"Əsgər, sənə salam olsun!"

 

Əsgər, sənə salam olsun,

Xoş gəlmisən, Qarabağa!

Bu yurd sənin vətənindi,

Qalx bu dağa, qalx o dağa.

 

Qartal kimi zirvəyə çıx

Göydə bayrağım sevinsin.

Torpağımı azad eylə,

Elim-oymağım sevinsin...

 

Qardaşımın canındadı

Hələ düşmən qəlpəsi.

Otuz ildi ürək yaxır

Anaların ah-naləsi.

 

Atamı düşmən gülləsi,

Anamı həsrət apardı.

Məni Xocalı ağrısı

Dünyadan çəkib qopardı.

 

Otuz ildi, dərd dağıyam,

Əsir yurdam - qolubağlı.

Adına "qaçqın" deyəndə

Utanıb hər qarabağlı...

 

Allahın ədalətiylə

Düşmənin çırağı söndü.

Mən daha qaçqın deyiləm

Düşmənlərim qaçır indi.

 

Ay yurdumun şan-şöhrəti,

Qazi əsgər, qalib əsgər...

Zalımları qov sonadək,

Ol bu yurda sahib, əsgər!

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2020.- 16 oktyabr.- S.16.