"İndi Vətən
qoxusu əvvəlkindən daha
çox gəlir burnuma
Bu
günlərdə hər birimizin ürəyi işğal
olunmuş ərazilərimizi erməni terrorçularından təmizləyən
şanlı Azərbaycan Ordusu ilə döyünür.
Böyükdən kiçiyə
hər kəs ruh yüksəkliyi və ümid içindədir.
Qələbəyə çox yaxın olduğumuz zamanda həmsöhbətim 28 ildir
Laçın rayonundan
məcburi köçkün
düşmüş 73 yaşlı
Rəhim Qarayevdir. O, Laçının
Mişni kəndindəndir.
Qarabağda keçən
günlərini xatırladıqca
dərindən köks
ötürür...
***
- Rəhim bəy, Laçında yaşadığınız həmin
illəri necə xatırlayırsınız?
- O günlər bizim üçün əlamətdar
günlər idi, çox gözəl həyatımız vardı.
Mən 45 il
bütün ailəm və qohumlarımla birlikdə Mişnidə yaşamışam. 550 təsərrüfatdan ibarət
olan kəndimiz rayonun inkişaf etmiş kəndlərindən
idi. İnsanlar həddindən çox
firavan və bolluq içində ömür sürürdülər. Düz, 1992-ci il 18 maya
qədər....
- Kənddən çıxışınız nə zaman oldu?
Hadisələr necə
baş verdi?
- Bu, ən dəhşətli günlər idi. Əvvəlcə 1992-ci il mayın 8-də Şuşa işğal olundu. Ondan sonra əhali
Turşsu deyilən ərazi vardı, ora yığıldı.
Lakin Ermənistan havadarlarıyla
birlikdə mayın
17-də Laçını da işğal etdi. Ona görə də
əhali çox zülmlə çıxdı
öz ata-baba yurdundan. Rayonun digər kəndlərindən
fərqli olaraq bizim Mişni kəndinə heç bir erməni ayağı dəyməmişdi.
Lakin biz oradan köçürüləndə
ermənilər Laçını
hər tərəfdən
atəşə tuturdular.
Laçının iki yolu vardı. Birinci yol Şuşadan,
ikinci yol Akara deyilən sahədən. Hər iki
yolun düşmən
tərəfindən əhatələndiyi
üçün biz məcbur
idik yollar tam bağlanmamış bütün
kəndi tezliklə tərk edək. Kənd əhalisindən kimin gücü nəyə çatırdısa əşyasını,
mal-qarasını maşınla
daşımağa başladılar.
Lakin elə adamlar oldu ki, onlar
evindən bir çəngəl belə
çıxarmağa vaxt
tapa bilmədi. Laçının ən böyük
qurbanı biz olduq.
Ancaq bizi məcburi halda köçürdülər
ki, insan tələfatı olmasın.
- Köçərkən
yol boyu hər hansı düşmən maneəsinə
rast gəldinizmi?
- Şükürlər olsun
ki,
yolda heç
bir maneəyə rast gəlmədik. Doğrudur, ermənilər atırdılar,
amma biz bütöv kənd olaraq Qubadlı rayonuna daxil olana qədər
heç bir hadisə baş vermədi. Oradan Ağcabədi rayonuna,
qış yatağı
adlanan yerə gəldik. O vaxt həmin yataqda 35 min hektar ərazidə hər sovxozun sahəsi olduğu üçün biz də
öz sahəmizə gəldik. Oradakı obalar bu günə qədər öz yerindədir. İki il
orada yaşayıb daha sonra köçdük
Qaradağ rayonunun, Sahil qəsəbəsinə.
- Laçında
bütün kəndlərin
sakinləri evlərini
tərk edə bilib xilas ola bildimi?
- Bəli, rayonun bütün kəndlərində
sakinlər bir-bir tərk etdilər evlərini. Lakin bütün əhali
salamat qalmadı.
Təəssüf ki, hamının
bəxti bizimki kimi gətirmədi. Elə kəndlər vardı ki, ordan xeyli
sayda əsir düşənlər, öldürülənlər,
şəhid olanlar da vardı. Əsirləri Gorus rayonunda
aparıb saxlamışdılar.
Sonradan bizimkilər həmin əsirlərdən çoxunu
xilas etmişdilər.
Onlar əsirlikdə çox işgəncələr görüb,
ac-susuz qalıb, günlərlə döyülüb
və s. Çox çətin idi olanları şahidlərdən
duymaq. Hələ 1988-ci ilin hadisələri
başlayanda mən demişdim ki, biz özümüzü möhkəm
saxlamalı, ayıq-sayıq
olmalıyıq. Laçın sərhəd rayondur, özüdə Gorsu rayonu ilə sərhəddir. Gorusun
Xoznavar, Bayandur kimi kəndlərindən bizim kəndləri atəşə tuturdular deyə itkilər də çox oldu. Bizim kənd rayonu
ən sonda tərk etdi. Hətta Mişnidə 46 nəfər
qalmışdı kənddə,
lakin yol bağlanandan sonra Kəlbəcərdən aşıb
Tərtərdən Ağcabədiyə
gəlmişdilər. Aralarında yaşlılar, qadınlar,
hətta uşaqlar da vardı. Həmin 46 nəfər çox əziyyətlərlə gəlib
çıxa bilmişdilər
qış yatağına.
