"Ədəbi proses - 2019" bu dəfə fərqli təqdimatda

 

ƏDƏBİYYAT İNSTİTUTUNDA ÖTƏN İLİN ƏDƏBİ YEKUNLARI İLƏ BAĞLI HAZIRLANMIŞ MƏRUZƏLƏR İCTİMAİYYƏTƏ MƏTBUAT VASİTƏSİLƏ ÇATDIRILIB

 

2014-cü ildən start götürən hər il ənənəvi olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən "Ədəbi proses" elmi-yaradıcılıq müşavirəsi ictimaiyyətdə müsbət əks-səda doğurub. Artıq hər ilin sentyabr ayında bütün ədəbi cameənin gözü Ədəbiyyat İnstitutuna dikilir.

İnstitutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə keçirilən bu müşavirəyə ölkənin bir sıra ədəbi qurumlarının mətbuat orqanlarının da marağı yaranıb. Hər il məruzəçilərin sayı artaraq ədəbi prosesin müxtəlif istiqamətlərini daha dərindən araşdırırlar. İ.Həbibbəylinin dediyi kimi, bu müşavirələr müasir ədəbi prosesi dərindən hərtərəfli öyrənməyə stimul verir.

Hər il olduğu kimi, bu il AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu ötən ilin ədəbi yekunlarıyla bağlı ənənəvi tədbir keçirməli idi. COVİD-19 pandemiyasına görə onlayn şəkildə baş tutacağı gözlənilən konfrans son günlər Qarabağ cəbhəsindəki savaş səbəbindən ləğv edilməli oldu. Lakin institutun əməkdaşları dəvət olunan ədəbiyyatşünaslar 2019-cu ilin ədəbi yekunlarına aid məruzələrini hazırladılar. Həmin məruzələr "Ədəbiyyat qəzeti"nin 26 sentyabr tarixli xüsusi buraxılışında çap olundu.

Hər zamanki kimi, bu il ilk söz AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbbibəylinindir. O, "Bütövlük genişlik" adlı məqaləsində institutun "Ədəbi proses" hərəkatı "Ədəbi proses-2019" yaradıcılıq müşavirəsindəki məruzələrdən bəhs edib. O, builki müşavirənin özəllikləri haqqında bunları qeyd edib: "Ədəbi proses-2019" Azərbaycan ədəbiyyatşünaslıq elmində "görünməz dalğa" kimi təzahür edən yeni elmi mərhələnin daxili qatdan elmi-ədəbi mühitin açıq meydanına çıxmasının başlanğıcıdır. Təqdim olunan məruzələrin demək olar ki, hamısında ədəbi proses əsasən dərin nəzəri təhlillər geniş elmi ümumiləşdirmələr səviyyəsində təqdim olunur. "Ədəbi proses"çilər sanki ədəbi prosesi nəzəri cəhətdən dəyərləndirmək yarışına çıxmışlar. Yaxşı cəhətdir ki, ədəbi prosesin qiymətləndirilməsində nəzəri dərinliklə geniş elmi dünyagörüş bir-birini tamamlayır. Yeni nəsil ədəbiyyat nəzəriyyəçiliyinin ön mövqeyinə çıxmış Maral Yaqubovanın "Bədii nəsr nəzəriyyə işığında" adlı məruzəsinin sərlövhəsində səslənən "nəzəriyyə işığında" ifadəsi geniş mənada bütövlükdə "Ədəbi proses-2019" yaradıcılıq müşavirəsinin cəmi materiallarının aparıcı xüsusiyyəti kimi təzahür edir. Nəzəriyyəçilik bədii mətnin daxili məntiqindən, ədəbiyyatda gedən təkamül proseslərindən çıxarılan elmi nəticələr əsasında keyfiyyət dəyişmələri səviyyəsində təzahür edir. "Ədəbi proses" hərəkatının bütün tarixi ərzində ilk dəfə olaraq 2019-cu ilə həsr olunmuş yaradıcılıq müşavirəsində professor Tahirə Məmmədin "Ədəbiyyat nəzəriyyəsi" adında məruzə ilə çıxış etməsi tənqid ədəbiyyatşünaslıqda genişlənməkdə olan nəzəri dərinlik genişlik dövrünün əhəmiyyətli addımlarındandır".

