındakı məntiqli parlaq diplomatik çıxışı, müharibənin ilk həftəsində şanlı döyüşlər kontekstində məşhur “Əl-Cəzirə” telekanalına verdiyi geniş müsahibə ən yeni tariximizin ideoloji əsasları idi. Azərbaycanın uzaqgörən, cəsarətli və qətiyyətli prezidenti müharibənin səbəblərini Ermənistanın təhrikçiliyinin mahiyyətini, müharibənin xarakterini - Vətən müharibəsini milli istiqlalımıza qarşı yönəlməsi, haqq, ədalət savaşı olduğunu bütün düşünən bəşəriyyətə bəyan etdi.

Vətən müharibəsi cahanşümul qələbələrlə davam edir. İnşaallah tam qələbəmizlə sonuclanacaq. Bundan sonra müstəqil Azərbaycan öz tarixi taleyi, inkişafının prioretləri üzərində düşünməli olacaq. Doğrudur, məlum obyektiv səbəblər üzündən, balalarımız məktəbdə dərs keçə bilmir. Fəqət onlar həyat məktəbində tarix dərsi keçir, qəhrəman olmaq həvəsi ilə böyüyürlər. Göranboylu müəllim yazmışdı ki, mən həmişə bir tələbəmə iki yazırdım. Onu danlayırdım ki, oxusun. O, tarix dərsini oxumadı.  Özü tarix yaratdı. Böyük şairimiz Səməd Vurğun belə suallar verirdi: "Tarix utanmazmı yaratdığından?", "Qalib gələcəkmi cahanda kamal?" bu suallar bu gün də müasir səslənir. Onlara biz cavab verməliyik və veririk də...

Bir məsələyə də öz münasibətimi bildirməliyəm. Mən türkçüyəm, dəfələrlə yazmışam: "Dünya ona görə gözəldir ki, orada türklər yaşayır. Harada türkcə danışıq eşidirəm dönüb ora salavat çəkirəm, türkün səsi gələn yer mənim qibləgahımdır. Türkçülük mənim idealımdır".  Tarix göstərdi ki,  Türkiyə prezidenti  Ərdoğan böyük Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsinə sadiq qalaraq, bütün həlledici tarixi məqamlarda Azərbaycana qardaşlıq münasibəti göstərir. Fəqət, Azərbaycan üçün həlledici olan bu günlərdə digər türk dövlətləri - Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan sanki öz türklüklərini unudublar. Azərbaycana mənəvi dəstək göstərmirlər. Doğrudur, hər ölkənin öz dövlət maraqları var. Müsəlman dövləti olan Pakistan, xristian dövlətləri - Ukrayna və Belarus bunu edir, kökü soyu bir, geni-dini bir qardaşlarımız öz ənənəvi dövlət maraqlarından çıxa bilmir, ya da çıxa bilmir. Mən bir neçə il əvvəl, "Türkə yiyə Türkiyə" adlı məqalə yazmışdım. Bu yazı bir çox nəşrlərdə çap olundu. Orada yazmışdım: "İndi Türkiyənin arxasında türk dövlətləri, çox milyonlu türk dövləti dayanır". Azərbaycana münasibət göstərir ki, o zaman reallığı düzgün qiymətləndirməmişəm. Bir qədər hissiyyata qapılmışam. Yenə də bunu qardaş giley-güzarı kimi deyirəm.

Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir ki, bizim heç kimin hərbi iqtisadi köməyinə ehtiyacımız yoxdur. Haqq işimizə mənəvi dəstək istəyirik.  Bunu da qardaş Türkiyə və dünyada ədalət istəyən dövlətlər bizə göstərir. Azərbaycan özü-özünə dayaq olmağı bacaran iqtisadi cəhətdən inkişaf etmiş, siyasi-diplomatiya sahəsində böyük nailiyyətlər və nüfuz qazanmış uğurlu idarəçiliyə malik rəhbəri olan müasir sivil bir dövlətdir. O, bu gün dünyada müxtəlif sivilizasiya və mədəniyyətləri, multikultural dəyərləri uğurla birləşdirir. Azərbaycan pleetnik cəmiyyətdir. Burada tarixən bir çox xalqlar və etnik qruplar - talışlar, ləzgilər, tatlar, yəhudilər, ruslar, saxurlar, engiloylar və sair birlikdə səmimi mehriban yaşayırlar. Hiyləgər düşmən təbliğat və təxribat apararaq, onların arasında rəxmə salmaq, abargen millət olan türklərin əleyhinə qaldırmaq istəyir. Azərbaycan xalqı vətənçilik - Azərbaycançılıq amalı ilə monolit şəkildə birləşib: Azərbaycançılıq türkçülüyün  "vətən əxlaqı" (Ziya Göyalp) müstəvisində dərkidir. Fəqət Ermənistanda ruslardan başqa etnik xalq yoxdur. Bu onu göstərir ki, ermənilər başqa xalqları sevmir, onlara nifrət edir, onlara öz içlərində yaşamağa heç bir şərait yaratmır. Necə ki, tarixən indiki Ermənistan (Əslində, Azərbaycan!) torpaqlarında yaşayan azərbaycanlıları zorla deportasiya etdilər. Ermənilər çox etibarsız toplumdur,  hansı xalqlarla yaxınlıq edir, torpağına göz dikir. On gündən artıq davam edən tarixi döyüşlər təkcə ordumuzun və silahımızın gücünə yox, eyni zamanda, poleetnik cəmiyyət abargen bir millət olaraq bizi özümüzə tanıtdı. Ümumi düşmənə qarşı vətənçilik bağlantısı ilə daha da birləşdirdi. Heç kim haqq yolundan sapmadı. Ermənistan heç bir beynəlxalq qanuna 1949-cu il Cenevrə konvensiyasının protokollarına məhəl qoymadan beynəlxalq humanitar hüquqa ehtiva etmədən Azərbaycanın dinc əhalisini hədəf seçməkdə davam edir. Onlar qadağan olunmuş kasetli bağlıqları olan bombalardan-klasterlərdən istifadə edərək,  döyüş ərazisindən uzaq, Gəncə, Mingəçevir şəhərlərini və onun dinc əhalisini atəşə tuturlar.

Bu gün Azərbaycan təkcə silahla yox, həm də RUHLA və SÖZLƏ müharibə aparır. Yalan və şər üzərində qurulmuş erməni təbliğat maşını dünyaya gecə- gündüz təxribatçı böhtanlar püskürür.  Bu missiyanı yerinə yetirməli olan həmkarlarımdan, ziyalılarımızdan da bir qədər gileyliyəm. Kütləvi informasi vasitələrində, televiziya və mətbuatda yazıçıların, alimlərin, şairlərin nüfuzlu sözü eşidilmir. Jurnalistlərimizi tək qoymuşuq. Azərbaycanın ən güclü silahı məntiqli SÖZDÜR. Kitabi Dədə Qorquddan, Xaqani və Nizamidən, Nəsimi və Füzulidən tutmuş, bu günə qədər SÖZÜMÜZ üzümüz ağ eyləyib. Böyük dövlət xadimi şah və şair Şah İsmayıl Xətai  təsadüfən yazmırdı:

 

Söz var ki, kəsdirər başı

Söz də var kəsər savaşı! 

 

İndi bizə savaşı qalibiyyətlə kəsən SÖZ lazımdır. Gəlin qiymətli sözümüzü xalqımızdan əsirgəməyək. Erməni yalanlarını həqiqətin sərt gücü ilə dəf etməkdə dövlətimizə kömək edək. Doğrudur, ermənilərlə danışmaq yox, vuruşmaq lazım imiş... Ona görə onlarla danışa bilmədik ki, onlar xalq və millət deyil başqalarının əlinə baxan pay uman lazım gələndə qadınlarını irəli verən, qul xislətli bir toplumdur. Onların özlərinin tarixi yoxdur. Ondan-bundan oğurladıqları yalan yığını var. Onlar özləri deyirlər ki, "Ermənilər tarixilərinin qədimliyinə görə erməni xalqına yox, erməni tarixçilərinə borcludur". Biz isə qədim türk əşirətləri zamanından üzü bəri tarix yaratmışıq, lakin qələbələrimizin tarixini yazmamışıq. Xüsusilə sovet dönəmində tariximiz totalitar ideologiyanın basqısı altında yanlış yazılıb. Dostum, Xalq şairi Nəriman Həsənzadə yazırdı:

 

Tarix yaradan biz olduq, tarix yazan özgələr

Tarixə düşməyibdir bizim tarixi hünər, bizim tarixi zəfər!

 

GƏLİN TARİXİMİZİ YARADAQ VƏ ONU OLDUĞU KİMİ YAZAQ!

Gələcək nəsillər, atalarımızın və bizim səhvimizi təkrar etməsin, bir də heç vaxt "Qardaş olub Hayastan, Azərbaycan" deyə oxumasın. 1905, 1918, 1948, 1988-in qırğınlarını 1990-cı ilin 20 Yanvarını, amansız Xocalı soyqırımını və deportasiyaları unutmasınlar.

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2020.- 15 oktyabr.- S.10.