- Kəndlərdən
könüllü yazılıb
döyüşə gedənləri
xatırlayırsınızmı?
- Bəli,
kəndlərdən könüllü gedib vuruşanlar
çox idi. Mənim öz
qardaşım oğlanları da daxil olmaqla kəndimizin bir çox oğulları
müharibədə iştirak etməyə
yollandılar. Həmin sakinlərin ailələri qış
yatağında qalırdı, özləri isə müharibədə
idilər. Təəssüf ki, aralarında
şəhid olanlar oldu,
mərdliklə özünü tankın
qabağına verib partladanlar
oğullar, qız-gəlini əsirlikdən
xilas edərkən öldürülənlər
və s. Hamısı bu
el-obanın igid övladları idi. Hər birinin ruhu qarşısında baş
əyirəm!
- Artıq 30 ilə yaxın
müddətdir el-obanızı tərk etməyə məcbur
olmusuz. İndi Laçın deyəndə
sizi ən çox incidən nədir?
- Mən
bu 30 ildə hər gün xatirələrlə
yaşamışam. Həm də bu
illər ərzində həmişə ailəmə demişəm
ki, buralıqda heç
nə tikməyin, biz qayıdacayıq. Bizim orada yurdumuz
var. Bəzən mənə deyirdilər,
28 ildir əldən gedib
torpaq, daha gecdir.. Bu söz
məni çox incidib.
Lakin mən öz sözümün üstündə durub demişəm ki, Allah böyükdür.
Torpağı bir vaxt
məcburiyyətdən əldən verdik,
bir gün də
alacayıq. Həmişə inanmışam və daxilən
bilmişəm ki, o gün gələcək. Yuxularım da belə bu fikir məni rahat buraxmırdı. Yuxum
çin olub, bala... Çox sevinirəm,
həddindən çox...
- Kəndlərdən
döyüşlərdə iştirak edib sağ qalanlar bu
haqda nə danışırdı?
- Onlar çox hadisəyə şahid olmuşdular, əlbəttə danışırdılar. Hətta bizimkilər ikinci dəfə cəhd edərək Kəlbəcər rayonundan keçib, Laçını alıb dəhlizə qədər gəlib çıxa bilmişdilər. Orada xeyli sayda şəhid düşdü. Sağ qalanlar deyirdi ki, döyüş yaxşı gedirdi, amma ermənilərin tək üstünlüyü onların silahlarının çox olması idi. Bizdə isə silah yox idi, 4-5 nəfərə bir silah vardı. Çünki ölkənin buna qədər maddi-texniki bazası, hərbi hazırlığı yox idi. Həm büdcədə silah almaq üçün pul yox idi.Ona görə də düşmən üstünlüyü ələ aldı. Yoxsa ermənilər heç vaxt azərbaycanlılara qalib gələ bilməzdi. Bizim xalq qorxmaz, döyüşkən xalqdır. Döyüşənlər deyirdi ki, əgər bizim heç olmasa onlarda olanın yarısı qədər silahımız olsaydı, yenə də mübarizə aparıb torpaqları verməzdik.
- Laçına
qayıdanda ilk nə etmək istəyirsiniz?
- Ayaq basdığım ilk anda torpağından öpəcəm. Sonra gedib evimi yenidən tikib ailəmlə yaşayacam, kəndimin gözəl bulaqlarından cana dərman sularından içəcəm, səfalı havasından udacam. Nəhayət qovuşacam doğma yurduma, qucaqlayacam onu. Şükürlər olsun ki, bu gün nəinki mən, bütün Azərbaycan sevinir. Allah Ali Baş Komandanımızı qorusun. Hamımız ona dayağıq. Onun xarici və xarici siyasətini bəyənir və dəstəkləyirik. Bu gün lazım olsa mən və ailə üzvlərim cəbhədə vuruşmağa hazırıq. 30 il böyük ildir, bir igidin ömrüdür. Biz çox dözdük. Ali Baş Komandanımız indi yeni tarixi yazır, onun adı tarixdə də uca şəxs kimi qalacaq. Xalqın bu qədər birlik olduğu zaman olmayıb. Bunun özü qələbənin müjdəsini verir. Mən Prezidentimizin qələbə xəbərini müjdələdiyi günə qurban demişəm! Bu günü görmək özü bir tarixdir. 27 sentyabr Azərbaycanın ən yaxşı tarixidir! Tezliklə müharibə bizim qələbəmizlə bitəcək, biz də öz yurdumuza dönəcəyik!
Afaq RZA
525-ci qəzet.- 2020.- 16 oktyabr.-
S.15.