Filologiya elmləri doktoru Elnarə Akimova "2019-Kitab ili" məruzəsində geridə qoyduğumuz ilin kitabla bağlı layihələrindən, mükafatlarından, çap olunan nəşrlərdən söz açıb. Məqalənin əvvəlində müəllif yazır: "2019-u daha çox "Kitab ili" kimi səciyyələndirməyi geridə qalan çağın faktları, gedişatın özü labüd edir. Bu zaman kəsimi daha çox üç ədəbi-mədəni hərəkat dalğasında dövr etdi: Nəsimi ilə əlaqədar olaraq böyük şairə həsr olunmuş kitab məqalələrin ərsəyə gəlməsi, XX əsr aydınlarından bir çoxunun -Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Əhməd Cəfəroğlu, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadənin yubileyləri ilə əlaqədar olaraq həmin dövrə aid yazıların sistemliliyi, eləcə şəxsi müəyyən qurumların ayırdığı vəsait hesabına çap olunan bir sıra gərəkli kitabların çapı ilə".

İlk dəfə olaraq,"Ədəbi proses" hərəkatına N.Gəncəvi adına Ədəbiyyat İnstitutundan kənarda fəaliyyət göstərən tənqidçi ədəbiyyatşünaslar da qoşulublar. Bu, yaradıcılıq müşavirəsinin il keçdikcə hüdudlarının genişləndiyinin bariz nümunəsidir.

Professor Rüstəm Kamal "Şeir cəbhəsində nisbi sakitlikdir. Poeziya-2019" məruzəsi ilə ilk dəfə bu yaradıcılıq hərəkatında yer alır. Onun sanballı məruzəsi ilə ilin poeziya mənzərəsi aydın şəkildə görünür. Müəllif məqaləsinin sonunda müşahidələrini belə yekunlaşdırır: "Ötən ilin poeziyası bizdə belə bir qənaət yaratdı ki, şairlər janrdankənar situasiyada yazıb yaradırlar. Poeziya məkanında bir janr-forma yeknəsəqliyi hökm sürür. Artıq şairlər sanki gerçəkliyi "janr gözü" ilə görmürlər. Şeir şəkillərinin kasadlığının bir səbəbi sərbəst şeirin total müdaxiləsidir. Əslində, poetika elə janr hadisəsidir..."

"Ədəbi proses" hərəkatının altı illik "ömründə" birinci dəfədir ki, "sosial şəbəkə ədəbiyyatı" mövzusuna müraciət edilib. Ədəbiyyatşünas Qismət Rüstəmov "Sosial şəbəkələr dövründə ədəbiyyat" məqaləsində Rəşad Məcidin "Qələmsiz yazılanlar" Vüsal Həmzəyevin "Facebook gündəliyi" kitablarından söz açır: "...həm Rəşad Məcidin, həm Vüsal Həmzəyevin kitabı ənənəvi mediadan sonrakı dövrün informasiya vasitəsi olan sosial şəbəkədə yayımlanmış yazılardan ibarət olsa da, hər iki müəllif elektron dünyaya, virtual məkana etibar etməyərək, "arxivləşdirərək qoruyub saxlamaq" instinkti ilə bu yazıları yenidən konvensional formada-kitab şəklində çap etdiriblər. Elektron kitab kimi yox, məhz kağız kitab kimi. Bu fakt bizi yeni dövrün məşhur mübahisələrindən biri olan "elektron kitab kağız kitabı, onlayn satış mərkəzləri klassik kitab dükanlarını sıradan çıxaracaqmı?" sualına doğru aparır".

"Ədəbi proses-2019"da həmçinin, professor Vaqif Yusifli ömründə ilk dəfədir ki, dramaturgiyaya müraciət edib. Onun "Dramaturgiyamızın axtarışları" məruzəsi ciddi elmi araşdırmadır. Tənqidçi hər kəsin ümidsiz olduğu, çox da diqqət görməyən çağdaş Azərbaycan dramaturgiyası ilə bağlı heç bədbin fikirdə deyil: "Son illərin dramaturgiyası haqqında bu icmal yazımızı nikbin notlarla bitirmək istəyirik: Azərbaycan dramaturgiyası yeni bir inkişaf mərhələsindədir. Dramaturgiyada yeni imzalar, yeni adlar görünür, teatrda isə klassik ənənələr yaşayır, yeni, novator meyllər ... Oxucuları dram əsərləri ilə tanış olmağa, tamaşaçıları isə teatra dəvət edirik..."

Dosent Pərvanə Məmmədli "Cənubda ədəbi proses-2019" məqaləsi ilə ənənəvi Cənubi Azərbaycan ədəbiyyatı mövzusuna nəzər salır. Məqalənin əvvəlində müəllif öncə əsas problemdən söz açır: "Məlum siyasi məhdudiyyətlər, azsaylı nəşrlər, qəzet dərgilər Cənubdakı ədəbi prosesin tam mənzərəsini yaratmağa imkan vermir. Heç kəsə sirr deyil ki, Ana dilində rəsmi təhsil almamaq problemi ilə üz-üzə qalan güneylilərin, ədəbiyyat dünyası mütaliə oxucu gərginliyi ilə hələ əlbəyaxadır. Bu dildə oxuyub düşünmək çoxlarına, təbii ki, çətindir. Bütün bunlara rəğmən, bu gün Azərbaycan ədəbiyyatına maraq artmaqdadır. Güneydə demək olar ki, öz ana dilində işıq üzü görən kitablar ən azı kəmiyyət baxımından çoxalmaq üzrədir".

Sonra müəllif Güney Azərbaycan ədəbiyyatının, xüsusən şeirinin təsirləndiyi qaynaqlardan danışır: "Güney Azərbaycan şeirində dövrün sosial mənəvi təsiri ilə baş vermiş məzmun yenilikləri formaya, lirikanın ifadə imkanlarına da təsirsiz qalmamışdır. Poeziyada, eyni zamanda, nəsrdə klassik ənənələrlə yanaşı, müasir dünya poetik fikri zəminində də nümunələr yaranıb. Bu gün bir çox cənublu şairlərin əsərləri xalqın ən vacib mənəvi qayğılarını əks etdirir. Ancaq ifadə baxımından lirik əhval-ruhiyyənin bədii təsviri, sənətkarlıq fərdiyyəti, üslub əlvanlığı nəzərə çarpır. Bu, iki ədəbi təsirlə baş verir. Bir tərəfdən Quzey Azərbaycan ədəbi təcrübəsi, digər tərəfdən Avropa ədəbiyyatının, şeirinin üslubları bu gün Güneydə ədəbi üslubların formalaşmasının əsas qaynaqlarıdır".

Bunlardan başqa, "Ədəbi proses- 2019" elmi yaradıcılıq müşavirəsində Nərgiz Cabbarlı "Roman janrının hüdudsuz eksperiment imkanları...", Tehran Əlişanoğlu "Tənqid və ədəbi proses-2019. ("şikayət" tezisləri)", Cavanşir Yusifli "Ədəbi gənclik-İntibah şəfəqinin həsrətində", Tahirə Məmməd "Ədəbiyyat nəzəriyyəsi-2019: istiqamətlər və problemlər", Salidə Şərifova "Azərbaycan ədəbiyyatı tarixçiliyi", Mehman Həsənli "Ədəbiyyatda esse", Nərmin Cahangirova "2019-cu ilin hekayələrinə nəzər", Aynur Xəlilova "Mövcud zamanın görünmədiyi ədəbiyyat. Povest-2019", Maral Yaqubova "Nəsr və nəzəriyyə: müəllif, oxucu və "dördüncü divar", Esmira Fuad "2019-cu ilin epik şeiri: tarixi yaddaşın, gerçəkliklərin və milli ruhun inikası...", Gülnar Səma "2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış", Gülnar Qəmbərova "2019-cu ilin uşaq poeziyası", İlhamə Ağazadə "Uşaq nəsri və dramaturgiyası-2019", Elçin Mehrəliyev "Bədii publisistika-2019", Lalə Həsənova "Azərbaycanın rusdilli ədəbiyyatı-2019", Gülbəniz Babayeva "Çağdaş satiranın mövzuideya qaynaqları" Qürbət Mirzəzadə "Tənqiddə ədəbi portret janrı", Bəsirə Əzizəliyeva "Azərbaycandan Uzaq Şərqə açılan pəncərə", Zəkulla Bayramlı "Alimlərimizin bədii yaradıcılığı", Eşqanə Babayeva "Azərbaycan-türk dünyası əlaqələri 2019-cu ildə", Xanım Zairova "Ədəbi əlaqələr: Azərbaycan-Avropa-Amerika-2019", Mərcan Sofiyeva "Bədii tərcümənin yeni üfüqləri-2019" məruzələri ilə çıxış ediblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.15.